Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-1/2021 25.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, 01 noyabr 2019-cu il tarixli qərarla barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, 06.12.2019-cu il tarixli qərarla barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 29 oktyabr 2019-cu il tarixdə, saat 16:20-də orta dərəcəli sərxoş vəziyyətdə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 203 B ünvanında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə gələrək məntəqədəki mağazaya daxil olub heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlədib sataşmış, Zərərçəkmiş şəxs1 ondan hərəkətlərinə nəzarət etməsini tələb edərək mağazadan məntəqənin həyətinə çıxdıqda o, Zərərçəkmiş şəxs1 arxasınca mağazadan çıxıb ucadan nalayiq söyüşlər söyüb məntəqənin fəaliyyətinə mane olmağa, müştərilərin narahatçılığına səbəb olan hərəkətlər etməyə başlamış, daha sonra öz xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 ayağından təpiklə vuraraq sonuncuya fiziki ağrılar yetirərək ona qarşı zor tətbiq olunması ilə müşayiət olunan, yanacaqdoldurma məntəqəsinin iş rejiminin pozulması və fəaliyyətinin müvəqqəti dayanmasına səbəb olan qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, eyni zamanda məntəqədə siqaret yandıraraq Zərərçəkmiş şəxs2 məxsus 14 000 (on dörd min) manat dəyərində “ChevroletCruze” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq doldurularkən işlək vəziyyətdə olan yanacaq borusunu əli ilə avtomobildən ayıraraq yanacağı həmin avtomobilin üzərinə səpələyib əlindəki siqaret ilə xeyli miqdar təşkil edən, yəni 14.000 (on dörd min) manat dəyərində avtomobili yandırmaqla məhv etmək istəyərkən hadisə yerində olan şəxslərin əlindəki yanacaq borusunu alaraq onu avtomobilin yanından kənarlaşdırması, habelə, Zərərçəkmiş şəxs2 avtomobili idarə edərək hadisə yerindən uzaqlaması səbəbindən öz iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməyib xeyli miqdarda özgə əmlakını məhv etməyə cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 186.2.2 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Əsasən ev təmiri ilə məşğul olaraq çörəkpulu qazanıb ailəsini dolandırır. Ailəlidir və iki uşağı vardır. Artıq uzun müddətdir ki, əsəb xəstəliyindən əziyyət çəkir və 2010-cu ildən Gəncə Ruhi- Əsəb dispenserində qeydiyyatdadır. Spirtli içki qəbul edərkən özündə olmur və öz hərəkətlərini dərk etmir, ətrafdakı şəxslərə qarşı aqressiv olur, etdiyi hərəkətlər isə yadında qalmır. Buna görə də əvvəllər sərxoş vəziyyətdə polisə müqavimət göstərdiyi üçün, həmçinin zorlamağa cəhd etdiyi üçün bir neçə dəfə azadlıqdan məhrum edilmişdir. 2015-ci ilin may ayının 15-də azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra isə təxminən 3 il müddətinə spirtli içki qəbul etməmişdir. Son iki-üç ay idi ki, yenidən spirtli içki qəbul etməyə başlamışdır. 2019-cu ilin oktyabr ayının 29-da günorta vaxtı Gəncə şəhəri ərazisində tanışı Şahid1lə təsadüfən görüşmüş və onunla evdə yemək yeyib bir qədər spirtli içki qəbul etmişlər. Yemək yeyib qurtarqdıqdan sonra onlar Gəncə şəhəri ərazisində gəzişmək qərarına gəlmişlər və bunun üçün çölə çıxaraq dövlət nömrə nişanını bilmədiyi ağ rəngli, “Chevrolet” markalı taksi ilə Gəncə şəhərinin mərkəzinə doğru getməyə başlamışlar. Həmin vaxtdan sonra isə baş verənləri demək olar ki, xatırlamır. Onlar avtomobilə mindikdən sonra nədənsə “2705-in dairəsi” deyilən yerdə yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə getmişlər və həmin vaxt o, orada maşından düşərək su almaq üçün mağazaya daxil olmuş, lakin mağazada heç bir səbəb olmadan mağazada olan əvvəllər tanımadığı, sonradan adının Günel olduğunu bildiyi qadınla mübahisə etmişdir. Lakin həmin vaxt o, Güneli vurmamışdır. Daha sonra isə yadında qaldığı qədər o, yanacaqdoldurma məntəqəsində olan avtomobilin yanacaq çənindən yanacaq borusunu ayıraraq avtomobilin üzərinə səpməyə başlamışdır. Həmin vaxt əlində siqaret olsa da həmin siqaret yanmırdı. Sərxoş olduğu üçün həmin hərəkətləri nə üçün etdiyi onun yadında deyil. Lakin avtomobilin üzərinə benzini səpərkən avtomobili yandırmaq niyyəti olmamışdır. Hadisə vaxtı yanında bir çox şəxs olmuşdur ki, o, onlardan yalnız İmaməddini və sonradan oraya gələn Xəyalı tanıyır. Ətrafda olan digər şəxsləri tanımamışdır. Gəncə şəhər sakinləri olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımamış və onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur, onlarla barışıq əldə etmişdir. Buna görə də etdiyi əmələ görə ona azadlıqdan məhrumetmə növündə olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ona məxsus “Chevrolet Cruze” markalı, 99CR782 dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobi ilə o, yanacağı əsasən X15 prospektində “2705-in dairəsi” adlanan yerin yaxınlığında yerləşən “Lukoil” yanacaq dodurma məntəqəsindən vururmuş. Çünki həmin məntəqənin onda bonus kartı vardır. 29.10.2019-ci il tarixdə, saat təxminən 16 radələrində o, yenə avtomobilinə yanacaq doldurmaq üçün həmin məntəqəyə daxil olmuş və operatordan yanacaq doldurmasını xahiş edərək bonus kartını operatora vermişdir. Operator da yanacaq borusunu avtomobilin yanacaq çəninə qoşub yanacaq doldurmağa başlamış və kartını alaraq əməliyyat aparmaq üçün məntəqənin ofisinə daxil olmuşdur. Həmin vaxt bir nəfər tanımadığı şəxsin sərxoş halda məntəqənin həyətində səs-küy saldığını, ərtafdakı şəxslərin isə onun ətrafına yığışdıqlarını və onu sakitləşdirmək istədiklərini görmüşdür. Lakin onun avtomobilinin şüşəsi bağlı olduğundan o, həmin şəxsin nə danışdığını dəqiq eşitməmişdir. Həmin şəxs ətrafdakı şəxslərlə mübahisə edə-edə onun avtomobilinin arxasına keçmişdir. Buna görə o, həmin şəxsi avtomobilin güzgüləri ilə müşaiyət etməyə başlamışdır. Həmin şəxs ətrafdakı şəxslərin onu sakitləşdirmək və tutub saxlamaq istəmələrinə baxmayaraq qəflətən onun avtomobilinə tərəf yaxınlaşmışdır. Avtomobilinə yanacaq borusu qoşulu olduğundan o, bir qədər narahatlıq hissi keçirmiş və baş verə biləcək hər hansı bir xoşagəlməz hadisəyə özünü hazır etmişdir. Bu vaxt həmin şəxs avtomobilə yaxınlaşaraq yanacaq borusunu avtomobildən ayırıb yanacağı avtomobilin üzərinə tökməyə başlamışdır. O, əvvəlcə həmin şəxsin yanacağı öz üzərinə tökmək istədiyini fikirləşib yanacaq borusunu onun əlindən almaq məqsədi ilə avtomobildən düşmək istəmişdir. Lakin yanacağın artıq avtomobilinin şüşəsindən axmağa başladığını gördükdə başa düşmüşdür ki, həmin şəxs onun avtomobilinin üzərinə yanacağı tökür və avtomobilini yandırmaq istəyir. Buna görə avtomobili tez işə salaraq oradan uzaqlaşmış və evlərinə gedərək avtomobilin üzərinə tökülmüş benzini təmizləmişdir. Baş vermiş hadisəyə qədər həmin şəxsi ümumiyyətlə tanımamış, hadisənin nə üstündə baş verdiyini bilməmişdir. O, yalnız həmin şəxsin sərxoş olduğunu və ətrafdakı şəxslərə narahatlıq yaratdığını, daha sonra isə avtomobilinin üzərinə benzin tökdüyünü görmüşdür. Həmin hadisə nəticəsində avtomobilinə heç bir ziyan dəyməmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayından Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 203 B ünvanda yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində kargüzar işində işləməyə başlamışdır. O, məntəqədə bazar günündən başqa həftənin digər günlərində işdə olurmuş və onunla birlikdə Elçin, Şəmil, Rəşad və digər şəxslər növbəlik əsasında işləyirmişlər. Onlardan başqa məntəqənin ərzaq malları mağazası da vardır ki, həmin mağazada Vasif adlı şəxs işləyir. 29.10.2019-cu il tarixdə, saat təxminən 16 radələrində işdə olarkən mağazaya gəlmiş malları qeydiyyata almaq üçün mağazaya daxil olarkən mağazada satıcıdan başqa bir neçə nəfər tanımadığı müştərinin olduğunu görmüşdür. O, kompüter arxasına keçib öz işləri ilə məşğul olan zaman həmin müştərilərdən sonradan adının Emin olduğunu bildiyi şəxs ona yaxınlaşaraq “qoy bu gözəldən siqaret alım” sözlərini demişdir. O, Eminin bu sözlərinə fikir verməmiş, əksinə olaraq Emindən kənara çəkilib dayanmışdır ki, iş yoldaşları həmin şəxsin ona söz atmasını eşitməsinlər və narazılıq yaranmasın. Bundan sonra Emin satıcıdan onun çəkdiyi siqaretdən tapmasını tələb etmiş və onun arxası ilə gəlib ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt Eminə öz iradını bildirdikdə, Emin mağazada olan şəxslərdən çölə çıxmalarını tələb edərək onunla hansısa işinin olduğunu demişdir. O isə Eminə öz hərəkətlərinə nəzarət etməsini tələb edərək arxasından çölə çıxmaq istəmiş, bu zaman Emin onun çölə çıxmasına mane olmuş və arxası üstə onun üstünə yıxılmışdır. O, həmin şəxsin sərxoş olduğunu başa düşmüş, birtəhər Eminin arxasından mağazadan çölə çıxaraq nəzarətçini çağırmışdır ki, həmin şəxsi sakitləşdirsinlər. Bu vaxt Emin arxadan ona yaxınlaşaraq dizi ilə bir dəfə sol ayağının arxasından vurmuşdur. O, yenə Eminə öz iradını bildirmiş və operator otağına daxil olmuşdur. Artıq Eminin hərəkətlərinə ətrafda olan şəxslər yığışmağa, onunla birlikdə gəlmiş şəxs isə onu sakitləşdirməyə və ondan üzr istəməyə başlamışdır. Buna baxmayaraq Emin hər şeyin ona görə baş verdiyini, onu maşına otuzduracağını, onun qanını tökəcəyini deyərək ucadan nalayiq söyüşlər söyməyə və hədə-qorxu gəlməyə başlamışdır. Otaqda olduğu üçün sonradan Eminin çöldə nə etdiyini görə bilməmiş və bir qədər sonra Emin olduğu otağa daxil olaraq onu yenə heç bir səbəb olmadan nalayiq söyüşlərlə söyməyə başlamış və onu vurmaq istəmişdir. Lakin onun yanında olan tanımadığı hansısa şəxs onun əl-qolunu tutmuş və vurmasına mane olaraq Emini çölə çıxarmışdır. Emin küçədə də sakitləşmək bilməmiş və nalayiq söyüşlər söyməyə başlamışdır. Bir qədər sonra isə polis əməkdaşları hadisə yerinə gələrək Eminin hərəkətlərin qarşısını alıb polisə aparmışlar. Sonradan isə ona məlum olmuşdur ki, Emin çöldə olarkən hansısa avtomobildən yanacaq borusunu çıxararaq avtomobilin üzərinə səpmiş, lakin ətrafdakı şəxslər onun hərəkətlərinin qarşısını alaraq onun avtomobili yandırmasına mane olmuşlar. Baş vermiş hadisəyə qədər Emini ümumiyyətlə tanımamışdır. Baş vermiş hadisənin heç bir səbəbi olmamışdır. Emin sərxoş olduğu üçün səbəbsiz olaraq bu hərəkətləri etmişdir. Baş vermiş hadisə təxminən yarım saata yaxın davam etmiş, Eminin həmin hərəkətləri nəticəsində ətrafdakı şəxslər, məntəqəyə gəlmiş müştərilər narahatlıq keçirmişlər, yanacaqdoldurma məntəqəsinin fəaliyyəti isə həmin müddət ərzində tamamilə dayanmışdır. Eminin onu vurması nəticəsində onun ayağı ağrısa da, heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs ondan üzr istəyərək ona vurulmuş mənəvi zərəri tam həcmdə ödəmişdir və o, təqsirləndirilən şəxsi bağışlamışdır. Ona görə hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur, Təqsirləndirilən şəxs tanıyır, onunla dostluq münasibətləri olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 29 oktyabr 2019-cu il tarixdə saat təxminən 15 radələrində Eminin yaşadığı və ünvan 4 ünvanında yerləşən evdə Eminlə birlikdə yemək yeyən vaxtı hər ikisi bir qədər də spirtli içki qəbul etmişlər. Onlar yemək yeyib qurtardıqdan sonra gəzişmək və hava almaq qərarına gəlmişlər və buna görə evdən çıxıb yolda tanımadıqları ağ rəngli avtomobil olan taksiyə əl etmişlər. Həmin taksiyə minərək Gəncə şəhərinin mərkəzinə gəlməyə başlamışlar və həmin vaxt o, su almaq məqsədi ilə taksidən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində olan mağazanın qarşısına sürməsini xahiş etmişdir. Orada olarkən isə Emin də onunla birlikdə maşından düşərək mağazaya daxil olmuşdur. Onlar mağazada olarkən Emin heç bir səbəb olmadan mağazada işləyən bir qadınla mübahisə etməyə başlamışdır. Qadın Emindən sakit olmasını xahiş etdikdə Emin daha da əsəbiləşərək qışqırmağa və nalayiq ifadələr işlətməyə başlamışdır. O Emini sakitləşdirmək istəsə də, Emin sakitləşmək bilməmişdir. Daha sonra Emin qəflətən məntəqədə yanacaq doldurulan tanımadıqları “Chevrolet” markalı avtomobilə yaxınlaşaraq yanacaq borusunu avtomobildən ayırıb yanacağı avtomobilin üzərinə səpməyə başlamışdır. Bu zaman tanımadığı bir şəxs Eminə yaxınlaşmış və əlindən yanacaq borusunu alıb yerə atmışdır. “Chevrolet” markalı avtomobilin sürücüsü isə avtomobili sürüb uzaqlaşmışdır. O isə yanacaq borusunu yerinə yerləşdirmişdir. Bundan sonra Emin yenə də qışqır-bağır salmağa, məntəqənin ofisinə daxil olaraq oradakı şəxsləri narahat etməyə başlamışdır. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək Emini saxlayıb polis idarəsinə aparmışlar. Yanacağı avtomobilin üzərinə səpərkən Eminin əlində yanan siqaret olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 203B ünvanda yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində növbə rəisi işləmişdir. 29 oktyabr 2019-cu il tarixdə o, işdə olmuş və həmin vaxt Şəmil və Rəşad adlı şəxslər də onunla birlikdə işdə olmuşlar. Günel adlı şəxs məntəqənin ofisində, Vasif adlı şəxs isə məntəqənin yanında ərzaq malları mağazasında işdə olmuşlar. Həmin gün saat təxminən 16 radələrində məntəqənin mağazasının içərisindən səs-küy gəldiyini eşitmiş və nə baş verdiyini öyrənmək üçün mağazaya yaxınlaşdıqda bir nəfər tanımadığı, sonradan adının Emin olduğunu bildiyi şəxsin mağazanın içərisində səs-küy saldığını, mağazadakı şəxslərdən çölə çıxmalarını tələb etdiyini eşitmişdir. Həmin vaxt mağazada tanımadığı bir neçə nəfər müştəri, işçiləri Günel və Vasif olmuşdur. O, həmin şəxsə yaxınlaşmış, ondan nə çətinliyinin olduğunu və nə cür köməklik göstərə biləcəyini soruşmuşdur. Bu vaxt Günel həmin şəxsin arxa tərəfindən keçərək mağazadan çölə çıxmış və müdiri axtarmağa başlamışdır. Həmin şəxs də onun qolundan buraxaraq Günelin arxası ilə getmişdir. Həmin şəxsin yanında olan şəxslərdən biri isə ona yaxınlaşaraq Eminin hərəkətlərinə görə ondan üzr istəmiş və Emini özü sakitləşdirəcəyini bildirmişdir. Buna görə o, bir qədər kənara çəkilmişdir. Onunla birlikdə olan şəxs Emini sakitləşdirmək istəsə də, Emin məntəqənin həyətində ucadan nalayiq söyüşlər söyməyə, məntəqənin fəaliyyətinə mane olmağa, məntəqənin həyətində siqaret çəkməyə, müştəriləri öz hərəkətləri ilə narahat etməyə başlamışdır. Daha sonra isə qəflətən məntəqədə olan və yanacaq borusuna qoşulmuş “Chevrolet” markalı avtomobilə yaxınlaşaraq əli ilə yanacaq borusunu avtomobildən ayırıb yanacağı avtomobilin üzərinə səpməyə başlamışdır. Eminin yanında olan hansısa tanımadığı şəxs Eminin əlindən yanacaq borusunu alaraq yerə atmış və Emini tez kənara çəkmişdir. Bu zaman Eminin əlində siqaret olmuş, lakin həmin siqaretin yanıb-yanmadığını dəqiq xatırlamır. Emin ümumi olaraq “buraları dağıdacağam” kimi ifadələr işlətmişdir. Eminin yanında olan şəxs Emini sakitləşdirmək istəsə də, Emin öz xuliqanlıq əməllərini davam etdirib nalayiq söyüşlər söyə-söyə bu dəfə Günelin olduğu ofisə daxil olmuşdur. Yenə də Eminin tanışı onu tutaraq ofisdən kənara çıxarmışdır. Daha sonra isə polis əməkdaşları gələrək Emini saxlayıb polis idarəsinə aparmışlar. Baş vermiş hadisəyə qədər o, Emini ümumiyyətlə tanımamışdır. Baş vermiş hadisənin heç bir səbəbi olmamışdır. Emin sərxoş olduğu üçün səbəbsiz olaraq məntəqədə olan şəxsləri nalaiq söyüşlərlə söyüb təhqir etmiş, hədə-qorxu gəlməyə başlamışdır. Baş vermiş hadisə təxminən yarım saata yaxın davam etmiş, Eminin həmin hərəkətləri nəticəsində ətrafdakı şəxslər, məntəqəyə gəlmiş müştərilər narahatlıq keçirmiş, yanacaqdoldurma məntəqəsinin fəaliyyəti isə həmin müddət ərzində tamamilə dayanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2lə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, münasibətləri yaxşıdır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2019-cu ilin oktyabr ayında dəqiq xatırlamadığı tarixdə Gəncə şəhərində “2705” dairəsi deyilən ərazidə yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanından keçərkən Təqsirləndirilən şəxs orada mübahisə etdiyini görüb ona yaxınlaşmış və Eminin sərxoş vəziyyətdə olduğunu görmüşdür. Emin həmin vaxt yanacaqdoldurma məntəqəsinin həyətində ucadan səs-küy salaraq söyüş söyürdü. O, Emini sakitləşdirib aparmaq istəmiş, lakin Emin ona qulaq asmamış, onunla da mübahisə etmişdir. Bundan sonra qəfil Emin ondan aralaşıb yanacaq nasosunun yanında dayanmış Chevrolet markalı avtomobilə yaxınlaşmış və avtomobilə qoşulu olan yanacaq borusunu ayırıb avtomobilin üzərinə benzin tökməyə başlamışdır. O, cəld Eminə yaxınlaşıb onun qolundan tutaraq kənara çəkmiş, yanacaq borusu Eminin əlindən yerə düşmüşdür. Bu zaman onun üst-başı da benzinə bulaşmışdır. Həmin vaxt Eminin əlində siqaret olsa da onun fikrincə siqaret yanmırdı. Bundan sonra Emin yanacaqdoldurma məntəqəsinin ofisinə daxil olub orada da mübahisə etmiş, digər şəxslərlə birlikdə onu ofisdən çıxarmışlar. Bundan sonra məntəqədən çıxıb getmişdir. İş materiallarında olan 29 oktyabr 2019-cu il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X2 tərəfindən hal şahidlərinin və Zərərçəkmiş şəxs1 iştirakları ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 203B ünvanda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə baxış keçirilmiş və fotoşəkillər çəkilmiş, eyni zamanda hadisənin görüntülərini özündə əks etdirən DVD disk götürülərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 29 oktyabr 2019-cu il tarixli sərxoşluq vəziyyətinin müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan, hadisənin videogörüntüləri qeydə alınımış DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həmin DVD diskdə iki videogörüntü vardır. Birinci videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, 29.10.2019-cu il tarixdə, saat 16:20-də Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 203 B ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə ağ rəngli taksi daxil olaraq məntəqədə olan marketin qarşısında dayanır və həmin taksidən qabaq oturacaqdan Şahid1, arxa oturacaqdan isə Təqsirləndirilən şəxs yerə düşürlər, İmaməddin Məmmədov mağazanın qarşısında olan soyuducudan su götürdükdən sonra onlar hər ikisi mağazaya daxil olurlar. Bundan sonra görüntülər kəsilir. İkinci videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, yanacaqdoldurma məntəqəsində “Chevrolet Cruze” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq doldurulur, Təqsirləndirilən şəxs sol əli ilə telefonu qulağına tutmuş vəziyyətdə, yanında isə Xəyal Məmmədov olmaqla yolun kənarına doğru gedir. Xəyal Məmmədov onu yanacaqdoldurma məntəqəsindən kənarlaşdırmağa çalışır. Bu zaman Təqsirləndirilən şəxs Xəyal Məmmədovdan yayınaraq sağ əlini ağzına tərəf apararaq siqaret çəkməyə xarakterik olan hərəkəti edir, onun ağzından tüstü çıxır və Təqsirləndirilən şəxs sağ əli ilə yanacaq borusunu avtomobilin çənindən ayıraraq borudan gələn benzini avtomobilin üzərinə səpələyir. Avtomobilin sürücüsü avtomobili işə salaraq dərhal hadisə yerindən uzaqlaşır, bu zaman Xəyal Təqsirləndirilən şəxs qolundan çəkərək aparır və yanacaq borusu Təqsirləndirilən şəxs əlindən yerə düşür. Şahid1 yerdəki yanacaq doldurma borusunu alaraq yerinə qoyur, Emini sakitləşdirməyə çalışırlar. Daha sonra Təqsirləndirilən şəxs yanacaqdoldurma məntəqəsinin ofisinə daxil olaraq orada masa arxasında oturmuş Zərərçəkmiş şəxs1 üzərinə doğru gedir, lakin ərtafdakı şəxslərin köməkliyi ilə onu ofisdən çıxarırlar. Bundan sonra görüntülər kəsilir. Həmin videogörüntülərdə danışıqlar (səs) qeydə alınmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 dekabr 2019-cu il tarixli 29411 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 2012-ci il buraxılışlı “Chevrolet Cruze-minik” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2019-cu ilin oktyabr ayına olan orta bazar qiyməti 14.000 (on dörd min) manat müəyyən olunur. İş materiallarında olan məhkəmə-psixiatriya ekspertizasının 10 dekabr 2019-cu il tarixli, 659 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs nevrotik reaksiyalarla müşayiət olunan şəxsiyyətin aksentuasiyası xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) vəziyyətində olduğundan, o, hazırki cinayət əməlini törədərkən sərxoş vəziyyətdə olmasına baxmayaraq öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə irəli sürülmüş hər bir ittihama ayrı-ayrılıqda qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 məxsus olan 14 000 manat dəyərində avtomobili yandırmaqla məhv etməyə cəhd etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində hadisə vaxtı sərxoş vəziyyətdə olduğu üçün hadisənin təfərrüatını xatırlamadığını desə də israrla əlində olan siqaretin yanmadığını bildirmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahidlər də Təqsirləndirilən şəxs əlindəki siqaretin yanıb-yanmadığını dəqiq xatırlamadıqlarını bildirmişlər. Şahidlərin bu ifadələri onların ibtidai istintaqda verdikləri ifadələrlə ziddiyyət təşkil etdiyindən onların ifadələrinin həmin hissəsi (təqsirləndirilən şəxsin siqaret olan əli ilə yanacaq borusunu avtomobildən ayıraraq avtomobilin üzərinə benzin tökməsi) elan edilmiş, şahidlər üstündən uzun müddət keçdiyi üçün həmin ifadəni xatırlamadıqlarını bildirmişlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin videogörüntüdə də öz əksini tapan hərəkətlərinin təhlili onu göstərir ki, təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərkən eyni zamanda yanacaqdoldurma məntəqəsini dağıdacağını bildirməklə yanacaq dolduran avtomobildən yanacaq borusunu çıxarıb avtomobilin üzərinə tökməklə məhz həmin avtomobili yandırmağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs hərəkətlərinin başqa cür izah edilməsi ümumiyyətlə mümkün deyildir. Xüsusilə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs həmin vaxt əlində olan siqaretin yanan vəziyyətdə olmadığını bildirsə də hadisənin videogörüntülərinə baxarkən Təqsirləndirilən şəxs yanacaq borusuna yönəlməzdən bilavasitə əvvəl sağ əlini ağzına tərəf apararaq siqaret çəkməyə xas hərəkət etdiyi, bu zaman onun ağzından tüstü çıxdığı, daha sonra isə həmin əli ilə yanacaq borusunu avtomobilin çənindən ayırdığı müəyyən edilir. Bu da Təqsirləndirilən şəxs qəsdinin avtomobilin üzərinə benzin tökərək onu yandırmağa yönəldiyini, lakin ətrafdakı şəxslərin cəld müdaxiləsi nəticəsində onun qarşısının alındığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 29, 186.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş digər ittiham isə onun ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq törətməsi barədədir. Məhkəmə ittihamın bu hissəsi ilə qismən razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 6-cı bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyətiolan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən Zərərçəkmiş şəxs1 ictimai qaydanın qorunması üzrə öz vəzifələrini yerinə yetirən şəxs kimi Təqsirləndirilən şəxs öz hərəkətlərinə son qoymasını tələb etmiş, bu zaman Təqsirləndirilən şəxs isə ona müqavimət göstərərək xuliqanlıq hərəkətlərinə davam etmişdir. Halbuki, iş materiallarının tədqiqinin nəticələri onu deməyə əsas verir ki, Zərərçəkmiş şəxs1 ictimai qaydanı yox, özünü Təqsirləndirilən şəxs müdafiə etməyə çalışmışdır. Digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adı çəkilən qərarında qeyd edilmiş hallarla hazırkı ittihamda irəli sürülmüş məsələləri qarşılıqlı surətdə təhlil etdikdə hazırkı vəziyyətdə Zərərçəkmiş şəxs1 ictimai qaydanın qorunması üzrə üzərinə qoyulmuş vəzifələri yerinə yetirən şəxs hesab olunmadığı aydın görünür. Bununla belə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq Zərərçəkmiş şəxs1 ayaqla vurması əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin tərkibini yaratdığından Təqsirləndirilən şəxs əməli CM-in 221.2.2-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş 11.11.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 09.06.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respulikası CM-in 149.2.1, 149.2.3, 149.2.4, 29, 149.2.3, 29, 149.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 avqust 2010-cu il tarixli qərarı ilə cəzadan 01 il 01 ay 09 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, Göygöl Rayon Məhkəməsinin 10.10.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.05.2015-ci il tarixli qərarı ilə cəzadan 02 ay vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28 may 2012-ci il təvəllüdlü X6 və 09 iyul 2016-cı il təvəllüdlü X7 adlı azyaşlı uşaqları vardır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X8 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsi, himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcələri, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar, eyni zamanda cəzanı yüngülləşdirən hallar, cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzaların tətbiqi onun islah olunması üçün yetərli deyildir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29, 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin başa çatmamasının səbəblərini, eləcə də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə göstərəcəyi təsiri və Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası çərçivəsində aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs eyni vaxtda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə uyğun olaraq ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş 30 oktyabr 2019-cu il tarixli şübhəli şəxsin tutulması protokolundan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-91/2019 saylı, 01.11.2019-cu il tarixli və 06.12.2019-cu il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 30.10.2019-cu il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, barəsində əvvəli 30 oktyabr 2019-cu il tarixdən hesablanmaqla üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, 06.12.2019-cu il tarixdə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə dövründə həbsdə (ev dustaqlığında) saxlanıldığı müddət onun cəzaçəkmə müddətinə daxil edilməli və cəzasının əvvəli 30 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs məhkəmə iclası zalından həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübutlardan “Chevrolet Cruze” markalı, **-CR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qanuni sahibinə təhvil verilməsi nəzərə alınmalı, hadisənin görüntülərini özündə əks etdirən DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Azərbaycan Respubliaksı Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsi ilə təyin edilmiş cəza ilə əhatə edilməklə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 oktyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalından həbsə alınsın. Cinayət işi üzrə maddi sübutlardan “Chevrolet Cruze” markalı, **-CR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qanuni sahibinə təhvil verilməsi nəzərə alınsın, hadisənin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılsın. Məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən isə surətinin ona təqdim ediliyi vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-1/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-1/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver