Məhkəmə qərarları › İş №1(042)-59/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-59/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-59/2021 28.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Gədəbəy rayonu, Göyəlli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Göyəlli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına 28 oktyabr 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 avqust 2021 -ci il tarixdə saat 18 radələrində sərxoş vəziyyətdə Gədəbəy rayonu, Çayrəsullu kəndi ərazisində yerləşən həftəlik bazarın qarşısında dayanmış, rayonun Şınıx kənd sakini Zərərçəkmiş şəxs məxsus VAZ 2107 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırdığına görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ittiham edilmşdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Göyəlli kəndində yaşayır. O, Çayrəsullu kəndi ərazisində yerləşən avtoyuma məntəqəsində işləyir. 24 avqust 2021-ci il tarixdə saat 18:30 radələrində işlədiyi avtoyuma məntəqəsindən həftəlik bazarın qarşısına tərəf gələn zaman yağış yağdığını görmüş və həmin vaxt bazarın qarşısında saxlanılmış VAZ 21074 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, qapısının açıq vəziyyətdə olduğunu görərək, sükan arxasında ələşmişdir. O, təxminən 15 dəqiqə avtomobilin içərisində müsiqiyə qulaq asmışdır. Sonra avtomobilin içərisinə baxdıqda avtomobilin açarını sənədlər qoyulan yerdən tapmış və avtomobili işə salaraq işlədiyi yerə getmək qərarına gəlmişdir. Yolda qarşısına avtomobil çıxdığına görə o, idarəetməni itirmiş və nəticədə avtomobil yol kənarında olan qaz borusuna dəyərək, əzilmişdir. Bundan sonra o, yenidən avtomobili sürərək, avtomobili apardığı yerin yaxınlığına gətirib saxlamışdır. Onun avtomobili oğurlamaq fikri olmamış, yalnız iş yerinə getmək istəmişdir. Törətdyi əməldən peşmandır. Zərərçəkmişdən üzr istəmişdir. Lakin ona dəymiş ziyanı ödəmək imkanları yoxdur. Yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərərk, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Şınıx kəndində yaşayır və fərdi təsərüffatla məşğul olur. 24 avqust 2021-ci il tarixdə, saat 17-18 radələrində özünə məxsus olan VAZ 21074 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilini Çayrəsullu kənd ərazisində həftəlik bazarın qarşısında saxlayıb yaşadığı evə getmişdir. O, avtomobilini saxladığı yerə qayıdanda avtomobili saxladığı yerdən təxminən 20-30 metr məsafə aralıqda saxlanıldığını görmüşdür. Avtomobilə yaxılşanda görmüşdür ki, avtomobil əzilmiş vəziyyətdədir. Ətrafdakı insanlardan avtomobilin kim tərəfindən sürüldüyünü soruşmuş və Aydın adlı şəxsin avtomobili idarə edib, vurub, qaytarıb yerində qoyduğunu müəyyən etmişdir. Hazırda təqsirləndirilən şəxs ona vurduğu ziyanın əvəzini ödəməmişdir. Onlar barışmamışlar və ona görə də təqsirləndirlən şəxsə qanunda nəzərdə tutulmuş ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid Firuddin oğlu ifadə verərək, bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Vəsrəddin oğlunu tanıyır. Əvvəllər aralarında hər hansı bir ədavətin olmamışdır. 24 avqust 2021-ci tarixdə işlətdiyi mağazada olarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus VAZ 21074 markalı avtomobili mağazanın qarşısında olan yolda əzilmiş vəziyyətdə saxladığını və avtomobildən düşüb getdiyini görmüşdür. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X7 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. İşdə olan Etibarnamədən görünür ki, VAZ 21074 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs sahibliyində olmuşdur. İşdə olan 31 avqust 2021 -ci il tarixli X9 görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ 21074 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilə 380 (üç yüz səksən) manat dəyərində maddi ziyan vurulmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İşdə olan X3 surətlərindən görünür ki, iki azyaşlı uşaq, 25 dekabr 2019-cu il tarixdə doğulmuş X6 və 29 yanvar 2021-ci il tarixdə doğulmuş X1 Aydın Nəsrəddin oğlunun himayəsindədirlər. İşdə olan Gədəbəy RİHB-nın Şınıx Kənd İƏD üzrə Nümayəndəliyi tərəfəindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və işdə olan digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdə saat 18 radələrində sərxoş vəziyyətdə Gədəbəy rayonu, Çayrəsullu kəndi ərazisində yerləşən həftəlik bazarın qarşısında dayanmış, rayonun Şınıx kənd sakini Zərərçəkmiş şəxs məxsus VAZ 2107 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmış və bununla da Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yəni, təhqiqat orqanı tərəfindən onun əməli düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxsin himayəsində iki azyaşlı uşağın olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, təqsirini səmimi etiraf etməsini və törətdiyi əməldən peşmam olmasını təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək, belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış VAZ 21074 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi X8 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar