Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-54/2021 30.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olmamış, orta təhsilli, subay, işsiz, Gədəbəy rayonu, Söyüdlü kəndində pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu Söyüdlü kəndinin yaylaq sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs arxacının yaxınlığından keçməsinə görə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əlində olan ağac parçası ilə sağ dirsək nahiyyəsinə qəsdən vuraraq ona sağ dirsək sümüyünün orta üçdə birinin yerini dəyişmiş sınığı ilə nəticələnən Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Zərərçəkmiş şəxs və onun arvadı Şahid1 onun həmkəndliləridir. Şahid2 atasıdır. Təsərrüfatlarında olan iribuynuzlu heyvanları yay aylarında atası ilə birlikdə Söyüdlü kəndinin “çaxçaxlı” adlanan örüş sahəsində saxlayırlar. Həmkəndlisi Zərərçəkmiş şəxs da öz heyvanlarını onların arxacından təxminən 1 kilometr məsafədə saxlayır. Əvvəllər Zərərçəkmiş şəxsla aralarında narazılıq və mübahisələr olsa da, düşmənçilik və ədavətləri olmamışdır. 12 iyun 2021 -ci il tarixdə saat 16 radələrində örüş sahəsində çörəkləri qurtardığı üçün kəndə getmək istəmişdir. Onların hazırda istifadə etdikləri yol Elşadın arxacının yaxınlığından təxminən 15-20 metr məsafədən keçir. Əvvəllər istifadə etdikləri yolu isə sel yuyub dağıtmışdır. Atası ilə o hərəsi ayrı-ayrı at minib yola düşmüşlər. Atası qabaqda, o isə arxada Elşadın arxacının yaxınlığında dərənin içi ilə getməyə başlamışlar. Bu vaxt atasının mindiyi atın geri qayıtdığını və atası Akifin atın üstündə olmadığını görmüşdür. Əvvəlcə qorxmuş və atası Şahid2 atdan yıxıldığını düşünmüşdür. Bir qədər irəli gedən zaman Zərərçəkmiş şəxs və arvadı İlhamənin atasını yerə yıxıb döydüklərini görmüşdür. Tez qaçıb Elşadı geri çəkib atasından ayırmışdır. Atası qalxıb orada olan ağac parçasını götürüb Elşadı 3-4 dəfə vurmuşdur. Onun əlində isə ağac olmamışdır. Sonra onlar aralanıb getmişlər. Onun barəsində deyilənlər yalan və şərdir. O, Elşadı vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Şahid2 və onun Eliş adı ilə tanıdığı Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Əvvəllər aralarında narazılıq və mübahisələri olsa da, düşmənçilik və ədavətləri olmamışdır. Heyvanlarını Söyüdlü kəndinin yaylaq sahəsində saxlayır. Şahid2 və onun oğlu Təqsirləndirilən şəxs isə heyvanlarını onun arxacından təxminən 2 kilometr məsafədə “Qızılca” meşəsində saxlayırlar. 12 iyun 2021-ci il tarixdə saat 16 radələrində arxacına gələn zaman Akif və Təqsirləndirilən şəxs onun arxacından keçdiyini görmüşdür. Onun itləri Elfaqgilin yanında gələn itə hürdüyü üçün Elfaq onun itini ağacla vurmuşdur. Ona “siz mənim arxacımdan niyə keçirsiniz ki, itlər də sizə hürür, sən niyə mənim itimi vurursan” demişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elfaq əlində olan ağacla onun kürəyinə vurmuş, sonra bir qədər yuxarı tərəfə keçib ağacla onun başına vurmaq istəmişdir. Bu vaxt o, başını qorumaq üçün sağ qolunu irəli tutmuş və ağac onun sağ qoluna dəymişdir. Sonra onun arvadı İlhamə gəlmiş, onun köməkliyi ilə canını Elfaqgildən qurtarmışdır. O, baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. O, təqsirləndirilən şəxslə barışmamışdır və qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Zərərçəkmiş şəxs əridir. Şahid2 və Eliş adı ilə tanıdığı Təqsirləndirilən şəxs isə həmkəndliləridir. Təsərrüfatları ilə əlaqədar olaraq yay aylarında ailəvi Söyüdlü kəndinin yaylaq sahəsində yaşayırlar. Şahid2 və onun oğlu Təqsirləndirilən şəxs heyvanlarını onların arxacından təxminən 2 kilometr məsafədə “Qızılca” meşəsində saxlayırlar. 12 iyun 2021-ci il tarixdə saat 16 radələrində arxaclarının yaşayış sahəsində olan zaman çöldən səs-küy gəldiyini eşitmişdir. Çölə çıxan zaman əri Elşadın yerdə palçığın içinə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əri Elşadın yaxasından tutub sürüyə-sürüyə apardığını görmüşdür. X2 əlindən almışdır. Elfaq və Akif çıxıb getmişlər. O, Elfaqın Akifi vurduğunu görməmişdir. O, səsə çıxarkən artıq Elşadı döymüşdülər. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Zərərçəkmiş şəxs və Şahid1 həmkəndlisidir, Təqsirləndirilən şəxs onun oğludur. Təsərrüfatlarında olan iribuynuzlu heyvanları yay aylarında oğlu Elfaqla birlikdə Söyüdlü kəndinin “çaxçaxlı” adlanan örüş sahəsində saxlayırlar. Həmkəndlisi Zərərçəkmiş şəxs da öz heyvanlarını onların arxaclarından təxminən 1 kilometr məsafədə arxacda saxlayır. 12 iyun 2021-ci il tarixdə saat 16 radələrində örüş sahəsində çörəkləri qurtardığı üçün oğlu Elfaq kəndə getmək istəmişdir. Atlar dalaşmasın deyə öz atına minib oğlunu ötürmək üçün irəlidə getmişdir. Elşadın arxacının yaxınlığından keçən zaman bir qədər aralıda Elşadın atla gəldiyini görmüşdür. Elşad atdan düşüb nalayiq söyüşlər söyərək onunla daşlamağa başlamış, yaxınlaşıb əlindəki ağacla onun qolundan vurmuş və o, atdan yerə yıxılmışdır. Sonra ora Elşadın arvadı Şahid1 gəlmiş, hər ikisi birləşib yerdə yumruq və təpiklə onu döyməyə başlamışlar. Bir qədər sonra oğlu Elfaqın səsini eşitmişdir. Yerdən qalxdıqdan sonra Elşadın vurduğu ağacı yerdən götürüb onun başına, qoluna və bədəninin digər nahiyələrinə bir neçə dəfə vurmuş və oradan uzaqlaşmışdır. Elşad sərxoş olduğu üçün ayağı büdrəmiş və çayın kənarına yıxılmışdır. Elfaq Elşadı vurmamış, sadəcə Elşadı onun üstündən aralamışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 16 iyun 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən yaylaq yeridir. Qeyd edilən yerə baxış zamanı göy çadır materialdan Zərərçəkmiş şəxs ailə üzvləri ilə yaşadığı qalacaq yerinin olması, həmin qalacaq yerinin qarşısında heyvanları saxladığı çəpərlə əhatə edilmiş sahənin olması müşahidə edilir. Həmin yerdən insanların hərəkəti üçün otlar arasında cığır vardır. Həmin yerin ətrafı orta və alçaq yüksəklikli təpələrlə əhatə olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs deməsinə görə qalacaq yerinin qarşısından keçən cığırda Şahid2la arasında münaqişə olmuş, Şahid2 və Təqsirləndirilən şəxs onu həmin yerdə döymüşdür. - məhkəmə tibbi ekspertizasının 15.06.2021-ci il tarixli, 688 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ qaşın bayır qurtaracağının, sağ qulaq seyvanının yuxarı üçdə bir hissəsinin əzilmiş səthi yaraları, sol kürəküstü nahiyyənin sıyrığı, sol bazunun yuxarı üçdə birinin arxa səthinin qançırı, sağ dirsək sümüyünün orta üçdə birinin yerini dəyişmiş sınığı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 12 iyun 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ dirsək sümüyünün orta üçdə birinin yerini dəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, sağ qaşın bayır qurtaracağının, sağ qulaq seyvanının yuxarı üçdə bir hissəsinin əzilmiş səthi yaraları, sol kürəküstü nahiyyənin sıyrığı, sol bazunun yuxarı üçdə birinin arxa səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində özü-özünə yetirilməyə xarakterik xəsarətlər aşkar edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 10 avqust 2021-ci il tarixli 450 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. - Sərxoşluq hallarının bütün növlərini təyini məqsədi ilə aparılan 12 iyun 2021-ci il tarixli 225 nömrəli tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən zaman orta dərəcəli sərxoş olmuşdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara ayri-ayrılıqda və bir-birilə müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu Söyüdlü kəndinin yaylaq sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əlində olan ağac parçası ilə sağ dirsək nahiyyəsinə qəsdən vuraraq ona sağ dirsək sümüyünün orta üçdə birinin yerini dəyişmiş sınığı ilə nəticələnən Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurması məhkəmə iclasında tədqiq olunmuş sübutları ilə tam təsdiq olunur. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən haldır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cəzanı ağırlaşdıran halın olmadığını və yüngülləşdirən halın olduğunu, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən digər halları, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına təsirini nəzərə alır, hesab edir ki, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edilməsi onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur və cəzanın məqsədlərinə nail olunması üçün yetərlidir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-54/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-54/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver