Məhkəmə qərarları › İş №1(042)-41/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-41/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-41/2024 29.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Gədəbəy rayonu, Spasovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Pirbulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdə saat 17:30 radələrində həmkəndlisi Şahid2 idarə etdiyi “VAZ 21041” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Gədəbəy rayonu, Pirbulaq kəndindəki evinə gedərkən avtomobildə sərnişin qismində əyləşmiş və əvvəllər torpaq sahəsi satmış olduğu Zərərçəkmiş şəxs ilə aralarında olan borc məsələsinə və torpağın sənədlərinin rəsmiləşdirilməsinə görə şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı əvvəlcə avtomobildə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən yumruq zərbəsi ilə vurub xəsarət yetirdikdən sonra avtomobildən düşərək yenidən Zərərçəkmiş şəxs baş və sifət nahiyyələrinə əl zərbələri ilə qəsdən vuraraq ona başın, sol qaş nahiyyəsinin, üst dodağın əzilmiş yaraları, sol göz altının və döş qəfəsinin şişkinliyi, qançırları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və göstərdi ki, o, işdən çıxıb Əli və Nemət ilə birlikdə kəndlərinə evinə getmiş, Əli ilə əvvəllər aralarında olmuş torpaq alqı-satqısından yaranmış 200 manat borc pula görə sözləri düz gəlməmiş və onlar dalaşmışlar. Onlar öz səhvlərini başa düşmüşlər. Əli ilə aralarında qohumluq əlaqələri vardır. Hazırda barışmışlar və bir daha belə hadisəyə yol verməyəcəkdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, mübahisə Gədəbəy rayonu, Pirbulaq kəndinin mərkəzində, onun evinin yanında olmuş, orada Əli, Nemət olmuş, sonra onun gəlini və arvadı da səsə gəlmişlər. Dava əvvəlcə avtomobildə başlamış, sonra yerə düşərək davam etmişdir. Onları aralaşdırmışlar və sonra evlərinə getmişlər. Hadisə torpaq sahəsinin alğı-satqısından qalmış borc pula görə olmuş, onun evinin yaxınlığında yolun kənarında baş vermişdir. Hadisə zamanı onun əlində bıçaq olmamış, bıçaq ilə Əlinin evinə hücum etməmiş, hadisə işdən çıxıb Nemətin maşını ilə evlərinə gedən zaman yolda başlamışdır. O, 10 il əvvəl 0,16 ha torpaq sahəsini 5 min manata Əliyə satmış, Əli ona 4800 manat pul vermiş, 200 manat borclu qalmışdır. O, Əliyə torpağı adına keçirməyi bildirdikdə Əli ona imkanı olmadığını demiş, sonradan bununla əlaqədar aralarında mübahisə olmuşdur. Hadisə zamanı o içkili olmamış, Əli söyüş söydüyü üçün onu vurmuşdur. Hazırda barışmışlar, dəymiş ziyanı ödəmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, əvvəllər aralarında düşmənçilik və ədavətləri olmamışdır. O, Nemətlə birlikdə Gədəbəy rayon mərkəzinə kilid almağa gəlmiş, bu zaman Vüsal Nemətə zəng edərək işdən çıxdığını və onu da kəndə aparmağı istəmiş, Nemət gedib Vüsalı da götürərək birlikdə kəndə yola düşmüşlər. Nemətin maşınında yolda Vüsalla aralarında mübahisə yarandığı üçün dalaşmışlar. Zərərçəkmiş şəxs əlavə olaraq bildirdi ki, Vüsal ilə yolda Nemətin avtomobilində dalaşmış, Vüsalın evinin yanında avtomobildən düşmüşlər. Orada səsə onun gəlini və Vüsalın arvadı da gəlmişdir. Onları aralaşdırmışlar, dava 2-3 dəqiqə çəkmişdir. Həmin vaxt səs-küyə əlavə gələn olmamış və yoldan hər hansı avtomobil keçməmişdir. Hadisə barədə DİN-nin 102 xidmətinə o məlumat vermişdir. O, döyülməsi barədə məlumat versə də, Vüsalın bıçaqla evlərinə basqına gəlməsi barədə bir şey deməmişdir. Avtomobildən düşdükdən sonra o, yerə yıxılmış, Vüsal yerdə onu bir iki dəfə vurmuşdur. Hazırda Vüsalla barışmışlar. Vüsaldan şikayət və tələbi yoxdur. Şahid2 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Pirbulaq kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır, əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Onun Vaz 2104 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. 28 may 2024-cü il tarixdə yaşadığı kənddə Zərərçəkmiş şəxs ilə söhbət edən zaman şəxsi işi ilə əlaqədar Gədəbəy rayon mərkəzinə gedəcəyini demişdir. Əli də rayon mərkəzinə getmək istədiyini ona demiş və xahiş etmişdir ki, onu da rayon mərkəzinə aparsın. Əli ilə birlikdə həmin gün saat təqribən 16 radələrində idarə etdiyi avtomaşınla rayon mərkəzinə gəlmişlər. İşlərini gördükdən sonra birlikdə kəndə qayıtmaq istəyəndə həmkəndlisi Vüsal ona zəng vurmuş və onu da kəndə aparmasını xahiş etmişdir. Bundan sonra Əli ilə birlikdə idarə etdiyi avtomaşınla rayon mərkəzində olan Vüsalın yanına gəlmişlər. Vüsal avtomaşında arxa oturacaqda, Əli isə qabaq sərnişin oturacağında əyləşmiş və birlikdə onun idarə etdiyi avtomaşınla yaşadıqları Pirbulaq kəndi istiqamətinə yola düşmüşlər. Kəndə çatanda avtomaşında Əli ilə Vüsal arasında torpaq sahəsinin sənədləşdirilməsi üstündə mübahisə düşmüş, Vüsal Əlini yumruqla sifət nahiyyəsinə vurmuş, sonra o, maşını saxlamış, dava dalaş olmasın deyə avtomaşından düşmüş, həmin vaxt Əli də Vüsal da maşından yerə düşmüşlər, maşından düşəndə Əlinin sifətindən qan axdığını görmüş, Əli maşından yerə düşəndən sonra Vüsalın ünvanına nalayiq söyüş söymüş, Vüsal da əsəbləşmiş və əl zərbələri ilə bir neçə dəfə Əlinin sifətinə və bədəninə zərbələr vurmuşdur. Hadisə vaxtı Vüsalı Əlidən aralaşdırmış, Vüsal yaşadığı evə getmiş, Əli isə telefonla polisə zəng vurmuş və hadisə yerində polisin gəlməsini gözləmişdir. Şahid1 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Pirbulaq kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs qaynatası, Təqsirləndirilən şəxs isə həmkəndlisi və qonşusudur. O, yaşadığı evdə ev işləri ilə məşğul olmuş, evdən bir az aralıda qaynatası Əlinin ucadan kiminləsə danışdığını eşitmiş və tez küçəyə çıxmış, küçəyə çıxanda qaynatası Əlinin qonşusu Vüsal tərəfindən döyüldüyünü görmüşdür. Həmkəndlisi Nemət isə onları aralamışdır. Həmin hadisə təxminən 5-6 dəqiqə ərzində davam etmiş və Nemət qonşusu Vüsalı aralaşdırmış, Vüsal yaşadığı evə getmişdir. Şahid3 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Pirbulaq kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir. Təqsirləndirilən şəxs isə əridir. Yaşadığı evdə ev işləri ilə məşğul olan zaman Vüsal qanı qara və çox əsəbi halda evə gəlmiş, ondan nə hadisə baş verdiyini, niyə əsəbi olduğunu soruşmuş, Vüsal əvvəl demək istəməsə də sonradan Əli ilə mübahisələri olduğunu və Əli onun ünvanına söyüş söydüyü üçün Əlini döyüb ona xəsarət yetirdiyini demişdir. Hal- hazırda Əli ilə Vüsal barışmışlar. Məhkəmə iş üzrə dindirilmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında 28 may 2024-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Pirbulaq kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısıdır. Həmin yer Gədəbəy rayonu, Soyuqbulaq və Söyüdlü kəndlərinə gedən asfalt yolun kənarıdır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 188 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- başın, sol qaş nahiyəsinin, üst dodağın əzilmiş yaraları, sol göz altının və döş qəfəsinin şişkinliyi, qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 28 may 2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, qeyd olunan xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyil, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmə araşdırılan sübutları hərtərəfli təhlil edib, qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadəsi, eləcə də həmin ifadələri tamamlayan ekspert rəyi ilə tam sübuta yetir. Məhkəmə onun törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqbinə zərər çəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin.s Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar