Məhkəmə qərarları › İş №1(042)-64/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-64/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-64/2025 30.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, müdafiəçi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Gədəbəy rayonu, Düzrəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Düzrəsullu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2025-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 iyul 2025-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu Düzrəsullu kəndi ərazisində yaşadıqları fərdi yaşayış evində anası Şahid1 arvadı Zərərçəkmiş şəxs cavab qaytarması və üzünə tüpürməsi üstündə aralarında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs baş, sifət və bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona başın dərialtı hemotoması və qançırı, sağ yanağın, boyunun, sol çiyin oynağının, sağ kürək nahiyəsinin, sağ bazunun qançırları, burunun şişkinliyi, alt dodağın şişkinliyi, selikli qişasının qansızması, sol dirsək oynağının, sol bazunun sıyrıqları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs arvadı olmaqla 4 ildir evlidirlər və bir yaşlı oğulları var. 29 iyul 2025-ci il tarixdə, saat 16 radələrində Gədəbəy rayonu, Düzrəsullu kəndində yaşadıqları evdə olan zaman arvadı Rima ilə anası Əntiqənin arasında mübahisə yaranmışdır. Mübahisənin səbəbi Rimanın qabları yumaması olmuşdur. Onlara yaxınlaşıb onlardan sakit olmalarını tələb etmişdir. Lakin Rima sözünə qulaq asmamış, bundan sonra həyətə siqaret çəkməyə çıxmışdır. Bir neçə dəqiqə sonra aravadı Rima ilə anası Əntiqənin səslərini eşitmişdir. Onlar yenə də mübahisəyə davam etmişlər. Mübahisə zamanı Rima anasının üzünə tüpürdüyü üçün əsəbləşərək Rimanı əli ilə bir neçə dəfə vurmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hal-hazırda Gədəbəy rayonu Arıqıran kəndində valideynləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əridir. Hazırda əri ilə birlikdə yaşamır. 29 iyul 2025-ci il tarixdə saat 16 radələrində Gündüzlə yaşadıqları Gədəbəy rayonu Düzrəsullu kəndindəki evdə qaynanası Əntiqə ilə aralarında mübahisə olmuş, qaynanası ilə dalaşmışlar. Bu vaxt Gündüz onu əlləri ilə döymüşdür. O vaxtdan da Gündüzdən ayrı, öz valideynəri ilə birlikdə yaşayır. Gündüz ondan üzr istədiyi, ona dəymiş ziyanı tamamilə ödədiyi üçün o, Gündüzlə barışmışdır, məhkəmədən işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında 05 avqust 2025-ci il il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Düzrəsullu kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs arvadı və ailəsi ilə birlikdə yaşadığı evin həyətidir. Həmin ev kənd ərazisindən keçən asfalt yoldan sol tərəfdə, torpaq yol ilə gedən zaman təxminən 150 metr məsafədə yerləşir. Həyətdə iki mərtəbəli ev, bir yarimtikili və bir tövlə var. Həyətin kənarları dəmir tor çəpərlə (setka) hasarlanmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 X2 Gədəbəy rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarxli 301 nömrəli canlı şəxsin rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın dərialtı hemotomasıvə qançırı, sağ yanağın, boyunun, sol çiyin oynağının, sağ kürək nahiyəsinin, sağ bazunun qançırları, burunun şişkinliyi, alt dodağın şişkinliyi, selikli qişasının qansızması, sol dirsək oynağının, sol bazunun sıyrıqları KÜT əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyəsinə, əl yetər yerdə yerləşməsinə əsasən demək olar ki, qeyd olununan xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun öz boyu səviyyəsindən yıxılmaya xarakterik xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs bədən səthində - başın tüklü hissəsində saçının yolunmasına xarakterik əlamətlər (xəsarətlər) aşkar edilməmişdir. - DİN BƏSİİ-dən alınmış tələbanmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gədəbəy RHİB Düz Rəsullu kənd İƏD uzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs faktiki yaşadığı Gədəbəy şəhərində mənfi xarakterizə olunmur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. CPM-nin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı, ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 37.4, 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar