Məhkəmə qərarları › İş №1(042)-51/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-51/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-51/2023 07.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Gədəbəy rayonu, Əmiraslanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gədəbəy rayonu, Əmiraslanlı kəndində qeydiyyatda olmaqla hazırda Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsində nömrəsiz tikilidə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 09 iyun 2023-cü il tarixdə saat 11 radələrində Gədəbəy rayonu, Söyüdlü kənd sakini Zərərçəkmiş şəxs məxsus Gədəbəy rayonu ərazisində yerləşən “Yal Damı” adlanan yaylaq sahəsində otlayan 2400 manat dəyərində 01 baş, 2 qarın doğmuş, diri çəkisi 400 kiloqram çəkidə, yerli cins, ala rəngli inəyi, 2400 manat dəyərində 01 baş, 3 illik, 1 qarın doğmuş, diri çəkisi 400 kiloqram çəkidə, yerli cins, ağ rəngli inəyi, 2250 manat dəyərində 01 baş, 2 illik, damazlıq, diri çəkisi 355 kiloqram çəkidə, yerli cins, qırmızı rəngli düyəni, 1350 manat dəyərində 01 baş, 1,5 illik, damazlıq, diri çəkisi 195 kiloqram çəkidə, yerli cins, boz rəngli dişi dananı, 2300 manat dəyərində 01 baş, 1.5 illik, damazlıq, diri çəkisi 355 kiloqram çəkidə, yerli cins, qara rəngli erkək dananı və 2400 manat dəyərində 01 baş, 2 illik, damazlıq, diri çəkisi 375 kiloqram çəkidə, yerli cins, boz rəngli erkək dananı, ümumilikdə 13100 (on üç min bir yüz) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, Gədəbəy rayonu Əmiraslanlı kəndində faktiki olaraq qeydiyyatda olsa da, Gədəbəy şəhəri X.Haqverdiyev küçəsində nömrəsiz evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Gədəbəy rayonu Söyüdlü kənd sakini Zərərçəkmiş şəxs və onun ailə üzvlərini əvvəllər tanımamış, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Anası onkoloji xəstəlikdən əziyyət çəkmiş, anasının müalicə alması üçün pul lazım olmuşdur. Özü cərrahi əməliyyat olduğundan işləyə bilmir. Oğurluq hadisəsini törədən zaman o, atı minərək dərə ilə gedərkən qarşısına altı baş heyvan çıxmış, heyvanları haylayaraq Gədəbəy rayonunda “Qızıl qala” adlanan əraziyə gətirmişdir. Orada bir gecə saxladıqdan sonra səhərisi gün Nuri adlanan şəxsə zəng vurmuş, babasının malı olduğunu, malları bazara aparmaq istədiyini bildirmiş, ona yük avtomobili tapmaqda köməklik etməsini bildirmişdir. Nuri maraqlanmış və malları aparmaq üçün QAZEL markalı maşın tapmışdır. O, QAZEL markalı maşının sürücüsünə zəng etdikdə sürücü ona “Yasamal” adlanan ərazi ilə getdiyini bildirmişdir. Onlar heyvanların bazara aparılması üçün 100 manata razılaşmışlar. QAZEL markalı maşının sürücüsü Gədəbəyə qayıdaraq gəlmiş, onlar heyvanları Qazelə yükləmişlər. Sürücü ondan heyvanların problemli olubolmadığını soruşduqda o, problemsiz olduğunu demişdir. Bu zaman QAZEL markalı maşının sürücüsü onun heyvanların yanında şəklini çəkmiş və heyvanları Gəncə şəhərinə aparmışdır. Gəncə şəhərində QAZEL markalı maşında nasazlıq yaranmış, o heyvanları başqa QAZ-53 markalı yük avtomobilinə yükləyərək mal bazarına aparmışdır. Bazara çatdıqdan sonra dostu Təbrizə zəng etmiş, babasının heyvanları olduğunu və ona heyvanları satmaqda köməklik etməsini bildirmişdir. Təbriz özünə məxsus “Piriora” markalı avtomobil ilə bazara gəlmiş, avtomobili onun yanında saxlamış, heyvanları satmaq istədikdə polis əməkdaşları gələrək onları tutmuşlar. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, onun anası onkoloji xəstəlikdən əziyyət çəkmiş, məcburiyyət qarşısında qalaraq oğurluq etmişdir. O, kimə məxsus olduğunu bilmədiyi atı yoldan tutmuş və atı minərək evlərinin yaxınlığında olan çayın istiqamətində üzü aşağı getmiş, heyvanları oğurladıqdan sonra atı tutduğu yerə buraxmışdır. Heyvanları tapdığı yerdə çoxlu heyvan olmuş, o, həmin heyvandan altı başını “Qızıl qala” adlanan köhnə yataq yerinə aparmış, bir gecə heyvanların yanında qalmış, orada başqa adam olmamışdır. Nuri adlı şəxsə həmin gecə QAZEL markalı maşını tapmaq üçün zəng etmişdir. Nurini əvvəllər ondan it aldığı üçün tanımışdır. Nurinin oğurluqdan xəbəri olmamışdır. Onun babası Gədəbəy rayonunda yaşayır, meşəbəyi işləyir və heyvandarlıqla məşğul olur. Nuri ondan heyvanların problemli olub- olmamasını soruşduqda heyvanların babasının olduğunu bildirmişdir. Yük avtomobillərinin sürücüləri heyvanların oğurluq olmasını bilməmiş, birinci dananı 1200 manata satmış, həmin pul ilə heyvanları gətirmək üçün aldığı borclarını qaytarmışdır. Dostu Təbrizə pul verməmiş, Təbriz ona köməklik etmək üçün gəlmişdir. O, mal bazarında polis əməkdaşları tərəfindən tutulmuş, oğurladığı heyvanların hamısı geri qaytarılmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 09 iyun 2023-cü il tarixdə saat 07 radələrində təsərrüfatlarında olan 19 baş iri buynuzlu heyvandan 13 başını otlaması üçün binədən örüş sahəsinə buraxmışdır. Həmin gün saat 19 radələrində təsərrüfatlarında olan heyvanlardan 7 başı geri qayıtsa da, 6 baş heyvan qayıtmamışdır. Qardaşı mal qaranı yatağa aparan zaman altı baş dananın olmadığını görmüş, bu barədə ona məlumat verərək mal-qaranın oğurlanması barədə polisə bildirməsini demişdir. O, altı baş heyvanının oğurlanması barədə Gədəbəy rayon Polis şöbəsinə məlumat vermiş, polisdən ona gəlib hadisə yerinə baxış keçiriləcəyini bildirmişlər. Polislər səhərisi günü gələrək yaylağa baxış keçirmiş, özü isə ata minərək heyvanları axtarmaq üçün getmişdir. O, əvvəlcə Şəmkir rayonuna getmiş, daha sonra Gədəbəy rayonu ərazisində axtarmış və yenidən Şəmkir rayonuna düşmüş, xeyli axtardıqdan sonra axşam olduğu üçün evə qayıtmış, daha sonra o, Gəncə şəhərindəki mal bazarına, qardaşları isə Gədəbəy rayonu və Novo Saratovka kəndi ərazisində yerləşən mal bazarlarına heyvanları axtarmaq üçün getmişlər. O, Gəncə şəhərinədəki mal bazarına getdikdən sonra saat iki radələrində heyvanlarını axtarmağa başlamış, orada danaları görüb tanımışdır. Danalardan ikisi orada olmadığı üçün satıldığını düşünmüş, lakin danaların dörd başı orada olmuşdur. O, heyvanları satan şəxsləri tapmış, Təbrizə yaxınlaşmış və heyvanları almaq istədiyini bildirdikdə Təbriz, İqbalı çağıraraq heyvanlarla maraqlanıldığını bildirmişdir. O, İqbala yanında başqa şəxs ilə gəldiyini bildirərək onu çağırmağa gedəcəyini, əgər razılaşarlarsa heyvanları almaq istədiyini bildirmiş və oradan uzaqlaşmışdır. Orada olan polis əməkdaşlarını gördükdə danalarının oğurlandığı və bazarda satılması barədə məlumat vermiş, onlar İqbal ilə Təbrizə yaxınlaşmışlar. Polislər İqbaldan heyvanları neçəyə satdığını soruşmuş, İqbal onlara qiymət dedikdən sonra polislər heyvanları haradan aldıqlarını soruşmuş, daha sonra heyvanları kimin oğurladığını soruşduqda İqbal heyvanları özünün oğurladığını, Təbrizin ona kömək etmək üçün gəlməsini bildirmişdir. Sonra onları Polis şöbəsinə aparmışlar. Orada izahatlarını aldıqdan sonra heyvanları ona təhvil vermişlər. O, 100 manat yol pulu verərək heyvanları Gədəbəy rayonuna gətirmiş, ümumilikdə isə 500 manat xərc çəkmişdir. Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Şahid3 vasitəsi ilə tanımış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. O, QAZEL markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı maşının sürücüsüdür. 6 ildir ki, ailəsini bu yolla dolandırır. Nuri həmkəndlisidir. Gədəbəy rayonuna heyvan gətirmiş, geri qayıdarkən Şahid3 ona zəng edərək mal-qara olmasını və aparmaq lazım olduğunu bildirmişdir. O, İqbal ilə əlaqə saxlamış, onunla 100 manata razılaşmışdır. İqbal heyvanları Gədəbəy şəhərinin dairəvi adlanan yerə gətirəcəyini bildirmişdir. İqbal sonra zəng vuraraq havanın yağışlı olmasına görə gətirə bilmədiyini deyərək bir az aşağıya gəlməsini demiş, o, dairəvi adlanan yerdən aşağı getmiş və İqbal ilə heyvanları QAZEL markalı maşınına yükləyərək Gəncə şəhərinə aparmaq üçün yola çıxmışdır. Şəmkir rayonu ərazisindəki polis postunu keçərkən maşında nasazlıq yaranmışdır. Sonra heyvanları onun maşınından düşürmüşlər. Ona İqbal 80 manat pul vermişdir. Sonrakı hadisələr barədə məlumatı olmamışdır. Şahid5 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, xəstə olmuş, oğlu və gəlinini dağa heyvanların yanına göndərmişdir. Həftənin beşinci günü oğlu Rasim zəng edərək heyvanların olmaması barədə məlumat vermişdir. O, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək heyvanlarının oğurlanması barədə məlumat vermişdir. Onlar iki gün mal-qaranı axtardıqdan sonra oğlu Rasim Gəncə şəhərindən zəng edərək heyvanların orada olmasını, yanlarında iki nəfər tanımadığı şəxsin olduğunu bildirmişdir. Heyvanların tapılması üçün o, pensiyasından 500 manat pul xərcləmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Əmiraslanlı kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Qəmərli küçəsi ev 258-də yaşayır. Gədəbəy rayonu Əmiraslanlı kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisidir, əvvəllər aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Gədəbəy rayonu, Söyüdlü kənd sakini Zərərçəkmiş şəxs və onun ailə üzvlərini əvvəllər tanımamış, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 10 iyun 2023-cü il tarixdə saat 17 radələrində Gəncə şəhərində olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq babası Zahidin iri buynuzlu heyvanı olduğunu, həmin heyvanları Gəncədə satmaq üçün gətirməsini, heyvanları gətirdiyi avtomobilin nasaz olduğunu, avtomobil üçün ehtiyyat hissələri tapmağa və heyvanları satmağa kömək etməsini istəmişdir. İdarə etdiyi “Lada Piriora” minik markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobillə Təqsirləndirilən şəxs yanına, yəni Şəmkir rayonu DYP postunu kecdikdən sonra Göygöl rayonuna gedən yola gəlmişdir. Oraya çatan zaman İqbalın heyvan gətirdiyi Qazel markalı avtomobilin nasaz olduğu üçün sıradan çıxdığını görmüşdür. Orada əvvəllər tanımadığı Qazel markalı avtomobilin sürücüsü Şahid4 ona avtomobilin “kardan” deyilən ehtiyyat hissəsinin sınmasını bildirmişdir. Sürücü Elqədər avtomobil ehtiyyat hissəsi almaq üçün Göygöl rayonu Balçılı kəndi ərazisinə getsələr də, avtomobil ehtiyyat hissəsi tapa bilmədikləri üçün geri qayıtmışlar. Heyvanların yanına geri qayıtdıqda İqbal heyvanları aparmaq üçün başqa yük avtomobili tapmaq lazım olduğunu bildirmişdir. Buna görə yenidən Göygöl rayon Balçılı kəndi ərazisinə getmişdir. Orada İqbal yolun kənarında dayanmış QAZ-53 markalı avtomobilin sürücüsü ilə heyvanları aparmaq barədə razılaşmışdır. Həmin avtomobilin sürücüsü heyvanları aparmağa razı olduğu üçün heyvanların olduğu yerə gəlmişdir. 06 baş iri buynuzlu heyvanı avtomobilin yük yerinə yükləmişlər. İqbal heyvanlar olan yük avtomobili ilə, o isə öz avtomobili ilə Göygöl rayonu ərazisində yerləşən el arasında “Gəncə-Dəllər heyvan bazarı” kimi tanınan bazara getmişlər. Bazarda heyvanları avtomobildən düşürdükdən sonra İqbal adını bilmədiyi sürücüyə 30 manat pul vermişdir. Heyvanları bazarda bir yerə yığaraq idarə etdiyi “Lada Piriora” minik markalı avtomobili heyvanların yanında saxlayıb İqbal ilə avtomobilin içərisində əyləşmişlər. Bir qədər sonra tanımadığı heyvan almaq istəyən şəxslər yaxınlaşaraq heyvanların qiymətini maraqlanmışdır. Tanımadığı bir nəfər şəxs heyvanlara yaxınlaşaraq 02 baş erkək iri buynuzlu heyvanın qiyməti barədə maraqlanmışdır. İqbal ilə razılaşıb 02 baş iri buynuzlu heyvan üçün 1800 manat pul verib heyvanları alıb getmişdir. Bir qədər sonra əvvəllər tanımadığı daha bir şəxs heyvan alıcısı onlara yaxınlaşıb heyvanların qiyməti barədə maraqlanıb getmişdir. Həmin şəxs getikdən təxminən 10 dəqiqə sonra polis əməkdaşı onların olduğu yerə yaxınlaşaraq heyvanların kimin olmasını soruşmuşdur. İqbal heyvanların ona məxsus olduğunu, heyvanları Gədəbəy rayonunda yerləşən heyvan bazarından almasını bildirmişdir. Polis əməkdaşı İqbala heyvanları aldığı şəxsin şəxsiyyət vəsiqəsinin və ya mobil nömrəsinin onda olub-olmadığını soruşmuşdur. İqbal həmin şəxsin mobil nömrəsinin və şəxsiyyət vəsiqəsinin onda olmadığını, lakin heyvan satan şəxsi tanımasını bildirmişdir. Həmin vaxtı onların yanına bir qədər bundan əvvəl heyvan almaq üçün yaxınlaşmış sonradan heyvanların sahibi olduğunu bildiyi Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Zərərçəkmiş şəxs İqbala heyvan barədə sullar verdikdə, İqbal heyvanları oğurlamasını etiraf etmişdir. İqbal heyvanları oğurlamasını etiraf edən zaman heyvanların oğurluq olmasını bilmişdir. 02 baş iri buynuzlu heyvanı almış şəxs heyvanları geri qaytarıb pulunu İqbaldan geri almışdır. Polis əməkdaşları onları xidməti avtomobillə Göygöl RPŞ-nə aparmışdırlar. Göygöl RPŞ-də olan zaman Gədəbəy RPŞ-nin əməkdaşları onları oradan Gədəbəy rayonuna gətirmişlər. Təqsirləndirilən şəxs ilk dəfə idi ona heyvan satmaqda ona kömək etməsini istəmişdir, Təqsirləndirilən şəxs başqa cinayət hadisələrində iştirak etməsini bilməmişdir. Təqsirləndirilən şəxs ilə heç bir cinayət hadisəsinin törədilməsində iştirak etməmiş, İqbal heyvanları satışından ona heç bir pul vəsaiti verməmiş və əvvəlcədən aralarında bu barədə heç bir razılaşma olmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 20 iyun 2020-ci il tarixdən Göygöl rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis nəfəri-sürücüsü vəzifəsində xidmət edir. Gədəbəy rayon Əmiraslanlı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Gədəbəy rayon Söyüdlü kənd sakini Zərərçəkmiş şəxs və onun ailə üzvlərini əvvəllər tanımamış aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 11 iyun 2023-cü il tarixdə Göygöl rayonu ərazində yerləşən heyvan bazarında ictimai qaydanın qorunması ilə bağlı xidmətdə olmuşdur. Həmin günü bazar ərazisində xidmətdə olan zaman əvvəllər tanımadığı Gədəbəy rayonu Söyüdlü kənd sakini olan Zərərçəkmiş şəxs yaxınlaşaraq ona məxsus iri buynuzlu heyanların oğurlanmasını, həmin heyvanların hal-hazırda bazarda tanımadığı şəxsin satmaq üçün gətirdiyini bildirmişdir. Heyvanlar satılan yerə yaxınlaşmışdır. Orada əvvəllər tanımadığı Təqsirləndirilən şəxs və Şahid1 dayanmasını görmüşdür. Təqsirləndirilən şəxs heyvanları haradan aldığını soruşmuşdur. Təqsirləndirilən şəxs ona heyvanların özünə məxsus olduğunu heyvanları Gədəbəy rayonunda yerləşən heyvan bazarından aldığını bildirmişdir. Ondan heyvanları aldığı şəxsin şəxsiyyət vəsiqəsinin və ya mobil nömrəsinin olub-olmadığını soruşmuşdur. İqbal ona həmin şəxsin mobil nömrəsinin və şəxsiyyət vəsiqəsinin onda olmadığını lakin heyvan satan şəxsi tanıdığını bildirmişdir. Həmin vaxtı heyvan sahibi Zərərçəkmiş şəxs ona yaxınlaşıb heyvan barədə sullar verdikdə heyvanları oğurladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi üçün onu xidməti avtomobil ilə Göygöl RPŞ-nə aparmışdır. Şöbə rəhbərliyinə raporta müraciət etdikdən sonra Gədəbəy RPŞ-nin əməkdaşlarına məlumat verilmişdir. Bir qədər sonra Gədəbəy RPŞ-nin əməkdaşları heyvanlara baxış keçirmişdirlər və heyvanları qanuni sahibi olan Zərərçəkmiş şəxs təhvil verərək, Təqsirləndirilən şəxs və onun yanında olan Şahid1 Gədəbəy rayonuna aparmışdırlar. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fəhləliklə məşğul olaraq özünü və ailə üzvlərini dolandırır. Həmyaşıdları və tanışları arasında Xaso ləqəbi ilə çağırılır. Gədəbəy rayonu Əmiraslanlı kənd sakini Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Gədəbəy rayonu Söyüdlü kənd sakini Zərərçəkmiş şəxs və onun ailə üzvlərini əvvəllər tanımamış, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Təxminən 3-4 ay bundan əvvəl tanışı olan Gədəbəy rayon sakini X2 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq satılıq it olmasını bildirib almaq istəyib-istəmədiyini soruşmuşdur. Bəxtiyardan itin videosunun və şəkillərinin atmasını istəmişdir. Həmin vaxtı əvəllər tanımadığı Təqsirləndirilən şəxs dəqiq xatırlamadığı və silinmiş Rusiya Federasiyası mobil operatoruna məxsus olan nömrə ilə “Whatsapp” vasitəsi ilə it videosu atmışdır. Həmin iti bəyəndiyi üçün 30 manata İqbalın videosunu göndərdiyi iti almışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə dostluq münasibətları yaranmışdır. İqbal ilə arabir görüşmüş və mobil telefon ilə danışmışdır. 09 iyun 2023-cü il tarixdə yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə ***-***-**-** saylı mobil nömrə ilə zəng vuraraq adını demədiyi babasının xəstə olduğunu, bunun üçün də babasına məxsus 6 baş iri buynuzlu heyvanı Gəncə şəhərində yerləşən heyvan bazarına aparmaq üçün yük avtomobili lazım olduğunu və ona kömək etməsini xahiş etmişdir. İqbalın xahişinə əsasən həmkəndlisi olan Şahid4 istifadəsində olan mobil nömrəyə zəng vurub qiymət barədə danışmışdır. Şahid4 ona heyvanları Gədəbəy rayonundan Gəncə şəhərində yerləşən heyvan bazarına aparmaq üçün 90 manat pul alacağını bildirmişdir. Elqədər bir qədər sonra zəng vuraraq ona qardaşının avtomobili ilə başqa yerə müştəri apardığını və gələ bilməyəcəyini sabahısı gün yəni 10 iyun 2023-cü il tarixdə gələ biləcəyini bildirmişdir. İqbala zəng vuraraq bu barədə məlumat vermişdir. İqbal heç bir etiraz etmədən sabah gözləyəcəyini bildirmişdir. 10 iyun 2023-cü il tarixdə saat 14 radələrində İqbal ona zəng vuraraq harada olduğunu soruşmuşdur. Ona işdə olduğunu, avtomobilin sürücüsü olan Elqədər ilə danışdıqdan sonra ona məlumat verə biləcəyini demişdir. Elqədərə zəng vuraraq harada olduğunu soruşmuş və İqbalın heyvanlarını bazara apara bilib-bilməyəcəyini soruşmuşdur. Eləqədər ona Gədəbəy rayonunda yerləşən bazara heyvan aparmasını bildirdikdə, ona İqbalın da heyvanlarını götürməsini bildirmişdir. Elqədərin mobil nömrəsini İqbala verərək əlaqə saxlamasını istəmişdir. Elqədər İqbalın özünə məxsus olduğunu bildirdiyi iri buynuzlu heyvanları avtomobilinə yığaraq Gəncə şəhərində yerləşən el arasında Dəllər bazarı kimi tanınan yerə aparmaq barədə razılaşmışdır. Elqədərin avtomobili Şəmkir rayonu ərazində yerləşən Aqroparkın yaxınlığında nasazlanmışdır. Bundan sonra İqbalın heyvanları haraya aparması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs heyvan oğurlayacağı barədə ona əvvəlcədən heç bir məlumat verməmiş, heyvanların oğurluq olmasını bilməmişdir. Təqsirləndirilən şəxs hansı cinayət hadisələrində iştirak etməsini bilməmişdir. Təqsirləndirilən şəxs ilə heç bir cinayət hadisəsində iştirak etməmişdir. İqbal ona heyvanların satışından əldə etdiyi puldan və ya başqa əsaslar ilə pul verməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspert rəyini, istintaq hərəkəti protokollarını və digər iş materiallarında olan dəlilləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində yerləşən “Yal Damı “ adlanan yaylaq sahəsidir, yaylaq sahəsinə gedən yol Gədəbəy rayonu Söyüdlü kəndindən keçməklə Gədəbəy rayonu Soyuqbulaq kəndindən 3 kilometr məsafədə yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs özlərinə məxsus heyvanların həmin yaylaq sahəsinin ətrafında otlaması üçün sərbəst buraxmış, heyvanların 06 başının 09 iyun 2023-cü il tarixdə geri qayıtmamasını bildirmişdir. - baxış aparılması haqqında 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Göygöl rayonu ərazisində yerləşən “ Gəncə heyvan bazarı” adlanan yerdir. Təqsirləndirilən şəxs bazar ərazisində 06 baş iri buynuzlu heyvanı salıb satmaq istəmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin heyvanların ona məxsus Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində yerləşən “Yal Damı” adlanan yaylaq sahəsindən itmiş heyvanlar olmasını bildirmişdir. - baxış aparılması haqqında protokoldan görünür ki, Şahid4 istifadəsində olan “Samsung Galaxy A 51” markalı mobil telefonun “Galeriya” bölməsində əynində qara rəngli şalvar, qara rəngli gödəkçə və qara rəngli papaq olan Təqsirləndirilən şəxs tək əlində ip ilə 04 baş iri buynuzlu heyvanın yanında durması görünür. Mobil telefona baxış keçirilməsi zamanı iş üçün əhəmiyyət kəsb edən başqa bir xüsusata rast gəlinməmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - Gədəbəy RİH Başçısının şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy Mərkəzi Rayon Xəsəxansının “X5” X1 xx.xx.2023-cü il tarixli 6-38/2-523/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabnetlərində qeydiyyatda dayanmamışdır. - məhkəmə- əmtəəşünaslıq ekspertizasının 17 iyun 2023-cü il tarixli 9/4989 saylı rəyindən görünür ki, ekspertiza təyin haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 01 baş, 2 qarın doğmuş, diri çəkisi 400 kiloqram çəkidə, yerli cins, ala rəngli inək-2400 manat, 01 baş, 3 illik, 1 qarın doğmuş, diri çəkisi 400 kiloqram çəkidə, yerli cinsi, ağ rəngli inək-2400 manat, 01 baş, 2 illik, damazlıq, diri çəkisi 355 kiloqram çəkidə, yerli cins, qırmızı rəngli düyə-2250 manat, 01 baş, 1,5 illik, damazlıq, diri çəkisi 195 kiloqram çəkidə, yerli cins, boz rəngli dişi dana-1350 manat, 01 baş, 1.5 illik, damazlıq, diri çəkisi 355 kiloqram çəkidə, yerli cins, qara rəngli erkək dana- 2300 manat və 01 baş, 2 illik, damazlıq, diri çəkisi 375 kiloqram çəkidə, yerli cins, boz rəngli erkək dana-2400 manat. Beləliklə, ekspertiza təyini haqqında qərarda göstərilən iri buynuzlu heyvanların 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 13100, 00 manat müəyyən olunur. Məhkəmə, tədqiq olunmuş sübutları ayrı ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü baxımından qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özgənin əmlaklarını gizli olaraq talamaqla oğurluq etdiyini etiraf etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və şahidlərin verdiyi ifadələr, eləcə də məhkəmə iclasında tədqiq olunmuş digər mötəbər sübutlar onun etirafedici ifadəsi ilə üst-üstə düşmüş və onun etirafedici ifadəsini tamamlayaraq təsdiq etmişdir. Odur ki, məhkəmə, tədqiq olunmuş sübutları məcmu halında tam, obyektiv və hərtərəfli qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonunda Zərərçəkmiş şəxs məxsus 6 baş dananı gizli yolla talayaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə caza təyin edilməsi məzələsini müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmədə müəyyən olundu ki, zərər çəkmiş şəxsə cinayət nəticəsində dəymiş zərər aradan qaldırılmışdır. Belə ki, zərər çəkmiş şəxsin özünün təşəbbüsü və hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış iri buynuzlu heyvanlar aşkara çıxarılmış və polis əməkdaşları tərəfindən zərər çəkmiş şəxsə təhvil verilmişdir. Dəymiş zərərin bu formada aradan qaldırılması təqsirləndirilən şəxsin dəymiş zərərin ödənilməsi və ya aradan qaldırılması kimi yüngülləşdirici hal olaraq nəzərə alınması ədalətli və qanuni deyildir. Odur ki, məhkəmə zərər çəkmiş şəxsə oğurlanmış heyvanların qaytarılması təqsirləndirilən şəxsin aktiv və könüllü hərəkətləri və ya buna cəhdi ilə əhatə olunmadığından onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmamasını məqsədə müvafiq sayır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin ağır maddi şərait və anasının onkoloji xəstə olması səbəbindən oğurluq etməsi barədə bildirdiyi xüsusatlara qiymət verərək qeyd edir ki, bununla əlaqədar hər hansı sübut təqdim edilməmişdir. Eləcə də, təqsirləndirilən şəxs babasının mal-qarası olduğunu, onun meşəbəyi işlədiyini bildirmişdir ki, bu da onun ağır maddi vəziyyət və ya anasının ağır xəstə olduğu üçün oğurluq etməsi qərarına gəlməsini inandırıcı etmir. Odur ki, məhkəmə bu halı da təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə almır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmir və onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, qeyd etməyi zəruri sayır ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, cinayət hadisəsi törədildikdən sonrakı davranışlarını, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-ci il tarixdən 22 iyun 2023-ci il tarixədək Gədəbəy rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqinin qərarı ilə şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-ci il tarixdən 22 iyun 2023-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Hökmün icrasının təmin edilməsi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə zalından həbs edilməli, onun cəza çəkmə müddətinin əvvəli hökm çıxdığı gündən yəni, 07 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış və ibtidai istintaq zamanı qaytarılmış altı baş dana qanuni sahibi Zərərçəkmiş şəxs sahibliyində saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci - 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülməlidir. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla təyin edilmiş cəzasından çıxılaraq qəti olaraq ona 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli hökm çıxdığı gündən yəni, 07 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - 6 (altı) baş iribuynuzlu heyvan (dana) qanuni sahibi Zərərçəkmiş şəxs sahibliyində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci - 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar