Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-103/2021 03.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilməmiş, Qazax rayonu Abbasbəyli kəndində qeydiyyatda olan, hazırda Gəncə şəhəri Məhsəti qəsəbəsi 34-cü küçədə fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki o, 2020-ci ilin oktyabr ayında istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən ətrafı hasarlanmış olan torpaq sahəsinə qanunsuz daxil olaraq həmin yerdə olan Zərərçəkmiş şəxs məxsus bir ədədinin dəyəri 0,65 qəpik olan, 1200 ədəd ümumi dəyəri 780 manat dəyərində olan mişar daşını gizli olaraq talayaraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayır. 2020-ci ilin oktyabr ayının sonlarında küçə ilə evə gedən zaman orada ətrafı hasarlanmış torpaq sahəsinə çoxlu mişar daşı töküldüyünü görmüş, həmin yerin sahibinin olmadığını görüb mişar daşlarını oğurlamaq qərarına gəlmişdir. Sonra oradan aralaşmış, mişar daşını satmaq üçün müştəri axtarmış və digər küçədə ustaların ev tikdiyini görüb onlara yaxınlaşaraq “Şaqman” markalı yük avtomobilinin sürücüsü olduğunu, mişar daşı satdığını, istəyən olsa xəbər verməsini bildirmişdir. Bu zaman orada usta işləyən, adını sonradan bildiyi Həsən adlı şəxs öz evinə mişar daşı lazım olacağını demiş, ona görə də mişar daşı lazım olanda zəng etməsi üçün mobil nömrəsini ona vermiş və aralaşıb getmişdir. Təxminən 1 həftə sonra Həsən zəng edib “4000 ədəd daş lazımdı, indi 600 manat pulum var, mənə kubik göndər, qalan pulu da 4000 ədəd daşın hamısı gələndən sonra bir aya verərəm” demiş, həmin vaxt mişar daşlarını oğurlayıb Həsənə satmaq qərarına gəlmiş və ona yalandan hazırda iki “Kamaz” markalı yük avtomobili həcmində mişar daşı olduğunu, indi onu göndərə biləcəyini, axşama komendant saatı olacağı üçün, qalanını isə səhəri günə göndərəcəyini demişdir. Həsən də razılaşmış və onunla sağollaşandan sonra mişar daşlarını oğurlamaq üçün bir ədəd ekskvator və “Kamaz” markalı yük avtomobili tapmaq barədə düşünmüş, bundan sonra əvvəllər iş görən zaman mobil nömrəsini özündə saxladığı Osman adlı ekskvator sürücüsünə zəng etmiş və Məhsəti qəsəbəsində mişar daşları olduğunu, onları “Kamaz” markalı yük avtomobilinə yükləməsini demiş, Osman isə ümumilikdə bu iş üçün 40 manat pul alacağını bildirmiş, ona 30 manat təklif etsə də razılaşmamış və məcbur olub 40 manata razı olmuş, sonra Osmana mişar daşları olan yeri demiş və Osman gələcəyini bildirmiş, lakin tanıdığı “Kamaz” markalı yük avtomobili sürücüsü olmadığı üçün tanışı Arzuman adlı şəxsə zəng etmiş və “mənim məhləmdə kubik var, satıram, tanış kamaz varsa denən gəlib aparsın” demiş, Arzuman isə “mənim sinif yoldaşımın kamazı var onunla danışım, boşdusa gəlib aparsın” demiş, təxminən 10 dəqiqə sonra zəng etmiş və “Kamaz” markalı yük avtomobilinin Rabil adlı sürücüsü ilə danışdığını, hər reysə 30 manat istədiyini bildirmiş, bundan sonra ona “Arzuman denən gəlsin dostumun Kafesinin yanında” demiş, biraz sonra eksvator sürücüsü Osman ora gəlmiş və onu qarşılamış, həmin mişar daşları olan yeri göstərmiş və “Kamaz” markalı yük avtomobilinin birazdan çatacağını bildirmiş, Osman da razılaşmış və gözləməyə başlamışdır. Bir az sonra Rabil adlı şəxs “Kamaz” markalı yük avtomobili ilə ora gəlmiş, lakin oğurluq etdiyinə görə onların tanımaması üçün oradan xeyli aralaşıb kənarda dayanmış, həmin vaxt Osman eksvkvatorla orada dayandığı üçün Rabil də gəlib onun yanında dayanmış, sonra Osman ekskvatorla mişar daşını “Kamaz” markalı yük avtomobilinə yükləmiş, onlar daşı yükləyənə kimi Həsənə zəng etmiş və mişar daşını hara aparmasını soruşmuş, Həsən isə Göygöl rayonu Yeni Qızılca qəsəbəsində olan adını xatırlamadığı marektin yerini demiş və “Kamaz” markalı yük avtomobilini orada gözləycəyini bildirmişdir. Kamaz tamamilə dolandan sonra Arzuman zəng etmiş və “Kamaz şoferi zəng edib ki, daşı hara töküm” demiş, ona Kamaz markalı yük avtomobilinin Yeni Qızılca qəsəbəsində olan marketin qarşısında getməsini, Həsən adlı şəxsin onu gözlədiyini demiş, sonra da “Kamaz” markalı yük avtomobili ora getmiş, Həsənlə görüşüb daşı boşaltmış, sonra geri qayıtmış və ikinci dəfə daşı Kamaza yükləmiş, bu zaman Osman zəng edib 40 manat pulunu tələb etmiş, ona pulu “Kamaz” sürücüsündən almasını, özünün ona 40 manat verəcəyimi demiş, “Kamaz” markalı avtomobilin sürücüsü 40 manat pulu Osmana vermiş və ikinci reysi də aparıb Həsənin torpaq sahəsinə boşaltmış, Həsənə zəng edib ona yalandan özünün gələ bilmədiyini, 600 manat pulu Rabil adlı yük avtomobilinin sürücüsünə verməsini demiş, Həsən də razılaşmış və tez Arzumana isə zəng edib evdə olduğunu, hazırda çıxa bilməyəcəyini, pulu Rabildən götürüb ona 100 manat verməsini, qalan 500 manat pulu isə ondan götürəcəyini demişdir. Arzuman da razılaşmış və bir neçə saat sonra X5 qəsəbəsində görüşüb 500 manat pulu ondan götürmüş, həmin pulu da öz ehtiyacları üçün xərcləmişdir. Bundan başa həmin yerdən mişar daşı oğurlamamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini və aralarında barışıq əldə olunduğunu bildirib onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 7 il əvvəl Gəncə şəhəri Kəpəz rayon icra hakimiyyətindən Gəncə şəhəri Məhsəti qəsəbəsindən özünə 6 sot torpaq sahəsini sərəncam və layihə ilə almışdır. Həmin yerin ətrafını hasara alsa da bir tərəfi açıq vəziyyətdə olmuşdur. Həmin yerdə bünövrə tökülmüş və təxminən 5 metr hündürlüyündə evin tikilişi aparılmışdır. O da maddi imkanı olmadığı üçün evin tikintisini davam etdirmək üçün hər birini 0,65 qəpiyə olmaqla sayı 2400 ədəd mişar daşı olmaqla 5 ədəd “Shagman” markalı yük maşını ilə ümumilikdə 12000 ədəd mişar daşlarını sonra tikintini dava etdirsin deyə alıb torpaq sahəsinə tökdürmüşdür. O, isə tez-tez ora gedib baxaraq nəzarət etmişdir. Sonuncu dəfə 2020-ci ilin oktyabr ayının ortalarında torpaq sahəsinə nəzarət üçün getmiş və mişar daşlarının yerində olmasını görmüşdür. Bundan sonra oradan kənarlaşıb getmişdir. 04.11.2020-ci il tarixdə isə yenə də ora baxmaq üçün gedən zaman həmin mişar daşlarının 12000 ədədinin yerinə olmadığını görmüşdür. Bundan sonra həmin hadisə ilə bağlı polisə şikayət etmiş və polisin araşdırması ilə ona məxsus 12.000 ədəd mişar daşından 1200 ədədinin Emil Rzayev tərəfindən oğurlandığı məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 20-T-288 dövlət nömrə nişanlı “dekaloder” fırmasına məxsus yükləyici ekskovatoru idarə edir. 2020-ci ilin oktyabr ayının sonlarında təxminən saat 18 radələrində Gəncə şəhəri “Bağman” adlanan yerdə mal bazarının yaxınlığında dayanan zaman bir nəfər adını sonradan bildiyi Emin adlı şəxs ona zəng etmiş və “2 maşın kubik var, onu kamazlara yükləmək lazımdır” demiş və qiyməti soruşmuşdur. O da Eminə bir “Kamaz” markalı yük avtomobilinə 20 manata mişar daşı yükləyəcəyini demiş, Emin qiyməti aşağı salmağını desə də o, qiymətdə düşməmiş və Emin razılaşaraq onu Gəncə şəhəri Məhsəti qəsəbəsində olan yeni tikilən evlər olan yerə çağırmışdır. O, həmin yerə çatan zaman ətrafı hasarlanmış, yalnız bir tərəfi açıq olan boş torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində yerə mişar daşları töküldüyünü görmüş, Emin adlı şəxslə salamlaşmış və Emin ona “Kamazı gözlə indi gəlir, bu daşları Kamaza yüklə “ demişdir. Sonra Emin oradan uzaqlaşıb getmişdir. O, biraz gözləyəndən sonra nömrə nişanını xatırlamadığı “Kamaz” markalı yük avtomobili ora gəlmiş, bundan sonra o, ekskvatorun qabaq çömçəsi ilə yerdə olan mişar daşlarını yükləyib “Kamaz”ın yük yerinə tökməyə başlamış, lakin mişar daşları sayılmadan yüklənmişdir. O, bir neçə dəfəyə “Kamaz”-ın yük yerini doldurmuş, sonra “Kamaz” markalı yük avtomobili oradan çıxıb getmişdir. Biraz sonra Eminə zəng etmiş və “bir dənə də Kamaz gələcək?, yoxsa sən boşaldıb qayıdacaqsan”? deyə soruşmuşdur. Emin isə həmin “Kamaz”-ın daşı boşaldıb geri qayıdacağını demiş, o da gözləmiş və təxminən 1 saat sonra həmin “Kamaz” markalı yük avtomobili yenidən ora gəlmişdir. O, yenə də eyni qayda ilə mişar daşlarını “Kamaz”-markalı yük avtomobilinə yükləmiş, lakin “Kamaz” markalı avtomobilə gözləməsini demişdir. O, Eminə zəng etmiş və 40 manat pulunu tələb etmiş, Emin isə gələndə verəcəyini desə də o, Emindən indi verməsini tələb etmişdir. Emin də 40 manat pulu “Kamaz” markalı avtomobilin Rabil adlı sürücüsündən almağını, özünün verəcəyini demişdir. O da Kamaz markalı yük avtomobilinin sürücüsündən 40 manat almış və Eminin ona verəcəyini demişdir. O da pulunu alandan sonra oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Gəncə şəhəri Məhsəti qəsəbəsində 11 saylı marşurut avtobusunu idarə edir. Təqsirləndirilən şəxs da qəsəbədə sərnişin kimi aparıb-gətirən zaman tanımış və mobil nömrəsini vermişdir. 2020-ci ilin oktyabr ayının sonlarında Emin ona zəng etmiş və “sən avtobus sürürsən, mənə Kamaz şoferi nömrəsi ver” demişdir. O da nə üçün lazım olduğunu soruşan zaman Emin ona “özümün məhləmdə mişar daşım var, pul lazımdı, onu satıram, daşımağa da “Kamaz” lazımdır” demişdir. O da sinif yoldaşı olmuş Rabil adlı “Kamaz” markalı yük avtomobilinin sürücüsünə zəng edib yük olduğunu, neçə manata apara biləcəyini soruşmuş, Rabil isə hər reys üçün 30 manat alacağını bildirmişdir. O da bu barədə Eminə demiş, Emin isə konturu olmadığını Rabilə Gəncə şəhəri Məhsəti qəsəbəsində olan “Dostumun kafesi” adlanan yerə gəlməsini demişdir. O da bu barədə Rabilə demiş və Rabil də həmin yerə getmişdir. O da öz işi ilə bağlı marşurut xəttində olmuşdur. Təxminən bir saat sonra Rabil ona zəng etmiş və mişar daşını hara aparacağını soruşmuşdur. O da zəng edib Emindən soruşmuş, Emin isə ona Yeni Qızılca qəsəbəsində olan marketin yanına getməsini demiş, o da həmin yeri Rabilə bildirmişdir. Sonra isə aparıb aparmamasından xəbəri olmamışdır. Bir neçə saat sonra Emin ona zəng etmiş və evdə olduğunu hazırda çıxa bilmədiyini, ona görə də yük avtomobilinin sürücüsü Rabildən satdığı mişar daşının 600 manat pulunu götürməsini Rabilə iki reys etdiyi üçün, hər reysə 30 manat olmaqla ümumilikdə 60 manat, ekskvatorun sürücüsünə də onların pul verdiyini, ona görə də əlavə 40 manatda verməsini demişdir. O da Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində olan dairənin yaxınlığında olduğu üçün Rabillə ora gəlməsini demiş və həmin yerdə Rabillə görüşüb Rabildən 600 manat almışdır. Sonra 100 manatı Rabilə vermiş, qalan 500 manat pulu da bir neçə saat sonra Eminlə görüşüb Eminin özünə vermişdir. Səhərsi günü Rabil ona zəng edərək, mişar daşından 200 ədədinin əskik olduğunu bildirmişdir. O, da Eminə zəng etmiş, lakin zəng çatmamışdır. Sonra o, Rabilə demişdir ki, “Əskik gələn 200 ədəd mişar daşını həmin yerdən götür apar müştəriyə təhvil ver, sənə hörmət edərəm”. Lakin özü mişar daşı alan adamla danışmamış və ona zəng etməmişdir. Həmin mişar daşlarının oğurluq olmasını bilməmiş və Təqsirləndirilən şəxs oğurluq olması barədə ona heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hörgü ustası olduğu üçün evlərin hörgüsü ilə məşğul olur. 2020-ci ilin oktyabr ayının əvvəllərində o, Gəncə şəhəri Məhsəti qəsəbəsində yeni məhlələrdə evin hörgüsünü hörən zaman adını sonradan bildiyi Emin adlı şəxs yaxınlaşmış və ev sahibinə mişar daşı lazım olub-olmadığını soruşmuşdur. O da ev sahibinə lazım olmadığını demiş, Emin isə mobil nömrəsini ona vermiş və “özümün Şaqman maraklı yük maşınım var, kubik daşıyıram, kimə lazım olsa denən gətirim töküm” demişdir. O, da Eminin mobil nömrəsini götürmüş və lazım olsa xəbər edəcəyini demişdir. Təxminən 20 gün sonra işlədiyi yerdən əmək haqqısını almış və özünün Göygöl rayonu Yeni Qızılca kəndində olan torpaq yerində ev tikdirmək üçün mişar daşı almaq qərarına gəlmiş, ona görə də Eminə zəng etmiş və 1500 ədəd mişar daşı istəmiş, lakin o, Eminə bir ədədi 50 qəpik olmaqla 1200 ədəd mişar daşının pulunu, yəni 600 manat pul verəcəyini, qalan 300 ədəd mişar daşının pulunu sonra verə biləcəyini demişdir. Emin əvvəlcə onunla razılaşsa da sonradan ona Bakı şəhərində olduğunu, gələndə 1200 ədəd mişar daşı gətirəcəyini bildirmişdir. Həmin gün təxminən saat 17 radələrində Emin ona zəng etmiş və “kubiki axşama gətirəcəm” sözlərini demişdir. O, da gətirməsini bildirmiş və həmin gün təxminən saat 19 radələrində Emin iki ədəd “Kamaz” markalı yük avtomobili ilə mişar daşını onun Göygöl rayonu Yeni Qızılca kəndində olan torpaq sahəsinə tökdürmüş, lakin Emin özü gəlmədiyi üçün o, 600 manat pulu Eminə çatdırması üçün “Kamaz” markalı yük avtomobilinin adını bilmədiyi sürücüsünə vermişdir. Mişar daşları 10 dəqiqə fərqlə iki ayrı kamazla onun həyətinə tökülüb. Birinci kamaz gəlmiş mişar daşını onun həyətinə boşaltmış və həmin kamaz şoferi zəng etmiş ikinci kamazda gəlmiş, o da mişar daşını onun həyətinə boşaltmış. Bundan sonra o mişar daşlarının pulunu həmin kamaz şoferinə vermişdir. Kamaz şoferi ona mişar daşı əskiy olsa gətirib verərəm demiş, özünə məxsus vizit kartını ona vermiş və çıxıb getmişdir. O, səhəri gün mişar daşını saymış 200 ədəd mişar daşı əskiy gəlmiş, 30-40 ədədi isə qırıqlar olmuşdur. O, Eminə zəng etmiş, lakin telefonu açmamış, sonra o, Kamaz markalı avtomobilin sürücüsünə zəng etmiş, 200 ədəd mişar daşının əskik olduğunu demiş, sürücü də Eminlə danışıb əskik olan mişar daşlarını gətirib verərəm demiş, bir gün sonra Kamazın sürücüsü 200 ədəd mişar daşını gətirib onun həyətinə tökmüşdür. Sonradan isə Eminin həmin mişar daşlarını oğurlayıb satdığını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, “Kamaz” markalı, **-EF-*** nömrə nişanlı yük avtomobili vardır. O, həmin “Kamazla” mişar daşı və digər yükləri daşıyır. 2020-ci ilin oktyabr ayının sonlarında xatırlamadığı tarixdə tanışı Arzuman onun mobil telefonuna zəng edib bir nəfər Emin adlı tanışı olduğunu, Gəncə şəhəri Məhsəti qəsəbəsində olan torpaq sahəsində mişar daşı olduğunu, həmin daşları satdığı üçün yük avtomobili lazım olduğunu demişdir. O da Arzumana bir reysi 30 manata gedə biləcəyini bildirmişdir. Sonra Arzuman razılaşmış, sonra həmin yeri ona izah etmiş və o, həmin yerə getmiş və orada bir ədəd ekskvator olduğunu görmüş və yük avtomobilini orada saxlamış, sonra ekskvator yerdəki mişar daşlarını “Kamaz”-a yükləmiş və o, Arzumana zəng edib hara aparacağını soruşmuşdur. Arzuman isə ona tanışından nömrəni soruşub deyəcəyini bildirmiş və biraz sonra Arzuman zəng edib ona Həsən adlı şəxsin mobil nömrəsini vermişdir. O da Həsən adlı şəxsin mobil nömrəsini götürmüş və zəng edib Həsənlə danışmışdır. Həsən adlı şəxs də mişar daşını Göygöl rayonu Yeni qızılca qəsəbəsində tökəcəyi yeri demiş, o da mişar daşını aparıb ora tökmüşdür. Bundan sonra o, yenidən Gəncə şəhəri Məhsəti qəsəbəsində olan həmin yerə qayıtmış və həmin ekskvator mişar daşını ikinci dəfə ona məxsus “Kamaza” yükləmişdir. Həmin vaxt eksvator sürücüsü ona Emin adlı şəxin 40 manat verməli olduğunu, onun verəcəyini, sonra 40 manatı ondan almağını demişdir. O da razılaşmış və öz cibindən 40 manat pulu ekskvatorun Osman adlı sürücüsünə vermişdir. Sonra o, yenə də Yeni qızılca qəsəbəsində olan yerə mişar daşını tökmüş və Həsən adlı şəxsdən bir ədəd 0,50 qəpik olmaqla, 1200 ədəd mişar daşının pulunu, yəni 600 manat pulu götürmüşdür. Sonra Arzuman ona zəng etmiş və dostunun vaxtı olmadığını, pulu ona verməsini, sonra özü pulu ona verəcəyini demişdir. O, da Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində 600 manat pulu Arzumana vermiş, Arzuman da həmin puldan ona 40 manat ekskvatora verdiyi pul, 60 manatda iki reys etməsinin pulunu vermişdir. Yəni Arzuman ümumilikdə ona 100 manat pul vermiş, qalan pulu isə Emin adlı tanışına verəcəyini demişdir. Sonrada o, oradan uzaqlaşıb öz evinə getmişdir. Mişar daşını alan şəxs onun mobil nömrəsinə zəng edərək 200 ədəd mişar daşının əskik olduğunu bildirmiş, o bu barədə Arzumana demişdir. Arzuman ondan xahiş etmişdir ki, “əskik gələn 200 ədəd mişar daşını həmin yerdən götür apar təhvil ver sənə hörmət edərəm”. O da Arzumana demişdir ki, onusuzda Göygöl rayonu Yeni qızılca qəsəbəsə gedəcəyəm aparıb verərəm. O, səhəri gün mişar daşı yığılan torpaq sahəsinə gələrək 200 ədəd mişar daşını öz Kamaz avtomobilinə yığaraq Həsən adlı şəxsə məxsus torpaq sahəsinə aparıb boşaltmışdır. Həmin mişar daşlarının oğurluq olmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 1999-cu ildən Məhsəti qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır, onun doğma əmisi oğludur. 2020-ci ilin noyabr ayının əvvəllərində əmisi oğlu Səyavuş ona zəng edərək, ona məxsus olan həyətdən mişar daşlarının oğurlandığını bildirmişdir. O, dərhal bu hadisə ilə bağlı polisə şikayət etmələri üçün ona Məhsəti qəsəbəsinin sahə rəisi Nəsib müəllimin yanına gedəcəyini onun da ora gəlməsini bildirmişdir. Zərərçəkmiş şəxs ilə birlikdə sahə rəisi Nəsib müəllimin yanında olan zaman, Nəsib onları axtardığını və Zərərçəkmiş şəxs məxsus həyətdən mişar daşlarının “Kamaz” markalı, **-EF-*** nömrə nişanlı yük avtomobili oğurlandığını və həmin sürücünün yanında da bir nəfərin olduğunu bildirmişdir. Onlardan həmin yerdə nə qədər mişar daşının olmasını dəqiqləşdirdikdə, əmisi oğlu Səyavuş ona həmin yerin ətrafını hasara alsa da bir tərəfi açıq vəziyyətdə olduğunu və həmin yerdən bünövrə töküldüyünü və təxminən 5 metr hündürlüyündə evin tikilişi aparıldığını bildirmişdir. Maddi imkanı olmadığı üçün evin tikintisini davam etdirmək üçün hər birini 0,65 qəpiyə olmaqla sayı 2400 ədəd mişar daşı olmaqla 5 ədəd “Shagman” markalı yük maşını ilə ümumilikdə 12000 ədəd mişar daşlarını sonra tikintini dava etdirsin deyə alıb torpaq sahəsinə tökdürdüyünü demiş və bu barədə şikayət ərizəsi yazıb qoymuşdur. Bundan sonra Nəsib müəllim onlara bu məsələni araşdıracağını və “Kamaz” markalı, **-EF-*** nömrə nişanlı yük avtomobilinin kimə məxsus olduğunu aydınlaşdıracağını demişdir. Həmin günü onlar yenidən Nəsib müəllimin yanına gedərək, “Kamaz” markalı, **-EF-*** nömrə nişanlı yük avtomobilin sahibinin Şahid4 olmasını bildirmişlər. Bundan sonra sahə rəisi Nəsib müəllim Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında oğurluq hadisə ilə bağlı araşdırılma aparılması üçün materialı Kəpəz Rayon Polis İdarəsinə göndərmişdir. O, bu hadisədən sonra əmisi oğlu Zərərçəkmiş şəxs dəqiq xatırlamadığı gündə müharibə vaxtları onun ona zəng etməsindən təxminən 2 gün qabaq, o öz ailəsini başqa bir yerə aparan zaman, Şahid4 və onun qardaşı Şahid5 məxsus iki ədəd Kamazı Məhsəti qəsəbəsinə tam mişar daşı ilə dolu yüklü vəziyyətdə gördüyünü və onların onunla da salamlaşaraq keçdiklərini bildirmişdir. Həmin ərəfələrdə o, Məhsəti qəsəbəsində yerləşən bərbərxananın yanından keçib gedən zaman bərbərxananın yanında dayanan tanışlarla salamlaşmış, bu zaman onlar ona hara getdiyini soruşduqda o, onlara əmisi oğlu Zərərçəkmiş şəxs məxsus torpaq sadəsindən mişar daşlarının oğurlandığını bildirmiş, orada olan şəxslər də ona tanışları avtobus sürücüsü olan Arzumanın ucuz qiymətə 0.50 qəpikdən mişar daşları satdığını və kimə mişar daşı lazım olarsa onun təşkil edəcəyini söhbət əsnasında demişlər. Bu hadisəni o, özlüyündə araşdırmağa başlamışdır. Ona məlum olmuşdur ki, Şahid4 və onun qardaşı Şahid5 əmisi oğluna məxsus mişar daşlarını onun xəbəri olmadan daşıyaraq, ucuz qiymətə müştərilər yığaraq satmışlar. Bu məsələdə onlara kömək etməsi üçün Arzumana 200 manat pul veriblər ki, o mişar daşlarına müştəri yığsın. Arzumanda Təqsirləndirilən şəxs vasitəsi ilə bu işləri gördürmüşdür. O, Təqsirləndirilən şəxs anası Rəfiqə adlı qadınla danışmış, sonuncu da ona “Kamaz” markalı, **-EF-*** nömrə nişanlı yük avtomobili ilə daş yığılan vaxtı sürücünün yanında bir nəfər başqa şəxsdə olduğunu o, görmüşdür, həmin şəxs Kamaza mişar daşı yığılan zaman yük avtomobilinin yanında dayanaraq “Fanta” içkisi içmişdir. Əlavə olaraq Rəfiqə adlı qadın ona bildirmişdir ki, o hadisənin şahidi olan zaman həmin şəxslərə yaxınlaşıb “xeyrli olsun bura sizindirmi ki yığıb aparırsınız?” – onlardan soruşanda “bəli bizimdir” deyə cavabını almışdır. Həmin Şahid4 yanında adı onlara məlum olmayan şəxs Nəsib adlı polis əməkdaşına təxminən 1500 manat məbləğində pul verərək özünü həmin hadisədən uzaqlaşdırmışdır. Onlar Nəsib adlı polis əməkdaşına bu barədə bildirdikdə, Nəsib onlara həmin şəxsin başqa oğurluq hadisəsində iştirak etdiyini və onun bu məsələyə aidiyyətinin olmadığını, oğurluq hadisə ilə bağlı şikayət ərizələrini isə Gəncə Şəhər Kəpəz rayon Polis İdarəsinə göndərdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 dekabr 2020-ci il tarixli, 915 nömrəli qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas, 2020ci ilinin iyun ayından 04.11.2020-ci il tarixədək olan müddət ərzində naməlum şəxs (lər) Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən, ətrafı hasarlanmış olan torpaq sahəsinə daxil olaraq oradan ümumi dəyəri 8400 manat olan, 12000 ədəd mişar daşını oğurlayaraq zərərçəkmiş şəxsə 8400 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməsi barədə Gəncə şəhər Kəpəz RPB-nin icraatına daxil olan HK-1/2774 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. “Hadisə yernə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ona məxsus 12000 ədəd mişar daşının oğurlandığı Gəncə şəhəri Məhsəti qəsəbəsində kənarları bağlı torpaq sahəsini göstərmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Cinayət işinin istintaq adiyyəti üzrə göndərilməsi haqqında” 11 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus 12000 ədəd mişar daşını oğurlayan Təqsirləndirilən şəxs və təhqiqata məlum olmayan digər şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 177.1-cü maddəsinin tərkib əlamətləri olduğundan toplanılmış material aidiyyatı üzrə qərar qəbul edilməsi üçün Gəncə BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” 05 dekabr 2020-ci il tarixli, 918 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs maddi ziyan dəydiyindən zərərçəkmiş şəxs kimi tanınması qərara alınmışdır. “Baxış və götürmə aparılması haqqında” 19.12.2020-ci il tarixli, 1240 nömrəli protokoldan görünür ki, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs 1200 ədəd mişar daşını satdığı şəxs Şahid2 həmin 1200 ədəd mişar daşını təqdim etmiş və həmin mişar daşları maddi sübut kimi götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserinin 06 yanvar 2021-ci il tarixli, 34 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs X8 Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanser 11 yanvar 2021-ci il tarixli, 111 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunması haqqında” 23 yanvar 2021-ci il tarixli, 48 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması və tutulması haqqında” 23 yanvar 2021-ci il tarixli, 49 nömrəli qərardan görünür ki, xx.xx.1993-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilməmiş, Qazax rayonu Abbasbəyli kəndində qeydiyyatda olan, hazırda Gəncə şəhəri Məhsəti qəsəbəsi 34-cü küçədə yaşayan Təqsirləndirilən şəxs axtarışı elan edilməsi, tutularkən Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması haqqında” 23 yanvar 2021-ci il tarixli, 50 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs tapılıb istintaqa təqdim olunanadək cinayət işin üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 11.02.2021-ci il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək axtarış elan olunmuş Təqsirləndirilən şəxs 11.02.2021-ci il tarixdə tutulmuşdur. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsı haqqında” 11.02.2021-ci il tarixli, 67 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 11.02.2021ci il tarixli, 70 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə təqsirləndirilən şəxs qismində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 01.03.2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddəsi ilə təqsirləndirilərək 4100 manat cərimə edilmiş, 11.02.2020-ci il tarixdə Kəpəz rayon Məhkəməsinin qərarı ilə 04 ay 03 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Gəncə şəhər Probasiya şöbəsinin 07 mart 2021-ci il tarixli, 494/21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)- 99/2017 saylı 26.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 4100 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 7(043)-26/2020 saylı 11.02.2020-ci il tarixli 04 ay 03 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, azadlığın məhdudlaşdırılması cəzasını 17.07.2020-ci il tarixdə çəkib qurtarmışdır. Cinayət işinin materiallarından görünür ki, həmin cinayət işindən zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədədinin dəyəri 0,65 qəpik olan 10800 ədəd mişar daşı, cəmi 7020 manat dəyərində özgə əmlakının naməlum şəxslər tərəfindən oğurlanması ilə bağlı material ayrılaraq araşdırma aparılır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-59.1.12 və 59.1.13 maddələrinə əsasən təqsirləndirilən şəxsin əməlinin yüngülləşdirilən hal olmasını müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X3 əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunması onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən az ağır cinayətlər törətməyə görə əvvəllər məhkum olunması, buna baxmayaraq yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasının orta həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə ev dustaqlığında saxlandığı müddət daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2021-ci il tarixədə şübhəli şəxs qismində tutulduğu 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 1200 (bir min iki yüz) ədəd mişar daşının dəyəri təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə tam olaraq ödənildiyindən, 1200 (bir min iki yüz) ədəd mişar daşı Şahid2 qanuni sahibliyində olması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 11 fevral 2021-ci il tarixədə şübhəli şəxs qismində tutulduğu 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 2 (iki) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 1 (bir) il, 11(on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri Gəncə şəhəri Məhsəti qəsəbəsi 34-cü küçə fərdi yaşayış evi ünvanını axşam saat 20:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 1200 (bir min iki yüz) ədəd mişar daşının Şahid2 qanuni sahibliyində olması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-103/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-103/2021
03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver