Məhkəmə qərarları › İş №1(042)-54/2025

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-54/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-54/2025 09.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Nübar Yusif qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, müdafiəçi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yaşadığı evin həyətində yerləşən tövlədə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış münaqişə zamanı qəsdən Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə döyüb ona başın, sol bazunun, sağ və sol budun, sol budun qançırları, sağ bilək oynağının sıyrıqları qisimində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oan elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun arvadı olmuşdur. Onlar birlikdə Gədəbəy rayonu, Novasaratovka kəndində birgə yaşamışlar. Evlərinin həyətindəki tövlədə iribuynuzlu heyvan saxlamaqla məşğul olurlar. Əvvəllər Ləman ilə münasibətləri yaxşı olmuş, sonradan isə aralarında söz-söhbət yaranmağa başlamışdır. Son vaxtlar ailədaxili mübahisələri artmışdır. 29 mart 2025-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq kənd əraizisində olmuş, sonra evinə qayıtmışdır. Həmin gün saat 18 radələrində heyvanlara baxmaq üçün evin həyətində olan tövləyə daxil olmuş, orada iribuynuzlu heyvanlardan birinin zincirinin açılaraq digər iribuynuzlu heyvanı vurub yıxdığını görmüş, Ləmanı tövləyə çağırmış, bununla bağlı Ləmana irad tutmuş, aralarında mübahisə baş vermiş, o da əsəbləşmiş, Ləmana əl və ayaq zərbələri vurmuş, Ləmanı itələmiş, daha sonra tövlədən çıxıb getmişdir. Hadisə baş verən vaxt spirtli içki qəbul etdiyi üçün içkili olmuşdur. Əməlindən peşmandır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzürxahlıq etmiş, lakin sonuncu onunla barışmamışdır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş eir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əri olmuşdur, hər ikisi əvvəllər başqa şəxslərlə evli olmuşlar, Eldarla evliliyi ikinci evliliyidir. Eldarla Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində ayrıca ev tikdirərək orada yaşamışlar. Əvvəllər münasibətləri normal olmuş, sonradan Eldar onu əsassız olaraq qısqandığı üçün tez tez mübahisələri olmuşdur. Onlar eyni evdə yaşasalar da son dövrlər bir-birini danışdırmamışlar. 29 mart 2025-ci il tarixdə saat 18 radələrində Eldar evə gəlmiş, Eldar , qapını açmamışdır. Sonra Eldar tövlədən çığıraraq onu çağırmışdır. O, nə baş verdiyini bilmək üçün tövləyə getmiş, tövlədən uca səslə ona söyüş söyüb təhqir edərək nəyə görə heyvanın zincirini açdığını demiş, Eldara heyvanın zincirini özünün açmadığını bildirmiş, aralarında mübahisə olmuş, orada Eldar əli və ayaqları ilə vurub onu döymüşdür. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 85 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - Başın, sol bazunun, sağ və sol budun, sol baldırın qançırları, sağ bilək oynağının sıyırqları - KÜT əşyaların təsirindən törənmiş, törənmə müddətləri müayinə olunan göstərdiyi 29 mart 2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Ləman Qasımovun bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyəsinə, əl yetər yerdə yerləşməsinə əsasən demək olar ki, onun həmin xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X3 “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X2 17 iyul 2025-ci il tarixli, 18-1-38/2-492/2025 nömrəli məktubuna əsasən, Əsgərov X1 RMX-ın Narkoloji və Psixiatrik kabinetində qeydiyyatda durmur. - Gədəbəy RİH başçısının Novosaratovka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Gədəbəy Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 2(042)-783/2025 saylı qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2020-ci il tarixdə Gədəby Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar, məhkəmə ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərər alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin olunması cəzanın məqsədini təmin etmir. Ona görə də ona CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar