Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-36/2022 06.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşaq olan, orta təhsilli, sahibkar, Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə Gədəbəy rayonu X6 Hüquqi Şəxsin inzibati binasında “Covid-19” virusu ilə əlaqədar boğaz nahiyyəsindən yaxı götürmə üsulu ilə analiz verib 20 fevral 2022-ci il tarixdə verdiyi testin cavabı pozitiv çıxmasına və ev müalicəsinə cəlb olunmasına baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə minimum kontaktda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli, xüsusi karantin rejiminə əməl etməli və monitorinq müddətini evdə keçirməli olduğu halda, yaşayış yerini tərk etməməsi, ailə üzvləri və digər şəxslərlə yaxın ünsiyyətdə olmaması barədə xəbərdar edilməsinə baxmayaraq 25 fevral 2022-ci il tarixdə təxminən saat 14 radələrində Gədəbəy şəhəri H.Əliyev prospektində nömrəsiz ünvanda yerləşən yaşadığı evdən çıxıb, ünvan 2 nəzdində fəaliyyət göstərən icarə əsasında fəaliyyət göstərən ticarət obyektinə getməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimlərini pozaraq “Covid-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, Gədəbəy şəhəri H.Əliyev prospektində nömrəsiz ünvanda yerləşən evində anası X4 və oğlu X8 ilə birlikdə yaşayır. Gədəbəy rayon Arıxdam kəndində yerləşən "xxxx" MMC-dən icarə əsasında götürdüyü mağazada parça materiallarının satışı ilə məşğul olur. 19 fevral 2022-ci il tarixdə səhətində nasazlıq hiss etməyə başlamış, elə bu səbəbdən xəstəliyi ilə bağlı analiz vermək üçün Gədəbəy rayon mərkəzi xəstəxanasına getmiş, xəstəxanada “Covid-19” xəstəliyi ilə bağlı analiz vermiş, ertəsi gün səhər saatlarında adı və mobil nömrəsi yadında qalmayan özünü Gədəbəy rayon xəstəxanasının əməkdaşı kimi təqdim edən şəxs zəng edərək verdiyi analizin nəticəsinin pozitiv olmasını, yəni onda virus aşkar olunduğunu, belə olan halda yaşadığı evi tərk etməməli olduğunu bildirmişdir. 20 fevral 2022-ci il tarixdə saat 09:19 dəqiqədə onun istifadəsində olan ***-***-**-** saylı sim nömrəyə verdiyi analizin nəticəsinin pozitiv olması barədə sms daxil olmuşdur. Həmin mesajda “xahiş olunur ki, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz, karantin rejimini pozduğunuz halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” sözləri qeyd olunmuşdur. Onun xəstəxanada verdiyi analizin nəticəsinin pozitiv olmasına baxmayaraq səhhəti normal olmuş, bir neçə gün evdə müalicə aldıqdan sonra səhhəti yaxşılaşmış, həmin mesajı aldıqdan sonra yaşadığı evi tərk etməmişdir. 25 fevral 2022-ci il tarixdə saat 12 radələrində Gədəbəy rayonu, Arıxdam kəndində "xxxx" MMC-nin nəzdində yerləşən icarə əsasında işlətdiyi ticarət mağazasına nisyə satdığı əşyaların pulunu toplamaq üçün getmişdir. Həmin gün saat 14 radələrində mağazadan çıxmaq istədikdə polis əməkdaşları ona yaxınlaşmış, özünü polislərə təqdim etmişdir. Polis əməkdaşları “Covid-19” xəstəsi olduğu halda yaşadığı evi tərk etməməli olduğunu izah etmişlər. Həmçinin bu barədə video çəkiliş aparılmışdır. O, özündə olan virusu hər hansı şəxsə yoluxdurmadığını, həmçinin virusa yoluxdurması nəticəsində hər hansı şəxs ölməmişdir. Onun verdiyi analizin nəticəsinin pozitiv olması və yaşadığı evi tərk etməməli olduğu barədə xəbərdarlıq edilmiş, lakin məsuliyyətini dərk etmədən yaşadığı evi tərk etmişdir. Əməlindən səmimi peşmandır. Şahid2 ifadəsində göstərdi ki, 2008-ci ildən Azərbaycan Respublikası DİO-da xidmət etməklə 2021-ci ildən hazıradək Gədəbəy rayon Polis şöbəsinin X2 sahə rəisi vəzifəsində xidmət edir. Gədəbəy şəhəri H.Əliyev prospektində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı münasibəti, həmçinin ədavəti və düşmənçiliyi olmamışdır. Gədəbəy şəhəri ərazisi xidməti ərazisi olduğu üçün digər aktiv korona xəstələri kimi Təqsirləndirilən şəxs karantin qaydalarına riayət edib-etməməsi mütamadi olaraq yoxlanılmışdır. 25 fevral 2022-ci il tarixdə saat 14 radələrində xidməti ərazisində sahə polis nəfəri polis serjantı Şahid1la xidmət aparan zaman Gədəbəy şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Gədəbəy rayon Arıqdam kəndində yerləşən "xxxx" MMC-nin nəzdindəki özünə məxsus mağazaya getməklə insanların virusa yoluxması üçün real təhlükə yaratması barədə ona şifahi telefon məlumatı daxil olmuşdur. O, bu barədə Gədəbəy RPŞ-in növbətçi hissəsinə məlumat vermiş, bundan sonra Gədəbəy rayon Polis şöbəsinin əməkdaşlarından ibarət istintaq- əməliyyat qrupu ilə birlikdə Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən "xxxx" MMC-nin yerləşdiyi əraziyə getmişdir. Təqsirləndirilən şəxs MMC-nin nəzdində fəaliyyət göstərən mağazada ticarətlə məşğul olduğu aşkar edilmiş, karantin qaydalarında uyğun olaraq Təqsirləndirilən şəxs təcridolma müddətinin sonunadək yaşadığı evi tərk etməməli olduğu, etdiyi əməlin cinayət olması izah olunmuşdur. Aktiv Covid-19 virusunun daşıyıcısı olan Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmaqla iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını bir daha xatırladaraq təcridolma müddətinin sonunadək evdən çıxmamalı olduğu izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təcili yardım avtomobili çağırılmaqla tərəfindən Gədəbəy şəhəri H.Əliyev prospektində nömrəsiz ünvanda yerləşən evinə aparılmışdır. Şahid1 məhkəmə iclasında Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və digər sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 25 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14 radələrində Gədəbəy şəhər H.Əliyev prospektində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk etmiş, Təqsirləndirilən şəxs Gədəbəy rayonu Arıqdam kəndində yerləşən “Anar MMC”-nin nəzdində fəaliyyət göstərən mağazasına getmiş, Təqsirləndirilən şəxs orada ticarətlə məşğul olmaqla “Covid-19” virusunun yayılması üçün real təhlükə yaratmışdır. - Diskə baxış keçirilməsi haqqında 05 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə yaşadığı evi tərk edərək Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən "xxxx" MMC-nin ərazisində aşkar edilmiş, daha sonra təcili yardım avtomobili ilə aparılaraq yaşadığı evə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu sual aparılarkən bazarda yerləşən mağazasına müxtəlif şəxslərdə olan pullarını toplamaq üçün getməsini bildirməsi öz əksini tapmışdır. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy Rayon Xəstəxanası” X10 Poliklinika Şöbəsinin xx.xx.2022-ci il tarixli 624 nömrəli məktubundan görünür ki, Gədəbəy şəhəri H.Əliyev prospektində qeydiyyatda olmaqla yaşana Təqsirləndirilən şəxs Gədəbəy RMX-da xx.xx.2022-ci il tarixdə “Covid-19” virusu ilə bağlı yaxma vermiş, xx.xx.2022-ci il tarixdə onda “Covid-19” virusu aşkar edilmiş və ev müşahidəsinə götürülmüşdür. Eləcədə ona telefon vasitəsilə karantin qaydaları haqqında və evdən çıxmaması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdə 1-ci doza, xx.xx.2021-ci il tarixdə isə 2-ci doza peyvənd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Gədəbəy şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 694 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy şəhəri H.Əliyev prospektində nömrəsiz evdə qeydiyyatda olmaqla yaşayır. - Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Gədəbəy şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onun məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışlar. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edirki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Hadisələrin təsadüfü axarı zəminində ilk dəfə az ağır cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlini səmimi etiraf etməklə peşmançılıq çəkməsi, himayəsində bir nəfər azyaşlı uşaq olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halın olmaması, eləcə də şəxsiyyətini səciyyələndirən digər hallar nəzərə alınmalı və o təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpası, eləcə də onun islah olunması və tərbiyəedici funksiya baxımından yetərlidir, eləcə də törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmasını qanuni və əsaslı hesab edir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-36/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-36/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver