Məhkəmə qərarları › İş №1(042)-7/2024

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-7/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-7/2024 20.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gədəbəy rayonu, Novoivanovka kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-ci ilin iyul ayında istintaqa məlum olmayan tarix və vaxtda Gədəbəy rayonu Başkənd adlanan ərazisində yabanı halda bitən çətənə kolundan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 5,69 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamışvə daşımış, 11 avqust 2023-cü il tarixdə saat 15:35 dəqiqədə Gədəbəy rayonu, Novoivanovka kəndi ərazisində Gədəbəy rayon Polis şöbəsinin X4 bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı saxlanılaraq Gədəbəy rayon polis şöbəsinin X4 bölməsinin inzibati binasına gətirilib onun üzərində şəxsi axtarış aparılarkən saxladığı həmin çəkidə narkotik vasitə- qurudulmuş marixuana əynində olan köynəyin sol cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Başkənd kəndinə getmiş, orada yolun kənarında yabanı halda bitmiş çətənə kollarını görmüşdür. Həmin kolların başından sonradan istifadə etmək məqsədi ilə qoparıb götürmüş, həmin vaxt kimsə onu görərək polisə məlumat vermişdir. O, kəndin mərkəzinə çatdıqda polis əməkdaşları onu saxlayaraq üzərinə baxış keçirdikdə narkotik vasitəni aşkar etmişlər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, əvvəlcədən orada narkotik olmasını bilməmiş, təsadüfən görmüş, əvvəllər narkotikdən istifadə etmiş, ona görə də narkotik vasitəni tanımışdır. O, siqaret belə çəkmir. Narkotiki əvvəllər çəkmiş, həvəskarı olmamış, haradasa düşəndə çəkmişdir. Başkəndə taksi sürücüsü kimi hərbiçi aparmış, öz nəqiliyyat vasitəsilə getmişdir. Narkotik vasitə yabanı halda olmuş, üzərində narkotik vasitəni yığmaq üçün kibrit qutusu olmamışdır. Narkotik vasitəni başından qırıb evə aparmış, evində kibrit qutusuna yığmışdır ki, qurusun. Hadisə 2023-cü ilin avqust ayında olmuş, narkotik vasitə o saxlanılarkən köynəyinin cibində olmuşdur. Günortadan sonra, saat 13- 14 radələrində evdə olarkən onu çölə çağırmışlar. Onu iki nəfər polis əməkdaşı polis bölməsinə gətirmişlər. O, narkotik vasitəni özü çıxarıb təqdim etmişdir. Axırıncı dəfə narkotikdən nə zaman istifadə etdiyi yadına gəlmir. O, narkotik vasitə xəstəsi deyildir. Şahid1 məhkəmə iclasında göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər həmkəndlisi kimi tanımış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitədən istifadə etməsi barədə istintaq məlumatı daxil olmuş, onun ətrafında keçirilən əməliyyat tədbiri nəticəsində məlumat öz təsdiqini tapmışdır. Bununla bağlı 11 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxsin kənd ərazisində olması və üzərində narkotik vasitə olması barədə məlumat daxil olmuş, məlumat əsasında onlar həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmiş, onu qərar ilə tanış edərək polis bölməsinə dəvət etmişlər. Təhqiqatçının otağında onun üzərinə baxış keçirdikdə onun üzərindən marixuanaya bənzər narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü narkotik vasitəni Gədəbəy rayonu, Başkənd gölünün yaxınlığından yığmasını bildirmiş, daha sonra barəsində digər tədbirlər görülmüşdür. Şahid2 məhkəmə iclasında göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitədən istifadə etməsi barədə istintaq məlumatı daxil olmuş, əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Gədəbəy rayonu, Novoivanovka kənd sakini Təqsirləndirilən şəxs olması məlum olmuşdur. 11 avqust 2023-cü il tarixdə həmin şəxsin üzərində axtarış aparılması, təxirəsalınmaz tədbirlər görülməsi barədə qərar çıxarılmışdır. Bununla bağlı 11 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxsin kənd ərazisində olması və üzərində narkotik vasitə olması barədə məlumat daxil olmuş, məlumat əsasında o, əməliyyat müvəkkili Şahid1 ilə birlikdə həmin kəndə gedərək, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, onu qərar ilə tanış edərək Polis bölməsinə dəvət etmişlər. Təhqiqatçının otağında Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, vəkil ilə təmin olunmuşdur. Onun üzərinə baxış keçirdikdə onun üzərindən marixuanaya bənzər narkotik vasitə kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər maddənin Başkənd gölünün yaxınlığından yığmasını bildirmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkildikdə kibrit qutusu ilə birlikdə 8.1 qram olması müəyyən edilmiş, daha sonra barəsində digər tədbirlər görülmüşdür. Təqsirləndirilən şəxsin üzərində video çəkiliş ilə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini və digər iş üçün əhəmiyyəti olan sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 11 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli köynəyin sol cibində olan kibrit qutusunda yaşıl rəngli, ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər 8,1 qram çəkidə kütlə aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. - Məhkəmə-bioloji ekspertizasının 12 avqust 2023-cü il tarixli 16/806 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,69 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə, (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - Məhkəmə-narkoloji ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 1738 saylı ekspert rəyindən görünür ki, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Təkrar məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2024-cü il tarixli, 1012 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gədəbəy rayon Məhkəməsinin 05 fevral 2009cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 150 manat cərimə cəzası təyin edilmiş, cərimə cəzası ödənildiyindən cəzası başa çatdırılaraq nəzarətdən çıxarılmışdır. - Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X2 adlı bir nəfər uşaq var. - Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətindən görünür ki, X3 Hərbi xidmətlərə görə, Laçının azad olunmasına görə, Qubadlının azad olunmasına görə, Cəbaryılın azad olunmasına görə medallarla təltif olunmuşdur. -Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tədqiq olunmuş sübutlara mümkünlüyü, mənsubiyyəti və mötəbərliyinə görə ayrı-ayrılıqda tədqiq edərək hesab edir ki, ittiham tərəfindən təqdim edilən sübutlarda şübhələr yoxdur, ona görə də məhkəmə ittiham tərəfindən təqdim edilmiş sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası olaraq qəbul etmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - ümumi təmiz çəkisi 5,69 qram təşkil edən qurudulmuş marixuana əldə etmiş, daşımış və saxlamışdır. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İlk dəfə az ağır cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağ olması və oğlunun Vətən müharibəsində iştirak etməklə müxtəlif medallarla təltif edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halın olmaması, eləcə də şəxsiyyətini səciyyələndirən digər hallar nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın qeyd olunan cinayət hüquq normasındakı sosial ədalətin bərpası, eləcə də onun islah olunması və tərbiyəedici funksiya baxımından yetərlidir və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 11 avqust 2023-ci il tarixdən 13 avqust 2023-ci il tarixədək şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 avqust 2023-ci il tarixdən 13 avqust 2023-ci il tarixədək tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlıgın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə etməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Məhkəmə həmçinin, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 132.1.1, 132.1.6 və 132.1.7-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd kağız zərfdə olan, təmiz çəkisi 5,67 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32.40 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 avqust 2023-ci il tarixdən 13 avqust 2023-ci il tarixədək tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gədəbəy rayonun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək Gədəbəy rayonu, Novoivanovka kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri - 32,40 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd kağız zərfdə olan, təmiz çəkisi 5,67 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut kimi tanınmış disk cinayət işi materiallarında saxlansın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar