Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-60/2024 12.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Məhəllə ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 18 may 2024-cü il tarixdə Gədəbəy rayon Miskinli kənd sakini Zərərçəkmiş şəxs Turbo.az saytında elanını yerləşdirdiyi UAZ 452D Yük markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilini almaq üçün ona zəng edib hazırda ölkə xaricində olmasını bildirərək beh göndərmək adı ilə kart rekvizitlərini qanunsuz yolla ələ keçirmiş, bundan sonra 20 may 2024-cü il tarixdə Elşad Hüeynovun 4169 7388 2404 9195 saylı Kapital Bank kart hesabından 1349.78 (min üç yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat pulunu elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özünə məxsus hesaba köçürüb gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, aprel ayında işləmiş, sonradan iş yerində müdir dəyişikliyi olmuş və onu işdən çıxarmışlar. Onun pulu olmamışdır. Həmçinin o, bir xanımla kirayədə yaşamışdır. Onun pula ehtiyacı olmuşdur. May ayında işə çıxmaq istəmiş, iş axtarmış, qarşısına “lorz qru” adlı sayt çıxmışdır. Həmin saytda onun qarşısına Rusiya, Azərbaycan və Qazaxıstanda kart alışı və satışı ilə bağlı reklam çıxmışdır. Həmin saytda teleqram linki olmuş və o həmin linkə kilikləyərək nə məsələ olması ilə maraqlanmışdır. Orada bir nəfərlə danışmış və rus dilində danışan həmin şəxs ona əgər boş kartı varsa həmin kartdan istifadə üçün iki həftəliyinə ona 50 manat təklif etmişdir. O, birinci dəfə bununla razılaşmamış, iki gün sonra həmin adam ona görüntülü zəng edərək 50 manat verəcəyini, qorxulu heç nə olmadığını demiş, o həmin adama inanmışdır. Həmin şəxs ondan kartının fotosunu və məlumatlarını istəmiş, o da qorxulu nəsə olmadığını düşünərək həmin adama kart məlumatlarını göndərmişdir. Həmin adam ona kartını sındırmasını dedikdə o bunun nəyə lazım olmasını soruşmuş, həmin şəxs isə ona bunun şəxsi köçürmələr ilə əlaqədar olduğunu demişdir. Onun həmin vaxt imkanı olmadığı, xanımla qaldığı və pula ehtiyacı olduğu üçün həmin adamla razılaşmışdır. Həmin şəxs ona 50 manat göndərmiş və iki həftəyə kart tədbiqini qaytaracağını demişdir. 2-3 gün sonra həmin adam teleqramda yazışmalarını silmişdir. O, həmin vaxt kartını bloklatmışdır. O, həmin adamın nə üçün kartını istədiyini bilməmiş, əgər bilsə idi belə hala yol verməzdi. Polisdə olan zaman bunları demək istəmiş, lakin polislər ona təzyiq göstərmiş və ifadəyə qol çəkməsini bildirmişdir. O qanunu bilmədiyi üçün onlarla razılaşmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, o, zərərçəkmiş şəxsi tanımır, birinci dəfədir ki, görür. O, 50 manat pul qarşılığında kart və tətbiq məlumatlarını tanmadığı başqa şəxsə vermişdir. O, zərərçəkmiş şəxslə heç vaxt danışmamışdır. Dəymiş zərəri anası borc tapıb ödəmişdir. O, bütün kart hesablarını bloklatmışdır. İstintaq zaman verdiyi ifadəni polislərin təziqi ilə vermişdir. Özünü təqsirli bilmir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs məhkəmə zalında verdiyi və ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyət olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaq zaman verdiyi ifadə elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zaman ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Məhəllə H.Z.Tağıyev küçəsində anası və ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhərində doğulmuşdur. Milliyyətcə rus olsa da Bakı şəhərində böyüyüb boya başa çatmışdır. Azərbaycan Respublikası Silahlı qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir. Gədəbəy rayon Mskinli kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Ona pul lazım olduğu üçün 18 may 2024-cü il tarixdə Turbo.az saytında avtomobillərə baxıb rayon yerindən olan elanlara nəzər salmışdır. Həmin vaxt Gədəbəy rayonundan Elşad adlı şəxsin UAZ 452D markalı avtomobili satışa qoyduğunu görmüşdür. Buna görə də virtual hesab vasitəsi ilə qeydiyyatdan keçdiyi +**********61 saylı Kenya nömrəsindən Redmi Note 9 markalı mobil telefondan həmin şəxsə Vatsap üzərindən zəng edib hazırda Rusiya Federasiyasında olduğunu və ona UAZ markalı avtomobil lazım olduğunu demişdir. Həmin şəxs avtomobili təcili satmaq istədiyini dedikdə ona beh göndərə biləcəyini deyib kart hesabını istəmişdir. O, virtual təlimlər vasitəsi ilə öyrəndiyi qaydada ondan əvvəlcə kartın 16 rəqəmini daha sonra isə kartın CVC kodunu istəmişdir. Daha sonra bir bank mobil tətbiq etməsi vasitəsi ilə onun bank hesabına daxil olmaq üçün qeydiyyatdan keçmişdir. Elşad adlı şəxsə behin onun kart hesabına oturması üçün ona bank tərəfindən göndərilmiş OTP kodunu istəmişdir. Elşadın bank hesabına girdikdə onun hesabında pul olmadığını görmüş və bundan sonra mobil tətbiq etmə üzərindən onlayn kredit müraciəti etmişdir. Bundan sonra Elşadın kart hesabına yüklənmiş 1330 manat pulun 1318 manatını istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinin M10 hesabına yükləmişdir. Bundan sonra isə həmin vatsap nömrəsindən Elşadı bloklamışdır. O, hazırda etmiş olduğu əməldən peşmandır və Zərərçəkmiş şəxs dəymiş zərəri tam şəkildə ödəyib onunla barışmışdır. Zərərçəkmiş şəxs başqa hər hansı şəxsin kart hesabından pul oğurlamamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 18 may 2024-cü il tarixdə evə gəldikdə tanımadığı iki nömrədən ona zəng gəldiyini görmüşdür. O, özünə məxsus avtomobili həmin gün “Turo.az” saytında satışa qoymuşdur. Ona zəng gələn nömrəyə zəng etdikdə telefondaki adam ona avtomobilə görə narahat etdiyini bildirmişdir. Həmin şəxs ona kartını atmasını və ona 1000 manat beh göndərəcəyini demişdir. O, əvvəlcə kartını atmaq istəməmiş, həmin şəxsə məsləhətləşib onunla danışacağını demiş və zəngini dayandırmışdır. Sonra həmin adama görüntülü zəng etmiş və hardasa 10 saniyə həmin adamla danışmışdır. Həmin şəxs yarı Rus, yarı Azərbaycan dilində danışırmış və o həmin adama kartın 16 rəqəmli kodunu demişdir. O, kartın rəqəmlərini düz deyə bilmədiyi üçün həmin adam ondan kartının şəklin atmasını istəmiş və o həmin şəxsə kartının şəklini atmışdır. Sonradan kontur vurmaq üçün kart tədbiqinə girmək istədikdə kartının bloklandığını görmüşdür. Polisə Şöbəsinə gedərək məlumat vermiş və polislər həmin adamı taparaq ziyanını ödətdirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında əlavə olaraq bildirdi ki, o, təqsirləndirilən şəxslə görüntülü danışmışdır. Hadisə baş verən zaman danışdığı şəxs təqsirləndirilən şəxs olmuşdur. Onun kartından 27 manat pul olmuşdur. Təqsirləndirilən şəxs onun adından tətbiqə qoşulmaqla adına kredit götürmüş və həmin pulu çəkmişdir. Ona dəymiş 1400 manat məbləğində ziyan ödənilmişdir. Onun təqdirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - X2 Səhmdar Cəmiyyətindən alınmış plastik kart hesabından həyta keçirilən əməliyyatlara dair çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 4169 7388 2404 9195 nömrəli birbank cashback plus kartından xx.xx.2024-cü il tarixdə 19 manat 78 qəpik və 1330 manat pul Təqsirləndirilən şəxs Aleksanroviçin ******************** saylı hesabına köçürülmüşdür; - Pul əskinazlarının təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli təqdim olunan pul əskinazlarının götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Aleksandoviç Zərərçəkmiş şəxs cinayət hadisəsi əticəsində dəymiş zərəri ödəmək məqsədi ilə 1710 manat pul əskinasını təqdim etmiş və Zərərçəkmiş şəxs həmin pulu götürmüşdür; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Aleksandorviçin ona dəymiş zərəri tam şəkildə ödədiyini və buna görə də onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi özünü təqsirli bilməsi barədə ifadəsi ilə məhkəmə iclasında verdiyi özünü təqsirli bilməməsi barədə ifadəsi arasında yaranmış zidiyyətə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi barədə gətirdiyi arqumentlərin ibtidai istintaq zamanı verdiyi ifadələrdə öz əksini tapmamasını polis əməkdaşlarının ona təziq göstərməsi ilə əsaslandırsa da bunu məhkəmə iclasında təsdiq edə bilməmiş və heç cür əsaslandıra bilməmişdir. Həmçinin zərərməkmiş şəxsə dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir ki, bu hal da təqsirləndirilən şəxsin cinayət əməlinin onun tərəfindən törədilməsini açıq şəkildə nümayiş etdirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə ifadəsi onun törətdiyi əmələ görə cinayət məsuliyyətindən yayınması məqsədi daşıyır və məhkəmə həmin ifadəni inandırıcı hesab etmir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəni daha inandırıcı və mötəbər hesab edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Aleksandorviçin məhkəmə iclasında verdiyi ifadələrinə tənqidi yanaşır və məhkəməyədək icraat zamanı verdiyi ifadələrini digər tədqiq olunmuş və qiymətləndirilmiş sübutlarla birlikdə təhlil edərək ona qarşı elan olunmuş ittihamın əsası kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 28 sentyabr 2024-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Məhəllə ünvanını axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılaraq üzərində 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Məhəllə ünvanını axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Hökmün icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(042)-60/2024
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-60/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver