Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-51/2021 07.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Gədəbəy rayon tam orta məktəbinin müəllim psixoloqu X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətində qonşusu Zərərçəkmiş şəxs qonşuluq münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı yerdən götürdüyü ağac parçası ilə qəsdən vuraraq, ona sol almacıq nahiyyəsinin dərialtı hematoması, sıyrığı ilə müşayiət olunan əzilmiş yarası xəsarətləri yetirərərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla heç bir düşmənçiliyi yoxdur, Ramizlə aralarında həyətyanı torpaq sahəsi ilə əlaqədar mübahisələri vardır. Hal hazırda da onların arasında normal qonşuluq münasibətləri yoxdur. 23 may 2021-ci il tarixdə saat 16 radələrində Ramizin azyaşlı uşaqları Sənan və Elmixan yenə də evinin arxasında səs küy salaraq onları narahat etmişlər. 24 may 2021-ci il tarixdə saat 11 radələrində küçəyə çıxıb. Ramizin evinin həyətində olduğunu görüb uşaqlarının onları narahat etmələri barədə ona iradını bildirmişdir. Ramiz və arvadı Vüsalə uşaqlarının yaxşı etdiyini bildirib ona qarşı söyüşlər etmişlər. Səsə qızı Ülviyə gəlmiş, onu evə aparmışdır. O, telefonla bu barədə oğlu Şahinə demişdir. 20 dəqiqə sonra evinin həyətindən küçəyə baxanda Şahinin gəldiyini, birbaşa Ramizin yanına getdiyini görmüş, Şahin Ramizə onu və qızını təhqir etməsinə görə irad bildirmişdir. Ramiz isə Şahinə yumruq atmış və onlar bir-biri ilə çəkişməyə başlamışlar. O, yerdən ağac götürüb Ramizin sifətindən vurmuşdur. Bu zaman Ramiz də əlindəki ağacla onun sağ qaşının üstündən vurmuş, o, zərbənin təsirindən yerə yıxılmış, qaşından qan axmağa başlamışdır. Onun səhhəti pisləşdiyi üçün oğlu və qızı ilə birgə hadisə yerindən uzaqlaşıb evinə tərəf getmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 10 il əvvəl aralarında torpaq üstündə narazılıq olmuş, daha sonra həmin narazılığı qanuni yolla həll etmişlər. 23 may 2021-ci il tarixdə axşam arvadı Vüsalə ona zəng edərək bildirmişdir ki, “buzovumuzu qonşunun həyətinə bağladığımız üçün Cəmilə və Ülviyyə buzovun səsinin onları narahat etməsinə görə məni təhqir edirlər”. O, Vüsaləyə buna əhəmiyyət verməməsini bildirmişdir və həmin gün heç bir mübahisə olmamışdır. 24 may 2021-ci il tarixdə saat 11 radələrində evdən çıxıb getmək istəyərkən Cəmilə və qızı Ülviyyə küçədə dayanıb onun və arvadının ünvanına təhqiredici ifadələr işlətmiş və ünvanına nalayiq söyüşlər söymüşlər. O, Cəmilə və Ülviyyəyə iradını bildirmiş, həmin vaxtı Cəmilənin oğlu Şahin də gəlmişdir. Onlar hər üçü ünvanına nalayiq ifadələr işlətmişlər. Sonra Şahin ona tərəf getmiş, onu yumruqla vurmaq istəmiş, ancaq Şahinin qolundan tutub saxlamışdır. Şahinin arxasınca gələn anası Cəmilə isə bu vaxt həyətdən lobya taxtası götürüb onun sifətindən bir dəfə vurub xəsarət yetirmişdir. Arvadı Vüsalə DİN-nin 102 xidmətinə zəng edib polis çağırmışdır. Onlar hazırda barışmamışlar. Qanuni tədbir görülməsini xahiş edir. Şahid1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verdi. Yetkinlik yaşına çatmamış Şahid3 müəllim psixoloq X1 iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, atası Zərərçəkmiş şəxs və anası Şahid1 himayəsində yaşayır. Gədəbəy şəhər 2 saylı tam orta məktəbininin 7-ci sinfində təhsil alır. Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 Fərman qızı qonşularıdır. 24 may 2021-ci il tarixdə saat 11 radələrində evin həyətində olduqları zaman Cəmilə və qızı Ülviyyə atası Ramizi nalayiq söyüşlərlə təhqir edirmişlər. Mübahisə zamanı Cəmilə və Ülviyyənin yanına Şahin də gəlmiş, Şahin anası və bacısının yanından keçib atasını vurmaq üçün üzərinə getmişdir. Şahin atası Ramizə yumruq atanda atası onun əlindən tutub saxlamışdır. Cəmilə gəlib atasını həyətdən götürdüyü ağacla sifətindən vurmuşdur. Yetkinlik yaşına çatmamış Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə verdi. Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun anasıdır. Zərərçəkmiş şəxs isə qonşusudur. Ramizlə heç bir düşmənçiliyi yoxdur, ancaq uzun müddətdir ki, Ramiz və ailə üzvləri ilə onun ailə üzvləri arasında ədavət yaranmışdır. 23 may 2021-ci il tarixdə saat 16 radələrində Ramizin azyaşlı uşaqları Sənan və Elmixan yenə də evinin arxasında səs küy salaraq onları narahat etmişdir. 24 may 2021-ci il tarixdə saat 11 radələrində Gədəbəy rayonunda yerləşən Qızılca meşəsinə getmişdir. Bacısı Ülviyyə zəng edib bildirmişdir ki, “Ramiz yenə əl çəkmir, anama nalayiq söyüşlər söyür, bizi təhqir edir, gəl bunu başa sal”. O, dərhal meşədən evinə tərəf gəlmiş, birbaşa Ramizin evinə dönmüşdür. O, Ramizə anasına və bacısına söyməsinə görə irad bildirmiş, sözü varsa ona deməsini bildirmişdir. Ramizlə aralarında mübahisə yaranmış, Ramiz ona yumruq atmış, ancaq yumruq zərbəsindən yayınmışdır. Onu vurmaq istədiyi üçün Ramizlə əlbəyaxa olmuş, Ramizlə çəkişən zaman anası Cəmilə və bacısı Ülviyyə ona kömək üçün yaxınlaşmışlar. Cəmilə yerdən götürdüyü ağacla Ramizin sifətinə vurub xəsarət yetirmişdir. Bundan sonra Ramizlə bir-birindən aralaşmışlar, anasının halı isə pisləşmişdir. Onlar sakitləşib evlərinə getmişlər. Şahid5 Fərman qızı Təqsirləndirilən şəxs və Şahid4 ifadələrinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - məhkəmə tibbi ekspertizasının 25 may 2021-ci il tarixli, 284 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol almacıq nahiyyəsinin dərialtı hematoması, sıyrığı ilə müşayiət olunan əzilmiş yarası, sol yanağı, burunun sıyrıqları və sol saidin əzilmiş səthi yarası küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 24.05.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol almacıq nahiyyəsinin dərialtı hematoması, sıyrığı ilə müşayiət olunan əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin onun öz-özünə yetirə bilməsi inandırıcı deyildir, göstərdiyi şəraitdə ala bilməsi inkar olunmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək qiymətləndirir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İlk dəfə hadisələrin təsadüfü axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsi cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən, cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növünün seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsinin sanksiyasında müəyyən edilmiş miqdarda cərimə cəzasına məhkum edilməsi ilə cəzanın məqsədinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-51/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-51/2021
07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver