Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-49/2022 20.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, оrtа тəhsilli, ailəli, məhkum olunmamış, fərdi əməklə məşğul оlаn, Gədəbəy rayonu, Qaradağ kəndində yaşayan, bаrəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi, ondan 27 iyun 2018-ci il tarixdən başlayaraq 30 yanvar 2010-cu il təvəllüdlü X5 və 01 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110,00 manat olmaqla, iki uşaq üçün 220,00 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli 2(042)-771/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən 31 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 17 fevral 2022-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi, 9180,00 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməyərək, zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq, ədalət mühakiməsinin mənafeyinə xələl gətirdiyinə görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, həqiqətən o, 2008-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Nikahlarını isə 26 aprel 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 30 yanvar 2010-cu il tarixdə Elçin, 01 oktyabr 2012-ci il tarixdə isə Elgün adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan 2018-ci ilin fevral ayında ayrılmışlar. Ayrılarkən uşaqlar zərərçəkmişin himayəsində qalmışlar. Bir müddət ayrı yaşadıqdan sonra zərərçəkmiş aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsi ondan 27 iyun 2018-ci il tarixdən başlayaraq 30 yanvar 2010-cu il təvəllüdlü X5 və 01 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair 30 iyul 2018-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə 31 may 2021-ci il tarixdə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin maddi imkanı zəif olduğuna görə aliment məbləğini ödəməmişdir. Aliment borcunun yarandığını bilir. Həmin məbləği bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Bununla belə, istintaq zamanı borcundan 700 manat ödəmişdir. Hazırda fəhlə işləyir və aliment borcunu hər ay 100-150 manat miqdarında olmaqla ödəyəcəkdir. Ona görə də qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, o, 2008-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Nikahlarını 26 aprel 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 30 yanvar 2010-cu il tarixdə Elçin, 01 oktyabr 2012-ci il tarixdə isə Elgün adını verdikləri övladları doğulmuşlar. Münasibətləri pozulduğundan sonra 2018-ci ilin fevral ayında ayrılmışlar. Ayrılarkən uşaqlar onun himayəsində qalmışdır. Ayrı yaşadıqları müddətdə Təqsirləndirilən şəxs uşaqlarla maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Buna görə də aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gədəbəy Rayon Məhkəməsi Təqsirləndirilən şəxs cavabdeh kimi 27 iyun 2018-ci il tarixdən başlayaraq 30 yanvar 2010-cu il təvəllüdlü X5 və 01 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat alimentin tutularaq ona verilməsinə dair 30 iyul 2018-ci il tarixdə qətnamə çıxarmışdır. Həmin vaxtdan üç ildən cox müddətin keçməsinə baxmayaraq, təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş aliment məbləğini ödəməmişdir. Halbuki, o, fərdi qaydada işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, aralarında olan münasibətlərə görə müəyyən edilmiş aliment məbləğini ödəmir. Uşaqlar böyüdüyündən onların maddi tələbatları da xeyli artmışdır. Özü işləmədiyinə görə təkbaşına uşaqlara baxmaqda çətinlik çəkir. Maddi vəziyyətləri olduqca ağırdır. Uşaqlara qohum-əqrabanın köməkliyi ilə baxır. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq, təqsirləndirlən şəxs yenə də alimenti ödəməmiş, ümumiyyətlə, uşaqlarla maraqlanmamışdır. Borcu tam ödəməyəcəyi təqdirdə təqsirləndirlən şəxs barəsində qanunda nəzərdə tutulmuş ağır cəzanın veilməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadə verərək, bildirmişdir ki, 13 avqust 2018-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs cavabdeh kimi 27 iyun 2018-ci il tarixdən başlayaraq, azyaşlı övladları X5 və X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat alimentin tutularaq, Zərərçəkmiş şəxs verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş icra sənədi daxil olmuşdur. İcra sənədi üzrə həmin tarixdə icraata başlayaraq, tələbin könüllü icrası üçün borcluya müvafiq bildiriş vermişdir. Lakin borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlamışdır. Borclunu icra qurumuna çağıraraq icra sənədinin mahiyyətini ona izah etmiş, həmçinin müəyyən edilmiş alimentin ödənilməsi tələb etmişdir. Borclu maddi imkanının zəif olduğunu bildirmiş, ödəniş etməmişdir. Həmçinin borclu yaranmış aliment borcunu ödəməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. O, borcluya alimentin ödənilməsi üçün vaxt vermiş, lakin o, xeyli müddət keçməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Həmçinin görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində 21 dekabr 2018-ci il tarixli qərarla axtarış elan etmişdir. Borclu 31 may 2021-ci il tarixdə Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq İcra və Probasiya şöbəsinə təhvil verildikdə, icra sənədinin icrasını bir daha ondan tələb etmişdir. Lakin borclu müxtəlif əsassız bəhanələr gətirərək, ödəniş etməkdən yayınmışdır. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edərək, məhkəməyə vermişdir. Gədəbəy Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edərək, qətnamənin icrasını borcludan tələb etmiş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar vermiş, icra sənədinin icrası ilə bağlı onunla ilə fərdi söhbətlər aparmış, məsuliyyətini şəxsən diqqətinə çatdırmışdır. Lakin borclu icra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, alimentin ödəməsi üçün vaxt verilməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, habelə cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilməsinə baxmayaraq, hərəkətlərində dönüş yaratmamış, 17 fevral 2022-ci il tarixədək 9180 manat məbləğində alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə İcra və Probasiya Şöbəsinə müraciət edərək, maddi vəziyyətlərinin olduqca ağır olduğunu və uşaqların maddi tələbatını ödəməkdə çətinliklər çəkdiyini bildirərək məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun alınıb ona verilməsini xahiş etmişdir. Lakin borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş, ona görə də onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müvafiq təqdimat göndərilmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid1 Şahid2 Ələcgər oğlu ilə eyniməzmunlu ifаdə vеrmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Bildiriş və xx.xx.2021-ci il tarixli Xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2018-ci il tarixli 2(042)-771/2018 saylı qanuni qüvvəyə minmiş qətnamə əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 31 mayr 2021ci il tarixdə inzibati qaydada məsuliyyətə cəlb edilərək 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ittihmala müəyyən edilmiş 9780 manan aliment borcundan 700 manat ödəmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə- iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs, zərərçəkmiş və şahidlərin ifadələri, işdə olan istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cavabdeh kimi, ondan 27 iyun 2018-ci il tarixdən başlayaraq 30 yanvar 2010-cu il təvəllüdlü X5 və 01 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli 2(042)- 771/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən 31 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 17 fevral 2022-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi, 9180,00 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməyərək, zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ona görə də o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.14. və 59.2-ci maddələrinə əsasən təqsirini etiraf etməsini və vurulmuş zərərin bir hissəsini ödəməsini təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu ziyanın bir hissəsini ödəməsini, onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə bərabər, nəzərə alır ki, təqsirləndirilən şəxsin borcu böyük miqdardadır. O, fərdi qayfdada əmək fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, uzun müddət ərzində aliment borcunu ödəməmişdir. Onun barəsində qanunda nəzərdə tutulan daha ağır cəzanın tətbiq edilməyəcəyi təqdirdə zərərçəkmişə olan aliment borcunun ödənilməyəcəyi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasının və ədalət mühakiməsinin nüfuzunun bərpa edilməsinin mümkün olmayacağı ehtimalları vardır. Ona görə də məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ağır cəza, yəni, azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli, cəza çəkməsinin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1. və 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Hökmün icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-49/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-49/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver