Məhkəmə qərarları › İş №1(043)-10/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-10/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-10/2021 07.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 12 may 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında açıq məhkəmə iclasında, xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işsiz, ünvan 1 ünvanda yaşamış, hazırki iş üzrə barəsində qətimkan tədbiri seçilməmiş, hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 mart 2020-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Natəvan-2 qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin xüsusi olaraq çəpərlənərək mühafizəsi təmin edilmiş saxlanc yeri olan həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1 baş 2 illik diri çəkisi 45 kq olan 200 manat dəyərində yerli cins qoyunu və 1 baş 7 aylıq diri çəkisi 30 kq olan 185 manat dəyərində yerli cins quzunu gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 385 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, şahid ifadəsini,istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki əvvəllər fəhləliklə məşğul olmuşdur. Şəxsi işi ilə əlaqədar bir neçə dəfə Gəncə şəhəri Natəvan-2 qəsəbəsinə getmiş,həmin vaxt orada çəpərli sahədə çoxlu sayda xırda buynuzlu heyvanlar görmüşdür. 28.03.2020-ci il tarixdə həmin xırda buynuzlu heyvanlardan oğurlamaq qərarına gəlmişdir. Bununla bağlı qoyunları həmin yerdən çıxarması üçün «Yevlax» avtovağzalına gedərəkən orada tanışı Şahid4 ilə rastlaşmışdır. Ülvi ilə görüşüb hal-əhval tutduqda Ülvi ondan nə əcəb həmin yerdə olduğunu soruşduqda o, Ülviyə Natəvan qəsəbəsində dayısı yaşadığını və onun yanına getmək istədiyini bildirərək Ülviyə əgər boşdursa onunla yoldaşlıq etməsini bildirmişdir. Ülvi onunla razılaşmış, həmin vaxt Elvin Mehrəliyev də oraya gəlmişdir. Elvinə də, yalandan Natəvan qəsəbəsində dayısının yaşadığını, onun yanına getmək istədiyini deyərək Elvinə də onunla getməsini təklif etmişdir. Elvin də onunla razılaşdıqdan sonra həmin yerdə dayanmış VAZ 2107 markalı **-RA-*** qeydiyyat nömrə nişanlı taksinin sürücüsü ilə Natavan qəzsəbəsində olan qoyunların gətirilməsi üçün 10 manata razılaşaraq Elvin, Ülvi və o, Natəvan 2 qəsəbəsinə getmişlər. Həmin qəsəbədə o əvvəlcədən planlaşdırdığı yerə çatdıqda avtomobili saxladaraq avtomobildə olanlara onu 2 dəqiqə avtomobildə gözləmələrini bildirərək, əvvəldən planlaşdırdığı çəpərin qapısını açaraq qoyunları çəpərdən çıxardaraq yolun kənarındakı çəpərə doğru apararaq içərsindən iri olan qoyunun birini qucağına götürüb çəpərin çıxışına doğru aparmışdır. Həmin vaxt bir baş quzu da, qoyunun arxasınca gəlmişdir. O, həmin quzunu da çəpərdən çıxmış və avtomobilə tərəf apararaq avtomobilin yük yerinə qoymuşdur.Avtomobildəkilər şübhələnməsin deyə baqajı örtdükdən sonra telefonu qulağına tutaraq “sağol dayı götürdüm...” deyib avtomobildə əyləşmişdir. O, sürücüdən avtomobili Gəncə şəhər, Dəmiryolu vağzalına sürməsini xahiş etmişdir. Onlar Gəncə şəhəri, Dəmiryolu vağzalının qarşısına çatdıqda sürücü avtomobili saxlayan zaman təxminən 2-3 dəqiqə sonra mülki geyimli şəxslər onlara yaxınlaşıb Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirərək onlara qoyun oğurlamaqda şübhəli olduğuqlarını deyərək onları Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxt Ülvi, Elvin və avtomobilin sürücüsü Aqil onun həmin qoyunları oğurlamasını bilmişlər. O, həmin qoyunları oğurlayarkən ətrafda hər hansı bir şəxs olmamışdır. Əməlindən peşman olduğunu və zərərçəkən şəxsə dəyən zərəri ödməklə barışıq əldə etdiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Gəncə şəhər MKTİB-də fəhlə işləməklə, fərditəsərrüfatında xırdabuynuzlu heyvanların saxlanması ilə məşğul olur. Təsərrüfatında olan 18 baş xırdabuynuzlu hevanları Gəncə şəhəri Natəvan-2 qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki çəpərli sahədə saxlamışdır. 28.03.2020-ci il tarixdə saat 16 radələrində arvadı İlhamə qışqıra-qışqıra onun yanına gələrək heyvanlardan 1 baş qoyunun və 1 baş quzunun oğurlandığını bildirmişdir. O, İlhamədən heyvanların necə oğurlanmasını bildirdikdə Şahid1 ona qoyunları otarmaq üçün həyətə çıxdıqda heyvanların yerində olmadığını, bu zaman heyvanları tapmaq üçün çəpərə getdiyini, həmin yerə gedərkən qoyunların yola çıxdığını və bir ədəd VAZ 2107 markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzaqlaşdığını gördüyünü demşdir. Heyvanları saydıqda 1 baş qoyunun və 1 baş quzunun yerində olmadığını müəyyən etdikdən sonra dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları həmin yerə gəlmiş, o polis əməkdaşlarına hadisə barədə məlumat vermiş və polis əməkdaşları müvafiq sənədləşməni aparmışlar. Həmin günün axşamı Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları onu idarəyə dəvət etmiş, o polis idarəsinə getdikdə orada ona məlum olmuşdur ki, qoyunlarını əvvəllər tanımadığı Təqsirləndirilən şəxs oğurlanmışdır. Bundan sonra ona oğurlanmış qoyunlar təqdim edilmiş və o öz qoyunlarını tanıyıb özünə məxsus olmasını bildirmişdir. Bundan sonra onun oğuralanmış 1 baş 200 manat dəyərində qoyunu və 1 baş 170 manat dəyərində quzusu ona təhvil verilmiş və o həmin heyvanları götürüb evinə aparmışdır.Hazırda təqsirləndirilən şəxs ona vurmuş olduğu zərəri ödəmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını göstərərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunda ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş X2, Şahid2 Muhiddin oğlunun və Şahid4 ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş X4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, gündəlik olaraq qazancını fəhləlik edərək əldə edir. Təqsirləndirilən şəxs təxminən 1-2 ildir ki, tanıyır. Rəşadla münasibətlərim yaxşı olmuşdur. Rəşadın vasitəsilə isə Şahid4 tanımış və ancaq Ülvi ilə münasibəti elə də sıx olmamışdır. 28.03.2020-ci il tarixdə təxminən saat 16 radələrində o, şəhərdə gəzmək üçün köhnə Yevlax avtovağzalı deyilən yerə gedərkən orada Rəşad və Ülvinin dayanıb söhbət etdiklərini görmüşdür. Bu zaman Rəşad onu görüb Ülvinin yanından ayrılaraq onun yanına gəlmişdir. O, Rəşadla salamlaşıb görüşmüş və bir-birilərinin hal- əhval tutmuşlar. Bu zaman Rəşad ondan boş olub-olmadığını soruşaraq, Natəvan qəsəbəsində dayısı qaldığını, onunla birlikdə dayısıgilə getməsini xahiş etmişdir. O da, cavabında Rəşada boş olduğunu deyərək onunla birlikdə yoldaşlı olaraq gedə biləcəyini bildirmişdir. Bu zaman həmin yerdə dayanacaqda VAZ 2107 markalı **-RA-*** dövlət qeydiyyat nişanlı taksi dayanmışdır. Rəşad həmin taksiyə yaxınlaşaraq sürücüsü-adı ona sonradan məlum olan Şahid2 Muhiddin oğlundan boş olub-olmamasını soruşmuş, Aqil isə boş olduğunu demişdir. X12 şəhər, Natəvan-2 qəsəbəsinə getməyə 10 manat qarşılığında razılaşmış, həmin vaxt Ülvi də, onların yanına yaxınlaşmış və o Ülvi ilə də, salamlaşıb görüşmüşdür. Bundan sonra Rəşad taksinin ön sağ oturacağında, o və Ülvi isə arxa oturacaqda əyləşmişlər. Onlar avtomobilə əyləşdikdən sonra X11 2 qəsəbəsinə sürməsini istəmişdir. Bundan sonra Aqil avtomobili işə salaraq hərəkətə başlamış və Rəşadın istiqamətləndirilməsi ilə onlar Natəvan-2 qəsəbəsinə getmişlər. Həmin qəsəbədə tanımadığı şəxsə məxsus fərdi yaşayış evinin yolun kənarında ətrafı paslı dəmir torla, dəmir çarpayı başlığı və müxtəlif dəmir listlərlə hasarlanmış çəpərinə çatdıqda Rəşad avtomobili saxlatdıraraq dayısının evinə çatdığını bildirmişdir. Aqil avtomobili dayandırdıqda Rəşad onlara “avtomobildə gözləyin 2 dəqiqəyə çıxıram...” deyərək avtomobildən düşmüş və çəpərin dəmir çarpayı başlığı olan hissəsində bir qədər qurdalanıb oranı açaraq həmin yerdən içəri daxil olmuşdur. Rəşad çəpərə daxil olduqdan sonra Aqil avtomobili təxminən 3-4 metr irəli sürərək kölgəli yerdə yolun solunda avtomobili park etmişdir. Bundan sonra onlar hər üçü avtomobildə Rəşadın gəlməsini gözləmişlər. Təxminən 4-5 dəqiqə sonra Rəşad çəpərə daxil olduğu yerdən qucağında qoyunla yola çıxmış, həmin vaxt Rəşadın arxası ilə bir ədəd quzu da, gəlməkdə davam etmişdir. Rəşad arxadan sürücüyə “baqajı aç...” deyə səslənmiş, Aqil də, salondan avtomobilin baqajının kilidini açmış və Rəşad 1 ədəd qoyunu və 1 ədəd quzunu avtomobilə mindirərək baqajı kilidləmişdir. Bu zaman çəpərdə olan qoyunlar Rəşadın çəpərin açıq qoyduğu hissəsindən yola çıxmağa başlamışlar. Rəşad heyvanları baqaja yüklədikdən sonra telefonu qulağına tutaraq “sağol dayı götürdüm...” deyib avtomobildə əyləşmişdir. Onlar Rəşaddan baqaja yüklədiyi heyvanları haradan əldə etməsini soruşduqda Rəşad daysının pay verdiyini demişdir. Bundan sonra Rəşad Aqilə “gedək...” deyə bildirmiş, Aqil də, avtomobili işə salaraq hərəkətə başlamış və Rəşad avtomobili Gəncə şəhər, Dəmiryolu vağzalına sürməsini istəmişdir. Onlar Gəncə şəhəri, Dəmiryolu vağzalının qarşısına çatdıqda Rəşad Aqilə avtomobili saxlamağını istəmiş, həmin yerdə Rəşad bir qədər vağzalın ətrafına boylanmışdır. Onlar avtomobili dayandırdıqdan bir neçə dəqiqə sonra mülki geyimli şəxslər onlara yaxınlaşıb Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları olduğunu bildirib onlara qoyun oğurlamaqda şübhəli olduqlarını deyərak Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə dəvət ettmişlər. O, bu zaman anlamışdırlar ki, Rəşada həmin qoyunları dayısı pay verməyib, Rəşad həmin qoyunları oğurlayıb. O, Rəşada iradını bildirərək nə üçün bu barədə onlara demədiyini soruşduqda Rəşad onlara “özüm demədim...” deyə bildirmişdir. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə getmiş və Rəşad orada oğurladığı qoyunları təqdim etmiş, o isə baş vermiş hadisə barədə ətraflı məlumat vermiş və polis əməkdaşları müvafiq sənədləşməni aparmışlar. Onun nə Təqsirləndirilən şəxs, nədəki Şahid4 ilə hər hansı bir ədavəti, düşmənçiliyi yoxdur, onlarla hər hansı bir alış verişi, borcu olmamışdır. Təqsirləndirilən şəxs ona Natəvan qəsəbəsinə getməsi qarşılığında hər hansı bir vəd verməmiş, o hər hansı bir qazanc məqsədilə Rəşadla getməmiş, Sadəcə boş olduğu üçün Rəşada yoldaşlıq etmişdir. Rəşad ona dayısıgilə getməyi təklif edərkən Ülvi onların yanıda olamış, Ülvi taksini sifariş edilərkən onlara yaxınlaşmış və sonrasında da, ona hər hansı bir vəd verilməmişdir. Ülvi onun yanına gələrkən o artıq Rəşada yoldaşlıq etməyə razı olduğunu demişdir. Onlar qeyd olunan fərdi yaşayış evinin yaxınlığına çatdıqda açıq sahədə, yəni yolda qoyunlar olmamışdır. Təqsirləndirilən şəxs qoyunları avtomobilə yükləyərkən və sonrasında ətrafda heç kəs olmamış, Rəşad sakit bir şəkildə qoyunları avtomobilə mindirmiş və hər hansı bir maneə ilə qarşılaşmamışdır. Ətrafda hər hansı bir səs-küy olmamış, onlar avtomobillə hərəkət etdikdən sonra da, hər hansı bir şəxs onları səsləməmiş və ya onların getməsinə mane olmamışdır. O, buna görə də, Rəşadın oğurluq etməsindən şübhələnməmişdir. Təqsirləndirilən şəxs qoyunları çəpərdən çıxardarkən, avtomobilə yükləyərkən və sonrasında ona heç kəs köməklik etməmiş, Rəşad qoyunu qucağında özü gətirmiş, quzunun özü isə qoyunun arxası ilə gəlmişdir. Rəşad özü qoyunları avtomobilə yükləmişdir. O, polis əməkdaşları onları saxladıqdan sonra Rəşadın oğurluq etməsini bilmiş, Rəşad nə əvvəlcədən, nədəki qoyunu yüklədikdən sonra onlara bu barədə hər hansı bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs qoyunları avtomobilə yüklədikdən sonra nə üçün avtomobili Gəncə şəhər, Dəmiryolu vağzalı istiqamətinə sürdürməsini və orada onları kiminsə qarşılayacağı barədə hər hansı bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 Muhiddin oğlu və Şahid4 şahid X5 ilə eyni məzmunlu ifadə vermişdirlər. Cinayət işi materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 05.06.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 03 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə təqsirləndirilərək 01 il 06 ay 03 gün islah işləri cəzasına məhkum edilmişdir. (i.v.114) Göygöl Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 1(066)-21/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli 03 aprel 2020-ci il tarixdən hesablanmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22.09.2020-ci il tarixli, 1(104) -284/2020 nömrəli qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 1(066)-21/2020 nömrəli hökmü dəyişdirilmiş və məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təyin olunmuş 02 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzası 02 il müddətinə endirilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 1(044)-60/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22.09.2020-ci il tarixli, 1(104) -284/2020 nömrəli qərarı ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş,CM-in 69.3-cü maddəsinə əsaən üzərində qəti olaraq 02 il 05 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. . Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20.04.2021-ci il tarixli, 1(104)-185/2021 nömrəli qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 1(044)- 60/2020 saylı hökmü Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilərək, Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5ci maddəsinə əsasən ona əvvəllər Gəncə Apelyasiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 2 (iki) 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs 11 yanvar 2020-13 yanvar 2020-ci il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 3 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası xxxx MMC-in 10.06.2020-ci il tarixli 147 nömrəli rəyindən görünür ki, 1 baş 2 illik, diri çəkisi 45 kq olan, yerli cins qoyunun 2020-ci ilin mart ayı üçün orta bazar qiyməti, nəzəri hesablama yolu ilə 192 manat, 1 baş 7 aylıq, diri çəkisi 30 kq olan, yerli cins quzunun isə 2020-ci ilin mart ayı üçün orta bazar qiyməti, nəzəri hesablama yolu ilə 185 manat müəyyən edilmişdir. (i.v.148-152) Beləliklə məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 mart 2020-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Natəvan-2 qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin xüsusi olaraq çəpərlənərək mühafizəsi təmin edilmiş saxlanc yeri olan həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1 baş 2 illik diri çəkisi 45 kq olan 192 manat dəyərində yerli cins qoyunu və 1 baş 7 aylıq diri çəkisi 30 kq olan 185 manat dəyərində yerli cins quzunu gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 377 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsaəsn m əhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən təkrar törədilməsi ilə bağlı CM-in 177.2.2 maddəsi ilə ittiham verilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum olunduğundan onun əməli təkrarçılıq kimi qimətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan çıxarılmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini Cinayət Məcəlləsinin 59.1.13 maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, barəsində CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkəməsinin 20.04.2021-ci il tarixli, 1(104)- 185/2021 nömrəli qərarı ilə təyin olunmuş 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplanılmaqla ona qəti cəza təyin olunmalı, cəzaçəkmə müdətinin əvvəli Göygöl Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli hökmü ilə müəyyən edilmiş 03.04.2020-ci il tarixdən hesablanmalı, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə olması və hazırki iş üzrə barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınmalıdır. İş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan alınaraq «xxxx»MMC-in hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan 1 baş qoyun və 1 baş quzunun sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkəməsinin 20.04.2021-ci il tarixli, 1(104)- 185/2021 nömrəli qərarı ilə təyin olunmuş 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli Göyöl Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 03.04.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq «xxxx»MMC-in «xxxx» ASC Gənclik Mall filialı, kod 201025, VÖEN **********, SWİFT kod AllBAZ2X,M/hAZ37NABZ********************,VÖEN**********,hesab AZ53AİİB**********043315142 nömrəli hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar