Məhkəmə qərarları › İş №1(042)-38/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-38/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-38/2020 04.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Xüsusi ittihamçı X2 və barəsində şikayət verilən şəxs X8 iştirakları ilə, X8 Azərbaycan Respublikası CM-in 147, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Zakir Ziyad oğlunun Azərbaycan Respublikası CM-nin 147, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı X4 məhkəmə hazırlıq iclasında izhat verərək bildirdi ki,o, uzun müddət Tovuz rayon İcra Hakimiyyətində Hüquq Şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2013-cü ildən 80 ha torpaq sahəsi götürüb sahibkar kimi fəaliyyət göstərir. Rayon ictimaiyyəti arasında xüsusi hörmətə və nüfuza malikdir. Tovuz rayon İcra Hakimiyyəti başçısının xx xxx 2018-ci il tarixli 48 saylı Sərəncamı ilə “Ceyrançöl” qış otlaq sahəsinin 39 saylı ərazidən 80 ha torpaq sahəsi ona icarəyə verilmişdir. 80 ha torpaq sahəsinin 50 ha torpaq sahəsində “Sünbül” X11 iddialıdır. Özünü “Sünbül” KFT-nin icraçı direktoru kimi təqdim edən X12 qərəzli şəkildə ona qarşı böhtan ataraq qanunsuz sənədlərlə subsidiya aldığını göstərir. O, həmin kəndli-fermer təsərrüfatının icraçı direktoru deyildir. O, 80 ha torpağa görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan Aqrar kredit və İnkişaf Mərkəzinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tovuz rayonu X13 nə rəsmi, nə də qeyri-rəsmi müraciət etməmişdir. Zakir Qasımov ərizəsində qeyd edir ki, X4 təqdim etdiyi hüquqi qüvvəsi dayandırılmış sənədlərlə müraciət etmiş və qanunsuz subsidiya almaq istəyir. Zakir Qasımov bu yolla onu təhqir etmişdir. Zakir Qasımov dövlət büdcəsindən ayrılmış vəsaitin müxtəlif əyri yollarla mənimsənilməsinin qarşısının alınması üçün ona qarşı müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Zakir Qasımov onu dələduzluqla və dövlət vəsaitinin mənimsənilməsi kimi ağır cinayətdə ittiham edərək bu barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində aqrar kredit və inkişaf agentliyinə, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Tovuz rayon Dövlət X13 əsassız ərizə ilə müraciət etmişdir. Odur ki, Zakir Qasımov onun ünvanına yazdığı ona qarşı yalan, böhtan olmaqla bərabər, şərəf və ləyaqətini ləkələyən, eləcə də ağır cinayətlər törətməkdə onu ittiham etməklə böhtan atıb ictimai mövqeyinə və nüfuzuna ziyan vurmaq məqsədi daşıyır. Odur ki, X8 Azərbaycan Respublikası CM-nin 147, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində şikayət verilən şəxs X12 məhkəmə hazırlıq iclasında izahat verərək bildirdi ki, o, “Sünbül” X6 icraçı direktorudur. X4 ilə aralarında “Ceyrançöl” qış otlaq sahəsində yerləşən torpaq sahəsi ilə bağlı mülki mübahisə vardır. Mübahisə ola-ola X4 “Sünbül” X7 məxsus olan, “Ceyrançöl” qış otlaq sahəsində yerləşən 50 ha torpaq sahəsində taxıl əkmiş və subsidiya almaq üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan Aqrar kredit və İnkişaf Mərkəzinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tovuz rayonu X13 müraciət etmişdir. O da bununla bağlı həmin orqanlara ərizə yazıb məlumat vermişdir. O, X3 təhqi etməmiş, onun şərəf və ləyaqətini alçatmamışdır. Ona görə də şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş edir. Şikayətə məhkəmə hazırlıq iclasında baxılarkən müəyyən edilmişdir ki, şikayət Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş forma və məzmuna əməl edilmədən verilmiş, eləcə də xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin olmadığı aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299-cu maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət CPM-nin 293.3.1-293.1.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən, xüsusi ittiham qadasında şikayətdən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli 03 saylı qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Həmçinin, məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin olmadığı aşkar edilmişdir. Belə ki, xüsusi ittihamçı şərəf və ləyaqətinin alçaldılması kimi onun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan Aqrar kredit və İnkişaf Mərkəzinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tovuz rayonu X13 subsidiya almaq üçün müraciət etməsi barədə X8 həmin dövlət orqanlarına yazdığı böhtan xarakterli ərizəni əsas gətirmişdir. Belə bir ərizənin verilməsi şərəf və ləyaqətin alçaldılması hesab edilə bilməz. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli 03 saylı qərarının5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan Aqrar kredit və İnkişaf Mərkəzinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tovuz rayonu X13 subsidiya almaq üçün X4müraciət etməsi barədə X8 həmin dövlət orqanlarına yazdığı ərizədə böhtan və təhqir xarakterli məlumatların əks olunması öz təsdiqini tapsa belə, bu, məlumatın kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in 300.1 və 300.1.3-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan bir də xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərardır. CPM-in 302.1, 302.1.1 və 302.1.6-cı maddələrinə əsasən, şikayət həmin məhkəməyə aid olmadıqda , cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2— 302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 300.1.3, 302.1.1, 302.2.3, 302.2.6, 300.5 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar