Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-105/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, İmamqulubəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs “Covid-19” virusu ilə bağlı test analizi verməklə 12.12.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 12 dekabr 2020-ci il tarixdə Şəki rayonuna və 14 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhərinə gedən zaman epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmış, həmin tarixdə və saatda Gəncə şəhər BPİ-nin Xüsusi Təyinatlı bölüyünün polis əməkdaşları tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Nizami məqbərəsi yaxınlığında stasionar polis postunda müəyyən edilərək saxlanılmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 2020-ci ilin noyabr ayının axırlarında, dekabr ayının ilk günlərində anası Şahid3 Mingəçevir şəhərinə xəstəxanaya aparmışdır. Orada həkimlər anasına baxıb «Covid-19» virusuna yoluxduğunu, anasının nəfəs almasının bir az çətinləşdiyini demişlər. O, anasını Bərdə rayon xəstəxanasına gətirmış, orada xəstəxanada qalmışdır. Bundan sonra o və ailə üzvləri «Covid-19» virusuna yoluxub-yoluxmadıqlarını öyrənmək üçün test vermişlər. Təxminən 2-3 gün sonra onun testinin nəticəsi pozitiv çıxmışdır. Bu barədə mobil nömrəsinə mesaj gəlmişdir. Sonra anası Fatimənin vəziyyəti pisləşdiyi üçün Bərdə rayon xəstəxanasından Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya aparmaq lazım olduğunu demişlər. Xəstəxanadan anası Fatmanı ambulansla Gəncə şəhərinə xəstəxanaya gətirmişlər. 12 dekabr 2020-ci il tarixdə ona Bərdə rayon Gigiyena və epidemiologiya mərkəzindən Yeganə həkim zəng vurub onun «Covid-19» virusuna yoluxduğunu demişdir. Həmin həkim ona yaşadığı evi tərk etməməyi tapşırmışdır. 14 dekabr 2020-ci il tarixdə xəstəxanadan anası zəng edib vəziyyətinin normal olduğunu və xəstəxanadan çıxacağını demişdir. O da buna görə Gəncə şəhərinə gəlmişdir. Gəncə şəhərinin girişində stasionar polis postunda onu saxlamışlar və onu yoxlayıb «Covid-19» xəstəsi olduğunu bildirmişlər. Sonra orada onu video çəkilişlə sorğu-sual etmişlər. Sorğu-sual zamanı o, verdiyi analizin pozitiv olmasını, xəstə olmasını bildiyini, anasını aparmaq üçün məcbur olub Gəncə şəhərinə gəldiyini bildirmişdir. Sonra onu buraxmışlar və o, çıxıb yaşadığı Bərdə rayonunun İmamqulubəyli kəndinə gəlmiş, ondan sonra heç bir yerə getməmişdir. Sonra da dəqiq tarixini xatırlamadığı vaxtda ona xəstəxanadan zəng edib 14 günün bitdiyini, sağaldığını demişlər. Gəncə şəhərinə gəlməyinin səbəbi anası Fatmaya görə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, oğlu Mürşüd və onun ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin noyabr ayının axırlarında o, özünü pis hiss etdiyi üçün, hərarəti qalxmış, nəfəs alması çətinləşmişdir. Buna görə də onu oğlu Mürşüd Mingəçevir şəhər xəstəxanasına aparmışdır. Orada onun ağciyərlərini Komputer tomoqrafiya etmiş, «buzlu şüşə» olduğunu demişlər. Sonra onu oğlu Bərdə rayon xəstəxanasına gətirmiş, orada bir neçə gün qalandan sonra Bərdə rayon xəstəxanasından onun vəziyyətinin pisləşməsi ilə bağlı Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxanaya ambulansla aparmışlar. O, bir neçə gün həmin xəstəxanada müalicə almışdır. 2020-ci ilin dekabr ayının 13-də ona sağaldığını və xəstəxanadan çıxa biləcəyi bildirilmişdir. O da oğlu Mürşüdlə danışmış, sağaldığını, xəstəxanadan çıxdığını demişdir. 14 dekabr 2020-ci il tarixdə oğlu Mürşüd Gəncə şəhərinə gəlmiş və Gəncə şəhərinin girişində polislər Mürşüdü saxlamış və onun covid xəstəsi olduğunu demişlər . O, xəstəxanada olanda müalicə aldığına görə Mürşüdün xəstə olmasını bilməmişdir. Həmin gün Mürşüdün bir tanışının avtomobili ilə o Bərdə şəhərinə getmiş, Mürşüd isə təcili yardım avtomobili ilə Bərdə rayonuna aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, daxili işlər orqanlarında xidmət edir. 14 dekabr 2020-ci il tarixdə o, ekipaj yoldaşı Şahid1 ilə birlikdə Gəncə şəhərinin girişində, «Covid-19» pandemiyası ilə bağlı Ölkə ərazisində müəyyən edilmiş sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar stasionar postda olmuşlar. Həmin gün saat 17 radələrində postda olarkən sonradan şəxsiyyətini Təqsirləndirilən şəxs kimi müəyyən etdikləri Bərdə rayon sakini postdan keçərkən tərəflərindən icazəli olub-olmaması Portal sistemi vasitəsi ilə yoxlanılmış və onun «Covid-19» virusuna yoluxduğu halda yaşadığı evi tərəf edib Gəncə şəhəri ərazisinə gəldiyini müəyyən etmişlər. Belə olan halda onlar sorğu-sual edən zaman Mürşüd adlı şəxs həqiqətən də virusa yoluxduğunu, lakin yüngül simptoromlu əlamətlərlə keçirməsini, anasının Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxanada olduğu üçün anasını xəstəxanadan çıxarmağa gəlməsini bildirmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs video görüntülü olaraq sorğu-sual etmişdir. Sorğu-sual zamanı o, «Covid-19» virusuna yoluxduğunu, həmin virusa yoluxması barədə mobil telefonuna mesaj gəlməsini, lakin həmin mesajın mobil telefonunda olmadığını bildirmişdir. Onlar da həmin şəxsə virus daşıyıcısı olduğu halda yaşadığı evi tərk etməməli olduğunu izah etmişlər, müəyyən izahlar verdikdən sonra, anket məlumatları götürüldükdən sonra Mürşüdün sorğu-sual edilməsini əks etdirən video görüntünü raportla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik idarəsinə təqdim etmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və onun Şahid2 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş X2 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Bərdə rayon Gigiyena və X1 şöbənin müdiri vəzifəsində işləyir, «Covid-19» pandemiyası ilə bağlı test analizi vermiş xəstələrdən pozitiv nəticəsi olan xəstələrə zəng edirlər, həmin şəxsələ xəstə olmalarını deyib olan müvafiq təlimatlar verərək 14 gün müddəğtində yaşadıqları evi tərk etməməyi bildirirlər. Onlardan olan portal sistemindəki məlumatlara əsasən bildirir ki, Bərdə rayonunun İmamqulubəyli kəndində yaşayan Təqsirləndirilən şəxs verdiyi tes analizinin nəticəsinin pozitiv olması barədə 12 dekabr 2020-ci il tarixdə məlumatları olan kimi dərhal həmin şəxsin ***-***-**-** mobil nömrəsinə zəng vurub o barədə həmin şəxsə bildirmiş, təlimatlandırmışdır ki, 14 gün müddətində yaşadığı evi tərk etməsin. O barədə də sistemdə zəng olunub təlimat verilməsi barədə də qeydləri vardır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs, 09 dekabr 2020-ci il tarixdə test analizi vermiş, verdiyi «Covid-19» pandemiyasına görə test analizinin cavabı 12 dekabr 2020-ci l tarixdə məlum olmuş, o da həmin tarixdə Təqsirləndirilən şəxs zəng vurub bildirmişdir. Təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixdə yoluxmamış, Mürşüd yoluxma tarixini düzgün qeyd etməmişdir. Ola bilsin ki, Mürşüd o gündən özündə müəyyən əlamətlər hiss edib yoluxduğunu bilə bilər, amma o şəxsin analizinin rəsmi cavabı Portal sisteminə əsasən 12.12.2020-ci il tarixdə müəyyən edilməsi məlum olmuşdur. 12 dekabr 2020-ci il tarixdə pozitiv xəstə kimi qeydiyyata alınaraq 26 dekabr 2020-ci il tarixdə sağalması kimi qeydiyyatı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bərdə rayon Gigiyena və Epidemioloji Mərkəzindən verilmiş 11 mart 2021-ci il tarixli 90 saylı məktubdan görünür ki, COVİD-19 Milli Məlumat bazasında Bərdə rayonunun İmamqulubəyli kəndində yaşayan Təqsirləndirilən şəxs 12.12.2020-ci il tarixdə COVİD-19 infeksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması, 12.12.2020-ci il tarixdə Bərdə rayon GEM-nin epidemiloji şöbənin müdiri-həkim epidemioloq X2 xəstə Təqsirləndirilən şəxs Əjdəor oğlu ilə telefonla əlaqə saxlayıb epidemioloji anemnez toplaması və 14 gün müddətinə, 12.12.2020ci il tarixdən 26.12.2020-ci il tarixədək olan müddətdə yaşadığı evi tərk etməməsi haqqında xəbərdarlıq edilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş 09 fevral 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokol”dan və DVD diskə qeyd edilmiş videogörüntülərdən məlum olur ki, X4 təqdim etdiyi 1 ədəd DVD disk götürülmüş və Təqsirləndirilən şəxs iştirakı ilə həmin diskdəki videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, görüntüdə bir nəfər şəxs özünü Bərdə rayonunun İmamqulubəyli kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim edir, ondan nə vaxt «Covid-19» pandemiyasına yoluxmasını bilməsi soruşulur, həmin şəxs bildirir ki, 11 gün əvvəl, yəni, 03.12.2020-ci il tarixdə virusa yoluxmuşdur, xəstəliyini yüngül keçirmişdir, onun mobil telefonuna bu barədə mesaj gəlməsini, lakin həmin mesajı silməsini bildirir. Ona həkimlərin evi tərk etməməsi barədə xəbərdarlıq edilməsi deyilir. Təqsirləndirilən şəxs ona həmin xəbərdarlığın edilib-edilməməsini xatırlamadığını, anası Gəncə şəhərində xəstə olduğu üçün anasına görə Gəncə şəhərinə gəlməsini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxduğu və tətbiq olunmuş qaydalara əməl etməsi, karantinə alındığı müddət ərzində yaşadığı evi tərk etməməsi tövsiyə edilir. İş materiallarına əlavə edilmiş 23 fevral 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin 03.12.2020-ci il tarixdən 17.12.2020-ci il tarixədək olan müddətdə girişçıxış zənglərin və həmin zənglərin anten dairəsinin müəyyən edilməsi barədə məlumatların qeyd edildiyi diskə baxış keçirilmişdir. Diskə baxış keçirilərkən məlum olmuşdur ki, diskdə 03 ədəd qovluq vardır. 1-ci qovluqda 61543 Zəng statistika (qarşı abunə) sözlərinin yazılması, 2ci qovluqda 61544 SMS statistika(qarşı abunə) sözlərinin yazılması, 3-cü qovluqda isə 61545 B-S Yerdəyişmə(hamısı) sözlərinin yazılması məlum oldu. Həmin qovluqlara baxış keçirmə zamanı məlum oldu ki, istifadəsində ***-***-**-** mobil nömrəsi olan Təqsirləndirilən şəxs, 03.12.2020-ci il tarixdən 2 dəfə Gəncə şəhərinə gəlmiş, bundan sonra Respublikanın Yevlax, Ağcabədi, Ağdam, Şəki, Ağdaş və digər rayonlarına getməklə yaşadığı evi tərk etmişdir. Təqsirləndirilən şəxs yerdəyişməsi ilə bağlı 3-cü qovluqda olan məlumatlar bir qədər kiçildilməklə 15 vərəqədən ibarət A-4 kağız formatı üzərinə printer vasitəsi ilə çıxarılmış və iş üçün əhmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Bərdə rayon Mərkəzi xəstəxanadan alınmış Mərkəzi Laboratoriyanın nəticələrinə dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs, «Covid- 19» pandemiyası ilə bağlı 09 dekabr 2020-ci il tarixdə test analizi vermiş, 12 dekabr 2020-ci il tarixdə onun verdiyi testin analizinin cavabı pozitiv çıxmışdır. “Koronavirusinfo.az” internet səhifəsindən “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X3 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından 4 vərəqə çap edilərək yaranmış cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin sənədlərdən görünür ki, mövcud sübutlar “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürüldüyünü göstərir. Xəstəylə təmasda olan və ya xəstəyə qulluq edənlər arasında yoluxma riski ən yüksəkdir. “COVİD-19” virusu təsdiqlənmiş xəstələrə 14 gün ev izolyasiyası tədbiq edilir. Müvafiq xəstəliyin inkubasiya dövrü 14 günədək ola bilər. Xəstə monitorinq müddətini evdə keçirməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01.02.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağı vardır. İş materiallarında olan Bərdə rayonu Zümürxan kənd icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları, videogörüntülər və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində dörd azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə axtarışda olduğuna görə 07.03.2021-ci il tarixdə tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmiş və 08.03.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut – 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07.03.2021-ci il tarixdən 08.03.2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Bərdə rayonunun ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-105/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-105/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver