Məhkəmə qərarları › İş №1(042)-38/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-38/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-38/2023 28.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Gədəbəy rayonu, Mormor kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, evdar qadın, orta təhsilli, Gədəbəy rayonu, Mormor kəndində pasport qeydiyyatında olmaqla Gədəbəy rayonu, Fərzalı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə saat 11 radələrində ünvan 1ində yerləşən bulaqdan su götürmək üstündə aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs saçından tutaraq yerə yıxıb bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ əlin 1-ci barmağının şişkinliyi, qançırı, sol böyrək nahiyyəsinin geniş ölçülü qançırı, sağ budun şişkinliyi və geniş ölçülü qançırı qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 2000-ci ildə Gədəbəy rayon Fərzalı kənd sakini X11 ilə ailə həyatı qurmuş, həmin evlilikdən Emil, Zaur və Ayşən adlı övladları var. Yaşadığı evin yaxınlığında olan bulaqdan digər kənd sakinləri kimi onlar da istifadə edir. Zərərçəkmiş şəxs qonşuluqda yerləşən evə köçmüşdür. Bulaqdan istifadə etməyə görə aralarında mübahisə yaranmışdır. 06 aprel 2023-cü il tarixdə saat 11 radələrində bulaqdan su gətirmək üçün getmiş, bir qədər sonra oraya Zərərçəkmiş şəxs gəlmişdir. Bu vaxt bulağın betonunun üzərində olan kəsik hissənin təmir edilməsi barədə söhbətləri olmuş, söhbət zamanı Firəngiz bulağın həmin hissəsi düzəldikdən sonra su götürmələrinə mane olacağını bildirmiş, onun sol göz nahiyyəsinə zərbə endirmişdir. O, yaşadığı evə gəlib bu barədə qaynanası Telxanıma demişdir. Telxanımla birlikdə bulağa getmişlər. Əvvəlcə Firəngiz orada olmamış, bir qədər sonra Firəngiz əlində ağacla bulağa gəlmişdir. Ağac parçası ilə onun kürək nahiyyəsinə bir zərbə endirmişdir. Bəsti adlı qadın onları aralamışdır. Sonra Firəngiz onun ünvanına nalayiq ifadələr işlətmiş, onun saçından tutmuş, o isə Firəngizin saçından tutmuşdur. Orada olan Bəsti və Dilşad onları aralamışlar. Sonra yaşadığı evə getmişdir. Bir müddət sonra Firəngizin yaşadığı evə polis əməkdaşlarının gəldiyini görmüşdür. Firəngiz ilə arasında mübahisə baş versə də, onu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Həmin mübahisə zamanı onun saçından tutmuşdur. Zərərçəkmiş şəxs yumruqla gözünə, ağac ilə isə bel nahiyyəsinə vurmuşdur. Ərizə ilə müraciət etsə də, məhkəmə tibbi ekspertizasından keçməmişdir. Hal hazırda heç bir xəsarəti yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayon Fərzalı kənd sakini Təqsirləndirilən şəxs və X3 onun və ailə üzvlərinin kirayədə yaşadığı evin qonşuluğunda yaşayırlar. Həmin evdə təxminən bir ildir kirayədə yaşayır. Kirayədə yaşadığı evin təxminən 50 metr məsafəsində ümumi istifadədə olan bulaq vardır. 2022-ci ilin noyabr ayında bulaqdan su gətirməyə gedən zaman Umud Alıyev onun ünvanına sərxoş halda nalayiq ifadələr işlətmişdir. Həmin vaxtı Umud barəsində DİN-in “102” xidmətinə məlumat vermişdir. Bundan sonra Umudun ailə üzvləri ona aqresiv yanaşmağa başlamışlar. 2023-cü ilin fevral ayında qış olduğu üçün bulaqdan yaşadığı evə su gətirməkdə çətinlik çəkmiş, buna görə də əri Elşən Cəfərov gecə həmin bulaqdan evin həyətində olan çənə su vurmuşdur. Bunu bilən Təqsirləndirilən şəxs və onun ailə üzvləri matorla su vurmasına etiraz etmişlər və matoru bulaqdan çıxarıb atmışlar. 06 aprel 2023cü il tarixdə saat 11 radələrində su gətirmək üçün həmin bulağa getmişdir. Bulaqdan su dolduran zaman Təqsirləndirilən şəxs bir əlində su qabı, digər əlində isə ağac parçası ilə bulağa gəlmişdir. Təqsirləndirilən şəxs onun yanına çatan kimi “sən bulaqdan matorla su çəkə bilməzsən” demiş, o isə Aygünə bulağın ümumi kənd sakinlərinin istifadəsində olduğunu, bulaqdan su götürməsini qadağan edə bilməyəcəyini demişdir. Aygün əlində olan su qabını yerə ataraq üzərinə gəlib saçından tutaraq onu yerə yıxmış, yerdə saçının arxasından tutub sürümüş, əlində olan ağac parçası ilə onun bədən səthinə zərbələr endirməyə başlamışdır. Özünü müdafiə etmək üçün əlini ağacın qarşısına vermişdir. Həmin vaxtı sağ əlinə ağac zərbəsi dəymişdir. Ora Aygünün qaynanası Telxanım Qasımova gəlmişdir. Yerdən qalxaraq Aygünə müqavimət göstərmək istəyən zaman Telxanım Qasımova onun əllərini arxadan tutmuş, Aygünü vurmağına imkan verməmişdir. Səs-küyə oraya qonşuluqda yaşayan Şahid2 gəlmişdir. Şahid2 onu Aygünün və onun qaynanası Telxanımın əlindən alıb “ayıbdır kəndlisiz, qadınsız” deyib onu sakitləşdirmişdir. Ayağa qalxdıqdan sonra yaşadığı evə getmiş, bu barədə telefonla əri Elnaza demişdir. Elnaz onun döyülməsi barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Aygünlə arasında olan mübahisə küçədə olan bulağın yanında baş vermişdir. Həmin vaxtı orada Aygün və o olmuşdur. Sonradan səs küyə isə Aygünün qaynanası Telxanım Qasımova və qonşu Bəsti gəlmişdir. Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 X13 Gədəbəy rayon şöbəsinin rəisi vəzifəsində işləyir. ünvan 1 sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs işi ilə əlaqədar olaraq tanımışdır. 06 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı Zərərçəkmiş şəxs bədən səthində başın, sağ və sol almacıq nahiyyəsinin, sol yanağın, boyunun sıyrıqları, sağ əlin 1-ci barmağının şişkinliyi, qançırı, sol böyrək nahiyyəsinin geniş ölçülü qançırı, sağ budun şişkinliyi, qançırı, sol böyrək nahiyyəsinin geniş ölçülü qançırı, sağ budun şişkinliyi və geniş ölçülü qançırı kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər küt əşyanın təsirindən törənmişlər. Həmin xəsarətlərin yetirilmə xarakterinə və yerləşmə nahiyyəsinə görə həmin xəsarətlərin yıxılma nəticəsində törənməsi mümkün deyildir. Həmçinin Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlər özü-özünə yetirilməyə xarakterik deyildir. Təqsirləndirilən şəxs isə məhkəmə-tibbi ekspertizasına gəlmədiyi üçün onun barəsində rəy verilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs sonradan ekspertizaya təqdim olunmuşdur. Müayinə zamanı onun bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşularıdır. Onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Hadisə vaxtı o evdə olmuşdur. O, bayıra çıxan zaman səs-küy gəldiyini eşitmiş, bulaq evindən aşağıda olduğuna görə orada nə baş verdiyini əvvəlcə görməmişdir. Sonra Aygünün qaçaraq evlərinə doğru getdiyini və qaynanasını götürərək yenidən bulaq tərəfə qayıtdığını görmüş, bulağın yanında nəsə hadisə olduğunu fikirləşmişdir. O, da bulaq istiqamətinə getmişdir. Bulağa çatdıqda Aygünlə Firəngizin bir-birini təhqir etmələrini, daha sonra əlbə-yaxa olmalarını, Aygünün Firəngizi suya yıxıb üstünə çıxmasını görmüş və onları aralaşdırmışdır. Şahid2 əlavə olaraq bildirdi ki, o, davanı sakitləşdirmiş, Aygünlə Firəngizin bir birinə zərər vurmasını görməmişdir. Hadisə yerində Aygünün qaynanası, Dilşad və başqa qonşular da olmuşdur. Aygünün Firəngizi vurmasını görməmişdir. Firəngiz suya yıxılandan sonra paltarları çirklənmişdir. Onun evi ilə bulağın arasında təxminən 200 metr məsafə olmuş, o, səs küyü eşidərək bulağa getmiş, bulağa çatması 5-10 dəqiqə çəkmişdir. Şahid X5 ifadəsində göstərdi ki, o, qonşudan gələn zaman Aygün və Firəngizin bulağın yanında olmalarını və bir-birilərinə nəsə demələrini görmüş, qulaqları ağır eşitdiyi üçün onların nə demələrini eşitməmişdir. Firəngiz ağaçla Aygünü vurmuşdur. Onların arasında dava-dalaşın nədən baş verməsini bilməmişdir. O, Firəngizin Aygünü vurmasını görsə də, Aygünün onu vurmasını və əlində ağaç olmasını görməmişdir. Firəngiz Aygünü vurduqdan sonra Aygün də onun saçından tutmuş və onlar suya yıxılmışlar. Başqa heç nə görməmişdir. Şahid X3 ifadəsində göstərdi ki, hadisə günü əri əməliyyat olduğu üçün xəstəxanaya getmiş, sonra evə gəldikdə gəlini Aygünün bulaqdan gələrək Firəngizin bulağın yanını deşməsini və onu nəlayiq söyüşlərlə təhqir etməsini bildirmişdir. O, Bəsti ilə birlikdə bulağın yanına getmiş, orada Dilşadın olmasını, ancaq Firəngizin olmamasını görmüşdür. Gəlini əyilərək su dolduran zaman Firəngizin əlində ağac ilə nəlayiq söyüşlər işlədərək gəlməsini görmüşdür. Firəngiz ağaç ilə Aygünü vurmuş, daha sonra onlar birbirinin saçlarından tutmuş və suya yıxılmışlar. Bulağın yanında dava-dalaş təxmini bir dəqiqə çəkmiş, onlar yıxılan kimi aralaşdırmışlar. Dava qurtaran kimi evlərinə gəlmişlər. Sonra polislər gəlmişdir. Onlar bir-birilərinin saçından tutmuş və suya yıxılmışlar. Kimin üstə yıxıldığını görməmişdir. Firəngizin üstü su və palçıq olmuşdur. O, Aygün və Bəsti bulağın yanına bir yerdə gəlmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında 06 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayon Fərzalı kəndi ərazisindən 1,5 kilometr kənarda yerləşir. Hadisə yerinə 100 metr yaxınlıqda heç bir tikili yerləşmir. Hadisə baş verən yer torpaq örtüklü olmaqla kənd sakinlərinin bulaq kimi istifadə etdiyi yerdir. Hadisə yerində baxışda iştirak edən Zərərçəkmiş şəxs 06 aprel 2023-cü il tarixdə həmin bulaqdan su gətirən zaman Təqsirləndirilən şəxs oraya gələrək onu hadisə yerində olan 110 santimetr uzunluğunda ola hər iki tərəfi mismarlanmış ağac parçası ilə döyməsini bildirmişdir. Üzü bulaq istiqamətində baxdıqda 150 metr kənarda Zərərçəkmiş şəxs yaşadığı 200 metr kənarda isə Təqsirləndirilən şəxs yaşadığı ev yerləşir. Hadisə yerindən aşkar edilmiş ağac parçası iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Hadisə yerinə baxış keçirilərkən hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - məhkəmə tibbi ekspertizasının 07 aprel 2023-cü il tarixli, 125 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- başın, sağ və sol almacıq nahiyyəsinin, sol yanağın, boyunun sıyrıqları, sağ əlin 1-ci barmağının şişkinliyi, qançırı, sol böyrək nahiyyəsinin geniş ölçülü qançırı, sağ budun şişkinliyi, qançırı, sol böyrək nahiyyəsinin geniş ölçülü qançırı, sağ budun şişkinliyi və geniş ölçülü qançırı küt əşyanın təsirindən, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 06 aprel 2023cü ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ əlin 1-ci barmağının şişkinliyi, qançırı, sol böyrək nahiyyəsinin geniş ölçülü qançırı, sağ budun şişkinliyi, qançırı, sol böyrək nahiyyəsinin geniş ölçülü qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyəsinə əsasən demək olar ki, onun həmin xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsində yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. - 29 may 2023-cü il tarixli 3-13-74/2-9896/2023 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə saat 11 radələrində qonşusu Zərərçəkmiş şəxs ilə Gədəbəy rayonu, Fərzalı kəndində yerləşən bulaqdan su götürmək üstündə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı sonuncunu döyərək ona yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Hadisə yerinə yaxınlıqda yaşayan Şahid2 gələrək onları aralamışdır. Hadisə başverən yerə kənar şəxslər toplaşmaşıdır. Hadisə yerinin yaxınlığında müşahidə kameraları olmadığı üçün hadisə barədə hər hansı görüntünün əldə edilməsi mümkün olmamışdır. Hadisəni görmüş başqa şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 09 dekabr 2022-ci il tarixdə müraciət edərək Təqsirləndirilən şəxs qaynatası X9 onu nalayiq ifadələrlə söyüb təhqir etməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin xüsusat ilə bağlı Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - Gədəbəy RİH Başçısının Arabaçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurmaması və ona xəsarət yetirməməsi barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Eləcə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini müqayisəli təhlil edərək qeyd edir ki, onun Zərərçəkmiş şəxs vurmaması və ona xəsarət yetirməməsi barədə ifadəsi ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, onun ifadəsi ekspert rəyi ilə, ekspertin ifadəsi, rəylə üst-üstə düşən zərər çəkmiş şəxsin ifadəsi ilə təkzib olunur. Məhkəmə həmçinin məhkəmə iclasında dindirilmiş ittiham tərəfindən təqdim edilmiş sübutlar siyahısında olan Şahid2, müdafiə tərəfindən təqdim edilən və dindirilmiş şahidlər X4 və X1 ifadələrinə qiymət verərək həmin ifadələrə tənqidi yanaşır, hesab edir ki, bu ifadələr hadisənin təsvirini tam əhatə edilməsi üçün kifayət deyildir və həqiqiliyi şübhə doğurur. Belə ki, Şahid2 ifadəsində bulağa tək gəldiyini, Aygünün Firəngizin saçından tutduğunu, onlar yıxıldıqdan sonra Aygünün Firəngizin üstündə oturduğunu, kiminsə əlində ağac olmadığını bildirsə də, şahid X2rla bulağa birlikdə gəldiyini, Aygünün Firəngizin üstündə oturmadığını, şahid Dilşad Tağıyeva isə Firəngizin əlində ağac olduğunu və ağacla Aygünü vurduğunu bildirməklə ziddiyyətli ifadələr vermişlər. Məhkəmə şahidlərin ifadələrinə qiymət verərək qeyd etməyi zəruri sayır ki, onlardan Telxanım Qasımova Təqsirləndirilən şəxs qaynanası, Dilşad Tağıyeva və Şahid2 isə onun həmkəndlisi və daimi qonşularıdır. Zərər çəkmiş şəxs bildirdiyinə görə isə təqsirləndirilən şəxsin qonşuluğuna bir ildir ki, köçmüş, kəndin dami sakini deyil və kirayədə yaşayır. Bulaqdan istifadə ilə əlaqədar daim qonşularla mübahisələri var. Məhkəmə hesab edir ki, şahidlər Şahid2, X5 və X3 ifadələri ilə Təqsirləndirilən şəxs ilə bulaqdan istifadə ilə əlaqədar ümumi maraqlarını müdafiə etmək və Təqsirləndirilən şəxs cinayət məsuliyətindən qurtarmaq məqsədi güdürlər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadəsini daha inandırıcı və mötəbər hesab edir. Belə ki, zərər çəkmiş şəxsin verdiyi ifadələri onda aşkar olunmuş xəsarətlərin xarakteri, yaranma əsasları və yerləşmə vəziyyəti ilə tam uyğun gəlir. Məhkəmə- tibbi ekspertizasının rəyində də zərər çəkmiş şəxsin bədən səthində aşkar olunmuş xəsarətlərin yıxılmadan deyil, küt əşyanın təsirindən törəndiyi qeyd edilməklə hadisənin törədildiyi günə, yəni 06 aprel 2023cü il tarixə uyğun gəldiyi göstərilir. Şahid kimi dindirilmiş ekspert də ifadəsində ekspert rəyini müdafiə etdiyini bildirmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə saat 11 radələrində ünvan 1ində Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaq olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin ediməlidir. Bu cəzanın təyin edilməsi ədalətlidir və cəzanın məqsədlərinə nail olunması üçün yetərlidir. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut –Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd ağac parçası məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək ünvan 1i ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. İş üzrə maddi sübut –Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd ağac parçası məhv edilsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar