Məhkəmə qərarları › İş №1(042)-64/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-64/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-64/2021 02.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1968-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olmamış, orta təhsilli, evli, himayəsində üç nəfər olan, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Söyüdlü kəndində pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə saat 16 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Gədəbəy rayonu Söyüdlü kəndinin yaylaq sahəsində arxacının yaxınlığından keçməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs ağac ilə vuraraq ona sağ əlin üçüncü barmağının distal falanqasının arxa səthinin əzilmiş səthi yarası qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sol saidin aşağı üçdə birinin şişkinlik fonunda qançırı ilə müşaiyət olunan sol dirsək sümüyünün distal metafizinin yerini dəyişmiş sınığı ilə nəticələnən Azərbaycan Respublikasının CM-nin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Zərərçəkmiş şəxs və onun oğlu Eliş adı ilə tanıdığı Şahid2 həmkəndliləridir. Aralarında əvvəllər narazılıq və mübahisələri olsa da, düşmənçilik və ədavətləri olmamışdır. Yay aylarında heyvanlarını Söyüdlü kəndinin yaylaq sahəsində, qış aylarında isə Tovuz rayonu, Ceyrançöl adlanan ərazidə saxlayır. Zərərçəkmiş şəxs və onun oğlu Şahid2 heyvanlarını arxacından təxminən 2 kilometr məsafədə “Qızılca” meşəsində saxlayırlar. Arxacı yoldan kənarda yerləşsə də, Zərərçəkmiş şəxs və onun oğlu Şahid2 dəfələrlə atını oradan sürərək heyvanlarını hürküdərək bezdirib həmin arxacdan çıxartmaq istəyir. 12 iyun 2021-ci il tarixdə saat 16 radələrində arxacına gələn zaman Akif və Şahid2 arxacından keçdiyini görmüşdür. Həmin şəxslərə yaxınlaşıb orada ailəsinin yaşadığını deyərək niyə arxacından keçdiklərini soruşmuşdur. Onlar arxacdan keçən zaman itləri onların yanında gələn itə hürdüyü üçün Elfaq itini ağacla vurmuşdur. Əsəbləşib Elfaqa “sizə neçə dəfə demişəm mənim arxacımdan keçməyin, el yolu ilə niyə getmirsiniz, siz mənim arxacımdan niyə keçirsiniz ki, itlər də sizə hürür, sən niyə mənim itimi vurursan” demişdir. Həmin vaxt aralarında sözlə mübahisə olmuşdur. Elfaq sözlə hədələyərək istədiyi vaxt oradan keçəcəyini bildirmişdir. Mübahisə zamanı Elfaq əlində olan ağacla kürəyinə vurmuşdur. Sonra Elfaqın atası Akif əlində olan balta ilə başının sağ tərəfindən vurmuşdur. Baltanın küpü ilə yoxsa kəsici yeri ilə vurduğunu dəqiq xatırlamır. Həmin vaxt dayandığı yer çökək olmuşdur. Elfaq bir qədər yuxarı tərəfə keçib əlindəki ağacla başına vurmaq istəyərkən başını qorumaq üçün sağ qolunu irəli tutmuş və ağac sağ qoluna dəymişdir. Qolunun ağac dəyən yerindən bərk ağrı tutduğu üçün sol qolu ilə yaralanmış sağ qolunu tutub yerə çökmüşdür. Həmin vaxt arvadı Şahid1 səsə gəlmişdir. İlhamənin köməyi ilə canını onlardan qurtarmış və Söyüdlü kəndindəki yaşadığı evə gəlib baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. O, Akifi vurmamış və ona xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Söyüdlü kəndində yaşayır. Təqsirləndirilən şəxs və Şahid1 həmkəndlisi, Şahid2 isə oğludur. İribuynuzlu heyvanlarını yay aylarında Elfaqla birlikdə Söyüdlü kəndinin “çaxçaxlı” adlanan örüş sahəsində saxlayırlar. 12 iyun 2021-ci il tarixdə saat 16 radələrində örüş sahəsində çörəkləri qurtardığı üçün oğlu Elfaq kəndə getmək istəmişdir. Atlar dalaşmasın deyə öz atını minib oğlunu ötürmək üçün irəlidə getmişdir. Elşadın arxacının yaxınlığından keçən zaman onun bir qədər aralıda atla gəldiyini görmüşdür. Elşad atdan düşüb nalayiq söyüşlər söyərək onu daşlamağa başlamışdır. Sonra Elşad yaxınlaşıb əlindəki ağacla onun sol qolundan vurmuş və atdan yerə yıxmışdır. Elşadın arvadı Şahid1 gəlmiş, hər ikisi birləşib yerdə onu yumruq və təpiklə döyməyə başlamışlar. Bir qədər sonra oğlu Elfaqın səsini eşitmişdir. Elfaq “niyə atamı öldürürsünüz, onun günahı nədir” demişdir. Elfaq Elşad və İlhaməni ondan ayırmışdır. Yerdən qalxdıqdan sonra Elşadın vurduğu ağacı yerdən götürüb onun başına, gözünə, qoluna və bədəninin digər nahiyələrinə bir neçə dəfə həmin ağacla vurmuş və ağacı orada qoyub uzaqlaşmışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Təqsirləndirilən şəxs əridir. Zərərçəkmiş şəxs və Eliş adı ilə tanıdığı Şahid2 həmkəndliləridir. Təsərrüfatları ilə əlaqədar olaraq yay aylarında ailəvi Söyüdlü kəndinin yaylaq sahəsində yaşayırlar. Zərərçəkmiş şəxs və onun oğlu Şahid2 heyvanlarını onların arxacından təxminən iki kilometr məsafədə “Qızılca” meşəsində saxlayırlar. 12 iyun 2021 -ci il tarixdə saat 16 radələrində arxaclarının yaşayış sahəsində olan zaman çöldən səs-küy gəldiyini eşitmişdir. Çölə çıxan zaman əri Elşadın yerdə palçığın içinə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. Akif əlində olan balta ilə Elşadın başına vurmaq istəyən zaman onun əlindən baltanı alıb kənara atmışdır. Həmin vaxt Şahid2 Elşadın yaxasından tutub sürüyə-sürüyə apardığını görmüşdür. X2 əlindən almışdır. Elşad həmin vaxt Akifi vurmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Təqsirləndirilən şəxs və onun arvadı Şahid1 onun həmkəndlisidir, Zərərçəkmiş şəxs onun atasıdır. 12 iyun 2021-ci il tarixdə saat 16 radələrində örüş sahəsində çörəkləri qurtardığı üçün kəndə getmək istəmişdir. Kəndə getmək üçün istifadə etdikləri yol Elşadın arxacının yaxınlığından, təxminən 15-20 metr məsafədən keçir. Atası Akif ayrı atda qabaqda, o isə arxada hərəkət etmişdir. Elşadın arxacının yaxınlığında dərənin içi ilə gedən zaman atasının mindiyi atın geri qayıtdığını və atası Akifin atın üstündə olmadığını görmüşdür. Əvvəlcə qorxmuş və atası Zərərçəkmiş şəxs atdan yıxıldığını düşünmüşdür. Bir qədər irəli gedən zaman Təqsirləndirilən şəxs və arvadı İlhamənin atasını yerə yıxıb döydüklərini görmüşdür. Tez qaçıb Elşadı geri çəkib atasından ayırmışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında 16 iyun 2021-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən yaylaq yeridir. Baxışda Təqsirləndirilən şəxs iştirak etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən yaylaq sahəsində arxacda heyvan saxlayır. Qeyd edilən yerə baxış zamanı göy çadır materialdan Təqsirləndirilən şəxs ailə üzvləri ilə yaşadığı qalacaq yerinin olması, həmin qalacaq yerinin qarşısında heyvanları saxladığı çəpərlə əhatə edilmiş sahənin olması müşahidə edilir. Həmin yerdən insanların hərəkəti üçün otlar arasında cığır vardır. Həmin yerin ətrafı orta və alçaq yüksəklikli təpələrlə əhatə olunmuşdur. - məhkəmə tibbi ekspertizasının 14.06.2021-ci il tarixli, 679 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol saidin aşağı üçdə birinin şişkinlik fonunda qançırı, sol dirsək sümüyünün distal metafizinin yerini dəyişmiş sınığı, sağ əlin 3-cü barmağının distal falanqasının arxa səthinin əzilmiş səthi yarası küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 12 iyun 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol saidin aşağı üçdə birinin şişkinlik fonunda qançırı ilə müşaiyət olunan sol dirsək sümüyünün distal metafizininin yerini dəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, sağ əlin 3-cü barmağının distal falanqasının arxa səthinin əzilmiş səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində özü-özünə yetirilməyə xarakterik xəsarətlər aşkar edilmir. - sərxoşluq hallarının bütün növlərini təyini məqsədi ilə aparılan 12 iyun 2021-ci il tarixli 225 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman orta dərəcəli sərxoş olmuşdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. -Gədəbəy rayon İHB-nın Söyüdlü kənd İƏD üzrə nümayəndəsinin verdiyi 13.08.2021-ci il tarixli 383 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2004-cü il təvəllüdlü Mürsəlova İlahə, 2007-ci il təvəllüdlü Mürsəlova Nabat və 2013-cü il təvəllüdlü Mürsəlova Ayan adlı üç nəfər uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs vurmaması barədə ifadəsində bildirdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin, Şahid2 ifadəsi, onların ifadələri ilə uyğun gələn və bu ifadələri tamamlayan ekspert rəyi ilə tam təkzib olunur. Odur ki, məhkəmə tədqiq edilmiş sübutlara ayri-ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndinin yaylaq sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əlində olan ağac parçası ilə sağ dirsək nahiyyəsinə qəsdən vuraraq Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurması məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq olunur və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşagıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə himayəsində üç nəfər uşaq olmasını təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin ediməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilib- çəkilməməsi ilə əlaqədar məsələni müzakirə edərkən, belə hesab edir ki, E.İ. Mürsəlovun şəxsiyyəti və törətdiyi cinayət əməli “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının təsiri altına düşür. Belə ki, həmin qərarın 9.1-ci hissəsinə əsasən, məhkəmələr icraatlarında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu qərarın 1.1-1.16-ci bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çəxarır ( bu qərarın 10-cu və 11 –ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.12-ci maddəsinə əsasən, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2 və 42.2.2-ci maddəsinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Məhkəmə qeyd olunan hüquq normalarının təhlilindən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli və şəxsiyyəti “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının təsiri altına düşsə də, müdafiə tərəfinin aministiya tətbiq edilməsi barədə razılığı olmadığından və təqsirləndirilən şəxsin təqsiri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq edildiyindən barəsində təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.2.-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az agır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən və aministiya haqqında qərar tətbiq edilməklə cəzadan azad edildiyindən məhkumluğu olmayan şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləgv edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39,1.12, 42.2, 42.2.2, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilsin. “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 9.1-ci hissəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar