Məhkəmə qərarları › İş №1(042)-65/2025

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-65/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-65/2025 11.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Nübar Yusif qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gədəbəy rayonu, Dikdaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gədəbəy rayonu, Qızıltorpaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs o, 27 iyun 2025-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonu Qızıltorpaq kəndində yaşayan Zərərçəkmiş şəxs evinin qarşısında sonuncu ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı qəsdən Zərərçəkmiş şəxs yumruq zərbələri və ağac parçası ilə döyüb sonuncuya başın əzilmiş yarası, hemotoması və qançırı, üst dodağın selikli qişasının əzilmiş səthi yarası, sol almacıq nahiyyəsinin sıyrığı, sol saidin sıyrığı və qançırı, sol çiyin oynağının, sol budun qançırları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Qızıltorpaq kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs həmkəndlisi və əmisi qızıdır. 27 iyun 2025-ci il tarixdə saat 18 radələrində oğlu Şahid1la birlikdə Qızıltorpaq kəndində yaşayan qardaşı Əli Hüseynovun evindən çıxıb evlərinə doğru getdiyi vaxt Zərərçəkmiş şəxs evinin qarşısından keçərkən Zəminə onu qadın adı ilə çağırmış, aralarında buna görə sözlə mübahisə yaranmış, o, Zəminəyə onu qadın adı ilə çağırmamasını bildirmiş, Zəminə onu söyüb təhqir etmiş, Zəminəyə söyüş söyməməsini desə də sonuncu onu söyməkdə davam etmiş, o da əsəbləşib Zəminəyə bir neçə yumruq zərbəsi vurmuş, daha sonra isə yerdən ağac parçası götürüb Zəminəni bir neçə dəfə ağacla vurmuşdur. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, sonuncu onunla barışmışdır. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Qızıltorpaq kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisi və qohumudur, əvvəllər münasibətləri normal olmuş, heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 27 iyun 2025-ci il tarixdə saat 18 radələrində Qızıltorpaq kəndində evinin həyətində olan zaman İlqar oğlu Səyyad ilə birlikdə evlərinin yanından keçən yol ilə evlərinə doğru getdiyi vaxt aralarında narazılıq baş vermiş, evlərinin qarşısında İlqar onunla dalaşmış, dava zamanı hər ikisi bir-birilərinə söyüş söymüşlər. İlqar əsəbləşərək əvvəlcə yumruqla ona bir neçə dəfə zərbə endirmiş, sonra isə yerdən ağac parçası götürüb bir neçə dəfə onu ağacla bədəninin müxtəlif yerlərindən vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Qızıltorpaq kəndində qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, Zərərçəkmiş şəxs həmkəndlisi, Təqsirləndirilən şəxs atasıdır. 27 iyun 2025-ci il tarixdə saat təxminən saat 18 radələrində atası Təqsirləndirilən şəxsla birlikdə Qızıltorpaq kəndində yaşayan əmisi Əli Hüseynovgildən çıxıb evlərinə doğru getmişdir. Həmin vaxtı əmisi Əli Hüseynovun qonşusu Zərərçəkmiş şəxs evlərinin həyətində səbəbsiz yerə Təqsirləndirilən şəxs söyüb təhqir etmiş, atası Zərərçəkmiş şəxs yaxınlaşıb söyüş söyməməsini desə də sonuncu söyüş söyməyə davam etmişdir. Atası da yumruqla və yerdən götürdüyü ağacla Zəminəni vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 28 iyun 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Gədəbəy Rayonu Qızıltorpaq kəndi ərazisində asfaltbeton yoldan təxminən 1km sol tərəf məsafədə yerləşir və Zərərçəkmiş şəxs evinin həyətidir. Həyət dəmir tor çəpərlə çəpərlənmiş və təxminən 0.02 ha sahədə yerləşir. Həyətdə 01 ədəd kiçik yaşayış evi var. Zərərçəkmiş şəxs 27 iyun 2025-ci il tarixdə aralarında olan şəxsi məsələyə görə yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qeyd olunan yerdə onu döyməsini bildirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 228 nömrəli canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – başın əzilmiş yarası, hematoması və qançırı, üst dodağın selikli qişasının əzilmiş səthi yarası, sol almacıq nahiyyəsinin sıyrığı, sol saidin sıyrığı və qançırı, sol çiyin oynağının, sol budun qançırları küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 27 iyun 2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, qeyd olunan xəsarətlərin onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, əvvəllər Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış,lakin, onun barəsində Gədəbəy rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xx.xx.2019-cu il tarixdə zərərçəkmiş şəxslə barışdığı üçün xitam verilmişdir. EMİS-dən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü Şahid1 adlı uşaqları var. xx.xx.2025-ci il tarixli 3-13-74/2-51497/2025 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 27 iyun 2025-ci il tarixdə Gədəbəy rayonu Qızıltorpaq kəndində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs konkret olaraq xəsarətləri Təqsirləndirilən şəxs yetirmişdir. Həmin münaqişə təxminən 2-3 dəqiqə müddətdində, şəxsi münasibətlərin pozulması zəmnində baş verib davam etmiş, münaqişə zamanı səs-küy yaransa da kənardan başqa şəxslər oraya toplaşmamış, şəxsi münasibətlər zəmnində başlamış münaqişə sonradan ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olmamışdır. Həmin münaqişəni görə biləcək şəxslərin əhatə dairəsini müəyyən edib istintaqa dindirilmələri üçün təmin etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73- 2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə qeyd edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Odur ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə həmin əsasla cinayət məsuliyyətindən azad oluna və barəsində olan cinayət təqibinə xitam verilə bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edilməsi cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar