Məhkəmə qərarları › İş №1(043)-101/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-101/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-101/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz şəhəri, R.Məmmədov küçəsi, ev 38-də qeydiyyatda olan və Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 164-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyən etdi: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs rəhmətə getmiş əri X1 adına verilmiş təqaüdün onun adına rəsmiləşdirməklə, qeyd olunan təqaüdün onun tərəfindən alınmasına köməklik etmək imkanını olmasına inandırıb, niyyətini həyata keçirmək üçün yalan vəd verib etibarından sui-istifadə еtmə və аldatma yolu ilə 2019-cu ilin avqust ayında günü məlum olmayan tarixdə Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Maxi” marketin yaxınlığında 600 manat, daha sonra 2019-cu ilin dekabr ayının ortalarında günü məlum olmayan tarixdə Gəncə şəhəri H.Əliyev prospektində yerləşən çörək bişirmə sexinin yanında 100 manat, həmçinin 2020-ci ilin may ayında günü məlum olmayan tarixdə Gəncə şəhəri Z.Hacıyev küçəsində yerləşən “Depo” paltar mağazasının qarşısında isə 300 manat olmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs 1000 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Rənanı təxminən 3 ilə yaxındır ki, tanıyır. Belə ki, Rəna əvvəllər anası Rəfıqə ilə birgə çörək sexində işləmiş, onlarda həmin vasitə ilə tanış olmuşlar. Rəna onların evin bir sakini kimi daima onlara gedib-gəlmişdir. Təxminən 1 il əvvəl Rəna yaşadığı ünvana gələrək ondan mərhum ərinin adına olan təqaüdü düzəltməkdə köməklik göstərməsini təkidlə xahiş etmişdir. O, əvvəl razılaşmasa da, sonradan təkid etdiyi üçün köməklik etmək qərarına gəlmişdir. O, Rənaya bu işlə maraqlanıb məlumat verəcəyini demişdir. O, bir qədər maraqlanmış və bunun düzəlməsi üçün müəyyən qədər pul lazım olduğunu görmüş və Rənaya işin düzəlməsi üçün 1500 manat lazım olmasını demişdir. Rəna isə onun 600 manat pulu olduğunu, yerdə qalan pulu sonra verərəm demişdir. O, da işi düzəldəcək adama demiş, sonra həmin adamdan razılıq aldıqdan sonra Rənaya razılıq vemişdir. Təxminən 4-5 ay əvvəl Rəna ilə Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən Maxi marketdən bir qədər aşağıda görüşmüşdür. Rəna 600 manat pulu ona vermiş, sonradan yenidən pul lazım olduğu üçün 100 manat əlavə pul almışdır. Daha sonra ölkədə tətbiq edilən karantin rejimi davam etdiyi üçün təqaüdün düzəlməsi işi uzanmış, Rəna isə səbirsizlik edərək işin dərhal düzəlməsini tələb etmişdir. O da Rənaya sənbirsizlik etmək lazım olmadığını, ya gözlə işin düzəlsin, ya da vaxt ver pulunu qaytaracağını demişdir. O, pulu təqaüdün düzəlməsi üçün xərclədiyinə görə pulu dərhal Rəanaya qaytara bilməmişdir. Zərərçəkmiş şəxs ölmüş əri Bahəddinin təqaüdünü onun adına keçirmək üçün cəmi 700 manat pul almış, 300 manatı isə Rənadan sələm pulu kimi almışdır. Hal-hazırda zərər çəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri tam şəkildə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərilmişdir ki, əvvəllər çörək sexində Natiqin anası Rəfıqə ilə birgə işləmiş və həmin vasitə ilə Natiqi tanımışdır. Həyat yoldaşı Bəhəddin vəfat etdikdən sonra Bəhəddinin təqaüdünü 17 yaşlı oğlu Əmrahın adına keçirmişlər. Lakin Əmrah 18 yaşına çatdığı üçün 31.08.2019-cu il tarixdə həmin təqaüdün verilməsi dayandırılmışdır. Bir yerdə işlədikləri üçün bu barədə o, Natiqin anasının yanında danışmışdır. Natiqin anası Şahid1 ona “oğluma ver düzəltsin, yenə puldu də niyə kəsilsinki” demişdir. O da razılaşmış və 2020-ci ilin may ayında Natiq anası ilə onun birlikdə işlədiyi Gəncə şəhəri R.Qasımov küşəsində olan marketin içərisində yerləşən pekarnıya gəlmiş, orada Rəfiqə onu oğlu Natiqlə tanış eləmiş və o, vəziyyəti Natiqə danışmışdır. Natiq isə rəhmətə getmiş əri Bahəddinin adına olan təqaüdü onun adına keçirmək üçün ondan 1500 manat pul istəmişdir. Lakin o, pulu olmadığını deyən zaman Natiq ona “yaxşı 600 manat bəri başdan ver, qalanını da təqaüd düzələndən sonra verərsən” demişdir. O da Natiqlə razılaşmış 2019-cu ilin avqust ayında Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən “Maxi” marketdən bir qədər aşağı hissədə olan dayanacaqda ilkin olaraq 600 manat pulu Natiqə vermiş, Natiq isə rəhmətə getmiş əri Bahəddinin təqaüdünün 1-2 ay müddətində onun adına keçiriləcəyini bildirmişdir. Üzərindən bir neçə ay keçsə də iş düzəlməmişdir. Bu barədə Natiqə zəng etmiş və Natiq ona əvvəlcə yaxın günlərdə düzələcəyini demişdir. Lakin, bir neçə gün keçsə də Natiqdən xəbər çıxmamışdır. 2019-cu ilin dekabr ayının ortalarında Natiqə zəng edən zaman iş tam həll olması üçün verməli olduğu puldan əlavə 100 manat da istəmişdir. O da razılaşmış və 100 manat pulu 2019-cu ilin dekabr ayının ortalarında Gəncə şəhəri H.Əliyev prospektində yerləşən pekarnının qarşısında Natiqə vermişdir. Natiq isə yaxın günlərdə təqaüdün düzələcəyini bildirmiş, lakin iş yenə düzəlməmişdir. 2020-ci ilin may ayında Natiq ona zəng edərək “sənin sənəd işlərində problem yaranıb, təcili Bakı şəhərinə gedəcəm, işin düzəlməsi üçün həmin puldan əlavə 300 manatda lazım olduğunu” demişdir. O, yenə də razılaşmışdır. 2020-ci ilin may ayının sonlarında Natiq Gəncə şəhəri Zülfü Hacıyev küçəsində yerləşən “Depo” ucuzluq adlı mağazanm yaxınlığına gəlmiş, o, sonuncu dəfə 300 manat pulu orada Natiqə vermiş, Natiq isə işin tezliklə düzəldəcəyini deyərək getmişdir. Natiq bununla da ondan 1000 manat pul almış və bundan sonra o, Natiqə 500 manat pul verməli olmuşdur. Lakin sonradan işi düzəlmədiyi üçün 2020-ci ilin noyabr ayında Natiqdən 1000 manat pulunu geri tələb etdikdə. Natiq həmin vaxt ona “tələsmə sənin işin düzəlib, sənə 08.12.2020-ci ildə kart verəcəm, içərisində 3000 manat pul var, çıxarıb işlərini görəsən mənim qalan hörmətimi də edərsən” demişdir. O, 08.12.2020-ci il tarixi gözləmiş və həmin tarixdə yenə də bir xəbər çıxmamışdır. Natiq telefonlarını söndürdüyü üçün Natiqin yaşadığı ünvana getmiş, həmin vaxt Natiqin valideyinləri və arvadı evdə olmadığını demişlər. Sonradan dəfələrlə zəng etsə də Natiq cavab verməmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və sonra da Kəpəz RPİ-nə ərizə yazmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Zərərçəkmiş şəxs isə qaynanası RəfiqəTağyevanın iş yoldaşı kimi tanışmışdır. 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs evinə gəlib Təqsirləndirilən şəxs onun ölmüş əri Bahəddinin adına olan təqaüddü onun adına köçürmək üçün Natiqə 1000 manat pul verdiyini demişdir. Həmin vaxt Natiq evdə olmadığı üçün ona bu barədə maraqlanıb deyəcəyini bildirmişdir. Həmin gün axşam Natiq evə gələn zaman bu barədə ona demiş, Natiq isə Zərərçəkmiş şəxs ölmüş əri Bahəddinin adına olan təqaüdü Rənanına adına keçirmək adı ilə pul aldığını etiraf etmişdir. Lakin, həmin vaxt Natiq Rənadan hansı məbləğdə pul almasını deməmiş, ona görə də pulun məbləği barədə məlumatı olmamışdır. X4 Bağırovadan onun ərinin təqaüdünü adına keçirmək adı ilə pul aldığını bilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahin ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs onunla birlikdə Gəncə şəhəri R.Qasımov küçəsində yerləşən “Aygün market” adlı marketin içərisində olan çörək bişirmə sexində işləmişdir. 2019-cu ilin avqust ayında söhbət zamanı Rəna ona rəhmətə getmiş əri Bahəddinin təqaüdünün kəsildiyini, tanış olacağı halda təqaüdü öz adına keçirmək istədiyini demişdir. O da Rənaya Natiqin tanışları olduğunu, təqaüdün adına keçirilməsi barədə onunla danışmasını demişdir. Bundan sonra Natiqlə o, sexin qarşısında tanış etmiş və Natiq is söhbət zamanı təqaüdü Rənanın adına keçirə biləcəyini demişdir. Bundan sonra kənara çəkilib getmiş, nə danışdıqlarını bilməmişdir. O da çörək bişirmək üçün sexə qayıtmışdır. Bir neçə ay sonra isə Rəna onun yanına gəlmiş və oğlunun Rənadan pul alıb aldatdığını bildirmişdir. O isə bu barədə məlumatı olmadığını demişdir. İş materiallarında olan 24.02.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və həmin istintaq hərəkəti zamanı zərər çəkmiş şəxs öz ifadəsində göstərikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 09.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmişdır. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73- 1.1-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs оğlu ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Qeyd edilən normalara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar