Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-43/2024 25.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1979-cu ildə Şəmkir rayonu, Muxtariyyə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə saat 18 radələrində Gədəbəy rayonunun Daryurd kəndi ərazisində yerləşən “Arxaşan” yaylağındakı çadır tikilinin içərisində aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qayınanası Zərərçəkmiş şəxs şillə ilə vuraraq ona sol göz ətrafının şişkinliyi (dərialtı hematoması), qançırı, ağlı qişaya massiv qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynanasıdır. Hadisə baş verən günü o yaylaqda ailə üzvləri ilə birlikdə yeyib spirtli içki içmiş, qaynanası Zərərçəkmiş şəxs ilə sözləri çəpləşmiş və onu əli ilə vurmuş, bundan başqa söz- söhbət olmamışdır. Həmçinin o, bildirdi ki, hadisə axşam saatlarında baş vermiş, Zərifəni bir dəfə vurmuş və o yerə yıxılmışdır. Hazırda qaynanası ilə barışmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, kürəkəni Ruslan ailəsi ilə birlikdə dağa onun yanına gəlmiş, onlar yemək hazırlamış və oturub yemək yemişlər. Ruslan spirtli içki qəbul etmiş, aralarında mübahisə yaranmış və Ruslan onu vurmuşdur. Həmçinin bildirdi ki, Ruslan spirtli içkini tək qəbul etmiş, onların arasında əvvəllər belə hal yaşanmamışdır. Onlar hazırda barışmışlar, Ruslandan şikayət və tələbi yoxdur. Şahid ifadəsində göstərdi ki, hadisə vaxtı o evdə yemək bişirmiş, sonra anasının yerə yıxılmış halda olduğunu görmüş, bundan başqa bir şey görməmişdir. Şahid əlavə olaraq bildirdi ki, onlar gəzmək üçün anası gilə getmiş hadisə yemək yedikdən sonra baş vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini və işdə olan aşağıdakı digər yazılı sənədləri tədqiq edib sübut kimi qəbul edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan və məhkəmə iclasında tədqiq edilmiş; -Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-ci il tarixli 251 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol göz ətrafının şişkinliyi (dərialtı hematoması), qançırı, ağlı qişaya massiv qansızma küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 19 iyun 2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyələrinə əsasən demək olar ki həmin xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsində yıxılmaya xarakterik xəsarətlər aşkar edilməmişdir. -xx.xx.2024-cü il tarixli, 3-13-74/2-11008/2024 N-li əməliyyat tapşırığına cavabından görünür ki, 19 iyun 2024-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Gədəbəy rayonunun Daryurd kəndi ərazisində yerləşən “Arxaşan” adlı yaylaqda Zərfə Əhmədovanın istifadə etdiyi çadır tikilinin qarşısında aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində mübahisə zamanı qayınanası Zərərçəkmiş şəxs qəsdən şillə ilə vuraraq sonuncuya xəsarət yetirmişdir. Onlar arasında olan mübahisə 2-3 dəqiqə davam etmiş, bu zaman ətrafa kənar şəxslər toplaşmamışdır. Hadisənin şahidi Şahid olmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ədliyyə Nazirliyi(Şəmkir) tərəfindən AR CM-in 306.1 -ci maddəsi ilə olan ********* nömrəli material xx.xx.2016-cı il tarixdə Cinayət Prosessual Məcəllənin 40.2.3- cü (şərait dəyişdikdə) maddəsi ilə xitam edilmişdir. -Materiala əlavə edilmiş Gədəbəy rayon X2 Hüquqi Şəxs tərəfindən verilmiş 02 iyul 2024-ci il tarixli, 18-1-38/2-522/2024 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs narkoloji və ruhi-əsəb xəstəsi kimi qeydiyyatda durmur. -Materiala əlavə edilmiş Şəmkir rayon X2 Hüquqi Şəxs tərəfindən verilmiş 28 iyun 2024-ci il tarixli, 373 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və ruhi-əsəb xəstəsi kimi qeydiyyatda durmur. -Materiala əlavə edilmiş Şəmkir RHİB Qədimqala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunurlar. -Materiala əlavə edilmiş Gədəbəy RHİB Əli İsmayıl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs müsbət xarakterizə olunurlar. Məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir biri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad olunmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə zərər çəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-43/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-43/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver