Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-46/2025 25.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Nübar Yusif qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, bir uşaq atası, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin payız aylarında istintaqa dəqiq məlum olmayan tarix və vaxtda Gədəbəy rayonu Başkənd kəndi ərazisində olan gölün kənarından baxımsız sahədə yabanı halda bitmiş çətənə kollarından satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 11,25 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib idarə etdiyi “Toyota Pirius” minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, gəzdirmiş və daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 28 fevral 2025-ci il tarixdə saat 20:46 radəsində Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində saxlanılaraq üzərində və idarə etdiyi “Toyota Pirius minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobildə əməliyyat yoxlaması aparılan zaman həmin avtomobilin qolaltı hissəsindəki saxlanc yerindən şəffaf rəngli sellofan bağlamada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 11,25 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 4 16-da yaşayır, rəsmi olaraq heç yerdə işləmir, sürücü işləməklə ailəsini dolandırır. Belə ki, “Toyota Prius” minik markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobili şifahi razılaşma yolu ilə gündəlik 25 manat müqabilində icarəyə götürüb avtomobil ilə sərnişindaşıma (taksi) fəaliyyəti ilə məşğul olur. 2024-cü ilin payız aylarında tam dəqiq xatırlamadığı vaxtda gəzmək üçün Gədəbəy rayonu ərazisindəki Başkənd gölünün ətrafına getmiş, orada gəzən zaman gölün ətrafında yabanı halda bitmiş çətənə kollarını görmüşdür. {zü istifadə etmək məqsədilə çətənə bitkisinin yarpaqlarından qopararaq bir qədər toplamış və idarə etdiyi avtomobilin saxlanc yerində gizləmişdir. 28 fevral 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri X1 rayonuna gedən tanımadığı şəxslərlə Gədəbəy rayonuna aparmaq üçün razılaşmış və həmin gün sərnişinlərlə birgə Bakı şəhərindən Gədəbəy rayonuna gəlmişdir. Sonuncu sərnişini həmin gün axşam saatlarında Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində saxlayıb düşürdükdən sonra Gədəbəy şəhəri istiqamətində gedən zaman, saat 20-21 radələrində avtomobili üç nəfər mülki geyimli şəxs tərəfindən saxlanmış, həmin şəxslər özlərini ona polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək saxlanıldığı yerdə üzərinə və idarə etdiyi avtomobilə baxış keçiriləcəyini demişlər, etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən videoçəkilişlə baxış keçirilməsinə başlanmışdır. Polis əməkdaşları baxış keçirilməsinə başlamazdan əvvəl üzərində və ya avtomobildə narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarının olub-olmamasını soruşmuşlar. O, üzərində və avtomobildə narkotik vasitə və ya başqa hər hansı qanunsuz əşya və predmet olmadığını bildirmiş, polis əməkdaşları onun üzərinə baxış keçirmişlər, üzərindən hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Daha sonra idarə etdiyi “Toyota Prius” minik markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Həmin avtomobilin qoltuqaltı hissəsindəki saxlanc yerindən şəffaf rəngli sellofan torbada gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunmuşdur. Ondan həmin predmetin nə olması soruşulduqda məsuliyyətdən qorxduğu üçün aşkar edilmiş kütlələrin nə olduğunu bilmədiyini bildirmişdir. Orada rəsmiləşdirmə işləri aparıldıqdan sonra polis əməkdaşları onu Gədəbəy rayonu Polis şöbəsinin inzibati binasına aparmışlar. Əməlindən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində işləyir. 28 fevral 2025-ci il tarixdə Gədəbəy rayonu Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1981-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Gədəbəy şəhəri M.Quliyev küçəsi ev 4A-da qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması və Gədəbəy rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, Şahid2 daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə izarə verilməsi üçün Şöbə rəisinə raportla məruzə etmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuş, həmin qərar Şöbə rəisi tərəfindən möhürlə təsdiq olunmuşdur. Bundan başqa, həmin qərarla Şöbənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Gədəbəy rayonu Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində, polis mayoru rütbəsində işləyən X3, üzvləri - Gədəbəy rayonu Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində işləyən Şahid4, Gədəbəy rayonu Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində işləyən Şahid2, Gədəbəy rayonu Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində işləyən Şahid3 və ondan ibarət olmuşdur. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması və Gədəbəy rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün o, 28 fevral 2025-ci il tarixdə saat 20:46 radələrində Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində idarə etdiyi “Toyota Pirius minik” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar oldğundan saxlanıldığı yerdə onun üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarının olub-olmaması, müsbət halda verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Ana Şirinov üzərində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarının olmadığını bildirmişdir. Bundan sonra, Anar Şiriniovun üstü yoxlanılmış, lakin üzərindən narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun idarə etdiyi “Toyota Pirius minik” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin verməsi olmasını ehtimal etməyə kifayət qədər əsaslar oldğundan saxlanıldığı yerdə yol kənarında tərəflərindən baxış keçirilmişdir. Avtomobilə baxış keçirilən zaman avtomobilin qolaltı hissəsindəki saxlanc yerindən 01 ədəd sellofanda narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, avtomobildən aşkar edilmiş marixuanaya bənzər kütlələrin ona məxsus olmadığını bildirmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, saxlanılan şəxs Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalanmış, möhürlənmiş və ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 28 fevral 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və avtomobilə baxış keçirilməsinə dair” protokoldan görünür ki, 28 fevral 2025-ci il tarixdə saat 20:46-da Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “Toyota Pirius minik” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobildə əməliyyat yoxlaması aparılan zaman onun idarə etdiyi avtomobilin saxlanc yerindən 01 ədəd sellofan torbada ümumi çəkisi 19 qram təşkil edən narkotik vasitə olan qurudulmuş maruixuanaya bənzər kütlələr aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. - 28 fevral 2025-ci il tarixli əməliyyat axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi barədə protokoldan görünür ki, 28 fevral 2025-ci il tarixdə Gədəbəy rayon Polis Şöbəsinin inzibati binasına əməliyyat müvəkkilləri tərəfindən təqdim edilən zərfdə qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd əməliyyat yoxlamasının görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk təqdim edilmiş, həmin kütlə və disk baxış keçirilməklə götürülmüşdür. Baxış zamanı təqdim edilən zərf açılmaqla yenidən əczaçı tərəzisində çəkilmiş və ekspertizaya göndərilməsi üçün yenidən qablaşdırılmaqla üzəri imzalamaqla möhürlənmişdir. - 26 may 2025-ci il tarixdə “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı ifadəsini təsdiq edərək Gədəbəy rayonu Başkənd kəndi ərazisində olan gölün kənarına çatdıqda həmin gölün kənarını əli ilə göstərib onun idarə etdiyi “Toyota Pirius minik” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş çətənə bitkisini 2024-cü ilin payız aylarında xatırlamadığı tarixdə və vaxtda həmin ərazidə yabanı halda bitmiş çətənə kollarını gördüyünü, həmin kolu iylədikdən sonra narkotik vasitə olan marixuana olduğunu bildiyi üçün özü istifadə etmək məqsədilə həmin kolların yarpaqlarından bir qədər yığıb torbaya dolduraraq özü ilə birlikdə qeyd olunan avtomobilin qolaltı hissəsində gizlətdiyini, arabir özünün istifadə etdiyini, 28 fevral 2025-ci il tarixdə Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində olan Gədəbəy rayonu Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən saxlandığını göstərmişdir. Həmin yerə baxış keçirilən zaman Təqsirləndirilən şəxs göstərdiyi yerdə ilin fəslinin dəyişməsi, havanın qarlı və kəskin soyuq keçməsi, həmin yerə qulluq edilməməsi ilə bağlı həmin yerdə narkotik tərkibli və digər hər hansı bitki və ya bitki qalıqları aşkar edilməmişdir. - 13 mart 2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, narkotik maddə vasitə istifadəsiçi olan Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Pirius minik” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün daşıdığı, həmin narkotik vasitəni 2024-cü ilin payız aylarında Gədəbəy rayonu Başkənd kəndi ərazisində olan gölün kənarından baxımsız sahədən yabanı halda bitən çətənə kollarının üstündən yığması müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs bu cür maddələrin qanunsuz satışı və ya əkini ilə məşğul olması, onun idarə etdiyi avtomobildən aşkar edilən narkotik vasitə qurudulmuş marixuananı hər hansı şəxsdən əldə etməsi, həmçinin hər hansı şəxsə satmaq niyyətinin olması müəyyən edilməmişdir. - Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 16/207 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində imzalar olan kağız paketdəki üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №75” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs idarə etdiyi Pirius markalı ** XA *** dnn avtomobilin saxlanc yerindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə” yazı və imzala olankağız paketdəki 01 ədəd sellofan paketdə olan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 11,25 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (11,25 qram qurudulmuş marixuanadan 0,04 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 11,21 qramı isə qalmışdır). - Məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 767 nömrəli rəyindən görünür ki, narkoloji-tibbi müayinədən keçmiş Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2025-ci il tarixli 18-1-38/2- 200/2025 nömrəli məktubundan görünür ki, Şirinov X4 RMX-ın Narkoloji və Psixonevroloji kabinetlərində qeydiyyatda durmur. - Gədəbəy RİHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Gədəbəy RİHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X5 adında övladı vardır. - İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 mart 2025-ci il tarixdə Gədəbəy RPŞ MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sankisyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CMnin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun üzərinə yaşadığı Abşeron rayonu, Masazır kəndində olan ünvanını saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Gədəbəy RPŞ Maddi sübut otağında saxlanılan 11,21 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul ondan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, hökmün icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Abşeron rayonu, Masazır kəndində olan ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına- (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut olan, Gədəbəy rayon Polis şöbəsinin Maddi sübut otağında saxlanılan 11,21 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(042)-46/2025
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-46/2025
25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver