Məhkəmə qərarları › İş №1(043)-104/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-104/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-104/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən 1 ədəd, nömrəsi silinmiş, kеçmiş SSRİ-də zаvоd üsulu ilə istеhsаl olunmuş, 9 mm kаlibirli, Mаkаrоv kоnstruksiyаlı, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu döyüş silahı olan tapançanı, 4 ədəd zаvоd üsulu ilə istеhsаl olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Mаkаrоv (PM), Stеçkin (АPS) kоnstruksiyаlı və s. silahlarda atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı, döyüş sursatı olan patronları və 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, Mаkаrоv kоnstruksiyаlı silahların komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş darağı əldə edərək üzərində saxlayıb daşıyaraq gəzdirmiş, 01 fevral 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən saat 13:50 radələrində Gəncə-Bakı şosesinin 1-ci kilometrliyində yerləşən X1 yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə gətirilib üzərinə baxış keçirilən zaman əynində olan cins şalvarın bel nahiyəsinin kəmər hissəsinə taxılmış 1 ədəd, nömrəsi silinmiş, kеçmiş SSRİ-də zаvоd üsulu ilə istеhsаl olunmuş, 9 mm kаlibirli, Mаkаrоv kоnstruksiyаlı, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu döyüş silahı olan tapança, 4 ədəd zаvоd üsulu ilə istеhsаl olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Mаkаrоv (PM), Stеçkin (АPS) kоnstruksiyаlı və s. silahlarda atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı, döyüş sursatı olan patronlar və 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, Mаkаrоv kоnstruksiyаlı silahların komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş daraq aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin noyabr ayının əvvəlində, günü dəqiq yadında olmayan tarixdə saat təxminən 16 radələrində o, yaşadığı evdən çıxıb metal tullantıları yığmaq məqsədilə “təzə avtovağzal” kimi tanınan X1 arxasında yerləşən zibilliyə gedib oradan metal tullantılar axtarmağa başlamışdır. Həmin vaxt o, zibilliyin içərisində tapança görmüş, ilkin olaraq gördüyü tapançanın oyuncaq olmasını zənn etmiş və yerdən götürüb baxanda tapançanın oyuncaq olmadığını, Makarov tipli tapança olduğunu bilmişdir. Həmin silahın darağını çıxardıqda içərisində 4 ədəd patron olduğunu görüb darağı yerinə taxmış, ətrafda heç kəsin olmadığını və onu heç kəsin görmədiyini dəqiqləşdirdikdən sonra həmin silahı özündə saxlamaq qərarına gəlmişdir. Bu məqsədlə silahı götürüb şalvarının belinə qoyaraq yaşadığı evə doğru getmişdir. O, silahı evdə saxlaya bilməyəcəyi üçün gizlətmək qərarına gəlmişdir. Bu məqsədlə həmin silahı yaşadığı evin yaxınlığındakı beton piltələrin arasında gizlətmişdir. 01 fevral 2021-ci il tarixdə, saat 12 radələrində o, yenə metal tullantılar yığmaq məqsədilə yaşadığı evdən küçəyə çıxıb silahı gizlətdiyi yerə çatanda həmin yerdə təmir işləri aparıldığını görmüşdür. Təmir zamanı həmin silahın aşkara çıxacağından ehtiyat edərək həmin silahı oradan götürmək qərarına gəlmişdir. O, bu məqsədlə həmin yerə yaxınlaşaraq silahı götürüb əynində olan cins şalvarın belinin kəmər hissəsinə taxaraq metal tullantılar yığmaq məqsədilə piyada X1 arxasında yerləşən zibilliyin yerləşdiyi yerə doğru getmişdir. Təxminən saat 13 radələrində o, X1 yanı ilə zibilliyə doğru hərəkət edərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını deyərək onu saxlamış və polis idarəsinə aparmışlar. Polis idarəsində onun üzərinə baxış aparılmış, baxış zamanı onun əynində olan cins şalvarın bel nahiyəsinə taxdığı içərisində 1 ədəd daraq, 4 ədəd patron olan 1 ədəd Makarov tipli tapança aşkar edilmişdir. O, üzərindən aşkar edilərək götürülmüş silahı hər hansı bir şəxsə xəsarət yetirmək üçün əldə etməmişdir. O, həmin silahı əldə etdikdən sonra aparıb gizlətmiş, silahdan hər hansı bir formada atəş açmamışdır. Onun silahı əldə edərək üzərində saxlaması barədə heç kəsin xəbəri olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2011-ci ildən X4, 2018-ci ildən isə tutduğu vəzifədə xidmət edir. 01 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılaraq Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əmliyyat-axtarış tədbirlərinin həyata keçirməkdən ötəri səlahiyyətli subyektin qərarı çıxarılmışdır. Bundan sonra bölmənin sahə rəisi, Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 13:50 radələrində Təqsirləndirilən şəxs Gəncə-Bakı şosesinin 1-ci kilometrliyində yerləşən X1 yaxınlığında olması müəyyən edilərək ona Gəncə şəhər Kəpəz RPB-nin əməkdaşları olduqlarını deyərək qanunsuz olaraq odlu silah əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib saxlayaraq Gəncə şəhər Kəpəz RPB-yə gətirmişlər. Bölmənin inzibati binasının xidməti iş otağında müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı onun əynində olan cins şalvarın bel nahiyəsinə taxdığı içərisində 1 ədəd daraq, 4 ədəd patron olan 1 ədəd Makarov tipli tapança aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin silahı tapdığını, gizlətdiyi yerdə təmir işləri aparıldığı üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş içərisində 1 ədəd daraq, 4 ədəd patron olan 1 ədəd Makarov tipli tapança qablaşdırılıb möhrələnmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək, onunla eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə haqqında” 01 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və onun əynində olan göy rəngli cins şalvarın arxasına taxılmış halda olan bir ədəd üzərində nömrəsi və istehsal tarixi silinmiş Makarov tipli tapança, 1 ədəd Makarov tipli tapançanın sandıqcası və 4 ədəd Makarov tipli tapançaya məxsus 9 mm-lik mərmilər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış videoçəkiliş vasitəsi ilə gündüz vaxtı keçirilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsnın ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə-ballistik ekspertizasının 02 fevral 2021-ci il tarixli 21/92R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə və dəyişiklik edilməmişdir. Eləcə də tədqiqata təqdim edilmiş 4 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdır. Rəydən həmçinin görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuşdur. Təqdim edilmiş 4 ədəd 9 mm kalibrli patronlardan 2 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Azərbaycan Respublikası DİN-in KTİ-dən daxil olmuş 08 fevral 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, təqdim edilmiş 01 ədəd 9 mm kalibrli, nömrəsi silinmiş Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarəinin güllə-giliz kartotekasında“ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Video çəkiliş ilə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı X8 şəhər Kəpəz Rayon Polis Bölməsinin baş əməliyyat müvəkkili, Şahid1, Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinin sahə rəisi, Şahid2, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Baxış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, bu barədə protokol imzalanır. Həmin sənədləşmədən sonra Təqsirləndirilən şəxs üzərinə baxış aparılır, baxış zamanı onun əynində olan cins şalvarın bel nahiyəsinə taxdığı 1 ədəd Makarov tipli tapança aşkar edilir. Təqsirləndirilən şəxs həmin silahı haradan əldə etməsi soruşulduqda o, həmin silahı 2020-ci ilin noyabr ayında tapıb, gizlətdiyini, gizlətdiyi yerdə təmir işləri aparıldığı üçün üzərində gəzdirdiyini bildirir. Bundan sonra həmin silahın darağı çıxarıldıqda oradan da, 4 ədəd patron aşkar edilir. Həmin vaxt Müdafiəçi Təqsirləndirilən şəxs polis əməkdaşları saxlayarkən və ya sonrasında hər hansı bir fiziki zoraklığa və ya işgəncəyə məruz qalıb-qalmaması barədə sual verdikdə Təqsirləndirilən şəxs heç bir təzyiqə, fiziki zorakılığa məruz qalmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 1 ədəd daraq, 4 ədəd patron olan 1 ədəd Makarov tipli tapança qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Məhkəmə-narkoloji ekspertizasının 01 mart 2021-ci il tarixli 194 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs güclü təsir edən maddə Tramadol və Preqabalin dərman preparatlarından yaranmış sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzəb çəkir, 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Məhkəmə-psixiatrik ekspertizasının 03 fevral 2021-ci il tarixli 58 nöməli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixopatabənzər davranışla müşayət olunan debillik dərəcəsində olan kəmağıllılıq (oliqofreniya) xəstəliyi keçirir. Təqsirləndirilən şəxs psixopatabənzər davranışla müşayət olunan debillik dərəcəsində olan kəmağıllılıq (oliqofreniya) xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik xroniki psixi xəstəlik olmadığından, həmçinin onda müşahidə edilən kəmağıllıq yüngül xarakter daşıdığından o, cinayət əməlini törədərkən öz hərəkətlərini öçüb-biçmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də, ona qarşı edilmiş hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir, anlaqlıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və hal-hazırda tibbi xarakterli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşür. Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs içərisində 1 ədəd daraq, 4 ədəd patron olan 1 ədəd Makarov tipli tapançanı kimdən və haradan əldə etməsini, həmçinin həmin soyuq silahdan hər hansı bir cinayətin aləti kimi istifadə olunmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsində ona kiminsə kömək etməsi, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhər Nizami rayon məhkəməsinin 27.07.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.1, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 1 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 06.10.2010-cu il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-7/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin 24.08.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilərək, Yevlax rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bir il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 09 iyun 2020-ci il tarixdən 10 iyun 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəza çəkmə müddətinin əvvəli 13 aprel 2021-ci il tarixdən hesablanmışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 4(043)-13/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, yəni 01 may 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 01 fevral 2021-ci il tarixdən hesablanmışdır. Tibbi Sosial Ekspert Komissiyasının 438775 nömrəli müayinə aktından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir (müddətsiz). “Sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2021-ci il tarixli qərardan və Gəncə şəhər BPİ-nə ünvanlanmış 21 mart 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk və onun üzərindən aşkar edilib qablaşdırılmış 1 ədəd Makarov konstruksiyalı tapança, 1 ədəd daraq, eksperimental atəşlər zamanı istifadə olunduqdan sonra qalan 2 ədəd patronlar iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və daha sonra saxlanılması üçün Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmişdir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə edərək üzərində saxlayıb daşıyaraq gəzdirməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin İİ qrup əlil olması və əməli anlaqlılığı istisna etməyən psixi pzuntu vəziyyətində törətməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır (CM 59.1.9, 59.2). Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmənin qənaətinə görə, hazırki halda təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş olsa da əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuşdur. Bundan sonra o, Yevlax rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü üzrə cəza təhdidi altında olarkən hazırki iş üzrə cinayət əməlini törətmişdir. Bu hallar onun cinayət törətməyə meyilli şəxs olmasını, şəxsiyyətinin mənfi səciyyələnməsini deməyə əsas verir və onun törətdiyi əməldən peşman olmasını bildirməsi əsas götürülməklə həbslə bağlı olmayan cəzanın təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, yeni cinayətlərin qarşısının alınmasına xidmət edə bilməz. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətinin mənfi səciyyələnməsi, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona həmin Məcəllənin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza Şəki Apelyasiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəza ilə qismən toplanılmaqla, qəti cəza təyin edilməli, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu 01 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Gəncə şəhər BPİ-də saxlanılan 1 ədəd Makarov konstruksiyalı tapança, 1 ədəd daraq, 2 ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 5 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 30 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən həmin cəza Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(107)-7/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərarına əsasən ona təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 01 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Gəncə şəhər BPİ-də saxlanılan 1 ədəd Makarov konstruksiyalı tapança, 1 ədəd daraq, 2 ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 30 manat məbləğində pul köçürülsün. (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar