Məhkəmə qərarları › İş №1(042)-6/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-6/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-6/2021 06.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi X6 iştirakları ilə xx xxxxxx 1960-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, məhkum olunmamış, Gədəbəy rayonu, X11 Tam Orta Məktəbində müəllim işləyən, Gədəbəy rayonu, Böyük Qışlaq kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 06 may 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 16 fevral 2020-ci il tarixdə saat 12:30-da radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq “nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi UAZ- 469 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Novo Saratovka-Gədəbəy avtomobil yolunun 1-ci kilometrliyində üzü Gədəbəy şəhəri istiqamətində hərəkət etdirərkən həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların "nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bu qaydalara əməl etməyərək avtomobili qarşı hərəkət zolağına çıxartmış və qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 mülkiyyətində olan Zərərçəkmiş şəxs3 idarə etdiyi VAZ-2106 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaratdığına görə Zərərçəkmiş şəxs3 VAZ-2106 markalı avtomobili sola doğru istiqamətləndirmiş, eyni vaxtda Təqsirləndirilən şəxs da UAZ-469 markalı avtomobili öz yoluna istiqamətləndirərək nəqliyyat vasitələri arasında toqquşmanın baş verməsinə səbəb olmuş və ehtiyatsızlıqdan UAZ-469 markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 başın, sol əlin əzilmiş-çapılmış yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət, VAZ-2106 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 sağ bud sümüyünün qapalı, qəlpəli sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət, həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün burmalardan keçən qəlpəli, yer dəyişən sınığı, sağ oturaq sinirin zədələnməsi, sol ayağın 2-ci daraq sümüyünün iki qat, 3-cü daraq sümüyü başının və kubabənzər sümüyün sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər yetirilməsinə və VAZ-2106 markalı avtomobilə 2244 manat maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Köhnə Qışlaq kəndində ailəsilə birlikdə yaşayır. UAZ-469 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili var, lakin sürücülük vəsiqəsi yoxdur. 16 fevral 2020-ci il tarixdə həmin avtomobillə Novo Saratovka bazarına getmişdir. Saat təxminən 12.20 dəqiqədə bazarda işlərini qurtarmış, evə gələrkən həmkəndlisi Zərərçəkmiş şəxs1 da avtomobilinə oturmuşdur. Təxminən 12.30 radələrində Novo Saratovka kəndindən çıxıb Gədəbəy istiqamətinə gələrkən sağa döngəli yerə çatmağa təxminən 30-35 metr qalmış göy rəngli VAZ 2106 markalı avtomobil öz yolunqdan qəflətən onun yoluna çıxmışdır. O, imkan tapıb nə yana qaça bilmiş, nə də əyləci basa bilmiş, asfaltın sağ qurtaracağında VAZ 2106 markalı avtomobilin qabaq sağ işıq hissəsi onun maşınının nömrə bağlanan yerindən dəymiş, onun maşını qabağı sağa, arxası sola burulmuş və maşının qabaq hissəsi VAZ 2106 markalı avtomobilin qabaq sağ qapısını sıxmış, hər iki maşın bu vəziyyətdə yerində qalmışlar. Təhlükə yaranan andan toqquşma yerinə qədər təxminə 30-35 metr məsafə olmuşdur. Onun maşınında olan Ramizin əli yaralanmış və onlar hər ikisi maşından düşmüşlər. VAZ 2106 markalı avtomobildə sürücü, bir də yanında olan sərnişin də yaralanmışlar. Onlar Ramizlə birlikdə, o cümlədən, yoldan keçənlər yaralananları maşından çıxarmışlar. O, təcli yardıma zəng eləmiş, bir qədər keçmiş, Ramizi də, VAZ 2106 markalı avtomobildə olan hər iki yaralını da təcili yardım maşını ilə xəstəxanaya yola salmışlar. Orada öyrənmişdir ki, VAZ 2106 markalı avtomobil Gədəbəy rayonunun Fərzalı kəndindən olan Xəyyam məxsusdur. Maşını isə həmkəndlisi Hafiz idarə etmişdir. O, hadisə yerində qalmış, polis əməkdaşları gəlib hadisə yerini sənədləşdirmişlər. Bir halda ki, Zərərçəkmiş şəxs3 maşını idarə edərkən heç bir səbəb olmadan qəflətən onun hərəkət etdiyi zolağa çıxmışdır, o, özünü təqsirli bilmir. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək, bildirmişdir ki, həqiqətən 16 fevral 2020-ci il tarixdə saat 12.30 radələrində həmkəndlisi Müsaməddin Qasımovun UAZ 469 markalı avtomobili ilə Novo Saratovka kəndindən Gədəbəy istiqamətinə getmişdir. Kəndin çıxacağında o, telefona baxmış və hadisənin necə baş verdiyini görməmişdir. Hadisə nəticəsində xəsarət almışdır. Eyni zamanda, VAZ 2106 markalı avtomobildə toqquşma nəticəsində sonradan tanıdığı Hafiz və yanında oturmuş Xəyyam yaralanmışlar. O, Müsaməddin Qasımovla birlikdə Hafiz və Xəyyama yardım edib maşından çıxarmışlar. Müsaməddin Qasımov təcili yardıma zəng etmiş, onu, Xəyyamı və Hafizi təcili yardım maşını ilə xəstəxanaya aparmışlar. Onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək, bildirmişdir ki, o, Fərzalı kəndində ailəsilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 həmkəndlisi və dostudur. Onun VAZ 2106 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili var. 15 fevral 2020-ci il tarixdə Xəyyam ondan xahiş etmişdir ki, Tovuz rayonuna bacısıgilə gedəcək, sürücülük vəsiqəsi yoxdur, onun maşınını sürsün, birlikdə gedib gəlsinlər. O, razılaşmış, həmin günü onun maşınını sürmüş, Xəyyam isə yanında oturmuşdur. X12 şəhərində yaşayan bacısı Mahirəgilə gedib axşamı onlarda qalmışlar. Səhər Gədəbəyə qayıtmışlar. Yenə o, maşını sürmüş, Xəyyam isə qabaqda yanında oturmuşdur. Saat 12:30 radələrində onlar Novosaratovka kəndinin girişindəki parka çatmağa az qalmış təxminən 60 km/saat sürətlə gedərkən, yolun həm az enişli, həm də sola meyilli yerində qəflətən təxminən 50 metr irəlidə onun hərəkət zolağında bir UAZ 469 markalı maşının gəldiyini görmüş, sol hərəkət zolağı boş olduğuna və maşın olmadığına görə toqquşmamaq üçün maşını sol hərəkət zolağına sürmüş, eyni vaxtda əyləci basmışdır. Buna baxmayaraq, yolun sol tərəf qurtaracağında həmin UAZ 469 marka maşının qabaq hissəsi onun idarə etdiyi VAZ 2106 markalı avtomobilin qabaq sağ qapı, sağ qanad hissəsindən zərbə ilə dəymiş və onun idarə etdiyi maşını bir qədər də yolun torpaq hissəsinə çıxarmışdır. Hər iki maşın bu vəziyyətdə dayanıb qalmışdır. Onun qarşıdan gələn maşını görmə yerindən toqquşma yerinə qədər olan məsafə təxminən, 35 metr olmuşdur. O da, Xəyyam da hər iksi maşında sıxılıb qalmışlar. Tanımadığı şəxslər onları maşından çıxarmış, onun sağ ayağı, Xəyyamın isə hər iki ayağı sınmışdır. Ora çoxlu adamlar toplaşmış, bir qədər keçmiş təcili yardım maşını gəlib onları əvvəlcə Gədəbəy xəstəxanasına, oradan isə Gəncə xəstəxanasına, daha sonra X8 aparmışlar. Xəyyamı isə Bakı şəhərinə, Travmatologiya xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs ona müalicə edilməsində yardım göstərməmişdir. O, özünün təqsirli olmasını da mübahisələndirir. Buna baxmayaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək, bildirmişdir ki, həqiqətən VAZ 2106 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili var. Sürücülük vəsiqəsi olmadığına görə onun xahişi ilə həmkəndlisi və dostu Zərərçəkmiş şəxs3 avtomobilini idarə etməsini və onu Tovuz rayonuna bacısıgilə aparmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 razılaşmış və onu Tovuz rayonuna aparmışdır. Onlar 16.02.2020-ci il tarixdə Tovuz rayonundan qayıdarkən saat 12.30 radələrində Novosaratovka kəndi istiqamətində hərəkətdə olarkən həmin kəndin yaxınlığında qəflətən UAZ 469 markalı avtomobilin onların hərəkət zolağı ilə gəldiyini görmüşlər. Hafiz yolun sol hərəkət zolağının boş olduğunu görüb, avtomobili sol hərəkət zolağına yönəltmiş və əyləci basmışdır. Lakin UAZ 469 markalı avtomobil də eyni vaxtda sola öz hərəkət zolağına qaytımışdır. Nəticədə sol hərəkət zolağında asfaltla ehtiyat hissənin kəsişməsində həmin avtomobilin qarşısı ilə onların avtomobilinin qabaq sağ hissəsi toqquşmuşdur. Təqsirləndirlən şəxsin maşınını görmə yerindən toqquşma yerinə qədər olan məsafə təxminən, 35 metr olmuşdur. O və Hafiz xəsarətlər almış, sıxılıb maşında qalmışlar. Onları tanımadıqları adamlar maşından çıxarmış, Hafizin bir ayağı, onun isə hər iki ayağı sınmış, bir qədər keçmiş təcili yardım maşını gəlib onları və UAZ 469 markalı avtomobildə olmuş Ramiz adlı şəxsi xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs ona müalicə edilməsində yardım göstərməmişdir. O, özünün təqsirli olmasını da mübahisələndirir. Buna baxmayaraq, ona yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, X5 baş vermiş hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İşdə olan Hadisə yerinə baxış protokolundan görünür ki, hadisə baş verən yol asfalt örtüklü, düz və qurudur, hava günəşlidir. Yolun hərəkət hissəsinin eni 07 metr, Gədəbəy- Novo Saratovka istiqamətində sol ehtiyat hissə 2,40 metr, sağ ehtiyat hissə isə 1,50 metrdir. Sol ehtiyat hissədən sonra sərt enişli boş xam torpaq sahəsi, sol ehtiyat hissədən sonra isə yoxuşlu boş xam torpaq sahəsidir. Yolur sol ehtiyat hissəsində üzü Novosaratovka kəndi istiqamətində göy rəngli VAZ 2106 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil, qarşısı onun qabaq sağ qapısına bitişik, arxası yolun hərəkət hissəsinə doğru Novosaratovka kəndi istiqamətinə az meyilli vəziyyətdə UAZ-469 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil qalmışdır, UAZ 469 markalı avtomobilin qabaq təkərləri ehtiyat hissədə, arxa təkərləri isə asfaltın üstündədir, UAZ 469 markalı avtomobilin arxa sağ təkərindən sol ehtiyat hissəyədək olan məsafə 70 sm, arxa sol təkərindən sol ehtiyat hissəyədək məsafə isə 01 metrdir. VAZ 2106 markalı avtomobil sol ehtiyat hissədə olmaqla arxa sağ təkər asfaltdan 01 metr, qabaq sağ təkər isə 1,30 sm məsafədə yerləşir. VAZ 2106 markalı avtomobilin qabaq sağ qapısı, UAZ-469 markalı avtomobilin isə qabaq hissəsi əzilmiş vəziyyətdədir. Avtomobillər dayanmış vəziyyətdə aralıqlarında yerdə və UAZ 469 markalı avtomobilin altında asfaltla sol ehtiyat hissənin kəsişdiyi yerdə avtomobillərdən qopmuş hissəciklər vardır. Həmin hissəciklər töküldüyü yer toqquşma nöqtəsi kimi qəbul olunur. Toqquşma yeri asfaltın Novosaratovka istiqamətində sol qurtaracağı ilə sol ehtiyat hissənin kəsişdiyi yerdir. Yolun Gədəbəy-Novosaratovka kəndi istiqamətində sol hərəkət zolağından sol ehtiyat hissəyə və VAZ 2106 markalı avtomobilə doğru maili vəziyyətdə tormoz izi vardır, tormoz izinin əvvəli sol ehtiyat hissədən hərəkət hissəyə doğru 01 metr məsafədən başlayaraq sol ehtiyat hissəyədək 10 metr uzanır. Hadisə yerindən Gədəbəy istiqamətinə görmə məsafəsi 50 metr, Novosaratovka kəndi istiqamətinə isə 100 metrdir. Gədəbəy istiqamətinə 50 metrdən sonra yol sola döngəli və görünməzdir. İşdə olan Gədəbəy Rayon MTE və PA Şöbəsinin məhkəmə-tibbi ekspertizasının 11,07.2020-ci il tarixli, 473 saylı rəyindən görünür ki, göstərilən hadisə nəticəsində Zərərçəkmiş şəxs1 başın, sol əlin əzilmiş-çapılmış yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirilmişdir. İşdə olan Gədəbəy Rayon MTE və PA Şöbəsinin məhkəmə-tibbi ekspertizasının 01,04.2020-ci il tarixli 169 saylı rəyindən görünür ki, göstərilən hadisə nəticəsində Zərərçəkmiş şəxs3 sağ bud sümüyünün qapalı, qəlpəli sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər yetirilmişdir. İşdə olan Gədəbəy Rayon MTE və PA Şöbəsinin məhkəmə-tibbi ekspertizasının 09.05.2020-ci il tarixli 268 saylı rəyindən görünür ki, göstərilən hadisə nəticəsində Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün burmalardan keçən qəlpəli, yer dəyişən sınığı, sağ oturaq sinirin zədələnməsi, sol ayağın 2-ci daraq sümüyünün iki qat, 3-cü daraq sümüyü başının və kubabənzər sümüyün sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər yetirilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 iyun 2020-ci il tarixli 8/592 saylı Rəyindən görünür ki, İ variant: sürücü Təqsirləndirilən şəxs izahatına əsasən UAZ-469 markalı avtomobilin öz zolağı ilə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan VAZ-2106 markalı avtomobilin qarşı hərəkət zolağına çıxaraq UAZ-469 markalı avtomobıllə toqquşması şəraitində: 1.VAZ-2106 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2.Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: -hərəkət üçün təhlükə yaranan anda UAZ-469 marka ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 25,4-29,9 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X2 toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olmamış onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. -hərəkət üçün təhlükə yaranan anda UAZ-469 marka ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma verindən 25,4-29,9 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X1 toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-c maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İİ variant: sürücü Zərərçəkmiş şəxs3 izahatına əsasən VAZ-2106 markalı avtomobil öz zolağı ilə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan UAZ-469 markalı avtomobilin onun hərəkət zolağına çıxması, bu səbəbdən VAZ-2106 markalı avtomobilin sol zolağ çıxarkən UAZ 469 markalı avtomobilin öz zolağına qaydaraq avtomobillərin toqquşması şəratində: 1.Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: -hərəkət üçün təhlükə yaranan anda VAZ-2106 marka ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma verindən 44,9-50,5 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs3 toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olmamış və onur hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. -hərəkət üçün təhlükə yaranan anda VAZ-2106 marka ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 44,9-50,5 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs3 toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olmuş və onun Hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 2.UAZ-469 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan komissiyon məhkəmə yol-nəqliyyat ekspertizasının 29 yanvar 2021-ci il tarixli 8/2404 saylı Rəyindən görünür ki, nəqliyyat vasitələri arasında toqquşma hər iki sürücünün göstərdiyi hadisə mexanizmi üzrə baş verə bilər. Fotoşəkillərə baxış keçirməklə hadisənin real baş vermə mexanizmini yol nəqliyyat ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. İ variant: sürücü Təqsirləndirilən şəxs ifadəsinə əsasən UAZ-469 markalı avtomobilin öz zolağı ilə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan VAZ-2106 markalı avtomobilin qarşı hərəkət zolağına çıxaraq UAZ-469 markalı avtomobillə toqquşması şəraitində: 4.VAZ-2106 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 5.Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: -hərəkət üçün təhlükə yaranan anda UAZ-469 marka ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 25,4 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olmamış onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. -hərəkət üçün təhlükə yaranan anda UAZ-469 marka ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma verindən 25,4 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X1 toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-c maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İİ variant: sürücü Zərərçəkmiş şəxs3 ifadəsinə əsasən VAZ-2106 markalı avtomobil öz zolağı ilə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan UAZ-469 markalı avtomobilin onun hərəkət zolağına çıxması, bu səbəbdən VAZ-2106 markalı avtomobilin sol zolağ çıxarkən UAZ 469 markalı avtomobilin öz zolağına qayıdaraq avtomobillərin toqquşması şəratində: 4.Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: -hərəkət üçün təhlükə yaranan anda VAZ-2106 marka ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma verindən 44,9 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs3 toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olmamış və onur hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. -hərəkət üçün təhlükə yaranan anda VAZ-2106 marka ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 44,9 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs3 toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 5.UAZ-469 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan təhlükə yaranan andan toqquşma yerinə qədər olan məsafənin müəyyən edilməsi məqsədilə keçirilmiş ifadənin yerində yoxlanması haqqında 02 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 göstərdiklərinə əsasən həmin məsafə 34 metr olmuşdur. İşdə olan təhlükə yaranan andan toqquşma yerinə qədər olan məsafənin müəyyən edilməsi məqsədilə keçirilmiş ifadənin yerində yoxlanması haqqında 02 avqust 2020-ci il tarixli protokoldan görünür ki, X1 göstərdiklərinə əsasən həmin məsafə 15 metr olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Tovuz RQİ və TBŞ-dən alınmış 17.06.2020-ci il tarixli 894 saylı məktubdan görünür ki, Gədəbəy rayonu, Köhnə Qışlaq kəndində yaşayan X1 adına sürücülük vəsiqəsi verilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nin İnəkboğan İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, X5 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan ekspertiza rəylərindən görünür ki, məhkəmə məsrəfləri cəmi, 200 manatdır. İşdə olan protokollardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış UAZ 469 markalı ** BG *** və VAZ 2106 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərində saxlanılır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, komissiyon məhkəmə yol nəqliyyat ekspertizasının rəyinə əsasən düzgün nəticə çıxarmaq üçün məhkəmə tərəfindən hadisənin yaranma mexanizminin və təhlükə yaranan andan toqquşma yerinə qədər olan məsafənin müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmişlərdən Zərərçəkmiş şəxs1 mobil telefonuna baxdığına görə hadisənin yaranma mexanizmini görmədiyini, digər zərərçəkmişlər isə təqsirləndirilən şəxsin avtomobili əks istiqamətdən qarşı zolaqla hərəkət etdirdiyini, zərərçəkmiş Zərərçəkmiş şəxs3 hadisənin qarşısını almaq üçün idarə etdiyi avtomobili qarşı zolağa yönəltdiyini və eyni zamanda əyləci basdığını, təqsirləndirlən şəxsin də idarə etdiyi avtomobili öz hərəkət zolağına qaytardığını, əyləcdən istifadə etmədiyini və nəticədə toqquşma baş verdiyini, təhlükə yaranan anla toqquşma yerinə qədər olan məsafənin 30-35 metr olduğunu bildirmişlər. Bu halda, təhlükə yaranan andan toqquşma yerinə qədər olan məsafədən asılı olmayaraq, təqsirləndirlən şəxsin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndininin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə nəzərə alır ki, hadisə təqsirləndirlən şəxsin bildirdiyi kimi, yəni, Zərərçəkmiş şəxs3 avtomobili əks istiqamətdən qarşı hərəkət zolağında idarə etdirdiyinə görə baş verdiyi şəraitdə belə təhlükə yaranan andan toqquşma yeri arasında 30-35 metr məsafənin olduğu, bu məsafənin 25,4 metrdən böyük olduğu üçün komissiyon məhkəmə yol-nəqliyyat ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin hadisənin qarşısını almaq imkanı olmuş və onun əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə o halı da nəzərə alır ki, təqsirləndirlən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etmiş, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Yəni, X5 16 fevral 2020-ci il tarixdə saat 12:30-da radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq “nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi UAZ-469 markalı **-BG-*** jövlət qeydiyyat nişanlı avtomobili Novosaratovka- Gədəbəy avtomobil yolunun 1-ci kilometrliyində üzü Gədəbəy şəhəri istiqamətində hərəkət etdirərkən həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların "nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bu qaydalara əməl etməyərək avtomobili qarşı hərəkət zolağına çıxartmış və qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 mülkiyyətində olan Zərərçəkmiş şəxs3 idarə etdiyi VAZ-2106 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaratdığına görə Zərərçəkmiş şəxs3 VAZ-2106 markalı avtomobili sola doğru istiqamətləndirmiş, eyni vaxtda Təqsirləndirilən şəxs da UAZ-469 markalı avtomobili öz yoluna istiqamətləndirərək nəqliyyat vasitələri arasında toqquşmanın baş verməsinə səbəb olmuş və ehtiyatsızlıqdan UAZ-469 markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 başın, sol əlin əzilmiş-çapılmış yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət, VAZ-2106 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 sağ bud sümüyünün qapalı, qəlpəli sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət, həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün burmalardan keçən qəlpəli, yer dəyişən sınığı, sağ oturaq sinirin zədələnməsi, sol ayağın 2-ci daraq sümüyünün iki qat, 3-cü daraq sümüyü başının və kubabənzər sümüyün sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər yetirilməsinə və VAZ-2106 markalı avtomobilə 2244 manat maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və bununla da Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirilən şəxs X1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində təqsirləndirilən şəxs X3 cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış avtomobillərin saiblərində saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizalarının dəyəri olan 200 manat məhkəmə xərci təqsirləndirilən şəxsdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yохdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsii ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay nəqliyyat vasitələrinin idarə etmək hüququ məhdudlaşdırlmaqla 6000 manat miqdarında cərimə cəzası təyin edilsin. X5 barəsində seçilmiş başqa yerə getməmək haqqında şəxsi iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış UAZ 469 markalı ** BG *** və VAZ 2106 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərində saxlanılması nəzərə alınsın. İş üzrə 200 manat məhkəmə xərci X5 oğlundan alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar