Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-5/2024 18.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Gədəbəy rayonu Emir kəndində anadan olması, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, evdar qadın, Gədəbəy rayonu Əmir kəndində qeydiyyatda olmaqla Gədəbəy rayonu Hacıalılar kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 və xx.xx.2002-ci ildə Tovuz rayonu Qəribli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Tovuz rayonu Qovlar şəhəri, Novruz Hüseynov küçəsi ev 35-də qeydiyyatda olmaqla Tovuz rayonu Qovlar şəhəri Təzə məhlələrdə nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 22 iyun 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Gədəbəy rayonu, Hacıalılar kəndində yerləşən evinin qarşısından keçən yolda olan zaman qonşusu azyaşlı xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həmin yoldan keçməsinə görə aralarında qonşuluq münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs boğazından tutaraq sürüyüb yaşadığı evin həyətinə tərəf aparıb arxası üstə fırladaraq ona boyunun geniş ölçülü xəsarəti, sonra əlində olan yabanın sapı və əlləri ilə baş, ayaq və qol nahiyələrinə qəsdən vuraraq ona başın dərialtı hematoması, qançırı, sol bazunun, sağ budun geniş ölçülü qançırları, sol baldırın sıyrığı xəsarətləri yetirərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 22 iyun 2023-cü il tarixdə saat 20 radələrində Gədəbəy rayonu Hacıalılar kəndində yaşayan qonaq kimi gəldiyi qohumu Təqsirləndirilən şəxs1 evinin qarşısından qonşusu azyaşlı xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs keçməsinə görə aralarında qonşuluq münasibətlərinin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 söyüb təhqir etməsinə əsəbiləşib Zərərçəkmiş şəxs bel və kürək nahiyyələrinə təpiklə vuraraq ona sol və sağ kürək nahiyəsinin, sol böyrək nahiyyəsinin geniş ölçülü qançırları xəsarəti yetirərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Nihad və onun qanuni nümayəndəsi qonşusu olmuşdur. Hadisə günü saat 11-12 radələrində zərərçəkmiş şəxs onların evinin yanına gəlmiş, balaca nəvəsi onunla oynamaq üçün yaxınlaşmaq istəmiş, Nihad kənddə onların əleyhinə söz söhbətlər etdiyi üçün nəvəsini geri çağırmışdır. O, Nihadın arvadlar kimi söz gəzdirdiyini bildirmiş və ondan uzaq olmasını demişdir. Nihad bir az durmuş, heç bir söz demədən evlərinə getmişdir. Bir müddət sonra Nihad qayıtmış və onların ünvanına təhqiramiz ifadələr işlətməyə başlamışdır. O, Nihada iradını bildirmiş, onun anası Hüsniyə də orada olmuşdur. Nihada tərbiyəsizliyinə görə iradını bildirmiş və ağzının üstündən şillə ilə vurmuş, daha sonra kimin uşağı olmasını soruşmuş, onu evlərinə aparmaq istəmişdir. Nihadı evlərinə apararkən onun anası Hüsniyə qarşılarından gəlmiş, Hüsniyə də onları təhqir etmiş, onlara qarğış etmiş və getmişdir. Axşam üstü Nihadın atası maldan gələn zaman onlara qarşı yenidən səsini ucaldaraq təhqirlər etmişdir. Hadisə zamanı onun Nihada əli belə dəyməmiş, Nihadı heç kim vurmamış, əlində yaba olmuş, lakin o, yabadan evlərinin qarşısındakı palçığı təmizləmək üçün istifadə etmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirdi ki, o, əvvəlcə Nihadı tanımış, lakin Şamamanı tanımamışdır. Nihad və onun ailəsi ilə əvvəllər dava-dalaşları olduğu üçün əlaqələri olmamışdır. Nihadı anası öyrətmiş, əvvəlcə Nihadın qardaşı Fərid orda olmuş, saat 12 radələrində Nihad evlərinə gedib gəldikdən sonra onun ünvanına söyüşlər söymüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qohumudur. O, Təqsirləndirilən şəxs1 evində olan zaman Nihad Nərgizgilin evinə söyüşlər söyərək gəlmiş, axşam üstü isə Nihadın atası gəlmişdir. Başqa bir məsələ olmamışdır. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirdi ki, Nihad hadisə yerinə qardaşı ilə birlikdə gəlmiş, Nərgizin ünvanına söyüşlər söymüş, Nərgiz əvvəlcə Nihada arvad oğlu arvad demiş, bundan sonra Nihad onu söyməyə başlamışdır. Onlar yolda olmuş, həmin vaxtı gedəcəkləri üçün Nərgiz onu və anasını yola salmağa çıxmışdır. Yolda o, Nərgiz və anası Şamama olmuşdur. Hadisə gündüz saat 11-12 radələrində olmuşdur. Nihad qardaşı ilə gəlib yanlarına çatdıqda Nərgiz “ona arvad oğlu arvad demiş”, nəyə görə belə deməsini bilməmiş, daha sonra uşaqların atası gəlmiş, uşaqların ikisi də söyüş söymüşlər. Nihadı sakitləşdirmək üçün ona yaxınlaşdıqda Nihad qaçmış, onu yaxın buraxmamışdır. Anası Nihadı tutmuş, evdəkilər onu Nihada yaxınlaşmağa qoymamışdır. Nihadın xəsarətləri hardan almasını bilməmiş, Nihad uşaq olduğu üçün onu vurmamışdır. Hadisə vaxtı Nərgizin evində o, anası Şamama və Nərgiz olmuş, başqa kimsə olmamışdır. Nihad Nərgizin nəvəsini söyməmiş, nədə Nərgizin nəvəsi danışa bilmədiyi üçün hər hansı söz deməmişdir. Nihadı heç kim vurmamışdır. Anası Nihadı tanımamış, Nihadı nə üçün aparmasını bilməmişdir. Anası Nihada yaxınlaşanda Nihad qaçmış, gedərək anasını çağırmışdır. Anası Nihadı qolundan tutmuşdur ki, söyüş söyməsin. Onlar orada qalmamış, saat 5-6 radələrində evlərinə qayıtmışlar. Vaxt tam yadında qalmamış, hava qaralmamışdır. Onlar taksi ilə gedib qayıtmışlar. Nihad qaçarkən yıxılmamış, Nihadın zədələrinin nə səbəbdən yaranmasını bilmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin və psixoloqun iştirakı ilə vermiş olduğu ifadəsində göstərdi ki, onlar daimi olaraq qonşuluqda yaşamaları və yollarının onların evinin yanından keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 yaşadığı evin yanından keçməli olmuşlar. Hər dəfə həmin yoldan keçdikdə Təqsirləndirilən şəxs1 onları söymüş və oradan keçməmələrini bildirmişdir. Hadisə baş verən gündən bir gün əvvəl Təqsirləndirilən şəxs1 qardaşını oradan keçdiyi üçün söymüş, lakin qardaşı qaçdığı üçün onu tuta bilməmişdir. Hadisə günü o və qardaşı yenə Təqsirləndirilən şəxs1 evinin qarşısından keçib malın qabağına getmək istədikdə Nərgiz əlində yaba ilə, Şamama və onun oğlu onların qarşısını kəsmişlər. O və qardaşı qaçmağa çalışmış, qardaşı qaçmış lakin o qaça bilməmiş, Şamamanın oğlu Adil onun kürəyinin arxasından təpiklə vuraraq onu yerə yıxmış, onu yerdə vurmağa başlamışdır. Sonra Nərgiz gələrək onun boğazından tutaraq həyətlərinə tərəf sürümüş, onu yerə atmış, qolundan tutaraq onu vurmağa başlamış, yabanın sapı ilə onun başına və bədəninə vurmuşdur. Səs küyə anası Hüsniyə gəlmiş, sonra onlar sakitləşmişlər. O, çox qorxmuş və qaçmışdır. Zərərçəkmiş şəxs əlavə olaraq bildirdi ki, o, hadisə yerinə qardaşı ilə malları örüş sahəsinə yalnız o yolla gedə bildiyindən çayda olan mallarını götürmək üçün getmişlər. Qardaşı qaçmış, o da qaçmaq istədikdə Adil onu vuraraq tutmuşdur. Mallarını onların yerlərinə buraxdıqları üçün əvvəldən aralarında mübahisələri olmuşdur. Onu əvvəlcə Adil belindən, kürəyindən vurmuş, o qaça bilməmişdir. Nərgiz boğazından tutaraq həyətlərinə sürümüş, yabanın sapı ilə onu vurmuşdur. Onu kimin Nərizgilin əllərindən almasını bilməmiş, anasının səsini eşitdikdə onu buraxmışlar. Qardaşı atasını çağırmağa getmişdir. Onun başında şiş, gözünün altında qaraltı olmuşdur. Onu Adil, Nərgiz və Şamama vurmuşdur. Şamama onu şillə ilə vurmuş və boğazını cırmışdır. Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs onun oğludur. Onun təqsirləndirilən şəxslər ilə qohumluğu olmamış, Nərgiz ilə əvvəllər aralarında dava-dalaşlar olmuş, ona görə də münasibətləri normal olmamışdır. Adil və anası Şamamanı əvvəllər tanımamışdır. İyun ayının 22-də saat 20 radələrində o uşaqlarını malları gətirmək üçün örüş sahəsinə göndərmiş, özü isə içəridə inəklərin balalarına yem vermək üçün tövləyə getmişdir. O, buzovlara yem verib çıxan zaman bayırdan səs-küy gəldiyini eşitmiş, nə olduğuna baxmaq üçün getdikdə oğlu Nihadın səsi olduğunu görmüş, oraya getdikdə Nihad ağlaya-ağlaya onun üstünə gəlmiş və üç nəfərin onu döyməsini bildirmişdir. O, hadisə olan yerə getdikdə adını sonradan bildiyi Şamama və Nərgiz onu təhqir etmişlər. Oğlunun gözünün altının qaraldığını, üst başının pis vəzyyətdə olduğunu gördüyü üçün Şamamadan oğlunu kimin vurmasını soruşduqda, Şamama ona özünün vurduğunu və yaxşı eliyib vurmasını demişdir. Bu zaman Şamamanın oğlu Adil onu vurmaq üçün üzərinə gəlmiş, anası qolundan tutaraq imkan verməmişdir. O, evə qayıtdıqda oğlu Nihadın paltarını çıxardıqda bədəninin göyərdiyini və pis vəziyyətdə olduğunu görmüşdür. Şahid1 əlavə olaraq bildirdi ki, onun iki övladı var. O, iki övladını da malların arxasınca göndərmişdir. Fərid hadisə yerindən qaçdığı üçün onu tuta bilməmişlər. Şamama oğlunu söyüş söydüyü üçün döydüyünü demişdir. Əvvəllər Şamamanı və oğlu Adili görməmişdir. Nərgizgil ilə əvvəllər davaları olmuş, yolları Nərgizin evinin qarşısından olmuşdur. Nərgizin nəvəsi onun oğlunu oynamaq üçün çağırmış, o, övladlarına icazə vermədiyi üçün uşağı getməmiş, nəvəsi uşağın kim olmasını soruşduqda Nərgiz oğlunun barəsində söyüşlər söymüşdür. Ona bu barədə oğlu Nihad demişdir. Şahid2 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Hacıalılar kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir fərdi əməklə məşğuldur. Gədəbəy rayonu Hacıalılar kənd sakini Zərərçəkmiş şəxs və onun ailə üzvləri qonşularıdır, əvvəllər aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Gədəbəy rayonu Hacıalılar kənd sakini Təqsirləndirilən şəxs1 qonşusudur, əvvələr aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 22 iyun 2023-cü il tarixdə saat 20 radələrində həmkəndlisi Şahid3 ilə Təqsirləndirilən şəxs1 yaşadığı evdən təxminən 150 metr kənarda təsərrüfatlarında olan iri buynuzlu heyvanların qarşısında dayanmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısında səs-küy gəldiyini dava-dalaş olduğunu eşitmişdir. Hər hansı bir narazılıq olmaması üçün oraya yaxın getməmişdir. Gələn səslərdən hadisə yerində Təqsirləndirilən şəxs1 və Elşadın uşaqlarının olmasını başa düşmüşdür. Bundan sonra Elşadın oğlu Nihad qaça-qaça yaşadığı evə getdiyini görmüşdür. Ondan bir qədər sonra Elşadın arvadı Hüsniyə evdən çıxaraq Nərgizin yaşadığı ev istiqamətində getmişdir. Hüsniyəyə “getmə arxaya qayıt” demişdir. Onun xəbərdarlığından sonra Hüsniyə geri qayıtmışdır. Bundan sonra heyvanlarını yaşadığı evə aparıb oranı tərk etmişdir. Şahid3 məhkəmə iclasında Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -hadisə yerinə baxış keçirilməsi haqqında 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Hacıalılar kəndindən Gədəbəy rayonu Emir kəndində gedən yolun sağ üst tərəfində Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısından keçən yoldur. Hadisə yerinin sağı Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evi, sol tərəfi ilə Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı torpaq sahəsidir. Qanuni nümayəndə yaşadığı ev hadisə yerindən 90 metr arxada yerləşir. Hadisə baş verdiyi yol daş torpaq örtüklü yoldur. Həmin yol Təqsirləndirilən şəxs1 yaşadığı evdən 2 metr məsafədə yerləşir. Hadisə yerinə baxış keçirilərkən hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - video görüntüyə baxış keçirilmə və götürmə haqqında protokoldan görünür ki, təqdim edilən birinci video görüntü 03:11 müdətindədir. Video görüntüdə olan şəxs Qanuni nümayəndə bildirdiyinə görə Şahid2dur. Şahid2 ilə danışan şəxs Qanuni nümayəndə və az yaşlı oğlu Fərdi Cəfərlidir. Video başlayan zaman “Nihada bir dənə sillə vurdu məndə ordanda qışqırdım” deyə ifadə işlədir. Qanuni nümayəndə ona “əlində yaba teyləyir niyə mənə zəng eləmirsənki bir tez gəl” deyir. Şahid2 “Qanuni nümayəndə sakitləşdirmək üçün müxtəlif sözlər deməsi, Təqsirləndirilən şəxs1 oğlu ilə bu barədə söhbət etməsi barədə söhbətlər etdiyini, anası Nərgizə münaqişə etməməsi barədə söhbət etməsi barədə, az yaşlı uşaqların heç bir günahının olmaması barədə söhbətlər etdiyini” bildirir. Qanuni nümayəndə Təqsirləndirilən şəxs1 əlində yaba onunda qarşısına çıxmasını yoldan keçməyə imkan vermədiyi bildirir. Bundan sonra video görüntü başa çatır. İkinci video görüntü 03:00 dəqiqə müddətindədir. Video görüntüdə çəkilən yer dağlıq meşəlik ərazidir. Qanuni nümayəndə video görüntüdə danışan qadının onun arvadı Şahid1 olması, danışan şəxsin isə həmkədlisi Şahid3 olmasını bildirdi. Video görüntü başlayan zaman Şahid1 Şahid3 “dünən o uşağı döyürlər mənəsə də xəbər eləsən” deyə soruşduğu Şahid3 ona cavabında “qoymadım” deyə ifadə işlətdiyini, Şahid1 “yenidən Nərgiz əlində yaba o uşağı teyləyir” deyə ifadə işlətdiyi, Şahid3 isə ona “ qoymadıq” deyə cavab verir. Şahid1 “bəri bax çoxmu vurdular” deyə sualına Şahid3 “onu yalan deyərəm” deyə ifadə işlədir. Şahid1 “məni niyə çağırmadın” sualına “qoymadım, sonra da sən gəldin” deyə cavab verir. Bundan sonra “orada olan şəxsin bu kimin uşağıdı” deyə sualına “sənin nəyinə lazımdı” deyə cavab verir. Həmin şəxsə “Nərgizə söyür, sənin nəyinə lazımdı, Nərgizin dili batıb, Nihad da söyüb, məni niyə söymür” deməsini bildirir. Beş dəqiqə çəkmədi sən gəldin telefonunun işığı yanır dedikdən sonra video görüntü başa çatır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 X4 tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli 259 nömrəli canlı şəxsin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- başın dəri altı hemotoması, qançırı, sağ almacıq nahiyyəsinin, boyunun, sol bazunun, sol və sağ kürək nahiyyəsinin, sol böyrək nahiyyəsinin, sağ budun geniş ölçülü qançırları, sol baldırın sıyrığı xəsarətləri küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 19 iyun 2023-cü ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyəsinə əsasən demək olar ki, onun həmin xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsində yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. - 28 iyun 2023-cü il tarixli 3-13-74/2-11800/2023 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 22 iyun 2023-cü il tarixdə saat 20 radələrində əlində yaba olan Təqsirləndirilən şəxs1 və onların evinə qonaq gəlmiş şəxsiyyəti tərəfimizdən müəyyən edilmiş Tovuz rayon sakini Təqsirləndirilən şəxs2 qonşuluqda yaşayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 evinin qarşısından keçən yolda keçməsinə görə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı sonuncunu döyərək ona yüngül dərəcəli bədən xəsarətləri yetirmişdirlər. Hadisə yerinə yaxınlıqda həmin kənd sakinləri Şahid3 və Şahid2 olmuşdurlar. Hadisə kənd mərkəzindən kənarda yerləşdiyi və qısa zaman ərzində baş verdiyi üçün hadisə yerinə kənar şəxslər toplaşmamışdır. Hadisəyə şahid olmuş başqa şəxsləri və onların şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Hadisə yerinin yaxınlığında müşahidə kameraları olmadığından hadisə barədə hər hansı bir video görüntü əldə etmək mümkün olmamışdır. - Gədəbəy RİH Başçısının Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı kənddə müsbət xarakterizə olunur. - Tovuz RİH Başçısının Qovlar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbayacan Respublikası Prezidentinin sərəncamından çıxarışdan görünür ki, Qədirov X3 azad olunmasına görə medalla təltif olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinə tənqidi yanaşır. Təqsirləndirilən şəxslərin yalan ifadə vermək, ümumilikdə ifadə verməmək hüquqlarının olduğunu, buna görə məsuliyyət daşımadıqlarını nəzərə alaraq, məhkəmə onların zərər çəkmiş şəxs N.Cəfərovu vurmamaları və ona xəsarət yetirməmələri barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizələr hesab edir. Belə ki, məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və birbiri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Eləcə də, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələrini müqayisəli təhlil edərək qeyd edir ki, onların zərər çəkmiş şəxsi vurmamaları və ona xəsarət yetirməmələri barədə ifadələri ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vediyi ifadəsində zərər çəkmiş şəxsi ümumiyyətlə vurmadığını bildirsə də, məhkəmə iclasında onu sillə ilə vurduğunu qeyd etmiş, digər təqsirləndirilən şəxs isə ümumilikdə zərər çəkmiş şəxsin vurulmadığını bildirmişdir. Eləcə də hər iki təqsirləndirilən şəxs zərər çəkmiş şəxs N.Cəfərovla dava-dalaşın və mübahisənin olduğunu təsdiq edirlər. Bu halları iş üzrə dindirilmiş şahidlər də təsdiqləyir. Məhkəmə zərər çəkmiş şəxs N.Cəfərovun məhkəmə iclasında verdiyi ifadəsini daha inandırıcı və mötəbər sübut kimi ittihamın əsası olaraq qəbul edir. Belə ki, həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələrində hadisənin səbəbləri, başlanması, gedişi və nəticəsi ilə bağlı daha ardıcıl və məntiqi ifadə vermiş, həmin ifadələrində göstərdiyi xüsusatlar məhkəmə tibbi ekspertizasının rəyində onda aşkar olunmuş xəsarətlərin yeri və lokalizasiyası ilə tam uyğun gəlir. Eləcə də, Şahid1 ifadəsində hadisəni birbaşa görməsə də, oğlu Nihadın hadisədən dərhal sonra bədən nahiyyəsində xəsarətlərin olduğunu bildirməsi, ekspert rəyində həmin xəsarətlərin yıxılmadan əmələ gəlməsinin və öz-özünə yetirilməsinin mümkün olmamasının qeyd edilməsi N.Cəfərovun ifadələrinin daha həqiqi və reallığı əks etdirməsini bir daha təsdiq edir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məsim oğlunun 22 iyun 2023-cü il tarixdə saat 20 radələrində Gədəbəy rayonu, Hacıalılar kəndində yerləşən Təqsirləndirilən şəxs1 məxsus evinin qarşısından keçən yolda aralarında qonşuluq münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı azyaşlı xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmələri tam sübuta yetirilir. Odur ki, onların əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs1 hadisələrin təsadüfü axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsi, qadın olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs2 hadisələrin təsadüfü axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsi, 2-ci Qarabağ müharibəsində fəal iştirak etməsini və medalla təltif olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onların şəxsiyyətini səciyyələndirən hallar, eləcə də təyin ediləcək cəzanın onların sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin ediməli, cəzanı iş yeri üzrə çəkməli, cəza çəkmə müddətinin əvvəli qazancdan ilk tutmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 03 ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 05 ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-5/2024
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-5/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver