Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-36/2025 17.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (şikayət vermiş şəxs) Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Çobankənd kəndində qeydiyyatda olmaqla Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə saat 12 radələrində Gədəbəy rayonu, İnəkboğan kəndi ərazisində yerləşən birgə yaşadıqları evdə qardaşı Zərərçəkmiş şəxs ona evdən çıxıb getməsini deməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə qəsdən bir dəfə yumruq zərbələri endirməklə ona sağ gözətrafı yumşaq toxumaların və burun əsasını əhatə edən hematoma, geniş ölçülü qançır, ağlı qişaya massiv qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. 15 ildir ki, qardaşı ilə birlikdə Gədəbəy rayonu, İnəkboğan kənindəki ata evlərində yaşayırlar. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində yaşadıqları evdə yemək yeyən zaman Cavid içkili halda ona ailəsinin dağılmasını, buna görə evdən çıxıb getməyini bildirərək mübahisə yaratmış, Cavidə ailəsinin dağılmasının ona aidiyyətinin olmadığını demiş, aralarında mübahisə yaranmış, Cavid onun üstünə gəlmiş və o da sol əlinin yumruğu ilə Cavidin sağ göz nahiyəsinə bir dəfə vurmuş, zərbə nəticəsində Cavidin burnundan qan açılmış, sağ gözətrafı şişmişdir. Anası xəstə olduğuna görə evdən çıxıb gedə bilməmişdir. Anası mart ayının 16-sı ölmüşdür. Anasının qırx mərasimindən sonra ata evindən çıxıb gedəcəkdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxs olan qardaşından üzrxahlıq etmiş, ona dəymiş ziyanı tam ödəmişdir, barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, hər ikisi Gədəbəy rayonu, İnəkboğan kəndində eyni evdə yaşayırlar. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Qorxmaza yaşadıqları evi tərk etməsini bildirdikdə aralarında mübahisə olmuş, bu vaxt Qorxmaz yataq otağında üstünə gələrək yumruqla bir dəfə sağ göz nahiyəsinə vurmuş, o da bu hadisə barədə 103 xidmətinə məlumat vermişdir. Sonradan qardaşı ondan üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmiş, o da Qorxmazla barışmışdır, sonuncudan şikayət və tələbi yoxdur. Qardaşı barədə olan işə xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-cı il tarixli 53 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ gözətrafı yumşaq toxumaların və burun əsasını əhatə edən hematoma, geniş ölçülü qançır, ağlı qişaya massiv qansızması küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 10 mart 2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin lokalzasiyasına əsasəndemək olar ki, qeyd olunan xəsarətləri onun özü- özünə yetirilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmaya xarakterik xəsarət aşkar edilməmişdir. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur; - Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxsla barışmışdır, bir daha mübahisə yaratmayacaqdır, barəsində olan sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş edir. -DİN BƏSİİ-dən alınmış tələbnamədən və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Gədəbəy Rayon Məhkəməsinin qeyd olunan hökmü ləğv edilmiş, o, Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. - Gədəbəy RİHB-nın Çobankənd kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. CPM-nin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş (şikayət vermiş) şəxslə barışdığı, ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirlmiş icraat materialı üzrə cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 37.4, 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirlmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(042)-36/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-36/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver