Məhkəmə qərarları › İş №1(042)-45/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-45/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-45/2022 06.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 30 avqust 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilən, faktiki olaraq 31 avqust 2022-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 08 sentyabr 2015-ci il tarixdən başlayaraq 13 sentyabr 2011-ci il tarixdə anadan olmuş Əli və Məhəmmədin yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək aliment miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 90 manat, ümumilikdə cəmi 180 manat məbləğində pulun tutularaq Məmmədova (Tanarquliyeva) Aynurə Tofiq qızına ödənilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli, 2(076)-3630/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün Gədəbəy Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli, 3(042)-52/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs tənbeh növü və həmin məhkəmənin 23 fevral 2021-ci il tarixli, 3(042)-67/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və ona icra sənədindəki tələbi icra etmədiyi üçün 23 dekabr 2021-ci il və 11 fevral 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 22 fevral 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxs Məmmədova (Tanarquliyeva) Aynurə Tofiq qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 12250 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, yaşadığı Gədəbəy rayonunda kənd təsərrüfatı işləri ilə məşğul olmuş, aylıq gəliri orta hesabla 300 - 400 manat müqabilində təşkil edir. O, 2007-ci ilin dekabr ayında Tanarquliyeva (Məmmədova) Aynurə Tofiq qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 13 sentyabr 2011-ci il tarixdə Əli və Məhəmməd adlı iki əkiz oğlan övladları dünyaya gəlmişdir. Keçmiş arvadı Aynurə Tanarquliyeva ilə aralarında ailə münasibətləri pozulmuş, 2012-ci ilin yaz aylarında sonuncu iki azyaşlı uşaqlarını götürüb gəlin gəldiyi evdən çıxaraq valideyinlərinin yaşadığı ünvana getmişdir. 2015-ci ilin qış aylarında Aynurə Tanarquliyeva ondan boşanmağa və aliment alınmasından ötrü Şəmkir rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunmuş, 08 sentyabr 2015-ci il tarixdən başlayaraq 13 sentyabr 2011-ci il təvəllüdlü oğlu Əli və Məhəmmədin yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 90 manat, ümumilikdə cəmi 180 manat alimentin ondan alınaraq keçmiş arvadı Aynurə Tanarquliyevaya ödənilməsinə dair 04 noyabr 2015-ci il tarixli, 2(076)- 3630/2015 saylı qətnamə çıxarılmışdır. O, aliment məbləğini ona görə ödəməmişdir ki, uşaqlarına 50000 manatdan çox xərc çəkmiş, arvadının adına 15000 ABŞ dollarına Bakı şəhəri Binəqədi rayonu ərazisindən torpaq almışdır. Torpaq sahəsi hazırda Aynurənin istifadəsindədir. Aynurə həm torpaq sahəsinə yiyələnib, həm də aliment istəyir. O, icra sənədini icra etmədiyinə görə Gədəbəy rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 3(042)-67/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. O, Aynurəyə 1210 manat, işi məhkəmədə olarkən isə 400 manat ödəniş etmiş və 12250 manat məbləğində alimentə görə pul borcu qalmışdır. Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Belə ki, zərərçəkmiş şəxs Məmmədova (Tanarquliyeva) Aynurə Tofiq qızı məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2007-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 13 sentyabr 2011-ci il tarixdə Əli və Məhəmməd adlı iki əkiz oğlan övladları dünyaya gəlmişdir. Keçmiş əri Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətləri pozulduğu üçün 2012-ci ilin yaz aylarında iki azyaşlı uşağını götürərək gəlin getdiyi evdən çıxaraq valideyinlərinin yaşadığı ünvana gəlmiş, onların himayəsində yaşamağa başlamışdır. Əri Təqsirləndirilən şəxs uşaqlarının saxlanmasına maddi cəhətdən köməklik göstərmədiyinə görə, övladlarını tək başına saxlaya bilməmiş, məcburiyyət qarşısında qalaraq 2015-ci ilin qış aylarında Təqsirləndirilən şəxs boşanmağa görə və aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Şəmkir rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin qərarı ilə bağlanmış rəsmi nikahları ləğv olunmuş, 08 sentyabr 2015-ci il tarixdən başlayaraq 13 sentyabr 2011-ci il təvəllüdlü Əlinin və Məhəmmədin yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 90 manat, ümumilikdə cəmi 180 manat alimentin keçmiş əri Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair 04 noyabr 2015-ci il tarixli, 2(076)-3630/2015 saylı qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o Rusiya Federasiyasında yaşamış və imkanı olmuşdur. Natiq alimenti ödəməyəcəyini dəfələrlə ona bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyinə görə Gədəbəy Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 3(042)-67/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmiş, bundan sonra da Təqsirləndirilən şəxs qanuni qüvvəyə məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. 22 fevral 2022-ci il tarixədək 12650 manat məbləğində alimentə görə pul borcu olduğunu bildirib həmin pulun alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmiş, əks halda layiqli cəza almasını bildirmişdir. Şahid Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, şöbəyə daxil olmuş Şəmkir Rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli, 2(076)-3630/2015 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən 08 sentyabr 2015-ci il tarixindən başlayaraq 13 sentyabr 2011-ci il təvəllüdlü Əli adlı və 13 sentyabr 2011-ci il təvəllüdlü Məhəmməd adlı iki uşağın yetkinlik yaşınadək saxlanılması üçün hər bir uşağa görə hər ay 90 manat, ümumilikdə 180 manat məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq X2 verilməlidir. İcra sənədi üzrə icraata 12 fevral 2016-cı il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsi tərəfindən başlanılmış, borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Onun əmlak vəziyyəti yoxlanılmış, həmçinin yaşadığı evə baxış keçirilmiş, əmlak vəziyyətinin yoxlanılması və evə baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. X5 verilmiş könüllü icra müddətində, daha sonra dəfələrlə xəbərdarlıqlar verilməsinə baxmayaraq tələbi könüllü olaraq yerinə yetirməmişdir. Bu səbəbdən də, icra sənədinin icrası məqsədi ilə izahat verməsi üçün dəvət edilməsinə baxmayaraq çağırışlara məhəl qoymadığı üçün barəsində məcburi gətirilməyə dair qərar qəbul olunaraq məhkəməyə təqdimat verilmiş və təqdimat təmin edilərək borclu 22 fevral 2016-cı il tarixdə şöbəyə məcburi qaydada gətirilmişdir. O, izahat verərək borcunu ödəməsi üçün vaxt istəmiş, hətta tələbkar rəsmi müraciət etdiyindən ərizəsi nəzərə alınaraq həmin gün borclu barəsində inzibati protokol tərtib edilməmişdir. Bundan sonra xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs yenidən tələbə tabe olmamış və icra sənədinin icrasından yayınaraq gizləndiyi üçün barəsində 04 aprel 2018-ci il tarixdə axtarış qərarı qəbul olunmuşdur. Borclu Təqsirləndirilən şəxs 01 may 2018-ci il tarixdə tutularaq şöbəyə təqdim edilmiş və həmin gün onun barəsində inzibati protokol tərtib edilərək Gədəbəy rayon Məhkəməsinə təqdim edilmiş və borclu Təqsirləndirilən şəxs məhkəmənin 01 may 2018-ci il tarixli qərarı ilə 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilmişdir. Həbs müddətindən sonra borclu mütəmadi olaraq İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, onunla fərdi söhbətlər aparılmış, izahatı alınmış və hər dəfə ona aliment ödənilməsinin məcburiliyi izah edilmişdir. Bütün bunlara baxmayaraq borclu Təqsirləndirilən şəxs qanunun tələblərindən nəticə çıxarmamışdır. Nəticədə onun barəsində 23 iyul 2019-cu il tarixdə yenidən məhkəməyə inzibati protokol təqdim olunmuş və həmin gün aliment borcundan qismən ödəniş edildiyi üçün məhkəmə tərəfindən inzibati protokol üzrə icraata xitam verilmişdir. Bundan sonra borclu tərəfindən qeyri müntəzəm olaraq ödənişlər edilsə də, tələbkar Zərərçəkmiş şəxs (Tanarquliyeva) bununla razılaşmamış, nəticədə borclu məcburi qaydada gətirilərək izahatı alınmış və qismən ödəniş etdirilmişdir. Təqsirləndirilən şəxs məcburi qaydada gətirilməsi məqsədi ilə 07 dekabr 2020-ci il tarixdə qərar qəbul olunaraq ünvanına göndərilmiş və ərazidə olmadığı üçün qərar ona çatmamışdır. Ona görə də, borclu Təqsirləndirilən şəxs barəsində 18 yanvar 2021-ci il tarixdə axtarış qərarı qəbul olunaraq icra edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Axtarış vasitəsi ilə 23 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq şöbəyə təhvil verildiyi üçün onun barəsində yenidən məhkəməyə inzibati protokol verilmiş və Gədəbəy Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 3(042)-67/2021 saylı qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Məcburi icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ təqdimata əsasən Gədəbəy rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 8(042)-146/2020 saylı qərardadı ilə müvəqqəti olaraq yəni, məhkəmə qərarı icra olunanadək məhdudlaşdırılmışdır. İnzibati cəzadan sonra borclu Təqsirləndirilən şəxs yeni icra müddətinin müəyyən edilməsinə dair 29 mart 2021-ci il tarixli bildiriş verilmiş, yenidən izahatı alınmış, 21 aprel 2021-ci il, 30 aprel 2021-ci il, 22 iyul 2021-ci il, 23 dekabr 2021-ci il və 11 fevral 2022-ci il tarixlərdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıq edilmiş və yaranmış aliment borcunu ödəməyəcəyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306cı maddəsi ilə məsuliyyətə cəlb olunacağı izah edilmişdir. Buna baxmayaraq o, yenə də borcunu ödəməmişdir. Görülmüş bütün məcburi icra tədbirlərinə, habelə alimenti ödəməkdən yayındığı üçün cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə xəbərdar olunmasına baxmayaraq borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmışdır. Borclu Təqsirləndirilən şəxs aliment borcundan cəmi 1210 manat ödəniş etmiş və onun 08 fevral 2022-ci il tarixədək 12650 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Şahid Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi materiallarında olan aşağıda qeyd edilən sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Şəmkir rayon Məhkəməsinin 2(076)-3630/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2007-ci il tarixdə Gədəbəy rayonu Qeydiyyat şöbəsində bağlanmış 199 saylı nikah qeydinin pozulması, xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Əli və xx.xx.2011-ci il təvəllüdlü Məhəmməd adlı iki uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə Təqsirləndirilən şəxs 90 manat məbləğində aliment tutularaq X2 verilməsi, Təqsirləndirilən şəxs 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. - İcraata başlamaq haqqında 12 fevral 2016-cı il tarixli qərardan görünür ki, Şəmkir rayon Məhkəməsi tərəfindən verilmiş 04 noyabr 2015-ci il tarixli 2(076)-3630/2015 saylı icra sənədi Gədəbəy rayon İcra şöbəsinin icra məmuru Şahid1 tərəfindən icraata başlanılmışdır. - xx.xx.2016-cı il tarixli 146 nömrəli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsi tərəfindən verilmiş 04 noyabr 2015-ci il tarixli 2(076)-3630/2015 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün müddətinə vaxt verilmişdir. - xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2015-ci il tarixli 2(076)-3630/2015 saylı icra sənədi üzrə 1800 (min səkkiz yüz) manat aliment borcu yaranmış və ona borcunu 10 gün müddətində ödəməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. - Gədəbəy rayon Məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli 8 (042)-152/2016 saylı qərardadından görünür ki, Gədəbəy rayon İcra Şöbəsinin icra məmuru Şahid1 Şəmkir rayon Məhkəməsi tərəfindən verilmiş 04 noyabr 2015-ci il tarixli 2(076)-3630/2015 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair təqdimatı təmin edilmiş, Gədəbəy rayon Söyüdlü kəndində yaşayan Təqsirləndirilən şəxs məcburi qaydada Gədəbəy rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. - Gədəbəy rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli 3(042)-52/2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. - Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(042)-120/2019 nömrəli qərarından görünür ki, Gədəbəy rayon İcra və Probasiya Şöbəsindən borclu Təqsirləndirilən şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun icraatına xitam verilmişdir. - Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(042)-74/2020 nömrəli qərardadından görünür ki, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş və Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs məcburi qaydada Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. -Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(042)-146/2020 nömrəli qərardadından görünür ki, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş və Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti-məhkəmə qərarı icra olunanadək məhdudlaşdırılmışdır. - Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(042)-67/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilmişdir. - xx.xx.2021-ci il tarixli № 43230/2016 nömrəli, xx.xx.2021-ci il tarixli № 43230/2016- 21 nömrəli və xx.xx.2021-ci il tarixli № 43230/2016-21-2 nömrəli xəbardarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs dərhal Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gəlib izahat verməsi və ya aliment borcunu tam olaraq ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsulliyətinə cəlb olunmasına dair barəsində toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 02 iyun 2022-ci il tarixli, 012-8224-1222 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmalı, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən aşagıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs icra sənədi üzrə borc məbləğindən 400 manat məhkəmə istintaqı dövründə ödəniş etmişdir. İcra sənədi üzrə qismən ödəniş edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur və məhkəmə cəza təyin edərkən bunu da nəzərə alır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilməmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilib-edilməməsi məsələsini müzakirə edərkən məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün təyin edilmiş alimenti ödəməyən vəziyyətdə bir daha maddi ödəniş öhdəliyinin şəxsin üzərinə hökmlə qoyulması ədalətli və işin halına uyğun görünmür. İctimai işlər və islah işləri hər hansı birinin təyin edilməsi məsələsini nəzərdən keçirərkən məhkəmə qeyd edir ki, hazırki halda təqsirləndirilən şəxsə ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarından birinin təyin edilməsi də cəzanın məqsədinə xidmət etməyəcəkdir. Odur ki, məhkəmə qeyd olunanları, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. İş materiallarından görünür ki, Gədəbəy rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, 31 avqust 2022-ci il tarixdə o, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli onun faktiki saxlanıldığı gündən hesablanılmalıdır. Hökmün icrası Gədəbəy rayuon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 31 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Penitensiar Xidmətin Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olduğu, həbsdə saxlanılanlar isə rəsmi qaydada verildiyi gündən 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə və ya həbsdə saxlanıldıqları yerin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə protest və şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar