Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-45/2021 05.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Tapdıq oğlu və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Gədəbəy şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, DOST iş mərkəzində bağban işləyən, barəsində Gədəbəy Rayon Məhkəməsinin 23 avqust 2012-ci il tarixli hökmü ilə 6 ay azadlıqdan məhrum edilməklə barəsində 1 il şərti sınaq müddəti seçilmiş, 06 oktyabr 2013-cü il tarixli hökmü ilə 6 ay azadlıqdan məhrum edilməklə 1 il sınaq müddəti seçilmiş və 01 avqust 2019-cu il tarixli hökmü ilə 1 il azadlığın məhdudlaşdırılması cəzası seçilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında yaşayan, barəsində, 07 may 2021-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 avqust 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 03 mart 2021-ci il tarixdə saat 15 radələrində Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən “Pürrəngi” çay evinin qarşısındakı bulağın kənarının buzunu təmizləyən zaman iş yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs əlində olan qar təmizlədiyi kürəklə onu vuraraq sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsi səbəbindən əsəbləşərək qisas almaq məqsədilə qəsdən yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona sağ göz ətrafı yumşaq toxumaların qançırı, burunun şişkinliyi, deformasiyası, əzilmiş səthi yarası, burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burun sümüklərinin cərrahi repozisiyası əməliyyatı tələb edən sınıqları qismində Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham edilmşdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy şəhəri, Sabir küçəsi ev 84-də yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Onunla birlikdə Gədəbəy rayon DOST İş Mərkəzində işləyirlər. O, bağban, Zərərçəkmiş şəxs isə zibilyığan maşınında fəhlə işləyir. Əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. 03 mart 2021-ci il tarixdə səhər saatlarında DOST İş Mərkəzinin rəisi Əkbər müəllimin xidməti iş otağında olan zaman Zərərçəkmiş şəxs əli ilə onu göstərərək 20 gün ərzində niyə işə çıxmadığını soruşub, onun zibil maşını ilə gedib zibil təmizləməli olduğunu bildirmişdir. O, səhhətində problem olduğuna görə 20 gün ərzində bulletendə olduğunu bildirmiş və həmin vaxt Zərərçəkmiş şəxs başqa heç nə deməmişdir. Lakin dəhlizdə ondan niyə belə hərəkət etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs isə nalayiq ifadələrlə cavab verərək, yaxşı etdiyini bildirmişdir. Günorta fasiləsindən sonra Təqsirləndirilən şəxs Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən “Pürrəngi” çay evinin qarşısında şəhidin adına çəkilmiş ehsan bulağının ətrafının buzunu təmizləyərkən Zərərçəkmiş şəxs Nəcməddin, Mehdi, Rasim, Reybə, Ulduz adlı işçilərlə ora gəlmişdir. Qadınlar, Mehdi və Rasim onların yanınında dayanmadan yolboyu səkini qardan təmizləyə-təmizləyə getmişlər. Həmin yerdə onunla birlikdə Zərərçəkmiş şəxsla Nəcməddin adlı şəxs qalmışdır. Təxminən 5 dəqiqə sonra Nəcməddin onlardan uzaqlaşıb siqaret almaq üçün mağazaya getmiş və həmin yerdə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs qalmışdır. Təqsirləndirilən şəxs xeyli ərazinin buzunu qırdıqdan sonra əlindəki beli Raufa uzatmış və biraz da onun işləməsini tələb etmişdir. Rauf nalayiq söyüşlər söyərək beli ona tərəf atmışdır. Həmin vaxt əsəbləşib, xəbərçilik etməkdən başqa əlindən heçnə gəlmir deyərək, işinə davam etmişdir. Rauf nalayiq söyüşlər söyərək, divara söykədiyi qar təmizlədiyi kürəklə onun iki dəfə başına, iki dəfə də belinə zərbə endirmişdir. Geriyə çevrilən zaman Raufun yenə kürəklə onu vurmaq istədiyini görüb, onu geri itələyib çayxananın qapısına vurmuşdur. Zərərçəkmiş şəxs yenidən onun üstünə gələn zaman sifət nayihəsinə bir yumruq zərbəsi vurmuşdur. Sonra Raufun burnundan qan axdığını görüb öz dəsmalını ona verərək həkimə aparmağı təklif etmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmadan dairəvi yol yaxınlığında xidmət aparan polis əməkdaşlarına tərəf getmişdir. O, Raufun ondan şikayət edəcəyini düşünüb Gədəbəy Rayon Polis Şöbəsinə gəlmişdir. Hadisə Zərərçəkmiş şəxs onun barəsində xəbərçilik etməsi, ona qarşı nalayiq söyüşlər söyməsi və kürəklə onu vurmasına görə baş vermişdir. Həmin vaxt onların yanında heç kim olmamış, bir qədər aralıda isə iş yoldaşları Ulduz, Reybə, Rasim, Nəcməddin, Mehdi və Sona olmuşlar. Törətdyi əməldən peşmandır. Zərərçəkmişdən üzr istəmişdir. Lakin ona dəymiş ziyanı ödəmək imkanları yoxdur. Yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərərk, bildirmişdir ki, Gədəbəy rayonu, Qumlu yaşayış massivində yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Gədəbəy Rayon DOST İş Mərkəzində birlikdə fəhlə işləyirlər. Əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. 03 mart 2021-ci il tarixdə səhər saatlarında iş yerləri bölündükdən sonra Təqsirləndirilən şəxslə birlikdə əraziləri qardan təmizləməyə başlamışlar. Təxminən saat 15 radələrində Gədəbəy şəhəri, Rəsulzadə küçəsində köhnə bazar yaxınlığında Cumalı adlı şəxsin obyektinin qarşını qardan təmizləyən zaman Təqsirləndirilən şəxs ona yaxınlışıb nalayiq ifadələrlə adam xəbərçi olmaz demişdir. Guya o, fəhlələr arasında Vüqarın işləmədiyini demişdir. O, Vüqara belə bir söz demədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt onun burnunun üstündən yumruqla vurub qaçmışdır. Əli ilə burnunu tutan zaman burnundan qan gəldiyini görmüş və dərhal Gədəbəy şəhəri dairəvi yol adlanan yerə gedib, orada xidmət aparan polis əməkdaşlarına bu barədə məlumat vermişdir. O, Vüqarı söyməmiş və kürəklə vurmamışdır. Təxminən 10 dəqiqə aralarında sözlə mübahisə olmuş, orada olan Reybə, Ulduz və Lalə adlı şəxsin adını bilmədiyi qızı onları aralamışdır. Həmin vaxt orada olan Mehdi adlı şəxs qıraqda durub onlara dalaşmamağı məsləhət görmüşdür. Hazırda təqsirləndirilən şəxs onun müalicəsi ilə əlaqədar çəkdiyi xərcləri ödəməmişdir. Onlar barışmamışlar və ona görə də təqsirləndirlən şəxsə qanunda nəzərdə tutulmuş ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy Rayon DOST İş Mərkəzində fəhlə işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun iş yoldaşlarıdır. Hər iki şəxslə münasibəti normaldır. 03 mart 2021-ci il tarixdə təxminən saat 15 radələrində Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən “Pürrəngi” çay evinin qarşısında şəhidin ehsan bulağının kənarlarının buzunu təmizləyən zaman Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs dalaşdıqlarını, bir-birinin yaxasından tutduqlarını görüb tez onların yanına qaçıb onları aralamışdır. Hadisə baş verən zaman onlardan təxminən 100 metr aralıda olmuşdur. Onlara yaxınlaşan zaman Raufun burnundan qan axdığını görmüşdür. Onları araladıqdan sonra Təqsirləndirilən şəxs evlərinə tərəf, Zərərçəkmiş şəxs isə baş vermiş hadisə ilə bağlı olaraq polisə müraciət etmək üçün dairəvi yol yaxınlığında xidmətdə olan polis əməkdaşlarına tərəf getmişdir. Bir qədər sonra Rauf polis əməkdaşları ilə birlikdə ora gəlib Vüqarın harada olduğunu soruşmuşdur. Hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Həmin vaxt orada hər hansı nalayiq söyüş və səs-küy olmamış, hadisə yerinə kənar şəxslər toplaşmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Qumlu yaşayış massivində yaşayır, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. DOST İş Mərkəzində birlikdə fəhlə işləyirlər. Onların heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. 03 mart 2021-ci il tarixdə onları yolların kənarını qardan təmizləmək üçün ərazilərə böldükdən sonra iş yoldaşları Reybə, Ulduz və Yeganə ilə birlikdə Gədəbəy şəhəri, Heydər Əliyev prospektinin kənarını qardan təmizləməyə getmiş, təxminən saat 17:00-a qədər prospektin kənarlarını qardan təmizləmişlər. Onlardan təxminən 100 metr aralıda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs “Pürrəngi” çay evinin qarşısında işləmişlər. Saat 15 radələrində Vüqar və Raufun dalaşdığını eşitmiş, hadisə yerinə gedən zaman Zərərçəkmiş şəxs burnundan qan axdığını görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs Gədəbəy şəhəri dairəvi yol yaxınlığında xidmətdə olan polis əməkdaşlarına tərəf gedib hadisə barədə məlumat verdiyini görmüşdür. Hadisə zamanı Rauf və Vüqardan təxminən 100 metr aralıda qar təmizləyib işə başı qarışdığına görə onların bir-birini necə və niyə vurduğunu görməmişdir. Həmin vaxt orada hər hansı nalayiq söyüş söyüldüyünü və səs-küy olduğunu görməmişdir. Hadisə yerinə kənar şəxslər toplaşmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 Şahid2 ilə eyniməzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X11 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 X13 tərəfindən verilmiş 06 mart 2021-ci il tarixli 87 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ göz ətrafı yumşaq toxumaların qançırı, burunun şişkinliyi, deformasiyası, əzilmiş səthi yarası, burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burun sümüklərinin cərrahi repozisiyası əməliyyatı tələb edən sınıqları küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 03 mart 2021-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətləri özü-özünə yetirə bilməsi mümkün deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə ********* nömrəli cinayət işi, Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi, Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 190490002, ********* nömrəli cinayət işi olmuşdur. Həmin cinayət işi üzrə onun barəsində Gədəbəy Rayon Məhkəməsinin müvafiq olaraq 23 avqust 2012-ci il tarixli hökmü ilə 6 ay azadlıqdan məhrum edilməklə barəsində 1 il şərti sınaq müddəti, 06 oktyabr 2013-cü il tarixli hökmü ilə 6 ay azadlıqdan məhrum edilməklə 1 il sınaq müddəti və 01 avqust 2019-cu il tarixli hökmü ilə 1 il azadlığın məhdudlaşdırılması cəzası seçilmişdir. İşdə olan Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını 26 avqust 2020-ci il tarixdə çəkib qurtarmlışdır. İşdə olan Arayış və Şəxsiyyət Vəsiqələrinin surətlərindən görünür ki, üç azyaşlı övladı 23 mart 2012-ci il təvəllüdlü X3, 29 oktyabr 2014-cü il təvəllüdlü X6 və 14 yanvar 2016-cı il təvəllüdlü X1 Vüqar Rəşid oğlunun himayəsindədirlər. İşdə olan Gədəbəy RİHB-nın Şəhər İƏD üzrə Nümayəndəliyi tərəfəindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu 03 mart 2021-ci il tarixdə saat 15 radələrində Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən “Pürrəngi” çay evinin qarşısındakı bulağın kənarının buzunu təmizləyən zaman iş yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs əlində olan qar təmizlədiyi kürəklə onu vuraraq sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsi səbəbindən əsəbləşərək qisas almaq məqsədilə qəsdən yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona sağ göz ətrafı yumşaq toxumaların qançırı, burunun şişkinliyi, deformasiyası, əzilmiş səthi yarası, burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burun sümüklərinin cərrahi repozisiyası əməliyyatı tələb edən sınıqları qismində Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilənin şəxsiyyətin səciyyələndirən halları müəyyən edərkən nəzərə alır ki, onun çəkilməmiş cəzası yoxdur, lakin Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və götürülməmişdir. Bununla belə, məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirlən şəxsin bu əməli ilə cinayətlərin residivi yaranmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxsin himayəsində üç azyaşlı uşağın olmasını, onuun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, təqsirini səmimi etiraf etməsini və törətdiyi əməldən peşmam olmasını təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-45/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-45/2021
05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver