Məhkəmə qərarları › İş №1(042)-6/2024

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-6/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-6/2024 04.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1975-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşaq olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin payız aylarında istintaqa məlum olmayan vaxtda Şəmkir rayonu ərazisindən keçən Kür çayının sahilində yabanı halda bitən çətənə kolundan satış məqsədi olmadan 207.21 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi VAZ 2106 markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat təkər qoyulan hissəsində saxlamış, 23 mart 2023-cü il tarixdə həmin narkotik vasitə-qurudulmuş marixuanadan 2.21 qram çəkidə hissəsini üzərində daşıyaraq şəxsi avtomobili ilə Gədəbəy rayonuna getmiş, həmin tarixdə saat 15.30 dəqiqədə Gədəbəy rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon Mərkəzi bazarının ərazisində saxlanılaraq Gədəbəy rayon Polis şöbəsinə gətirilib üstündə həyata keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq, kustar üsulla hazırlanmış təmiz çəkisi 2.21 qram miqdarda, VAZ 2106 markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən isə avtomobilin yük yerində olan ehtiyat təkər qoyulan hissəsindən bir ədəd yaşıl rəngli sellofan torbanın içərisində təmiz çəkisi 205 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, özünə məxsus VAZ 2106 markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Ailəlidir, 2 övladı və ailəsilə birgə Şəmkir rayonunda yaşayır. Payız aylarında Kür çayının yanına balıq tutmaq üçün getmiş, çayın yaxınlığında moruq ağaclarının içində narkotik tərkibli bitki kolu görmüşdür. Əvvəlcədən bitki barəsində məlumatı olduğundan bunun nə olduğunu bilmiş və qopararaq avtomobilinə qoymuşdur. O, taksi sürücüsü kimi sərnişin olduqda Gədəbəy rayonuna gəlib-gedir. 23 mart 2023-cü ildə narkotik vasitəni çıxarıb istifadə etmək istədikdə sərnişin Sərxan ona zəng vurmuşdur. Gədəbəy rayonuna gedərkən narkotik vasitədən bir az özü ilə götürmüşdür. Həmin gün saat 12.30-da Gədəbəydə tutulmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək əlavə ifadəsində göstərdi ki, onun avtomobilindən çıxan narkotik vasitələr ona məxsus deyildir. Onun sürücü kimi Gədəbəy rayonuna gətirdiyi sərnişinlər ona Gədəbəy rayonunda qazi dostları olmasını, onunla yeyib içməyə getdiklərini, bunun üçün ona 20 manat pul verəcəklərini bildirmişlər. Onlar Gədəbəy rayonuna çatmış, bazara gedərək orada sərnişinləri düşürtmüş, daha sonra çayçıya getmişlər. Gədəbəy rayonunda yerləşən bazarın ərazisində avtomobildə əyləşərək narkotik vasitədən istifadə etmişlər, daha sonra o, bayıra çıxan sərnişinlərə getmək üçün gəlmələrini bildirmiş, bu zaman polis əməkdaşları gələrək onları saxlamışdır. Polislər ona avtomobilinə qoyacaqları narkotiklərin ona maxsus olmasını bildirməsini, əks halda üzünə adam qoyaraq 2 kiloqram narkotik vasitənin onun olmasını qeyd edəcəklərini bildirmişlər. Onun 3 və 6 yaşında iki körpə uşağı olduğu üçün qorxaraq ittihamları qəbul etsə də bildirilən narkotik vasitələr ona məxsus deyildir. Narkotik vasitəni Qabbar vermiş, narkotik vasitə ot şəklində olmamış, metanfetamin olmuşdur. O, həmin gün yeyib-içməyə getdikləri üçün və o içmədiyi üçün narkotikdən istifadə etmişdir. Onu polis şöbəsində əməliyyat müvəkkilləri döymüş, ona hədə qorxu gəlmişlər. Onun ayaqlarına təpiklə, böyürlərinə isə yumruqla zərbələr endirmişlər. O, bu barədə birinci dəfə danışır. Bu söhbətlərdən sonra iki dəfə infakt keçirmişdir. O, polislərə onu vurmamalarını, nə istəsələr edəcəyini bildirmişdir. Şahid1 məhkəmə iclasında göstərdi ki, Gədəbəy rayon Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. 23 mart 2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə şöbəsinə Şəmkir rayon sakinləri Mahir, Qabbar və Sərxan adlı şəxslərin narkotik dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Onlar Gədəbəy rayonu ərazisində yerləşən bazara getmişlər. Həmin şəxsləri saxlayaraq şöbəyə gətirmişlər. Qabbarın üzərindən metamfetamin aşkar olunmuş, Sərxanın üzərindən heç bir maddə aşkar olunmamışdır. Mahirin üzərindən isə 217 qram çəkidə narkotik vasitə marixuana aşkar olunmuşdur. Özü də əməlini səmimi etiraf etmişdir. Şahid1 həmçinin bildirdi ki, narkotik vasitə Mahirin avtomobilinin yük yerindən də tapılmış, təqsirləndirilən şəxs özü təqdim etmişdir. Təqsirləndirilən şəxs ekspert həkim müayinə etmişdir. Onlara istintaq məlumatı daxil olmuş, onlar Gədəbəy rayonu Mərkəzi bazarına getdikdə bazarın arxa tərəfində avtomobili görmüş, bu zaman avtomobildən bir nəfər düşmüş, lakin düşən şəxsin kim olması uzun zaman keçməsinə görə yadında qalmamışdır. Avtomobil dayanmış halda olmuşdur. Mahir narkotik vasitəni Şəmkir rayonunda Kür çayının kənarından tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təxminən yadında qalmışdır ki, təqsirləndirilən şəxs narkotik vasitəni avtomobilin yük hissəsindən çıxarıb vermiş, axtarışlar video çəkiliş ilə aparılmışdır. Şahid1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi əlavə ifadəsində bildirdi ki, avtomobilə baxış keçirilməsi barədə video diskə baxmışdır. Təqsirləndirilən şəxs tərəflərindən hər hansı zorakılıq tədbiq edilməmiş, videoda göründüyü kimi, Mahir özü avtomobilinə yaxınlaşıb yük yerini açmış, sellofanda olan narkotik vasitəni təqdim etmişdir. Düşünür ki, Təqsirləndirilən şəxs əli qabaq tərəfdən narkotik vasitə olan yerə çatmadığı üçün təkərin digər tərəfindən içərisində narkotik vasitə olan sellofan torbanı götürüb təqdim etmişdir. Avtomobilin qapıları bağlı olmuş, özü yaxınlaşaraq qapıları açmışdır. Şahid2 məhkəmə iclasında göstərdi ki, Gədəbəy rayon Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirəndirilən şəxsi əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Gədəbəy rayonu Təzə bazar adlanan ərazidə onlar Mahir və digər iki şəxsi narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuş istintaq məlumatı əsasında yaxınlaşaraq saxlamışlar. Onların üzərlərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr eksperizaya göndərilmiş və həmin kütlənin narkotik vasitə olması aşkar edilmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən də aşkar edilmişdir. Şahid2 əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələr marixuana olmuş, üzərindən və avtomobilin yük yerindən aşkar edilmişdir. Narkotik vasitəni Təqsirləndirilən şəxs yerdən tapdığını bildirmişdir. Narkotik vasitə Mahirin sağ cibindən tapılmış, bağlı bükümdə olmuş, uzun müddət keçməsinə görə tam yadında qalmasa da, göy rəngli sellofanda olmuşdur. Axtarış və baxış video çəkilişlə aparılmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini və digər iş üçün əhəmiyyəti olan sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 23 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan şalvarın sağ yan cibindən şəffaf sellofana bükülü vəziyyətdə yaşıl rəngli ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər 2,43 qram çəkidə kütlə aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. - 23 mart 2023-cü il tarixli avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs VAZ 2106 markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən ehtiyyat təkər qoyulan hissədən yaşıl rəngli sellofan torbanın içərisində yaşıl rəngli ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. - Məhkəmə bioloji ekspertizasının 24 mart 2023-cü il tarixli, 16/343 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs...." sözləri və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 2.21 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs...." sözləri və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd içiçə qoyulmuş polietilen torbada təmiz çəkisi 205 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidir. - Məhkəmə - narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli, 1024 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui- istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. -Şəxsiyyəti təsdiq edən sənəddən görünür ki, X1 xx.xx.2017-ci ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası İbrahimova Vüsalə qeyd edilmişdir. - Şəmkir şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tədqiq olunmuş sübutlara mümkünlüyü, mənsubiyyəti və mötəbərliyinə görə ayrı-ayrılıqda tədqiq edərək hesab edir ki, ittiham tərəfindən təqdim edilən sübutlarda şübhələr yoxdur, ona görə də məhkəmə ittiham tərəfindən təqdim edilmiş sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası olaraq qəbul etmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadələrə zidd verdiyi xx.xx.2023-cü il tarixli məhkəmə iclasındakı ifadəsinə tənqidi yanaşır, üzərində və ona məxsus nəqliyyat vasitəsində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, onun Gədəbəy rayon Polis şöbəsində psixi və fiziki zorakılıqlara məruz qalması barədə ifadəsini, məhkəmə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sübutlarla təkzib olunan məsuliyyətdən yaxa qurtarmaq və özünü müdafiə cəhdi kimi verilmiş ifadə kimi qiymətləndirir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi etirafedici ifadələrini digər sübutlarla yoxlayıb qiymət verərək daha mötəbər və inandırıcı hesab edir. Eləcə də, məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin onun Gədəbəy rayon Polis şöbəsində döyülməsi, psixi və fiziki zorakılıqlara məruz qalması barədə xüsusatların yoxlanılması barədə Gədəbəy rayon Prokurorluğuna məktub göndərilmiş, xüsusatlar üzrə araşdırma aparılmış və təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - ümumi təmiz çəkisi 207.21 qram təşkil edən qurudulmuş marixuana əldə etmiş, daşımış və saxlamışdır. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İlk dəfə az ağır cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağ olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halın olmaması, eləcə də şəxsiyyətini səciyyələndirən digər hallar nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın qeyd olunan cinayət hüquq normasındakı sosial ədalətin bərpası, eləcə də onun islah olunması və tərbiyəedici funksiya baxımından yetərlidir və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 23 mart 2023-ci il tarixdən 25 mart 2023-ci il tarixədək şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 mart 2023-ci il tarixdən 25 mart 2023-ci il tarixədək tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlıgın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Məhkəmə həmçinin, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsini və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 132.1.1, 132.1.6 və 132.1.7-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan iki ədəd kağız zərfdə olan, təmiz çəkisi 2.16 və 204.95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32.40 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 mart 2023-ci il tarixdən 25 mart 2023-ci il tarixədək tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək ünvan 1 ünvanda olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri - 32,40 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan iki ədəd kağız zərfdə olan, təmiz çəkisi 2.16 və 204.95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut kimi tanınmış disk cinayət işi materiallarında saxlansın. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar