Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-7/2022 14.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikası Krasnoselsk rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməyən və götürülməyən, Gədəbəy rayonu, Novo-İvanovka kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 430 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamış, gəzdirmiş və daşımış, 19 avqust 2021-ci il tarixdə saat 10.15 dəqiqədə Gədəbəy rayon Polis şöbəsinin Yeni-Saratovka Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən saxladığı həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əlində olan şəffaf selofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, təxminən 15 il bundan əvvəl narkotik vasitə olan marixuana növündən siqaretə doldurma yolu ilə istifadə etmişdir. 17 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində Gədəbəy rayonu, Novo-Saratovka kəndində yerləşən parkın yaxınlığında zibil qutularında spirtli içki qəbul etmək üçün yemək axtaran zaman şəffaf rəngli üzərində yazılar olan sellofan bağlama görmüşdür. Zibil qutusunun yanından götürdüyü sellofanı açan zaman içərisində göy sellofana bükülü narkotik vasitə olan qurudulmuş marixuana və qara sellofanda gümüş rəngli, qundaq hissəsi qara kapron materiala bənzər üzlüklə örtülmüş tapança olduğunu görmüşdür. Bır gün parkda yatmış və həmin bağlamanı özü ilə gəzdirmişdir. Həmin gün axşamı yenə parkda yatmışdır. 19 sentyabr 2021-ci il tarixdə saat 10:15 radələrində parkda oyanıb yolun kənarına düşən zaman polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək polis işçiləri olduqlarını dedikdən sonra birlikdə Gədəbəy RPŞ-nə getməsini tələb etmişlər. Onlarla birgə Gədəbəy RPŞ-nə gəlmişdir. Xidməti otaqda təhqiqatçı tərəfindən hüquqları izah olunmuş, hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillərin siyahısı təqdim edilmişdir. Həmin siyahının içərisindən Müdafiəçi seçmişdir. Müdafiəçi iştirakı ilə polis əməkdaşları növbətçi hissənin qarşısında üzərinə videoçəkilişlə şəxsi axtarış keçirmişlər. Əlindəki selofan torbanın içərisində olan üzərində “Zolotoy Kolsa” yazıları olan spirtli içki şüşəsini, bükülü vəziyyətdə olan qara rəngli torbanın içərisində olan üzərində heç bir yazı olmayan kustar üsulla hazırlanmış odlu silah olan tapançaya bənzər əşyanı və göy rəngli selofan bağlamanı könüllü təqdim etmişdir. Bükülü vəziyyətdə olan göy rəngli sellofan müdafiəçinin və digər iştirakçıların iştirakları ilə açılmışdır. Selofanın içərisində yaşıl rəngli, kəskin iyli kütlə, yəni qurudulmuş marixuana aşkar edilmişdir. Sonra da aşkar edilmiş selofana bükdüyü büküm bir ədəd zərfə qablaşdırılmışdır. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokol ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Şahid X4 məhkəmə iclasında göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamış, onun əvvəllər narkotik vasitə və psixotrop maddə alması, satması barədə heç bir məlumatı olmamışdır. 19 sentyabr 2021-ci il tarixdə iş yeridə olan zaman Yeni-Saratovka PB-nə Gədəbəy rayonu, Novo-İvanovka kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində narkotik vasitə və odlu silah daşıması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı şöbə rəhbərliyinə məruzə etdikdən sonra tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Sonra Gədəbəy rayon Polis şöbəsinin əməliyyat müvəkkiləri, polis leytenantı Şahid5, polis kapitanı Şahid2, Yeni-Saratovka PB-nin sahə polis nəfəri polis serjantı Şahid4 və Yeni- Saratovka PB-nin PPX-nin polis nəfəri polis kiçik serjantı Şahid3 ilə birlikdə Gədəbəy rayonu, Novo-Saratovka kəndində getmişlər. Təxminən saat 10:15 radələrində Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Novo-Saratovka kəndində yerləşən parkın qarşısında müəyyən edib onu Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Şöbənin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, müdafiəçi ilə təmin olunmuş və digər şəxslərin iştirakları ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “Avromed” yazıları olan şəffaf rəngli sellofan torbanı könüllü təqdim etmiş, torbanın içərisindən üzərində Zolotoy Kolsa yazıları olan spirtli içki şüşəsi, bükülü vəziyyətdə olan olan qara rəngli torbanın içərisində üzərində heç bir yazı olmayan kustar üsulla hazırlanmış odlu silah tapançaya bənzər əşyanı və göy rəngli sellofan bağlamanın içərisində isə yaşıl rəngli narkotik vasitə olan “qurudulmuş marixuana’ya bənzər kəskin iyili kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, 17 sentyabr 2021 -ci il tarixdə Novo-Saratovka kəndi ərazisində zibillik adlalan yerdən tapdığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlə müdafiəçinin və onların yanında aptek tərəzisində çəkilmiş, həmin kütlə və odlu silaha bənzər əşya ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmışdır. Şahid5 ifadəsində göstərdi ki, Gədəbəy rayon Polis şöbəsinin əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi yoxdur. 19 sentyabr 2021-ci il tarixdə xidməti iş yerində olan zaman Yeni-Saratovka PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X5 rayonu, Novo-İvanovka kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və odlu silah saxlaması barədə ona əməliyyat məlumatı daxil olmasını bildirmişdir. Sərxan Əliyev tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Qəbul olunmuş qərarın icraası ilə əlaqədar özü ilə birlikdə bir neçə polis əməkdaşının da iştirak edəcəyini bildirmişdir. Sonra da əməliyyat müvəkkili Şahid2, Firdovsi Məmmədov, Şahid3 və o, Sərxan Əliyev ilə birlikdə Gədəbəy rayonu Novo-Saratovka kəndinə getmişlər. Həmin gün saat 10:15 radələrində Təqsirləndirilən şəxs kənd ərazisində yerləşən parkın yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib onu Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Orada müdafiəçinin iştirakı, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan şəffaf rəngli bağlamanın içərisində olan üzərində “Zolotoy kolsa” yazısı olan spirtli içi şüşəsini, qara rəngli selofan torbanın içərisində üzərində heç bir yazı olmayan kustar üsulla hazırlanmış odlu silah, tapançaya bənzər əşyanı və göy rəngli selofan torbanın içərisində yaşıl rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan marixuanaya oxşar yaşıl kütləni könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlə narkotik vasitə olan marixuana olduğunu, həmin kütləni 17 sentyabr 2021-ci il tarixdə Novo-Saratovka kəndi ərazisindən tapıb və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Sonra həmin narkotik maddəyə bənzər kütlə çəkilmiş, qablaşdırılmışdır. Protokol tərtib olunmuş, o da protokola imza atmışdır. Şahidlər Şahid2, Şahid4 və Şahid3 Rəfayıl oğlu şahidlər X2 və Şahid5 oğlunun ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 19 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əlində olan şəffaf rəngli sellofan torbada ilkin baxışdan narkotik vasitə olan marixuanaya bənzər 448.13 qram çəkidə kütlə aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. - Məhkəmə-bioloji ekspertizasının 20.09.2021-ci il tarixli, 16/986 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs üzərindən götürülmüş şəffaf selofandakı yaşıl kütlə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd tünd göy rəngli polietilen paketdə təmiz çəkisi 430 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Məhkəmə-narkoloji ekspertizasının 18.11.2021 -ci il tarixli 1393 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Məhkəmə kriminalistik ekspertizasının 23 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah kustar üsulla hazırlanmış 5.6 mm kalibirli tapançadır, odlu yivsiz silahdır, texniki cəhətcə sazdır və atəş üçün yararlıdır. - Gədəbəy rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 3(042)-341/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, kustar üsulla hazırlanmış 5.6 mm kalibirli tapança müsadirə edilməklə 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işinə əlavə edilmiş Xətai rayon Məhkəməsinin 07.08.2018-ci il tarixli 1(011)-264\2018 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhrum etmə cəzasına məhkum edilmiş, 02 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, qanunla müəyyən edilmiş qaydada və müddətə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara mümkünlüyü, mənsubiyyəti və mötəbərlyinə görə ayrı ayrıkıqda tədqiq edərək hesab edir ki, ittiham tərəfindən təqdim edilən sübutlarda şübhələr yoxdur, ona görə də məhkəmə ittiham tərəfindən təqdim edilmiş sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası olaraq qəbul etmişdir. Təqsirləndirilən şəxs etirafedici ifadəsi məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla tam yoxlanılmış və tam təsdiq olunduğundan məhkəmə onun etirafını da ona qarşı elan olunmuş ittihamın əsası kimi qəbul etmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - cəmi çəkisi 430 qram təşkil edən qurudulmuş marixuana əldə etmiş, daşımış və saxlamışdır. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin 07.08.2018-ci il tarixli 1(011)- 264\2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Təqsirləndirilən şəxs öz ictimai təhlükəli əməli ilə cinayətin residivini yaratmışdır ki, bu da onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, cəza təyin edərkən şəxsiyyətini səciyyələndirən digər hallarla yanaşı cinayətin residivi də nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın qeyd olunan cinayət hüquq normasındakı sosial ədalətin bərpası, eləcə də onun islah olunması və tərbiyəedici funksiya baxımından yetərlidir və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.3-ci maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzə çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən hazırkı hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o zaldan həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı,cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyini və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğunu nəzərə alır və onun barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsini də məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 132.1.1 və 132.1.7-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut hesab edilən bir ədəd kağız zərfdə olan ümumi təmiz çəkisi 429,8 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, bir ədəd videodisk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30.40 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə norkamaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri- 30,40 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd kağız zərfdə olan ümumi təmiz çəkisi 429,8 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Bir ədəd videodisk cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin 2 saylı X1 tapşırılsın. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-7/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-7/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver