Məhkəmə qərarları › İş №1(042)-9/2024

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-9/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-9/2024 16.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci ildə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən 1 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, 03 iyun 2023-cü il tarixdə üzərində götürərək Gədəbəy rayonu İnəkboğan kəndində yerləşən Şahid1 məxsus yaşayış evinə getmiş, həmin evdə aralarında yaranmış mübahisə və münaqişə zamanı orada əlindən düşürmüş və 04 iyun 2023-cü il tarixdə Şahid1 yaşadığı evə baxış keçirilən zaman həmin ov bıçağı aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 03 iyun 2023-cü il tarixdə saat 18 radələrində Gədəbəy rayonu İnəkboğan kəndində yerləşən qaynatası Şahid1 yaşadığı evə azyaşlı uşaqları ilə görüşmək üçün gələrək aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı keçmiş arvadı Şahid2 nənəsi Zərərçəkmiş şəxs vurmaqla ona sağ və sol bazunun, sağ sarğının qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128 və 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə narazılıqları uşaqlarına görə yaranmışdır. Zərər çəkmiş şəxsin nəvəsi Şahid2 əvvəllər onun arvadı olmuşdur. Mahirə ona başqasını istədiyini bildirərək özünü ona zorla vermələrini demiş və çıxıb atası evinə getmişdir. Mahirə uşaqlarını da özü ilə aparmış, o uşaqlarını görmək istədikdə ona maneələr yaratmışlar. Onların narazılıqları ancaq uşaqlar ilə bağlı olmuşdur. O, hər dəfə Mahirə gilin evlərinin yanından keçdikdə uşaqları evə salıb yanına buraxmamışlar. Mahirənin atası Mübarizə sonuncu dəfə zəng vurub danışmaq istədiyini bildirmiş, Mübariz onu evlərindən biyabırçı vəziyyətdə yola saldığı üçün onların evinə getməməyə qərar vermişdir. Hadisə baş verən gün onun Əntiqəgilə getməkdə məqsədi yalnız uşaqlar üçün mağazadan aldığı şeyləri vermək olmuşdur. O, Mahirəyə onu məhkəməyə verməsini, boşanmaqlarını, uşaqla görüşməsi üçün şərait yaradılmasını bildirmiş, lakin Mahirə bununla razı olmamışdır. Əntiqə ona Mübarizin axşam gələcəyini, əyər uşaqları görmək istəyirsə axşam tərəfi gəlməsini bildirmiş, o bundan sonra getmişdir. Axşam olduqda o, dəfələrlə Mübarizə zəng vurmuş, Mübariz onun telefonuna cavab verməmişdir. O, durub Mübarizgilə getmiş, Mübarizin atı bağlayıb evə qalxdığını görmüşdür. Ozal ona evə girməyi demişdir. O, evə girdikdə hazırlıqlı vəziyyətdə onu gözləmələrini görmüşdür. Mübariz girəndə sağ tərəfdə, Ozal isə onunla üzbəüz dayanmışdır. O, içəri girib salam vermiş, onlar onun salamını almamışlar. Mübariz onu tutub çəkmiş, bu zaman Ozal onu vurmuş və yıxmışdır. O, yerə yıxıldıqda kəndir gətirmişlər. Qolunu bağlamağa imkan vermədikdə, Ozal dişi ilə onun barmağını dişləmiş və onu pol ağacı ilə vurmuşlar. Daha sonra hadisə yerindən 102 xidmətinin əməkdaşları və qonşular gəlmişlər. Ozal onu bağlayıb çıxmaq istədikdə Nəzakət adlı şəxs ilə toqquşmuş və Nəzakət yerə yıxılmışdır. Ozal daha sonra geri qayıdaraq telefonunu götürüb jilet geyərək qaçıb Babək gilə getmişdir. O, Zərərçəkmiş şəxs vurmamışdır və üzərində bıçaq olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs əvvəllər kürəkənləri olmuş, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Nihad evilərinin qarşısından özünə məxsus maşınla onları təhqir edərək səs-küy salaraq keçmişdir. Nihad ikinci dəfə gəlib qapını açmaq istəmiş, qapının bağlı olduğunu görərək məhkəməyə verəcəyini bildirmiş və səs-küy salıb evlərinə getmişdir. Nihad maşınını evində qoyub üçüncü dəfə yenə onlara gəlmiş, o, bu barədə oğlu Mübarizə zəng vuraraq məlumat vermişdir. Nihad üçüncü dəfə gəldikdə evin qapısının açıq olduğunu görərək evə daxil olmuşdur. Qızı onu gördükdə anası Mahirəni vurmağından ehtiyat edərək qabağına qaçmış, Nihad qızını vurub yerə yıxmışdır. O, özünü Nihadın üstünə atdıqda, Nihad onu da döyərək yerə yıxmışdır. Nihad cibində olan bıçağı çıxarmış, oğlu Mübariz pol ağacı ilə əlindən vuraraq bıçağı yerə salmış, Mahirə yerə düşən bıçağı götürüb qaçmışdır. X4 əlbəyaxa olmuşlar. Mübarizlə birlikdə Nihadın əlini bağlamışlar. Nəvəsi Ozal hadisə vaxtı orada olmamışdır. Nihad tərəfindən onlara qarşı bu hərəkətlər davamlı xarakter almışdır. Nihad öz qızının barəsində əvvəllər nalayiq ifadələr işlətmişdir. Şahid1 məhkəmə iclasında göstərdi ki, Təqsirləndirilən şəxs onun qızının əri olmuşdur. Onlar ayrılmışlar. Aralarında ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs tez-tez onların evinin yanından keçərkən onların ünvanına nalayiq söyüşlər söyərək onları təhqir etmişdir. Bu ilin iyun ayının 3-də o, yaylaqda olmuşdur. Anası, qızı və nəvələri evində olmuşlar. Ona evdən zeng gəlmiş və Təqsirləndirilən şəxs içkili vəziyyətdə evinin həyətinə gəlməsi və onların ünvanına nalayiq söyüşlər işlətməsini bildirmişlər. O, Nihadı yola vermələrini bildirmiş, təxminən yarım saatdan sonra Nihad getmişdir. O, Nihadın qardaşına bu barədə məlumat vermək üçün zəng vursa da, qardaşı onun telefonuna cavab verməmişdir. Bir müddət keçdikdən sonra telefonuna təkrarən zəng gəlmiş və Nihadın yenidən gəldiyini bildirmişlər. O, ata minərək dağdan kəndə gəlmişdir. Evdə oturub çay içdiyi zaman nəvəsi bayıra çıxmış və evin qapısını bağlamamışdır. Qapının açıq olmasını görən Təqsirləndirilən şəxs təkrar evin həyətinə daxil olmuş və anası Əntiqəni çağırmağa başlamış, sonra evə daxil olmuşdur. O, Nihada fikir verməmişdir. Nəvəsi Nihada yaxınlaşaraq “ata dalaşma, ata dalaşma” demiş, Nihad isə nəvəsini itələyərək yerə yıxmışdır. X6 sakitləşdirmək istəyən zaman Nihad anasını da vurmuş və yerə yıxmışdır. Bu zaman o, ayağa qalxmış, Nihadın bıçaq çıxarmasını görərək evdə olan pol ağacını götürərək onun əlindəki bıçağa vurub yerə salmış, sonra onlar əlbə-yaxa olaraq dalaşmışlar. Şahid1 əlavə olaraq bildirmişdir ki, hadisə iyun ayının üçündə baş vermiş, əvvəlcə o, evdə olmamış, evində olanlar Nihadı kameraya çəkərək qapını bağlamışlar. Nihad söyüşlər söymüş, sonradan içkili vəziyyətdə evə daxil olmuş, bu zaman evdə o, anası, qızı və nəvələri olmuşdur. Nəvəsi Nihadı sakitləşdimək üçün üstünə getmiş, Nihad isə onu vuraraq yerə yıxmışdır. O, Nihadın əlindəki bıçağı vurub yerə saldıqdan sonra qızına bıçağı götürməsini bildirmiş, qızı bıçağı götürdükdən sonra onlar əlbəyaxa olmuşlar. Hadisədən sonra o, Nihadın əllərini bağlamış və polisə məlumat vermişdir. Gələn polis əməkdaşlarına da bu barədə məlumat vermişdir. Polislər gəldikdə Nihadın əlləri bağlı olmuşdur. Şahid2 məhkəmə iclasında göstərdi ki, təqsirləndirilən şəxs əvvəllər həyat yoldaşı olmuşdur. O, aprel ayından Nihad ilə ayrılaraq atasının evinə gəlmiş, həmin gündən etibarən Nihad davamlı olaraq evlərinin yanından keçdikdə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə günü də Nihad üç dəfə evlərinin yanına gələrək onları təhqir etmişdir. Buna görə onlar qapını bağlı saxlamışlar. Uşaq bayıra çıxdıqdan sonra içəri gəldikdə qapını bağlamamış, bunu fürsət bilən Nihad evə daxil olmuşdur. Nihad içkili vəziyyətdə evə qalxmış, qızı Nihadın qarşısına çıxdıqda Nihad qızını vuraraq yerə yıxmış, bunu görən nənəsi Nihadı sakitləşdirmək üçün getdikdə nənəsini də vurmuş və cibindən bıçaq çıxarmışdır. Bu zaman atası Mübariz pol ağacı ilə Nihadın əlində vuraraq bıçağı yerə salmış, ona bıçağı götürməyini bildirmiş, o, bıçağı götürmüş və Nihad ilə atası əlbəyaxa olmuşlar. Uşaqları səs-küydən qorxduğu üçün o, uşaqlarını da götürərək evin zirzəmisinə düşmüş, bir müddət sonra Seymur, daha sonra da polislər gəlmiş və atası ilə Nihadı şöbəyə gətirmişlər. Yetkinlik yaşına çatmamış Şahid3 məhkəmə iclasında müəllim-psixoloq X1 iştirakı ilə vermiş olduğu ifadəsində göstərdi ki, hadisə günü atası Nihad üç dəfə onların qapısına gəlmiş, atası qapıda qışqırmışdır. Sonuncu dəfə gələndə o, ayaq yoluna getmiş, evin qapısı açıq qalmışdı. Atası əlində bıçaqla gəlmiş, onu da həmin vaxt vurmuşdur. Şahid3 əlavə olaraq bildirdi ki, babası dağdan gəlmişdi. O, bıçağı görmüş, babası ilə atası dava etmiş, dayısı Ozal həmin vaxt evdə olmamışdır. Atasının əlini babası bağlamışdır. Qonşuları və polislər gəlmiş, qonşulardan İlqar baba və Nəzakət nənə gəlmişdir. O, atasını çox istəmir, atası anasını və onu döymüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu İnəkboğan kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evidir. Həmin fərdi yaşayış evinin həyətyanı sahəsi dəmir torla hasarlanmışdır. Evin həyətyanı sahəsinə birbaşa kənd yolundan daxil olunur. Həyətyanı sahəyə daxil olduqda yaşayış evi sağda yerləşir. Evə daxil olduqdan sonra pilləkənlə həmin evin qonaq otağına, şüşəbəndə daxil olunur. Baxışda iştirak edən Şahid1 xx.xx.2023-cü il tarixdə kürəkəni Təqsirləndirilən şəxs əlində bir ədəd bıçaqla yaşadığı evə gələrək ona hücum etdiyini, həmin vaxt onunla yaxalaşan zaman göz nahiyyəsi girişdə olan taxta beşiyə dəydiyini bildirmişdir. Hadisə yerinə baxış zamanı Şahid1 təqdim etdiyi 01 ədəd bıçaq, ona məxsus cırılmış paltarlar, Təqsirləndirilən şəxs əl və ayağından açılmış kəndirlər götürülmüşdür. - Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 219 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsərətlər-sağ və sol bazunun, sağ sağrının qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 03 iyun 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Məhkəmə-ballistik ekspertizasının 13 iyul 2023-cü il tarixli, 16/694 saylı ekspert rəyindən görünür ki, təqdiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. - xx.xx.2023-cü il tarixli, 354 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul etmiş olsa da, sərxoşluq əlaməti aşkar olunmamışdır. - 14 noyabr 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Gədəbəy rayon İnəkboğan kəndində Təqsirləndirilən şəxs keçmiş qaynatası Şahid1 evində salmış olduğu bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını 2015-2016-cı illərdə yaşadığı Gədəbəy rayonu, İnəkboğan kəndi ərazisindən tapmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində tərtib edilmiş tələbnamədən və Gəncə Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(095)-366/2011-ci il nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilmişdir. -Gədəbəy rayon İHB-nin İnəkboğan kənd İƏD üzərə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tədqiq olunmuş sübutlara mümkünlüyü, mənsubiyyəti və mötəbərlyinə görə ayrı-ayrılıqda tədqiq edərək hesab edir ki, ittiham tərəfindən təqdim edilən sübutlarda şübhələr yoxdur, ona görə də məhkəmə ittiham tərəfindən təqdim edilmiş sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası olaraq qəbul etmişdir. Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi, onun üzərində “bıçaq olmaması, Zərərçəkmiş şəxs xəsarət yetirməməsi” barədə ifadəsi məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla tam yoxlanılmış, həmin ifadə məhkəmə iclasında tədqiq olunmuş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, həmin ifadələrlə üst-üstə düşən və onları tamamlayan istintaq hərəkətləri protokolları, ekspert rəyləri ilə tam təkzib olunduğundan məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşmış, həmin ifadələri özünü müdafiə və cinayət məsuliyyətindən yaxa qurtarmaq cəhdi kimi qəbul etmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetir. Odur ki,o,həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs əməlində Azəarbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzsını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, eləcə də cinayətlərin törədilmə mexanizmlərini nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci və 228.4-cü maddələrinin sanksiyaları həddində islah işləri cəzaları təyin edilməsi ədalətlidir və cəzanın məqsədlərinə nail olunması üçün kifayət edir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qeyd olunan cinayət qanununun normaları tətbiq olunmaqla, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına daxil olduğundan ona az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq islah işləri cəzası təyin olunması qanunidir və məqsədə müvafiqdir. Hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 132.1.1 və 132.1.7-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut hesab edilən Gədəbəy rayon Polis şöbəsində saxlanılan 01 ədəd soyuq silah ov bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31 manat 50 qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdən tutularaq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsilə qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzası, CM-nin 128-ci maddəsilə qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Onun cəza çəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri- 31 manat 50 qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut – Gədəbəy rayon Polis şöbəsində saxlanılan 01 ədəd soyuq silah ov bıçağı hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətinə Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə protest və şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar