Məhkəmə qərarları › İş №1(042)-46/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-46/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-46/2022 23.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Gədəbəy rayonu, Çobankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gədəbəy rayonu, Çobankənd kəndində qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 mart 2022-ci il tarixdən, faktiki olaraq yaşadığı Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən evində xx.xx.2007-ci ildə anadan olmaqla, aralarında iki yaşdan çox yaş fərqi olan və onun üçün aşkar surətdə on altı yaşına çatmamış Zərərçəkmiş şəxs ilə könüllü olaraq cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayon Çobankənd kəndində pasport qeydiyyatında olmaqla, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və rəsmi olaraq heç yerdə işləmir. 2020-ci ildə 44 günlük “İkinci Qarabağ müharibəsində” iştirak etmiş, müharibə zamanı yaralanmağı və xəstəliyi ilə bağlı hərbi xidmətdən təxris olunmuşdur. Müharibə vaxtı aldığı xəsarətlərlə bağlı ona hazıradək əlillik dərəcəsi verilməmişdir. Həmçinin müharibədə iştirakı ilə bağlı “Zəngilan”, “Qubadlı”, “Cəbrayıl” rayonlarının azad edilməsinə görə medallarla təltif edilmişdir. Zərərçəkmiş şəxs 2020-ci ildən etibarən tanıyır və sonuncu ilə heç bir düsmənçiliyi və ya ədavəti yoxdur. Kəmalə və ailə üzvləri ilə aralarında uzaq qohumluq əlaqələri vardır. Zərərçəkmiş şəxs ilə tanışlığı həmin ərəfələrdə Kəmalənin yaşadığı Gədəbəy rayon Şahdağ kəndində yaranmışdır. Həmin vaxtdan etibarən Kəmalə ilə bir-birilərini sevmişlər. O, sonradan hərbi xidmətə yollanmış, müharibə vaxtı yaralandığı və xəsarətlər aldığı üçün hərbi xidmətdən yarımçıq təxris olunmuşdur. Onun aldığı xəsarətlərlə bağlı səhhətində problemlər yaranmış, anası da gözdən əlil olmuşdur. Bu səbəblərdən Kəmalə ilə sonuncu 16 yaşına çatmadan evlənməyə qərar vermiş, Kəmalə də evlənmək üçün onunla razılaşmışdır. Kəmalənin valideynləri də evlənmələrinə razı olsalar da 16 yaşı tamam olmadığı üçün evlənmələrinə razılıq verməmişlər. 06 mart 2022-ci il tarixdə Kəmalə ilə evlənmək məqsədilə qaçmağa razılaşmış, həmin gün Kəmalə onunla zor tətbiq edilmədən evlənmək məqsədilə qaçmış, Kəmaləni öz razılığı ilə yaşadığı evə aparmışdır. Kəmalə ailə üzvləri ilə tanış olub onlarla birgə yaşamağa başlamış, bundan sonra valideynləri Kəmalənin valideynləri ilə görüşmüş, sonuncunun valideyinləri də evlənmələrinə razılıq vermişlər. Lakin maddi imkanı olmadığı üçün toy məclisi təşkil edə bilməmiş, həmin gündən etibarən Kəmalə ilə ər-arvad münasibətlərində olmaqla birgə yaşamağa başlamışdır. 06 mart 2022-ci il tarixdə adət ənənəyə uyğun olaraq Kəmalə ilə öz razılığı əsasında heç bir zor tətbiq etmədən dəfələrlə təbii yolla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs ilə heç vaxt qeyri-təbii yolla cinsi əlaqədə olmamış, cinsi əlaqədə olarkən Kəmaləyə heç vaxt zor tətbiq etməmiş və ya belə zorun tətbiqi ilə hədələməmişdir. 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağın cinayət məsuliyyətinə səbəb olduğunu bilmədiyi üçün Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. O, əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən sonuncunun xx.xx.2007-cı il təvəllüdlü olmaqla 16 yaşına çatmadığını bilmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Çobankənd kəndində əri Təqsirləndirilən şəxs və sonuncunun valideynləri ilə birlikdə yaşayır. O, Gədəbəy rayonu Şahdağ kəndində anadan olmuşdur. Orta məktəbə getsə də, axıra kimi oxuya bilməmiş və attestat almamışdır. Anası Şahid1 və atası X3 himayəsində yaşamışdır. Təqsirləndirilən şəxs əridir. Onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Onun atası Qamətlə Xanların atası Eldar arasında ona məlum olmayan qohumluq əlaqəsi olmuşdur. 2020-ci ilin may ayında evinin yaxınlığında çiçək topladığı vaxt Xanları görmüşdür. Xanlar da həmin vaxtı onu görüb bəyənmişdir. Həmin vaxt əmisi qızı Pərvanə də onun yanında olmuş, Xanlar Pərvanənin vasitəsilə ona sevgisini etiraf etmişdir. Həmin vaxtdan Xanlarla aralarında tanışlıq və sevgi münasibətləri yaranmışdır. Bir müddət sonra Xanlar hərbi xidmətə yollanmışdır. O, hərbi xidmətə gedərkən gözləməsini və hərbi xidmətdən qayıdandan sonra onunla ailə quracağını bildirmişdir. Xanlar hərbi xidmətə yollandıqdan sonra 2020-ci ilin noyabr ayında “İkinci Qarabağ müharibəsi” başlamışdır. Xanlar müharibədə iştirak etmiş, bir müddət sonra Xanlar müharibədə yaralanaraq hərbi hospitala yerləşdirilmişdir. 2021-ci ilin may ayında Xanlar hərbi xidmətdən yarımçıq təxris olunmuş və Gədəbəy rayonuna qayıtmışdır. Bundan sonra yenə də Xanlarla mütamadi əlaqə saxlamış, Xanlar müharibə vaxtı yaralandığı və xəsarətlər aldığı üçün səhhətində problemlər yaranmışdır. Həm də Xanların anası gözdən əlil olduğu üçün anası oğluna qulluq edə bilməmiş, Xanlar bu səbəblərdən evlənməsini istəmiş, o, da Xanlarla evlənmək üçün razılaşmışdır. Onun valideyinləri isə hələ 16 yaşına çatmadığı üçün evlənmələrinə razılıq verməmişlər. Onun valideyinləri evənlənmələrinə razılıq vermədiyi üçün 06 mart 2022-ci il tarixdə Xanlarla evlənmək məqsədilə qaçmışdır. Xanlarla əvvəlcədən razılaşaraq gecə saatlarında valideyinlərinin yaşadığı evdən çıxıb getmiş, daha sonra birlikdə Xanların yaşadığı evə getmişdir. Həmin gün Xanların ailə üzvləri ilə tanış olmuş və onu qəbul etmişlər. Həmin gündən etibarən də Xanlarla ər-arvad münasibətlərində olmaqla birgə yaşamağa başlamışdır. Xanlarla qaçdıqdan sonra valideyinləri də polisə məlumat verməmiş, Xanların valideyinləri də onun valideyinləri ilə görüşmüş, onun valideyinləri də evlənmələrinə razı olmuşlar. Xanlarla evlənmək məqsədilə qaçdığı gün yəni, 06 mart 2022-ci il tarixdə yaşadığı evdə heç bir zor tətbiq edilmədən Xanlarla könüllü olaraq cinsi əlaqədə olmuşdur. Həmin gündən sonra Xanlarla ər-arvad münasibətində yaşamağa başlamış, sonuncu ilə mütəmadi olaraq cinsi əlaqədə olmuşdur. O, Xanları sevdiyi üçün könüllü olaraq ailə qurmuş, Xanlarla könüllü olaraq cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid1 ifadəsində göstərdi ki, o, Gədəbəy rayonu Şahdağ kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs onun qızıdır. 2020-ci ilin may ayında qızı Kəmalə qonşu kənddə yaşayan həm də uzaq qohumu olan Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin vaxtdan bir-birlərini sevmişlər. Bir müddət sonra Xanlar hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdə olduğu müddətdə Xanlar müharibədə iştirak etmiş və müharibə vaxtı yaralanmışdır. 2021-ci ilin may ayında Xanlar hərbi xidmətdən yarımçıq təxris olub evinə qayıtmış, 2022-ci ilin əvvəllərindən etibarən Xanlar qızı Kəmalə ilə ailə qurmaq istəmişdir. Lakin qızı Kəmalə 16 yaşına çatmadığı üçün evlənməsinə razılıq verməmiş, buna baxmayaraq 06 mart 2022-ci il tarixdə gecə saatlarında Kəmalə Xanlarla əvvəlcədən danışıb razılaşdığı kimi evdən qaçıb, Xanlarla birgə evlənmək məqsədilə getmişdir. Kəmalənin qaçdığını biləndən sonra Xanların valideyinləri ilə söhbət etmiş, Kəmalə artıq qaçdığı üçün geri qaytarmağa cəhd göstərməmişdir. Həmin gündən sonra isə Kəmalə ilə Xanlar ər-arvad münasibətlərində yaşamağa başlamışlar. Hazırda qızı Kəmalə ilə əri Xanlar normal ailə kimi yaşayırlar və çox xoşbəxtdilər. Şahid2 ifadəsində göstərdi ki, o, Gədəbəy rayonu Şahdağ kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləliklə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun oğludur. Xanlar onunla eyni ünvanda arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşayır. Xanlarla Kəmalə uzun müddətdir bir birilərini tanıyıb sevmişlər. Xanlar 2020-ci ilin noyabr ayında başlayan ”İkinci Qarabağ müharibəsi” dövründə hərbi xidmətdə olmuş, həmdə müharibədə iştirak etmişdir. Müharibə dövründə Xanlar həm də yaralanmış və bu səbəbdən hərbi xidmətdən yarımçıq təxris olunmuşdur. Xanların anası da gözdən əlildir. Xanlar hərbi xidmətdən qayıtdıqdan sonra evlənmək qərarına gəlsə də, Kəmalənin yaşı az olduğu üçün valideyinləri qızının evlənməsinə razılıq verməmişlər. Buna baxmayaraq 06 mart 2022-ci il tarixdə gecə saatlarında Kəmalə Xanlarla əvvəlcədən danışıb razılaşdığı kimi evləmək məqsədilə qaçmış, həmin gecə Kəmalə Xanlarla birgə yaşadığı evə gəlmişdir. Xanlar və Kəmalə ona evlənmək istədiklərini və bu məqsədlə qaçdıqlarını bildirmişlər. 06 mart 2022-ci il tarixdən etibarən Kəmalə oğlu Xanlarla ər arvad münasibətlərində olmaqla birgə yaşamışdır. Xanlar ilə Kəmalə ilə normal ailə kimi yaşayırlar və onlar çox xoşbəxtdirlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - məhkəmə tibbi ekspertizasının 16 aprel 2022-ci il tarixli 204 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı çoxdan pozulmuşdur, pozulma müddətini halhazırda daha dəqiq təyin etmək mümkün deyildir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi vasitəsi ilə qeyri təbii yolla cinsi əlaqədə olmağa xarakterik əlamətlər aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Gədəbəy rayon Çobankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 86 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayonu Çobankənd kəndində qeydiyyatda olmaqla yaşayır. - Gədəbəy rayon icra Hakimiyyəti Başçısının Gədəbəy rayon Çobankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. - SX ******* saylı hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Zəngilan, Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, hərbi xidmət dövründə xəsarətlər almış, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on altı yaşına çatmamış Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması cinayət əməlini törətməsi məhkəmə iclasında tam sübuta yetir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddələri ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət işi materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 2-ci Qarabağ Müharibəsində iştirakını, hərbi xidmət zamanı xəsarətlər aldığını və medallarla təltif olunmasını, cinayət əməlini evlənmək məqsədilə törətdiyini, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən cəzanın çəkilib-çəkilməməsi məsələsini müzakirə edərkən yüngülləşdirici halları və onun əməlində cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunması zərər çəkmiş şəxsin gələcək taleyi üçün maneələr yarada bilər. Təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunması onun özünün və ailə kimi qəbul etdiyi zərər çəkmiş şəxsin maddi sıxıntılar və psixoloji sarsıntılar keçirməsinə səbəb ola bilər. Cinayət hadisəsindən sonra təqsirləndirilən şəxs islah yolunda olduğunu hərəkətləri ilə təsdiq etmişdir ki, bu da təqsirləndirilən şəxsin cəmiyyət üçün təhlükəliliyinin olmaması, onun cəza çəkmədən islah olunmasının mümkün sayılmasına əsas verir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından mümkün hesab edir. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən edilən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldıqdan sonra hesablanmalı, barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 08 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar