Məhkəmə qərarları › İş №1(042)-8/2024

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-8/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-8/2024 08.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1971-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, ailəli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayan, barəsində 03 noyabr 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində Gədəbəy rayonu, Gərgər kəndi ərazisində heyvanlarının Zərərçəkmiş şəxs məxsus olan əkin sahəsinə girməsi səbəbindən sonuncu ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruq və təpiklə vuraraq, ona sol gicgah nahiyəsinin dərialtı hemotoması, genişölçülü qançırı, sol göz ətrafın yumşaq toxumalarının qançırı, sol yanağın şişkinliyi və selikli qişasının qansızması, sağ və sol budun genişölçülü qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmşdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, göstərmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Zərərçəkmiş qonşu kənddə yaşasa da, evlərinin arasında olan məsafə azdır. 28 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində təsərrüfatında olan xırdabuynuzlu heyvanları otarmağa çıxarmışdır. Bir qədər heyvanlardan aralanmış və onlar zərərçəkmişə məxsus kartov sahəsinə girmişlər. Zərərçəkmişin oğlu Nurlan isə heyvanları vura-vura sahədən çıxarmağa çalışmışdır. Bununla əlaqədar aralarında mübahisə baş vermiş, zərərçəkmiş də həmin yerə gəlmişdir. Mübahisə zamanı o, zərərçəkmişi vurmuş, ona xəsarət yetirmişdir. Təqsirini etiraf edir, əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Gərgər kəndində yaşayır. Övladları ilə birlikdə həyətyanı sahədə kartof əkibbecərirlər. Təqsirləndirlən şəxs qonşu Düzyurd kəndində yaşayır, evləri yaxın məsafədədir. Təqsirləndirlən şəxsin heyvanları bir neçə dəfə onun kartof sahəsinə girdikləri üçün aralarında mübahisələr olmuşdur. 28 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində evdən 100-150 metr məsafədə olan kartof sahəsində oğlu Nurlanla təqsirləndirilən şəxsin oğlu Asimin mübahisə etdiklərini görmüş, qaçıb həmin yerə gəlmiş, onların arasına girmiş, Asimlə bir-birilərini itələmişlər. Bu vaxt təqsirləndirlən şəxs də ora gəlmiş, əli ilə onun sol gicgahından bir neçə zərbə endirmişdir. Zərbənin təsirindən yerə yıxılmış, təqsirləndirlən şəxs təpiklə də onun ayaqlarından zərbələr endirmişdir. Təqsirləndirlən şəxsin oğlu Asim də onu vurmuş və nalayiq söyüşlərlə söymüşdür. Onun oğlu Nurlan və bacısı oğlu Elcan onları aralamış, o, evə gəlib hadisə barədə polisə məlumat vermişdir. O, aldığı xəsarətlərlə əlaqədar müalicə edilmiş, 2500 manat xərci çıxmışdır. Təqsirləndirlən şəxs müalicəsi üçün ona yardım etməmişdir və ona dəymiş zərəri ödəməkdən imtina edir. Ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Gərgər kəndində yaşayır. Təqsirləndirlən şəxs qonşu Düzyurd kəndində yaşayır, evləri yaxın məsafədədir. Təqsirləndirlən şəxsin heyvanları bir neçə dəfə onların kartof sahəsinə girdikləri üçün aralarında mübahisələr olmuşdur. 28 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində evdən 100-150 metr məsafədə olan kartof sahələrinə heyvan girdiyini görmüş, xalası oğlu Elcanla heyvanları çıxarmağa çalışmışlar. Bu vaxt təqsirləndirilən şəxsin oğlu Asim söyə-söyə onlara yaxınlaşmış, onun yaxasından tutmuşdur. Anası qaça-qaça gəlib onları ayrımağa çalışmış, Asimlə bir-birilərini itələmişlər. Bu vaxt təqsirləndirlən şəxs də ora gəlmiş, əli ilə anası Nailənin başından bir neçə zərbə endirmişdir. Zərbənin təsirindən anası yerə yıxılmış, təqsirləndirlən şəxs təpiklə də onun ayaqlarından zərbələr endirmişdir. O, xalası oğlu Elcan və bacısı Gülnarla birlikdə onları aralamış, təqsirləndirlən şəxs və oğlu Asim çıxıb getmişlər. Bundan sonra anası evə gəlib hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 eyniməzmunlu ifadələr vermişlr. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X3 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 X4 Gədəbəy Rayon MTE və PA Şöbəsindən verilmiş Rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol gicgah nahiyəsinin dərialtı hemotoması, genişölçülü qançırı, sol göz ətrafın yumşaq toxumalarının qançırı, sol yanağın şişkinliyi və selikli qişasının qansızması, sağ və sol budun genişölçülü qançırları küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 28 sentyabr 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir. Onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarətlər aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Düzyurd Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin, zərəçəkmişin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyi və digər sübutlarla təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində Gədəbəy rayonu, Gərgər kəndi ərazisində heyvanlarının Zərərçəkmiş şəxs məxsus olan əkin sahəsinə girməsi səbəbindən sonuncu ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruq və təpiklə vuraraq, ona sol gicgah nahiyəsinin dərialtı hemotoması, genişölçülü qançırı, sol göz ətrafın yumşaq toxumalarının qançırı, sol yanağın şişkinliyi və selikli qişasının qansızması, sağ və sol budun genişölçülü qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş və bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yəni, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirlən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, təqsirini etiraf etməsini və əməlindən peşman olmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar