Məhkəmə qərarları › İş №1(042)-70/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-70/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-70/2021 09.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 13 avqust 1973-cü ildə Gədəbəy rayonu, Qalakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər uşaq olan, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Qalakənd kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə saat 18 radələrində təsərrüfatında olan iri buynuzlu heyvanların qohumu Zərərçəkmiş şəxs məxsus əkin sahəsinə daxil olduğuna görə sonuncunun arvadı X2 Rzayevi çağırıb iradını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs yaxın qohumu olan arvadı Şahid və bacısı X7 məhəl qoymayıb bir-birinə əziz olan həmin şəxsin gözləri qarşısında sonuncuya əzab və iztirab verdiyini əvvəlcədən dərk edib arzulayaraq xüsusi amansızlıqla əvvəlcə sağ qolundan tutub yumruqla sifət nahiyyəsinə vuraraq ona sağ almacıq nahiyyəsinin və sağ göz altının qançırı ilə müşayiət olunan sağ almacıq sümüyünün yeri az dəyişmiş sınığı qismində insan həyatı üçün təhlükəli və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa xüsusi amansızlıqla az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisi oğlu və qonşusudur. Aralarında normal münasibətləri yoxdur. 30 aprel 2021-ci il tarixdə saat 14-15 radələrində yaşadığı evdən çıxıb Plankənd kəndində yerləşən çayxanaya getmiş, saat 19 radələrində evinə qayıtmışdır. Evə çatan zaman oğlu Vüsalla Rizvanın dava-dalaş etdiklərini görmüş, evdə paltarını dəyişib dava olan yerə getmişdir. O, Vüsalın başının qanadığını görmüşdür. Vüsal Rizvanı yumruqla vurmuş, o Vüsal və Rizvanı aralamağa çalışmışdır. O, hadisə yerinə gələrkən iti də yanına düşüb gəlmiş və Rizvanın üstünə cumub dişləmişdir. O, Rizvanı vurmamışdır. Rizvanın onun barəsində dedikləri yalandır. X12 tərəf atdığı daşı göydə tutmuşdur ki, Rizvana dəyməsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Qalakənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs, X10 və X8 onun qohumudur və qonşuluqda yaşayırlar. Təqsirləndirilən şəxs təsərrüfatında iri və xırda buynuzlu heyvanlar saxlayır. 30 aprel 2021-cı il tarixdə saat 18 radələrində Elçinin heyvanlarının kartof əkdiyi sahəyə daxil olmasını görmüş, Elçinin arvadı Valdə Qarayevdən və oğlu Vüsal Rzayevdən heyvanlarını sahədən çıxarmasını xahiş etmişdir. Valdə və oğlu Vüsal onun sözlərinə heç bir məhəl qoymadan evlərinə getmişlər. O, arvadı Şahid ilə birlikdə sahələrinə girmiş və 15 baş iri buynuzlu heyvanları sahələrindən çıxarıb yaşadığı evin yanından yola tərəf ötürmüşdür. Validə və oğlu Vüsalın evlərinin qapısında dayanmasını görmüşlər. X18 və Vüsala “heyvanlarınıza sahib çıxın, bizim məhsulumuza ziyan vurur” demiş, bu zaman Vüsal Rzayev yaşadığı evin həyətindən nalayıq ifadələr işlədə-işlədə onlara daş ataraq üzərinə gəlmişdir. Vüsal onun yaşadığı evin qarşısında yaxasından tutaraq yumruqla alın, sinə nahiyyələrinə zərbələr endirmişdir. Arvadı Maya onu Vüsalın əlindən almaq istəsə də, Vüsal arvadı Mayanı da geri itələyib yıxmışdır. Bu vaxt əlindəki ağac parçası ilə özünü müdafiə etmək üçün Vüsalın qol-çiyin nahiyyəsinə vurmuşdur. Təxminən 2-3 dəqiqə sonra Təqsirləndirilən şəxs yaşadığı evdən çıxaraq təsərrüfatında olan iki baş iti ilə onların yanına gəlmiş, Elçin sağ qolundan, oğlu Vüsal isə sol qolundan tutaraq onun baş və sifət nahiyəsinə yumruq zərbələri endirmişlər. Elçinin itləri onun sol ayağından dişləmişdir. Onların zərbələrindən “gözüm çıxdı” deyib huşunu itirib yerə yıxılmışdır. Özünə gəldikdən sonra DİN-in 102 xidmətinə məlumat vermişdir. Hazırda barışmışlar. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Şahid ifadəsində göstərdi ki, hal-hazırda Gədəbəy rayon Qalakənd kəndində yaşayır. Təqsirləndirilən şəxs və X9 qohumudur. Rizvan onun əridir. 30 aprel 2021-ci il tarixdə saat 18 radələrində Elçinin təsərrüfatında olan iri buynuzlu heyvanlarının yenidən onların kartof əkdiyi sahəyə daxil olmuşdur. X19 arvadı Valdə Qarayevaya heyvanlarını sahələrindən çıxarmasını xahiş etmiş, o məhəl qoymadığından, əri Rizvanla birlikdə heyvanları sahədən çıxararaq yola ötürmüşlər. Oradan yaşadığı evə gələn zaman Valdə və oğlu Vüsalın qapıda dayandıqlarını görmüş, irad tutaraq “heyvanlarınıza sahib çıxın, bizim məhsulumuza ziyan vurur, biz də dolanmalıyıq, 9 ay siz otarırsız imkan verin 3 ay kartofumuz yetişsin” demişdir. Bu vaxt Vüsal Rzayev nalayiq ifadələr işlədə-işlədə, onlara daş ata-ata həyətlərinə gəlmiş, əri Rizvanın yaxasından tutaraq yumruqla onun alın, sinə nahiyyələrindən zərbələr endirmişdir. Əri Rizvanı onun əlindən almaq istəsə də, Vüsal onu itələyib yıxmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs təsərrüfatında olan iki baş iti ilə davadalaş baş verən yerə gəlmiş, oraya çatan kimi ərinin boğaz nahiyyəsindən tutmuşdur. Elçin və Vüsal əri Rizvanın hərəsi bir qolundan tutub onun baş, üz nahiyyələrinə və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirmişlər. Əri Rizvan huşunu itirib özündən getmişdir. Əri ayıldıqdan sonra onlar mobil telefonla Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -hadisə yerinə baxış keçirilməsi haqında 01 may 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Qalakənd kəndi ərazisindən torpaq örtüklü yoldan 500 metr kənarda Zərərçəkmiş şəxs evinə dönən yoldan 8 metr, yaşadığı evdən isə 5 metr kənarda yerləşən torpaq örtüklü Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısıdır. Hadisə yerinin sağ kənarı 3 metr enində olan kənd arası torpaq örtüklü yoldur. Yolun digər tərəfi dəmir torla əhatə edilmiş, dəmir torun digər tərəfi Təqsirləndirilən şəxs həyətyanı sahəsidir. Hadisə yerinin sol tərəfi isə dəmir tordan sonra Zərərçəkmiş şəxs evinin həyətyanı sahəsidir. Zərərçəkmiş şəxs deməsinə görə Təqsirləndirilən şəxs evin qarşısında olan yolda ona xəsarət yetirmişdir. Qonşuluqda yaşayan şəxslərin fərdi yaşayış evləri hadisə yerindən 150-200 metr kənarda yerləşir. Hadisə yerinə baxış keçirilərkən hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - məhkəmə-tibbi ekspertizasının 03 may 2021-ci il tarixli, 220 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-başın qançırları, sağ almacıq nahiyyəsinin və sağ göz altının qançırı ilə müşayiət olunan sağ almacıq sümüyünün yerinin az dəyişmiş sınığı, sol göz ətrafı yumşaq toxumalarının və sol almacıq nahiyyəsinin qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 30 aprel 2021-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ almacıq nahiyyəsinin və sağ göz altının qançırı ilə müşayiət olunan sağ almacıq sümüyünün yerinin az dəyişmiş sınığı sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Rzayev X5 rayon Məhkəməsinin 07.02.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin qərarı ilə cəzası 07 ay müddətə azaldılmış və onun barəsində 16 iyul 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli aministiya elan olunması haqqında qərarının 3-cü hissəsi tətbiq edilməklə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Gədəbəy rayon İHB-nin Miskinli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 21.12.2012-ci il təvəllüdlü Rzayev Aytən adlı bir uşağı var. - Gədəbəy rayon İHB-nin Miskinli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaması və ona heç bir xəsarət yetirməməsi barədə ifadəsini digər mötəbər sübutlarla müqayisəli təhlil edərək tənqidi yanaşır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurması və ona xəsarətlər yetirməsi zərərçəkmiş şəxsin ifadəsi, onun ifadəsi ilə üst-üstə düşən Şahid ifadəsi və həmin ifadələri tamamlayan məhkəmə ekspertizası rəyi ilə tam təsdiq olunur. Buna baxmayaraq, məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmır və bununla əlaqədar aşağıdakıların aydınlaşdırılmasını zəruri sayır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə görə, zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayət məsuliyyəti müəyyən edir. Qeyd olunan cinayət əməlinin xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməsi ağırlaşdırıcı tövsifedici əlamətlərdən birini əhatə edərək CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən həmin maddə ilə ittiham verilmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs CM-nin 127.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayətin obyektini şəxsin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Həmin cinayətin obyektiv cəhətini ictimai təhlükəli və hüquqazidd əməl, CM-nin 126-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli nəticənin mövcud olmaması, sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunan ictimai təhlükəli nəticə, əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması, cinayətin edilmə üsulu kimi xüsusi amansızlıqla törədilməsi təşkil edir. Cinayətin subyekti 14 yaşa çatmış istənilən şəxs ola bilər. Subyektiv əlamətinə görə bu cinayət təqsirin qəsd formasında törədilir. Təqsirləndirilən şəxs oğlunu Azərbaycan Respublikası CM-ni 127.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun əməlində cinayət tərkibinin qeyd olunan əlamətlərinin hamısı mövcud olmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqazidd əməlləri ilə X1 az ağır zərər vurması sübuta yetirilsə də, onun bu cinayət əməlini xüsusi amansızlıqla törətməsi təsdiq olunmur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs verilmiş ittihamda Zərərçəkmiş şəxs arvadı Şahid və bacısı X4 gözləri qarşısında xəsarət yetirməsini cinayətin xüsusi amansızlıqla törədilməsi kimi qiymətləndirmişdir ki, məhkəmə bu mövqe ilə razılaşmır. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş materiallarında olan digər dəlillərlə müəyyən olundu ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs və onun ailəsi qohumdurlar. Bir-biri ilə qonşuluqda yaşayırlar. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında mübahisə şəxsi münasibətlər zəminində, qisas almaq niyyəti ilə baş vermişdir. Məqsəd zərərçəkmişə, onun arvadı və ya bacısına əzab və ya istirab vermək, bunu nümayiş etdirmək olmamışdır. Bu hadisə şəxsi münasibətlər zəminində qohum və qonşular arasında yaranmış mübahisə və münaqişənin nəticəsində xüsusi vasitə və metodlardan istifadə edilmədən əl və ayaqla törədilmiş cinayət hadisələrindən biri kimi qəbul edilməlidir. Bunu işdə olan məhkəmə tibbi ekspertizasının rəyində zərərçəkmiş şəxsin bədən səthində aşkar olunmuş xəsarətlərin lokalizasıyası, sayı və xarakteri de təsdiq edir. Zərərçəkmiş şəxs, eləcə də arvadı iş üzrə şahid M.Rzayevə məhkəməyədək icraat zamanı, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs hərəkətlərinin onlara əzab və əziyyət verməyə yönəldildiyini bildirməmiş, mübahisənin əkin sahəsinə mal-qaranın girməsi ilə əlaqədar yarandığını qeyd etmişlər. Cinayətin törədilməsi ərəfəsində və cinayət törədilməsi prosesində Təqsirləndirilən şəxs xüsusi amansızlıq göstərdiyini təsdiq edən məlumatlar məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinin tərkibi yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə saat 18 radələrində təsərrüfatında olan iri buynuzlu heyvanların qohumu Zərərçəkmiş şəxs məxsus əkin sahəsinə daxil olduğuna görə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlləri ilə vuraraq ona sağ almacıq nahiyyəsinin və sağ göz altının qançırı ilə müşayiət olunan sağ almacıq sümüyünün yeri az dəyişmiş sınığı qismində xəsarətlər yetirərək insan həyatı üçün təhlükəli və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 127.2.2-ci maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə əlaqədar aşagıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, himayəsində bir nəfər uşaq olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, Rzayev X5 rayon Məhkəməsinin 07.02.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin qərarı ilə cəzası 07 ay müddətə azaldılmış və onun barəsində 16.iyul 2013cü ildə Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli aministiya elan olunması haqqında qərarının 3-cü hissəsi tətbiq edilməklə cəzadan azad edilmişdir. “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 11 və 11.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əhvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edilmiş və yenidən qəsdən cinayət törətmiş şəxslər barəsində qərarın 9,1-ci bəndi tətbiq edilmir. Odur ki, Təqsirləndirilən şəxs əməli “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının təsiri altına düşsə də, qeyd olunan məhdudiyyətə görə onun barəsində hazırkı amnistiya elan olunması haqqında qərar tətbiq edilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növü və həddini müzakirə edərək, hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar, eləcə də təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26 sentyabr 2021-ci il tarixdən 28 sentyar 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun 26 sentyabr 2021-ci il tarixdən 28 sentyar 2021-ci il tarixədək tutulduğu 3 gün müddət həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cəza növü cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs M.Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd sancaq sahibinə qaytarılmalıdır. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-354, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 26 sentyabr 2021-ci il tarixdən 28 sentyar 2021-ci il tarixədək tutulduğu 3 gün müddət islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 05 ay 18 gün müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli qazancından tutmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. İş üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd sancaq sahibinə qaytarılsın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətinə Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə protest və şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar