Məhkəmə qərarları › İş №1(042)-60/2020

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-60/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-60/2020 12.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1981-cı ildə Gədəbəy rayonu, Gərgər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Gədəbəy rayonu, Gərgər kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 15 radələrində Gədəbəy rayonu, Gərgər kəndində yerləşən yaşadıqları evdə aralarında ailə daxili mübahisə zəmnində yaranmış münaqişə zamanı qeyrirəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs əlləri ilə döyərək ona sol qaşın əzilmiş yarası, sol bazunun, döş qəfəsinin arxa səthinin geniş ölçülü qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Gərgər kəndində yaşayır. Birinci dəfə Lamiyə adlı şəxslə 2013-cü ildə ailə qurmuş, aralarında rəsmi nikahları olmamışdır. Onunla bir il yaşamışdır. Zərərçəkmiş şəxs isə onun ikinci arvadıdır. Onunla 2014-cü il tarixdən qeyri-rəsmi nikahda yaşayır. Həmin nikahdan iki azyaşlı övladları var. Hazırda Tünzalə ilə dalaşmış və ayrılmışdır. Birinci arvadı Lamiyə ilə birgə yaşayır. O, özünü təqsirli bilmir. Fəhləliklə məşğul olur. İşdən sonra evə gəldikdə Tünzaləni evdə tapmır. xx xxxxx 2020-ci ildə Tünzalə içkili vəziyyətdə gəlmiş və ona “səni qoymuyacam burda yaşamağa” demişdir. Tünzalənin üzügözü yaralı vəziyyətdə olmuşdur. O, Tünzaləni vurmamışdır. Tünzalə evdən çıxıb getmiş, o da öz işinə getmişdir. Axşam polisdən ona zəng gəlmiş, o da Gədəbəy rayon Polis şöbəsinə gedib ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olundu, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdi və elan olunmuş ifadə ilə əlaqədar bildirdi ki, o, zərər çəkmiş şəxslə barışıb işə xitam verilməsinin mümkün olması üçün ibtidai istintaq zamanı belə ifadə vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, İlqar onun əridir. Onlar qeyri rəsmi ailə kimi yaşayırlar. xx xxxxx 2020-ci ildə qonşuları Ramil onlara gəlmiş, əri İlqar ilə birlikdə araq içmişlər. Ramilin arvadı onu çağırdığı üçün gəlib İlqara- “ay İlqar arvadı Ramili çağırır”- demişdir. Ramil getmiş, sonra İlqar “sən nə üçün gedib deyirsən ki, Ramil bizdədir, araq içir” deyərək onu döymüşdür. O, evdən qaçmış, xeyli uzaqlaşdıqdan sonra İlqar onu yolda tutaraq yumruqla üz nahiyəsinə, bədənin müxtəlif nahiyələrinə vurmuşdur. Başına yumruqla elə vurmuşdur ki, qaşı partlamış və qan gəlmişdir. Sonra Ramil maşınla oraya gəlmiş, İlqarın qolundan tutaraq “xalxın uşağını niyə döyüb öldürürsən? deyib onları aralamışdır. Ramil onları maşına mindirib evlərinə gətirmişdir. O da bu hadisə barədə Gədəbəy rayon Polis şöbəsinə şikayət etmişdir. Şahid X7 məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla tanıyır. Hadisə barədə heç bir məlumatı yoxdur. O, heç bir şey görməmişdir. O, hadisə vaxtı orada olmamış və heçnə görməmişdir. Yaşadığı evİlqargilin evindən aralıda yerləşir. Məhkəmə iclasında şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, şahid məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla tanıyır. Evləri İlqargilin evindən 200-300 metr aralı məsafədə yerləşir. Onun “Niva” markalı avtomobili var. Hərdənbir İlqarı və onun arvadı Tünzaləni bazara aparıb gətirmişdir. İlqarın dedikləri doğrudur. xx xxxxx 2020-ci ildə İlqarı və onun arvadı Tünzaləni evlərinə kimi aparmış, lakin İlqarla Tünzalə arasında dava-dalaşı görməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, şahid məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid X6 ifadəsində göstərdi ki, o, məhkəmə-tibb ekspertidir. Zərərçəkmiş şəxs xx xxxxx 2020-ci il tarixində Gədəbəy rayon Polis şöbəsinin qərarı əsasında müayinə olunmuşdur. Müayinə zamanı onun bədənində qaş nahiyyəsində yara, sol bazusunun və döş qəfəsinin arxa səthinin geniş ölçülü qançırı aşkar edilmişdir. Bu xəsarətlər sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. Sorğu zamanı Zərərçəkmiş şəxs əri tərəfindən döyüldüyünü bildirmişdir. Həmin xəsarətlər yıxılmağa və yaxud özü-özünə yetirməyə xarakterik olan xəsarətlər deyildir. Şahid X8 ifadəsində göstərdi ki, o Gədəbəy rayon Polis şöbəsinin müstəntiqidir. Cinayət işinin ibtidai istintaqını o aparmışdır. İş üzrə şahidlərin ifadələrini öz sözləri ilə yazmış, şahidlərdən Şahid2 öz ifadəsini oxuya bilmiş, əlavəsi olmadığını və ifadəsini təsdiq etdiyini öz xətti ilə özü yazmış, digər şahid X7 isə oxuya bilmədiyi üçün mütəxəssisin iştirakı ilə dinlənilmişdir. Zərərçəkmiş zəxs Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs Ramil adlı şəxs ilə yeyib içdikdən sonra evə gələrək içkili olduğuna görə onunla mübahisə etdiyini, onu əlləri ilə vurmasını, daha sonra evdən qaçmasını, İlqarın gəlib onu yolda tutub yenidən döyməsini, həmin vaxt Şahid2 yoldan keçdiyini və onları maşına mindirərək evə gətirməsini bildirmişdir. X8 əlavə olaraq bildirdi ki, əvvəlcə təqsirləndirilən şəxsin izahatı alınmış, təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf etməmiş, o, təqsirləndirilən şəxsə cinayət əməlini etiraf edərək səmimi peşmançılığını bildirməyin onun üçün yüngülləşdirici hal olmasını, əyər döydüyünü etiraf etsə və zərərçəkmiş şəxs ilə barışarsa cinayət işinə xitam verilə biləcəyini, əks halda qanun icazə vermədiyi üçün cinayət işinə xitam verilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsini verərək əməlini etiraf etmiş, lakin zərər çəkmiş şəxs barışmadığından o işi ittiham aktı ilə məhkəməyə göndərmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmişməhkəmətibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 221 nömrəli rəyindən görünür ki, X2 bədən səthində aşkar olunmuş bədən xəsarətləri sol qaşın əzilmiş yarası, sol bazunun, döş qəfəsinin arxa səthinin geniş ölçülü qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxxx 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 21,02.2000-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin “V” bəndi və 191-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək Gəncə qarnizonu Hərbi Məhkəməsinin hökmü ilə 03 il azadlıqdan məhrum edilmiş, xx.xx.2000-ci il tarixdə AR Milli Məclisinin xx.xx.1999-cu il tarixli Amnistiya qərarının 3 maddəsinə əsasən məsuliyyətdən azad edilmişdir. 23.11,2000-ci il tarixdə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran hərbi məhkəməsinin xx.xx.2004-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.2 və 334.3-cü maddələri ilə təqsirli bilinib 04 ilazadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2006-cı il tarixdə Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 09 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsini müqayisəli təhlil edərək qeyd edir ki, onun Zərərçəkmiş şəxs vurmaması və ona xəsarət yetirməməsi barədə ifadəsi ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ilk izahatında Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini, Tünzalənin ağaca dəyərək yıxıldığını, məhkəmə iclasında verdiyi ifadəsində onunla mübahisə etmədiyini, evə içkili vəziyyətdə gəldiyini və sifətində yara olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsində isə Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini onu əlləri ilə döydüyünü bildirməklə ziddiyyətli ifadələr vermiş, ziddiyyətlərin səbəbini izah edə bilməmişdir. Əksinə, zərər çəkmiş şəxs ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs onu əlləri ilə vurması, xəsarətlərin yeri və törədilmə mexanizmi ekspert rəyi və məhkəmə iclasında dindirilmiş məhkəmə tibb ekspertinin ifadəsi ilə tam üst-üstə düşür. Odur ki, məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edirki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin ediməli, cəzasını iş yeri üzrə çəkməli, cəza çəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 06 ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar