Məhkəmə qərarları › İş №1(042)-51/2020

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-51/2020

19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-51/2020 19.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 1985-ci ildə Mingəçevir şəhərində doğulmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatda olan, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, barəsində xx xxxxxxxx 2020-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham edilmişdir ki, ona görə ki, o, 2019-cu ilin oktyabr ayında istintaqa dəqiq tarixi məlum olmayan vaxtda Yevlax rayonu ərazisində Kür çayının kənarında yerləşən baxımsız sahədən yabanı halda bitən çətənə kollarından satış məqsədi olmadan özü istifadə etmək məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda 5,373 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üstündə saxlamış, xx xxx 2020-ci il tarixdə saat 00.20 radələrində Gədəbəy rayonu, Slavyanka kəndinin mərkəzində Gədəbəy RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Gədəbəy şəhəri, 20 Yanvar küçəsində yerləşən Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib onun üzərinə baxış keçirilərkən saxladığı həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, göstərmişdir ki, Mingəçevir şəhərində tək yaşamışdır. O, bir müddət X1 vilayətinin Ozyorsk şəhərində yaşamış, orada rus millətindən olan bir nəfər dostu ona marixuana narkotik maddəsindən istifadə etməyi təklif eləmiş və bu yolla o, narkotik maddədən istifadə etməyə başlamışdır. 2017-ci ildə Azərbaycana deportasiya olunandan sonra o, fəhləlik etməklə və müxtəlif adamların heyvanlarını otarmaqla özünü dolandırmağa başlamış, mal heyvanları otaranda baxımsız yerlərdə çətənə kolları tapıb yarpaqlarını qurudub istifadə etmiş, 2019-cu ilin təxminən oktyabr ayında Yevlax rayonunun ərazisində Kür çayının kənarında qoyun otaranda orada yabanı halda bitmiş çətənə kolları görmüş, yarpaqlarını yığıb selofan torbaya yığıb orada bir kolun dibinə sərib qurutmuş, çox miqdarda olmamış, onu hissə-hissə canında ağrı olanda kağıza büküb çəkmişdir. 2020-ci ilin aprel ayında Slavyanka kəndinə fəhləlik üçün gəlmiş, sonra həmin kənddə yaşayan qohumu Akif müəllimin təklifi ilə onun mal heyvanını otarmağa başlamış, onun Slavyanka kəndinin yaxınlığında yerləşən fermasında yaşamışdır. O, Slavyanka kəndinə gələndə qurutduğu marixuananı da götürmüş, arabir ağrıları olduqca çəkmişdir. xx xxx 2020-ci il tarixdə o. Mingəçevirə gedib evlərinə baş çəkmiş, qohumlarla görüşüb qayıtmış, Mingəçevirdə çaxır içmiş, ona görə stansiya Mingəçevirdə bir çəkimlik marixuana qəbul eləmiş, marixuananı üstündə bölmüş, həm “Vest” markalı siqaretin cığalasında ayrıca marixuana qoymuş, həm də kibrit qutusuna doldurub ayrıca qoymuşdur, çünki marixuananın həm kibrit qutusunda daha quru qaldığına, həm də götürüb rahat çəkmək olduğuna görə onu kibrit qutusundan doldurub çəkmişdir. O, siqaret selafonundakı marixuananı və kibrit qutusundakı marixuananı şalvarının sağ yan cibinə qoymuşdur. Həmin günü Mingəçevirdən Slavyanka kəndinə gəlmiş, orada yenə çaxır içmiş və yenə bir bükümlük marixuana qəbul eləmişdir. Təxminən, 20 dəqiqədən sonra iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş, marixuana qəbul etməsi barəsində məlumat daxil olmasını bildirib Gədəbəy RPŞ-ə gəlməsini aparmışlar. Onlar bir yerdə polis şöbəsinə gəlmiş, orada hüquq və vəzifələri ona izah olunmuş, iki nəfər vətəndaş və vəkilin iştirakı ilə üstünə baxış keçirmişlər. Sol cibindən üç ədəd 5 milliqramlıq şpris, üç ədəd 5 milliqramlıq üzərində “novokain” sözləri yazılmış şüşə ampula, iki ədəd əl solfetkasına bükülmüş üzərinə “Deksametson” sözü yazılmış göz dərmanı, iki ədəd 1 manatlıq, bir ədəd 20 manatlıq, bir ədəd 50 manatlıq pul, bir ədəd alışqan, bir ədəd “Azercell” mobil operatora məxsus telefon nömrəyə aid plastik kart, nömrə qutusu və bir ədəd 2 manatlıq, şifrəsi pozulmuş, “Azercell” mobil operatora məxsus danışıq kartı götürüb sənədləşdirmişlər. Eləcə şalvarının sağ cibində olan siqaret selafonunda olan marixuananı və kibrit qutusunda olan marixuananı tapıb götürmüşlər Onların hamısını sənədləşdirib qablaşdırmışlar, möhürləmişlər, yazılanları oxumuşlar, orada hal şahidi kimi iştirak edən hər iki vətəndaş, vəkil, o və polis əməkdaşları özləri yazdıqları protokollara və ondan götürdükləri marixuananı qablaşdırdıqları zərflərə imza etmişlər.Həmin narkotik vasitəni satmaq fikri olmamışdır. Ona görə də gəncliyinin və bu əməli törətməsindən peşman olmasının nəzərə alınmasını, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Gədəbəy RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx xxx 2020-ci tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üstündə saxlaması barədə məlumat daxil olmuşdur. Ona görə də onun ətrafında əməliyyat tədbiri keçirmək qərarına gəlmiş, bu barədə Gədəbəy RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi barədə rəhbərliklə razılaşdırılmış qərar qəbul etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 00.20 radələrində RPŞ-nin PPX tağımının Slavyanka kəndində həmin vaxt xidmət aparan polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə Slavyanka kəndinin mərkəzində müəyyən edib, onu Gədəbəy RPŞ-nin inzibati binasına gətirmiş və müdafiəçi mərhum Müdafiəçi və iki nəfər hal şahidinin iştirakı ilə üstünə baxış keçirmişlər. Onun əynində olan boz rəngli şalvarının sol yan cibindən şpris, üzərinə novakain yazılmış şüşə ampula, iki ədəd əl solfetkasına bükülmüş üzərinə “Deksametson” sözü yazılmış göz dərmanı, bir ədəd 50, bir ədəd 20, bir dədə 5 və iki ədəd 1 manatlıq pul əskinasları çıxmış, şalvarın sağ cibindən isə kibrit qutusu və rəngsiz sellofan çıxmışdır. Həm kibrit qutusunun, həm də sellofanın içində kəskin iyli, yaşıl rəngli, marixuana narkotik maddəsinə bənzər bitki kütləsi aşkar etmişlər, həmin bitki kütləsini kibrit qutusu və sellofanla birlikdə çəkdikdə 11,5 qram olmuşdur. Sonra arxa cibinə baxanda oradan telefon nömrəsinə aid plastik kart, nömrə qutusu və bir ədəd şifrəsi pozulmuş “Azərcell” mobil operatora məxsus danışıq kartı aşkar edib götürmüşlər. Onun üstündən çıxan əşyaları ayrı, marixunaya bənzər narkotik maddələri isə ayrıca qablaşdıraraq Gədəbəy RPŞ-nin möhürü ilə möhürləmişlər. Nahiddən marixuanaya bənzər kütlələrin haradan əldə olunmasını və nə üçün üzərində olmasının soruşanda, o, 2019-cu ilin oktyabr ayında Yevlax rayonu ərazisində Kür çayının kənarında çətənə kollarından yığıb qurutduğunu və özü istifadə etmək üçün üstündə gəzdirdiyini bildirmişdir, göstərilənlər qablaşdırılmış, bu barədə müvafiq protokol tərtib olunmuş və marixunaya bənzər maddələri narkotik olub olmamasını və çəkisini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinə göndərmişlər, həmin maddənin həqiqətən marixuana narkotik vasitələri olması təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gədəbəy RPŞ-nin PPX Taqımınm polis nəfəri Şahid2 ifadə verərək, bildirmişdir ki,xx xxx 2020-ci il tarixdə gecə rayonun Slavyanka kəndində xidmətdə olarkən əməliyyat müvəkkili Şahid1 Slavyanka kəndində müvəqqəti yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə gəzdirməsi və onun Slavyanka kəndində müəyyən olunub şöbəyə aparılması barədə göstəriş vermişdir. Onlar Şahid1lə birlikdə gecə saat 00.20 radələrində Nahidi kəndin mərkəzində müəyyən edib, polis şöbəsinə gətirmişlər. Onun üzərinə baxış keçirilərkən əynində olan boz rəngli şalvarının sol yan cibindən şpris, üzərinə novakain yazılmış şüşə ampula, iki ədəd əl solfetkasına bükülmüş üzərinə “Deksametson” sözü yazılmış göz dərmanı, bir ədəd 50, bir ədəd 20, bir ədəd 5 və iki ədəd 1 manatlıq pul əskinasları çıxmış, şalvarın sağ cibindən isə kibrit qutusu və rəngsiz sellofan çıxmışdır. Həm kibrit qutusunun, həm də sellofanın içində kəskin iyli, yaşıl rəngli, marixuana narkotik maddəsinə bənzər bitki kütləsi aşkar edilmiş, həmin bitki kütləsini kibrit qutusu və sellofanla birlikdə çəkdikdə 11,5 qram olmuşdur. Sonra arxa cibinə baxanda oradan telefon nömrəsinə aid plastik kart, nömrə qutusu və bir ədəd şifrəsi pozulmuş “Azərsel” mobil operatora məxsus danışıq kartı aşkar edilmişdir. Aşkar olunmuş əşyalar polis əməkdaşları tərəfindən qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid3 da eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək, bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə gecə saat 00.45 radələrində Gədəbəy RPŞ-nin qarşısındakı yolda özünə məxsus olan VAZ 2106 markalı avtomobilində oturub dostu Şahid5 ilə söhbət edərkən polis əməkdaşlarının dəvəti ilə hər ikisi polis şöbəsinin inzibati binasına gəlmişlər. Orada sonradan Təqsirləndirilən şəxs kimi tanıdığı şəxsin üstünə hal şahidi kimi onların, vəkilin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və onun cibindən dərman və bir sıra gündəlik lazım olan əşyalarla bərabər, həm də şalvarının sağ yan cibindən sellofan torba və kibrit qutusu, onların da içərisində kiəskin qoxusu olan yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, həmin bitki kütləsi narkotik vasitə marixuanadır. Onu 2019-cu ilin oktyabr ayında Yevlax rayonunun ərazisində Kür çayının kənarında çətənə kollarından çəkmək üçün yığıb saxlamışdır. Onun üstündən çıxanlar polis əməkdaşları tərəfindən qablaşdırılmış, protokol tərtib olunmuş, o, da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 da eyniməzmunlu ifadə vermişdir. İşdə olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə tərtib olunmuş protokoldan görünür ki, onun əynindəki boz rəngli parçadan olan şalvarının sol yan cibindən 03 ədəd 5 milliqramlıq şpris, 03 ədəd 5 milliqramlıq üzərində novakain sözləri yazılmış şüşə ampula, bir ədəd 50-lik, bir ədəd 20-lik, bir dədə 5-lik və iki ədəd 1-lik pul əskinasları , bir ədəd alışqan, və iki ədəd əl solfetkasına bükülmüş bir ədəd üzərində «Deksametson» sözləri yazılmış göz dərmanı, şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülü formada içərisində yaşıl rəngli, kəskin iyili, ilk baxışdan narkotik vasitə olan «marixuana»ya oxşar kütlə və bir ədəd kibrit qutusunun içərisində yaşıl rəngli, kəskin iyili, ilk baxışdan narkotik vasitə olan «marixuana»ya oxşar kütlə və şalvarın arxa sağ cibindən bir ədəd Azərcell mobil operatora məxsus 050 *** ** ** saylı mobil nömrəyə aid plastik kart, nömrə qutusu və bir ədəd 2 manatlıq şifrəsi pozulmuş Azərcell mobil operatora məxsus danışıq kartı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş «marixuana»ya oxşar kütlə tərəfimizdən hal şahidlərinin iştirakı ilə aptek tərəzisində çəkilmiş və narkotik vasitəyə oxşar kütlənin kibrit qutusu və sellofanla birlikdə çəkisi 11, 5 (on bir tam onda beş) qram olmuşdur. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd zərfə, 03 ədəd 5 milliqramlıq şpris, 03 ədəd 5 milliqramlıq üzərində novakain sözləri yazılmış şüşə ampula, iki ədəd əl solfetkasına bükülmüş bir ədəd üzərində “Deksametson” sözləri yazılmış göz dərmanı bir ədəd zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 75 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəmə bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 16/364 nömrəli Rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs”. Sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda və 1 (bir) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,690 qram, 3, 683 qram, ümumi təmiz çəkisi 5,373 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər narkoloji Disponserinin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 469 saylı Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kanna binoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin məhkəmə-psixatriya ekspertizasının xx.xx.2020-ci il tarixli 404 saylı Rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə(şəxsiyyətin tək- tək psixopatik cizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs yaranmış şəraitin mahiyyətir tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmiəklə hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qanunazidd hərəkətlərin mənasını anlayraq həmin hadisə barəsində düzgün ifadə vermək qabiliyyətindədir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5.373 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və təhqiqatdan sonra qalıq çəkidə olan 5,273 qram qurudulmuş marixuana saxlanılması məqsədilə Gədəbəy RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan və xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs kimi tutulmuş, xx xxx 2020-ci il tarixdə azad edilmişdir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli Gədəbəy Rayon Məhkəməsinin qərarı və axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, xx xxxxxxxx 2020-ci il tarixdə tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Slavyanka Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X4 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxsin və şahidlərin ifadələri,istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyləri ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında istintaqa dəqiq tarixi məlum olmayan vaxtda Yevlax rayonu ərazisində Kür çayının kənarında yerləşən baxımsız sahədən yabanı halda bitən çətənə kollarından satış məqsədi olmadan özü istifadə etmək məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda 5,373 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üstündə saxlamış, xx xxx 2020-ci il tarixdə saat 00.20 radələrində Gədəbəy rayonu, Slavyanka kəndinin mərkəzində Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Gədəbəy şəhəri, 20 Yanvar küçəsində yerləşən Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib onun üzərinə baxış keçirilərkən saxladığı həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirini etiraf etməsini, səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və cəzanı yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, əvvəllər məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclasında həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və təhqiqatdan sonra qalıq çəkidə olan 5,273 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 32 manat 40 qəpik məhkəmə xərci təqsirləndirilən şəxsdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02(iki) il 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulması, xx xxx 2020-ci il tarixdə azad edilməsi, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər həbsdə olması nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 02 il 02 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, narkomaniyadan məcburi müalicə olunmaq, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasının müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın və narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və təhqiqatdan sonra qalıq çəkidə olan 5,273 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 32,40 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar