Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-42/2022 20.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Gədəbəy rayonu, Dəyirmandağ kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Gədəbəy rayonu, Dəyirmandağ kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2022-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 aprel 2022-ci il tarixdə saat 23 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Gədəbəy poçt filialının Dəyirmandağ poçt şöbəsinin inzibati binasına pəncərənin şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan dolabın gözlüyündən 185 manat dəyərində hər birinin qiyməti 5 manat olan 37 ədəd “Brilliant” lotoreya biletlərini, 50 manat dəyərində hər birinin qiyməti 1 manat olan 50 ədəd “Qızıl” lotoreya biletlərini, 210 manat məbləğində uduşa düşmüş biletləri və 3 manat nağd pulu, ümumilikdə 448 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu Dəyirmandağ kəndində yaşayır. Heç bir yerdə işləmir. İşləmədiyi üçün maddi vəziyyəti çox aşağıdır. Ona görə də oğurluq etmək fikrinə düşmüşdür. O, Dəyirmandağ poçt şöbəsində siyirmədə pul olduğunu ehtimal etmişdir. Belə ki, bir neçə dəfə oradan lotoreya bileti almış və orada işləyən Zərərçəkmiş şəxs pulları siyirməyə qoyduğunu görmüşdür. 24 aprel 2022-ci il tarixdə, saat 23 radələrində Dəyirmandağ poçt şöbəsinin inzibati binasına yaxınlaşıb evdən götürdüyü mismar vasitəsi ilə poçtun binasının pəncərəsinin şüşəsini qırmış, əlini içəri salıb pəncərəni açmışdır. Pəncərədən içəri daxil olub pullar olan siyirməni açarkən orada 3 ədəd bir manatlıq əskinas, pozulmuş və pozulmamış lotoreya biletlərinin olduğunu görmüş, həmin 3 manat pulu və orada olan lotoreya biletlərini götürüb içəri daxil olduğu pəncərədən çölə çıxmışdır. Sonra evinə getmişdir. 25 aprel 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb Gədəbəy şəhərinə gələrək “dairəvi yol” yaxınlığında lotoreya bileti satan, sonradan adının Şahid1 olduğunu bildiyi şəxsə yaxınlaşıb uduşa düşmüş 2 ədəd lotoreya biletini ona təqdim etmişdir. Həmin lotoreya biletlərindən biri 5 manat, digəri isə 10 manat məbləğində uduşa düşmüşdü. Şahid1 onun müqabilində 15 manat pul vermişdir. Həmin pulu yolpulu edərək digər lotoreya biletlərini satmaq üçün Şəmkir rayonuna getmişdir. Saat 17 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəmkir rayon bazarının qarşısında lotoreya bileti satan şəxslərə yaxınlaşıb pozulmamış lotoreyalarının olduğunu və satmaq istədiyini bildirmişdir. Orada “Brilliyant lotoreya” biletlərindən birini özü pozmuş, heç bir uduş olmamışdır. Sonradan adının Şahid2 olduğunu bildiyi şəxsə 29 ədəd 5 manatlıq “Brilliant lotoreya” biletlərinin hər birini 4 manat 40 qəpiyə, 40 ədəd 1 manatlıq “Qızıl lotoreya” biletlərinin hər birini 90 qəpiyə satmışdır. Oradan 50-60 metr məsafədə lotereya satan sonradan adının Şahid3 olduğunu bildiyi şəxsə yaxınlaşıb pozulmuş uduşa düşmüş lotoreya biletlərini ona təqdim etmişdir. Həmin şəxs lotoreyaların uduş məbləğini hesablayaraq cəmi 98 manat məbləğində uduş olduğunu bildirmiş və 4 manat özünə şirinlik götürərək ona 94 manat pul vermişdir. Gədəbəy rayonuna gələn taksilərin dayanacağına gəlib oradan Gədəbəy şəhərinə, Gədəbəy şəhərindən isə digər bir avtomobil ilə yaşadığı Dəyirmandağ kəndinə gəlmişdir. Oğurladığı lotoreya biletlərini satmaq nəticəsində təxminən 270 manat pul əldə etmişdir. İlk dəfə oğurluq etmişdir. Etdiyi əməldən peşmandır. Heç kimə oğurluq etməyi barədə məlumat verməmişdir və heç kimin bundan xəbəri olmamışdır. Əməlindən səmimi peşmandır. Vurduğu ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Dəyirmandağı kəndində yaşayır. 2009cu ildən Gədəbəy rayon Poçt filialının Dəyirmandağ kənd Poçt şöbəsinin rəisi vəzifəsində işləyir. 25 aprel 2022-ci il tarixdə saat 08:30-da işlədiyi Dəyirmandağ kənd Poçt şöbəsinə gəlib siyirmədə olan uduşa düşmüş pozulmuş lotoreya biletlərini götürmək istəyən zaman həmin lotoreya biletlərinin orada olmadığını görmüşdür. Bundan başqa siyirmədə olan 3 ədəd bir manatlıq əskinas, 37 ədəd 5 manatlıq pozulmamış “Brilliant” lotoreya və 50 ədəd pozulmamış 1 manatlıq “Qızıl” lotoreya biletləri yerində olmamışdır. Həmin vaxt poçtun inzibati binasından oğurluq olmasından şübhələnərək çölə çıxmış, poçtun inzibati binasının sol tərəfinə keçərkən orada binanın iki pəncərəsinin şüşəsinin qırıldığını görüb dəqiq başa düşmüşdür ki, oğurluq hadisəsi baş vermişdir. Poçtun inzibati binasından oğurluq olması barədə "xxxx" MMC-in Gədəbəy rayon poçt filialının rəhbərliyinə və DİN-in 102 xidmətinə məlumat vermişdir. Oğurluq hadisə nəticəsində poçtun inzibati binasında siyirmədə olan 3 ədəd bir manatlıq pul əskinası, 37 ədəd 5 manatlıq pozulmamış “Brilliant” lotoreya, 50 ədəd pozulmamış 1 manatlıq “Qızıl” lotoreya biletləri və ümumi uduş məbləği 210 manat olan pozulmuş uduşa düşmüş “Qızıl” lotoreya və “Brilliant” lotoreya biletləri oğurlanmışdır. Uduşa düşmüş biletlərin dəqiq sayını xatırlamır. Onlara vurulmuş ziyan tam ödənilmişdir. Onun təmsil etdiyi təşkilatın təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Şahid1 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yaşayır. Gədəbəy şəhərində sahibkarlıqla məşğuldur. Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən “Laçın” ticarət mərkəzində olan mağazalardan birini icarəyə götürüb orada araq, siqaret və lotoreya biletləri satır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. 25 aprel 2022-ci il tarixdə təxminən saat 16 radələrində tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs işlətdiyi mağazaya yaxınlaşıb 2 ədəd uduşa düşmüş “Qızıl” lotoreya biletini ona təqdim etmiş və uduş məbləğini istəmişdir. Həmin lotoreya biletlərini yoxlayıb birinin 5 manat, digərinin isə 10 manat məbləğində uduşa düşdüyünü müəyyən etmiş və həmin şəxsə 15 manat pul ödəmişdir. Təxminən yarım saat sonra polis əməkdaşları gəlib ondan təhvil aldığı uduşlu lotoreya biletlərinə baxış keçirərək həmin lotoreya biletlərini təqdim edən şəxslər barədə maraqlanmışlar. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd “Qızıl” lotoreya biletinin üzərində olan yazı polislərin diqqətini cəlb etmişdir. Polislərə həmin lotoreya biletlərini təqdim edən şəxsin orta boylu, qara saqqallı təxminən 24-25 yaşlı bir oğlan olduğunu demişdir. Şahid2 məhkəməyə teleqram vuraraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Şəmkir şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Gəncə şəhərində yerləşən Smart şirkətindən "xxxx" ASC-yə aid olan lotoreya biletlərini alıb Şəmkir rayon bazarında lotoreya biletlərinin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. 25 aprel 2022-ci il tarixdə saat 17 radələrində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi orta boylu, qara saqqallı şəxs onun lotoreya biletləri satdığı yerə yaxınlaşıb pozulmamış “Qızıl” lotoreya və “Brilliant” lotoreya biletlərinin olduğunu bildirib onları satmaq istədiyini demişdir. Həmin şəxs lotoreya biletlərini Gədəbəy rayonundan dostları ilə birlikdə aldığını, biletlərin bir qismini pozduqlarını və Bakı şəhərinə getməyə yolpulu olmadığı üçün pozulmamış lotoreya biletlərini satmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini göstərməsini tələb etsə də sonuncu vəsiqəsinin üstündə olmadığını demişdir. Vəsiqə təqdim etməsə də satış etdiyi yerdə videokameranın olduğunu Təqsirləndirilən şəxs bildirərək lotoreya biletlərini götürmüşdür. Düşünmüşdür ki, əgər lotoreya biletləri ilə bağlı hər hansı bir problem olsa videogörüntü vasitəsi ilə həmin adamı tapmaq olar. Təqsirləndirilən şəxs ona pozulmamış 29 ədəd 5 manatlıq “Brilliant” lotoreya biletlərini və 40 ədəd 1 manatlıq “Qızıl” lotoreya biletlərini satmışdır. “Brilliant” lotoreya biletlərinin hər birini 4 manat 40 qəpiyə, “Qızıl” lotoreya biletlərinin hər birini 90 qəpiyə Təqsirləndirilən şəxs almış və sonuncuya cəmi 163 manat pul vermişdir. Sonra həmin lotoreya biletlərini pərakəndə şəkildə satmışdır. Təqsirləndirilən şəxs ona lotoreya biletlərini təqdim edən zaman tək olmuş və yanında heç kim olmamışdır. Həmin biletlərin oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə həmin vaxt görmüş və onunla əvvəldən aralarında heç bir razılaşma olmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayır. Şəmkir rayonu mərkəzi bazarının qarşısında lotoreya biletləri satmaqla məşğuldur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. 25 aprel 2022-ci il tarixdə təxminən saat 17 radələrində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onun lotoreya biletləri satdığı yerə yaxınlaşıb uduşa düşmüş lotoreya biletlərinin olduğunu bildirib onları təhvil verib uduş məbləğini götürmək istədiyini demişdir. Əvvəlcə nağd pulunun olmadığını bildirərək biletləri dəyişməkdən imtina etmişdir. Təxminən 5-10 dəqiqə sonra həmin şəxs yenidən ona yaxınlaşıb bir daha biletləri götürməyini xahiş etmişdir. Həmin müddətdə alver etdiyi üçün nağd pulu olmuş və biletləri götürməyə razılaşmışdır. Təqsirləndirilən şəxs ona dəqiq sayını xatırlamadığı miqdarda uduşa düşmüş “Qızıl” lotoreya biletlərini vermişdir. Həmin biletləri yoxlayıb cəmi uduş məbləğinin 98 manat olduğunu hesablamışdır. Təqsirləndirilən şəxslə razılaşıb ondan uduşa düşmüş biletləri cəmi 94 manat pul verərək götürmüşdür. O, lotoreya biletlərini Şahid2 Afiq oğlundan götürür və uduşa düşmüş biletləri topladıqdan sonra həmin şəxsə təhvil verir. Təqsirləndirilən şəxs ona lotoreya biletlərini təqdim edən zaman tək olmuş və yanında heç kim olmamışdır. Həmin biletlərin oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs götürdüyü uduşa düşmüş biletləri 25 aprel 2022-ci il tarixdə Şahid2 Afiq oğluna təhvil vermişdir ki, biletləri Azərlotoreyanın bazasına təhvil versin. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -hadisə yerinə baxış keçirilməsi haqqında 25 aprel 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu Dəyirmandağ kəndində yerləşən Gədəbəy rayon poçt filialının Dəyirmandağ poçt şöbəsidir. İnzibati binanın 6 metr uzunluğu, 4 metr eni vardır. 1 metr eni, 2 metr hündürlüyü olan gümüşü qapı vasitəsi ilə içəri daxil olunur. İnzibati binanın 30 sm eni, 2 metr hündürlüyü olan 8 ədəd pəncərəsi vardır. İçəridə gümüşü rəngli digər qapıdan saxlanc otağına daxil olunur. Həmin otağın eni 1.4 metr, uzunluğu isə 2 metrdir. Otaqda hündürlüyü 1.3 metr olan dəmir seyf, 1 ədəd stol, 1 ədəd stul yerləşir. Poçt binası 1.2 metr hündürlüyü olan arakəsmə vasitəsi ilə iki hissəyə bölünür. Arakəsmədən içəri tərəfdə kompyuter və “EPSON” markalı printer, telefon və poçta aid olan digər sənədlər masanın üstündə vardır. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs lotoreya biletlərinin kompyuter olan masanın ikinci siyirməsindən götürüldüyünü bildirmişdir. Poçt binasına daxil olduqda üçüncü və dördüncü pəncərənin şüşələrində sındırma hissələri vardır. Həmin şüşələr qırılaraq binanın çöl tərəfinə tökülmüşdür. -Əşyaya baxış keçirilməsi və götürülməsi barədə 28 aprel 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi 2 ədəd pozulmuş, uduşa düşmüş “Qızıl” lotoreya biletlərinə baxış keçirilərək götürülmüşdür. Həmin lotoreya biletləri 005-423916-091 və 005-423916-116 nömrəli olmaqla arxa tərəfində göy rəngli qələmlə ştrix kodun sol tərəfində və lotoreya biletinin sol tərəf yuxarı küncündə 10 və 5 rəqəmləri yazılmışdır. Baxışda iştirak edən Şahid1 lotoreya biletinin sol tərəf yuxarı küncündə yazılmış 10 və 5 rəqəmlərini özünün yazdığını və həmin rəqəmlərin müvafiq lotoreya biletinin uduş məbləğini göstərdiyini bildirmişdir. - Əşyaya baxış keçirilməsi barədə 28 aprel 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, 005-423916-091 və 005-423916-116 nömrəli “Qızıl” lotoreya biletlərinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Həmin lotoreya biletlərinin arxa tərəfində göy rəngli qələmlə ştrix kodun sol tərəfində və lotoreya biletinin sol tərəf yuxarı küncündə 10 və 5 rəqəmləri yazılmışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs lotoreya biletinin arxa tərəfində ştrix kodun yanında yazılmış 10 və 5 rəqəmlərini özünün yazdığını və həmin rəqəmlərin müvafiq lotoreya biletinin uduş məbləğini göstərdiyini bildirmişdir. - 23 iyun 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, Dəyirmandağ poçt şöbəsinin inzibati binasının sol yan tərəfində olan 2 metr hündürlüyü, 30 sm eni olan pəncərələri göstərərək əvvəlcə birinci pəncərəni sındırdığını, daha sonra isə digər pəncərənin şüşəsini sındıraraq əlini salıb içəridən pəncərəni açıb oraya daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs poçtun binasına daxil olduqdan sonra içəridə olan arakəsmənin əks tərəfinə keçərək lotoreya biletlərini və 3 manat nağd pulu götürdüyü siyirməni əyani olaraq göstərmişdir. İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərməklə bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy Rayon Xəstəxanası” X5 Poliklinika Şöbəsinin 07 may 2022-ci il tarixli 291 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəlikləri qeydiyyatında durmur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə əvəzsiz olaraq özgənin əmlakını gizli talamaqla oğurluq cinayətini törətməsi tam sübuta yetirilir. Odur ki, onun əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs şikayət və tələbinin olmaması, maddi ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən, cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, X4 məhkəməyədək icraat zamanı 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, X3 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək tutulduğu 3 gün müddət həbsdə saxlamanın bir günü azadlıgın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğvi üçün əsaslar olmadığından hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-ci maddəsinə əsasən, cinayət işi üzrə maddi sübut iki ədəd 005-423916-091 və 005-423916-116 nömrəli “Qızıl” lotereya biletləri cinayət işi materiallarında saxlanılmalıdır. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək tutulduğu 3 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dən səhər saat 07:00-dək Gədəbəy rayonu, Dəyirmandağ kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cinayət işi üzrə maddi sübut iki ədəd 005-423916-091 və 005-423916-116 nömrəli “Qızıl” lotereya biletləri cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-42/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-42/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver