Məhkəmə qərarları › İş №1(042)-55/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-55/2021

25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-55/2021 25.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Gədəbəy rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli qərarı ilə hökmün icrası qaydasında cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 19.11.2021-ci il tarixli qərarına əsasən, “8 Noyabr Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə üzərində qəti olaraq 1 ay 8 gün azadlıqdan məhrum etmə cəzası saxlanılan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 8,40 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana tapıb üzərində saxlamış, gəzdirmiş və daşımış, 05 iyun 2021-ci il tarixdə saat 16:30 dəqiqədə Gədəbəy rayonu Slavyanka kəndinin mərkəzində Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Gədəbəy şəhəri 20 yanvar küçəsində yerləşən Gədəbəy rayon Polis Şöbəsinin inzibati binasına gətirilib onun üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən sellofan torbanın içərisində 8,05 qram çəkidə və həmin gödəkçənin cibindən isə 0,35 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və göstərdi ki, onun üzərində narkotik vasitə olmamışdır. X4 şöbəsinə 05 iyun 2021-ci ildə saat 11 radələrində gətirmişlər. Polis şöbəsində ona fiziki zor tətbiq edilmiş, narkotik vasitə onun cibinə qoyulmuş, yalnız saat 16 dan sonra onun üstündə axtarış aparılmışdır. Onda aşkar olunan narkotik vasitə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. Gədəbəy rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təxminən 10 ildir ki, narkotik vasitənin marixuana növündən siqaretə doldurma yolu ilə istifadə edir. Tutulmamışdan bir neçə gün bundan əvvəl yaşadığı Gədəbəy rayonu, Slavyanka kəndində dörd yol adlanan yerdə gəzərkən yerdə selofan bükülü olduğunu görmüşdür. Həmin bükülünün nə olduğuna baxmaq üçün yerdən götürmüş, bükülünü açdıqda özü narkotik vasitə olan marixuana istifadə etdiyi üçün həmin bükülüdə marixuana olduğunu müəyyən etmişdir. Ətrafda olan şəxslərin ona fikir verməməsindən əmin olduqda həmin bükülünü əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Oradan bir qədər kənarlaşıb tənhalıq yerə getmişdir. Orada bir siqaretə dolduraraq çəkmiş, qalan hissəsini isə yenidən cibinə qoyub öz şəxsi istifadəsi üçün cibində gəzdirmişdir. 05.06.2021-ci il tarixdə, saat 16:30 radələrində Gədəbəy rayon Slavyanka kəndində olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək polis işçiləri olduqlarını dedikdən sonra onlarla birlikdə Gədəbəy RPŞ-nə getməyini tələb etmişdir. Heç bir tabesizlik göstərmədən onların dediklərinə əməl edib onlarla birgə Gədəbəy RPŞ-nə gəlmişdir. Həmin polis əməkdaşları ilə birlikdə Gədəbəy rayon PŞ-nin inzibati binasına daxil olub növbətçi hissənin qarşısına keçmişdir. Xidməti otaqda təhqiqatçı tərəfindən hüquqları ona izah olunandan sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillərin siyahısı təqdim edilmişdir. Həmin siyahının içərisindən Müdafiəçi seçmişdir. Müdafiəçi iştirakı ilə polis əməkdaşları növbətçi hissənin qarşısında onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibində olan bükülmüş vəziyyətdə şəffaf sellofanı, bundan başqa 27 manat 10 qəpik pulu, iki ədəd “WANT” markalı siqaret qutusunu, SAMSUNG markalı mobil telefonu, alışqanı və elektron nəzarət vasitəsini könüllü təqdim etmişdir. Bükülü vəziyyətdə olan şəffaf rəngli sellofan müdafiəçinin və digər iştirakçıların iştirakları ilə açılmışdır. Selofanın içərisində yaşıl rəngli, kəskin iyli kütlə, yəni qurudulmuş marixuana aşkar edilmişdir. Həmin selofonda olan büküm əczaçı tərəzisində çəkilmiş və ümumi çəkisi 9,21 qram gəlmişdir. Sonra da aşkar edilmiş selofana bükdüyü büküm bir ədəd zərfə və bükümün aşkar olunduğu gödəkçə bir ədəd zərfə qablaşdırılmış və zərfin üzəri onların iştirakları ilə imzalanaraq möhürlənib dəqiq çəkisini müəyyən etmək məqsədilə ekspertizaya göndərilmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokol ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Əvvəllər özü narkotik vasitəni heç kimdən almamış, narkotik vasitə olan marixuananı yabanı halda bitən çətənə kollarından yığıb istifadə etmişdir. Hal-hazırda onda həmin çətənə kollarından qalmamışdır. Özü də hər hansı bir şəxsə verməmişdir. Tutulmamışdan əvvəl tapdığı narkotik vasitə olan marixuanada yabanı halda bitən marixuana olmuşdur. Özü uzun illər istifadə edən olduğu üçün bunu bilmişdir. Həmin narkotik vasitəni satmaq fikri olmamış, bu barədə hər hansı bir şəxsə heç nə deməmişdir. Həmin vaxt yanında kimsə olmamış, kənardan hər hansı bir şəxsin görməsini görə bilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini ona zor tətbiq edildiyindən qorxu altında verdiyini, hazırda həmin ifadəni müdafiə etmədiyini və məhkəmə iclasında bildirdiklərinin həqiqət olduğunu qeyd etdi. Şahid2 məhkəmə iclasında göstərdi ki, 2006-cı ildən X3 xidmət etməklə 2020-ci ildən Gədəbəy rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 iyun 2021-ci il tarixdə Cinayət axtarışı bölməsinə ünvan 3 ünvanında qeydiyyatda olmaqla Gədəbəy rayon Slavyanka kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində narkotik vasitə daşması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirləri keçirmişlər. 05 iyun 2021-ci il tarixdə saat 16:10 radələrində digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Gədəbəy rayon Slavyanka kəndinin mərkəzində müəyyən etmişlər. Onu Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edib, müdafiəçi və digər şəxslərin iştirakları ilə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sağ cibindən bir ədəd şəffaf rəngli sellofana bükülü aşkar edilmişdir. Qeyd edilən bükülü Müdafiəçi və digər iştirakçıların gözü qarşısında açılmışdır. Bükülünün içərisindən yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kəskin iyli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olmasını, həmin kütləni 2-3 gün əvvəl Slavyanka kəndi ərazisində dörd yol deyilən yerdən tapdığını, şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Onun əynindəki digər geyim əşyalarına da baxış keçirilmişdir. İş üçün əhəmiyyətli başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə müdafiəçinin və digər şəxslərin yanında aptek tərəzisində çəkilmişdir. Həmin kütlənin çəkisi 9,21 qram olmuşdur. Sonra qeyd edilən kütlə və həmin kütlənin aşkar olunduğu gödəkçə ayrı-ayrı zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs özü, müdafiəçisi və digər iştirakçılar imza etmişdirlər. Zərflər DİN-nin 75 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, o da imza etmişdir. Həmçinin şahid bildirdi ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji zorakılıq göstərilməmiş, Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə saat 16:10 radələrində digər polis əməkdaşları ilə birlikdə Gədəbəy rayon Slavyanka kəndinin mərkəzində müəyyən etmişlər və onu Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Şahidlər Şahid1 və Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 05 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellefan torbada ilkin baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək gödəkçə ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. - məhkəmə-bioloji ekspertizasının 06.06.2021-ci il tarixli, 16/531 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş şəffaf selofandakı yaşıl kütlə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyində təmiz çəkisi 8,05 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təhqiqata təqdim olunmuş üzəri möhürlü olan polietilen torbadakı 1 (bir) ədəd qara rəngli iki yan cibli qolsuz jiletin sol yan cibindən təmiz çəkisi 0,35 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə, çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulumuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə olan marixuana ilə bir ədəd polietilen torbada olan qara rəngli jiletin sol yan cibində olan marixuana tərkiblərinə görə eynidirlər. - məhkəmə-narkoloji ekspertizasının 20.08.2021-ci il tarixli 971 saylı rəyindən gürünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - məhkəmə-psixatriya ekspertizasının 30.07.2021-ci il tarixli 422 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyət aksentuasiyası) baxmayaraq o, ona şamil edilən hazırkı cinayət əməlim törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. - Azərbaycan Respublikası DlN-nin BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işinə əlavə edilmiş Gədəbəy rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli 1(042)-51/2020 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 243.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada və müddətə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən və götürülməyən şəxs hesab edilmişdir. - Gədəbəy rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli 1(042)-51/2020 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 7 ay 23 günü ağır cəza 9 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin 19.11.2021-ci il tarixli qərarından görünür ki, “08 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı tətbiq olunaraq Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli qərarı ilə əvəz edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 ay 08 gün azadlıqdan məhrumetmə cəzasından 6 ay azaldılaraq üzərində qəti olaraq 1 ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır . Təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü təqsirli bilməməsi, ona Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi, narkotik vasitənin ona məxsus olmaması, onun üstünə sonradan qoyulması barədə ifadəsində gətirdiyi arqumentlərin yoxlanılması üçün həmin məlumatlar Gədəbəy rayon Prokurorluğuna göndərilmişdir. Gədəbəy rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor E.Hümbətovun 04.11.2021-ci il tarixli cinayət işinin başlanması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi, narkotik vasitənin onun üstünə sonradan qoyulması barədə məlumatlar qeydə alınaraq hərtərəfli araşdırılmış, material üzrə cinayət hadisəsi olmamasına görə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Gədəbəy rayon Polis şöbəsinə 05.06.2021-ci il tarixdə saat 11-də gətirilməsi, əsassız saxlanılaraq 16.10-da onun üstündə axtarış aparılması barədə ifadəsinin yoxlanması ilə əlaqədar Gədəbəy rayon Polis şöbəsinə sorğu göndərilmiş, sorğuya verilmiş cavabda Təqsirləndirilən şəxs 05.06.2021-ci il tarixdə saat 16.30 radələrində Gədəbəy rayonu Polis şöbəsinə gətirildiyi, şöbənin dəhlizində nəzarətdə qaldığını, müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində axtarış aparıldığı qeyd edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin özünü müdafiəsi üçün gətirdiyi arqumentlər təsdiqini tapmamışdır. Odur ki, təqsirləndirilən şəxsin ona törətməsi istinad edilən cinayət əməlini etiraf etməməsi barədə verdiyi ifadəsini, məhkəmə iclasında tədqiq olunmuş digər mötəbər sübutlarla müqayisəli təhlil edən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının 5-də Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - cəmi çəkisi 8,40 qram təşkil edən qurudulmuş marixuana əldə etmiş, daşımış və saxlamışdır. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edirki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. Məhkəmədə müəyyən olundu ki, Həsənov X2 rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli, bilinib 02 il 02 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası qaydasında Gədəbəy rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli qərarı ilə onun çəkilməmiş qalan 01 il 7 ay 23 gün cəzası 9 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkum sözügedən qərardan apelyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 19.11.2021-ci il tarixli qərarı ilə 08 Noyabr-Zəfər Günü münasibətilə aministiya elan olunması haqqında Milli Məclisin qərarı tətbiq olunaraq Təqsirləndirilən şəxs çəkilməmiş qalan 07 ay 08 gün müddətə azadlıqdan məhrumetmə cəzasından 6 ay azaldılaraq üzərində qəti olaraq 1 ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum olunduğundan, hazırki cinayəti məhz azadlığın məhdudlaşdırılması cəzası çəkərkən törətdiyindən residivin təyini zamanı bu hal nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, şəxsiyyətini xarakterizə edən halları, törətdiyi cinayət əməlin ictimai təhlükəliliyini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi cinayət qanunu normasının sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi cəzanın məqsədlərinə nail olunması üçün məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəzaya Gəncə Apellyasiya Məhkəməsinin 19.11.2021-ci il tarixli qərarı ilə üzərində saxlanmış 1 ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Məhkəmə həmçinin, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması ilə kifayətlənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 132.1.1,132.1.6 və 132.1.7-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd şəffaf rəngli polietilen kəsiyində olan qalıq 8,0 qram və bir ədəd kağız paketdə olan 0,30 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut bir ədəd qara rəngli gödəkçə qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, bir ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32.40 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin 19.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanmış 01 ay 08 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 01 gün hissəsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 1(bir) il 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri - 32,40 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd şəffaf rəngli polietilen kəsiyində olan qalıq 8,0 qram və bir ədəd kağız paketdə olan 0,30 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut bir ədəd qara gödəkçə qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işi materiallarında saxlansın. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə 2 saylı İstintaq təcridxanasına tapşırılsın. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar