Məhkəmə qərarları › İş №1(043)-109/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-109/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-109/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-ci il tarixdə Gəncə şəhərin doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri Z.Hacıyev küçəsi ev 39-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 29 dekabr 2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 01 yanvar 2021-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək özünütəcrid müddətini yaşadığı evdə keçirməli olduğu halda 09 yanvar 2021ci il tarixdə saat 17 radələrində yaşadığı Gəncə şəhəri, Z.Hacıyev küçəsi ev 39 ünvanını tərk edib Gəncə şəhəri, 6-cı vağzal küçəsində yerləşən 42 nömrəli orta məktəbin stadionunda gəzməklə, bundan başqa 11 yanvar 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı Gəncə şəhəri, Z.Hacıyev küçəsi ev 39 ünvanını tərk edib ünvan 2sına getməklə, bundan başqa 01 yanvar 2021-ci il tarixdən 14 yanvar 2021-ci il tarixədək olan özünütəcrid müddəti ərzində yaşadığı Gəncə şəhəri, Z.Hacıyev küçəsi ev 39 ünvanını tərk edib istintaq zamanı dəqiq müəyyən edilməmiş Gəncə şəhəri ərazisində yerləşən müxtəlif ərazilərdə olmaqla, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, onunla birlikdə evdə yoldaşı Şahid1 Elxan qızı və 1 yaşı olan uşağı X5 yaşayır, fərdi əmək kimi Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində Dəyirman dairəsi adlanan yerin yanında olan aynaqapı sexində usta işləyir. Onun boğazında quru öksürək əməl gəldiyi üçün Covid-19 testindən keçmək qərarına gəlmiş, Abbas Səhhət adına xəstəxanada yoldaşı Kamilə ilə birlikdə 29.12.2020-ci il tarixdə Covid-19 testindən keçmiş, 01.01.2021-ci il tarixdə onun istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə sahə həkimi tərəfindən zəng edilərək Covid 19 testinin pozitiv çıxması bildirilərək səhhəti barədə maraqlanılmışdır. O, özünü biraz halsız hiss etdiyini və hərarətinin olmasını bildirmiş, ona xəstəliyin müalicəsi ilə bağlı tövsiyyələr verilmiş və dərman preparatları göndəriləcəyi bildirilmişdir. Həkim tərəfindən ona yaşadığı evi tərk etməməli olduğu barədə xəbərdarlıq edilmiş, daha sonra onun yaşadığı ünvana dərman preparatları göndərilmiş, həmçinin həyat yoldaşı Kamilənin də testinin pozitiv çıxması barədə həkim tərəfindən zəng edilərək xəbərdarlıq edilmişdir. Onun istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə 05.01.2021-ci il tarixdə mesaj gəlmiş və həmin mesajla Covid-19 testinin nəticəsinin pozitiv olması bildirilərək yaşadığı evi tərk edəcəyi halda məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmiş, yoldaşı Kamilənin də testinin pozitiv çıxması barədə mesaj gəlmişdir. Həmin gün ona həkim tərəfindən zəng edilərək səhhəti barədə maraqlanılmış, özünü normal hiss etdiyini bildirmiş, həkim bir daha ona özünütəcrid müddətinin bitməsi barədə mesaj gələnə kimi yaşadığı evi tərk etməməsi barədə xəbərdar etmişdir. Həmin vaxtdan sonra o, bir neçə gün yaşadığı evi tək etməmiş, yaşadığı evə ərzaqları qardaşı Rövşən alıb gətirmiş, testin cavabı poztiv çıxdıqdan sonra o, işə getməmişdir. 11.01.2021-ci il tarixdə saat 10 radələrində yaşadığı evi tərk etmiş, evdə çörək olmadığından və qardaşı işdə olduğu üçün heç kimə deyə bilməmiş, buna görə də üzünə maska taxaraq yaşadığı evi tərk edib H2O avtoyuma məntəqəsinin yanında olan ərzaq mağazasına getmişdir. Mağazaya daxil olduqda ondan başqa müştəri olmamış, o, mağazanın satıcısından bir ədəd çörək alıb mağazadan çıxmış, bundan sonra yaşadığı evə qayıtmışdır. 13.01.2021-ci il tarixdə polis əməkdaşı tərəfindən ona zəng edilərək 11.01.2021-ci il tarixdə yaşadığı evi tərk edib etməməsi soruşulmuş, həmin gün evi tərk edib çörək mağazasına getməsini bildirmiş, daha sonra yaşadığı evin qapısının qarşısında videoçəkilişlə polis əməkdaşları tərəfindən çəkiliş həyata keçirilmiş, çəkiliş zamanı bir daha yaşadığı evi tərk edərək mağazadan çörək almağa getməsini bildirmişdir. Bundan sonra 15.01.2021-ci il tarixdə onun mobil telefonuna mesaj gəlmiş və ona özünütəcrid müddətinin başa çatması bildirilmiş, xəstəliyi ağır keçirməmiş, həmin gün həkim tərəfindən ona bir daha zəng edilərək özünütəcrid müddətinin başa çatması bildirilmişdir. Onun təhsili olmadığından bilməyərəkdən qeyd edilən cinayət əməlini törətmiş, hazırda əməlindən çox peşimandır. Himayəsində azyaşlı övladının olmasını nəzərə alıb məhkəmə tərəfindən ona cərimə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, onunla birlikdə evdə yoldaşı Təqsirləndirilən şəxs və 1 yaşı olan uşağı X5 yaşayır, onun boğazında quru öksürək əməl gəldiyi üçün Covid-19 testindən keçmək qərarına gəlmiş, Abbas Səhhət adına xəstəxanada yoldaşı Əlövsət ilə birlikdə 29.12.2020-ci il tarixdə Covid-19 testindən keçmişlər. 01.01.2021-ci il tarixdə sahə həkimi tərəfindən ona və yoldaşı Əlövsətə zəng edilərək Covid 19 testinin pozitiv çıxması bildirilərək səhhəti barədə maraqlanılmış, o, özünü biraz halsız hiss etdiyini və hərarətinin olmasını bildirmiş, ona xəstəliyin müalicəsi ilə bağlı tövsiyyələr verilmiş və dərman preparatları göndəriləcəyi bildirilmişdir. Həkim tərəfindən ona yaşadığı evi tərk etməməli olduğu barədə xəbərdarlıq edilmiş, daha sonra onun yaşadığı ünvana dərman preparatları göndərilmiş, həmçinin həyat yoldaşı Əlövsətin də testinin pozitiv çıxması barədə həkim tərəfindən zəng edilərək xəbərdarlıq edilmişdir. Ona və Əlövsətə 05.01.2021-ci il tarixdə mesajlar gəlmiş və həmin mesajlarla Covid-19 testlərinin nəticəsinin pozitiv olması bildirilərək yaşadıqları evi tərk edəcəkləri halda məsuliyyətə cəlb ediləcəkləri barədə xəbərdarlıq edilmişdir. Həmin gün ona həkim tərəfindən zəng edilərək səhhəti barədə maraqlanılmış, o, özünü normal hiss etdiyini bildirmiş, həkim bir daha ona özünütəcrid müddətinin bitməsi barədə mesaj gələnə kimi yaşadığı evi tərk etməməsi barədə xəbərdar etmiş, həmin vaxtdan sonra xəstəlik bitənə kimi yaşadığı evi tək etməmişdir. Yaşadığı evə ərzaqları Əlövsətin qardaşı Rövşən alıb gətirmiş, testin cavabı pozitiv çıxdıqdan sonra əri Əlövsət işə getməmişdir. 11.01.2021-ci il tarixdə saat 10 radələrində əri Əlövsət yaşadığı evi tərk etmiş, evdə çörək olmadığından və Rövşən işdə olduğu üçün Əlövsət üzünə maska taxaraq yaşadıqları evi tərk etmiş, H2O avtoyuma məntəqəsinin yanında olan ərzaq mağazasından çörək alaraq yaşadıqları evə qayıtmışdır. 13.01.2021-ci il tarixdə polis əməkdaşı tərəfindən Əlövsətə zəng edilərək 11.01.2021-ci il tarixdə yaşadığı evi tərk edib etməməsi soruşulmuş, Əlövsət 11.01.2021-ci il tarixdə evi tərk edib çörək mağazasına getməsini bildirmiş, daha sonra yaşadıqları evin qapısının qarşısında videoçəkilişlə polis əməkdaşları tərəfindən çəkiliş həyata keçirilmiş, çəkiliş zamanı Əlövsət bir daha yaşadıqları evi tərk edərək mağazadan çörək almağa getməsini bildirmişdir. Bundan sonra 15.01.2021-ci il tarixdə onun və Əlövsətin mobil telefonuna mesaj gəlmiş, özünütəcrid müddətinin başa çatması bildirilmiş, onlar xəstəliyi ağır keçirməmişlər, həmin gün həkim tərəfindən ona bir daha zəng edilərək özünütəcrid müddətinin başa çatması bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, qardaşı Əlövsət həyat yoldaşı Kamilə və 1 yaşlı uşağı Xalid ilə birlikdə yaşayır. Əlövsət və həyat yoldaşı Kamilə özlərini narahat hiss etdikləri üçün 29.12.2020-ci il tarixdə Covid-19 testi vermişlər, 01.01.2021-ci il tarixdə qardaşı Əlövsətə və həyat yoldaşı Kamiləyə Covid-19 testinin pozitiv çıxması barədə həkim tərəfindən zəng edilərək məlumat verilmiş və onlara özünütəcrid müddətində yaşadığı evi tərk etməmək barədə xəbərdarlıq edilmişdir. O, qardaşı Əlövsət evdən çölə çıxa bilmədiyi üçün gündəlik ehtiyaclarına alıb qapılarına qoymuş, 05.01.2021-ci il tarixdə qardaşı Əlövsətə və həyat yoldaşı Kamiləyə Covid-19 testinin pozitiv çıxması barədə mesaj gəlmiş və bir daha onlara özünütəcrid müddətində yaşadığı evi tərk etməmək barədə xəbərdarlıq edilmişdir. 11.01.2021-ci il tarixdə o, işləri ilə əlaqədar yoxlamalar aparmaq üçün Gəncə ətrafı rayonlara getmiş, həmin gün Əlövsət ərzaq almağa heç kimi tapa bilmədiyindən özü yaşadığı evi tərk edərək yaxınlıqda yerləşən mağazaya getmişdir. 13.01.2021-ci il tarixdə Əlövsətin yaşadığı evi tərk etməsi məlum olmuş və videoçəkilişlə polis əməkdaşı tərəfindən Əlövsətə yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq edilmiş, o, 13.01.2021-ci il tarixdə Əlövsət ona deyən zaman yaşadığı evi tərk etməsini bilmişdir. Bundan başqa onun ailə üzvlərindən digər şəxslərdə Covid-19 testi pozitiv olmamışdır, o, ayrı evdə yaşadığı üçün Əlövsətin digər vaxtlarda yaşadığı evi tərk etməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun iş yoldaşıdır, Əlövsətlə birlikdə Gəncə şəhəri, Dəyirman dairəsinin yanında yerləşən qapı-pəncərə sexində işləmiş, 29.12.2020-ci il tarixdə Əlövsət özündə narahatçılıq hiss etdiyi üçün xəstəxanaya gedərək Covid-19 testindən keçmiş, bayram günləri olduğu üçün sex müvəqqəti bağlanmışdır. 01.01.2021-ci il tarixdə Əlövsət ona zəng edərək Covid-19 testi pozitiv çıxdığı üçün işə gələ bilməyəciyini bildirmiş, 05.01.2021-ci il tarixdə Əlövsət ona mobil telefonuna gəlmiş mesajın şəklini göndərmiş, həmin mesajda Əlövsətin Covid-19 testinin pozitiv çıxması bildirilmiş və yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq edilmişdir. 01.01.2021-ci il tarixdən sağaldığı müddətə kimi Əlövsət iş yerinə gəlməmiş, 13.01.2021-ci il tarixdə Əlövsət ona 11.01.2021-ci il tarixdə yaşadığı evi tərk edərək çörək almağa getməsi polis əməkdaşları tərəfindən aşkar edilmiş və polis əməkdaşı tərəfindən videoçəkilişlə yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq edilmişdir. O, Əlövsətin digər vaxtlarda yaşadığı evi tərk etməsinin şahidi olmamış və bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, o, 2009cu ildən X6, 2020-ci ildən isə tutduğu vəzifədə xidmət etmiş, polis əməkdaşının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə halhazırda ölkədə də, yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə tərəflərindən nəzarət həyata keçirilmişdir. Bununla bağlı X7 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilmiş, keçirilmiş tədbirlər nəticəsində 13.01.2021-ci il tarixdə Gəncə şəhəri, Z.Hacıyev küçəsi ev 39-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək H2O avtoyuma məntəqəsinin yanındakı “Ekizlər” ərzaq mağazasına getməsi müəyyən edilmişdir. Bundan sonra həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəsinə zəng edərək harada olmasını soruşduqda, həmin şəxs yaşadığı evdə olmasını bildirmiş, Təqsirləndirilən şəxs 11.01.2021-ci il tarixdə yaşadığı evi tərk edib-etmməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs 11.01.2021-ci il tarixdə yaşadığı evi tərk edərək ərzaq mağazasına getməsini bildirmişdir. Həmin şəxsə tərəfindən yaşadığı evdə özünütəcrid qaydalarına əməl etməli olması, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, buna görə Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edərək öz yaşadığı evdə qalmasını bildirmiş, həmin faktla bağlı raportla məruzə etmişdir. Daha sonra müvafiq tibbi izolyasiya geyimi geyilərək Gəncə şəhəri, Z.Hacıyev küçəsi ev 39 ünvanına gedilmiş, həmin ünvana çatdıqda Təqsirləndirilən şəxs öz yaşadığı evdə olmuş, bir daha həmin şəxsə mövcud epidemiya və karantin rejiminin qaydalarını izah edərək yaşadığı evdə özünütəcrid qaydalarına riayət etməli, bir daha həmin qaydaları pozmaması barədə xəbərdarlıq edildikdən sonra həmin ünvanı tərk edərək öz xidməti fəaliyyətini davam etdirmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə yaşadığı evi tərk etməsi barədə məlumat daxil olsa da, haraya getməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, O, Gəncə şəhər 6 nömrəli poliklinikada terapiya şöbəsinin müdiri vəzifəsində çalışır və Covid- 19 testi pozitiv çıxmış ev şəraitində müalicə olan xəstələrə nəzarət edən sahə həkimlərinin vəzifələrini icra etməsinə nəzarət edir. Koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən ona göndərilir və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bundan əlavə TƏBİB tərəfindən ev şəraitində müalicə olunmalı olan koronavirus xəstələri üçün dərman paketi verilmişdir. Həmin xəstəliyin inkubasiya dövrü 14 gündür. Əldə etdikləri tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən poliklinikanın sakini, Gəncə şəhəri, Z.Hacıyev küçəsi ev 39 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 29.12.2020-ci il tarixdə vermiş olduğu Covid-19 testinin nəticəsinin 01.01.2021-ci 11 tarixdə pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. O bölgünü həyata keçirmiş və həmin xəstəyə sahə həkimi Nübubət Zeynalova tərəfindən 01.01.2021-ci il tarixdə ambulator xəstənin tibbi kartası açılmıdır. Bundan sonra onun istifadəsində olan 050 *** ** ** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə əlaqə saxlayaraq xəstənin ilkin olaraq səhhəti ilə maraqlanmışdır. Bundan sonra həmin xəstəyə evinə dərman paketinin göndəriləcəyini bildirərək yaşayış yerini tərk etməməli olması, əgər yaşayış yerini tərk edərsə digər şəxsləri də, koronavirus xəstələyinə yoluxduracağını bildirmişdir. Təqsirləndirilən şəxsla telefon danışıqlarından sonra onun evinə tərəflərindən dərman paketi göndərilmişdir. Həmin dərman paketi göndərildikdən sonra sahə həkimi tərəfindən Təqsirləndirilən şəxsla əlaqə saxlanılaraq dərman preparatlarından hansı qaydada istifadə etməli olduğu bildirilmişdir. Bundan sonra sahə həkimi tərəfindən 14 gün ərzində Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş, bu barədə ambulator xəstənin tibbi kartasında qeydlər edilmişdir və 14-cü gün, yəni 14.01.202-ci il tarixdə onun səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs “Covid-19” virusu aşkar edilmiş və 01.01.2021-ci il tarixdə Səhiyyə Nazirliyi tərəfindən bu barədə özünə məlumat verilmiş, həmin tarixdən də, koronavirus xəstəsi hesab edilərək karantin rejimi tətbiq edilmişdir. Aparılan 14 günlük müalicə müddətini də, nəzərə almaqla 14.01.2021-ci il tarixdən Təqsirləndirilən şəxs sağalmış hesab edilmişdir. İlk 14 gün xəstəliyin inkubasiya dövrü olduğundan həmin müddət ərzində xəstə yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalı olmuş, həmin müddət ərzində xəstəliyin yayılması labüd olmuşdur. Hadisə üzrə də, Təqsirləndirilən şəxs 01.01.2021-ci il tarixdən etibarən yaşadığı evi tərk etməməli və evə şəraitində müalicə almalı olduğu halda 01.01.2021-ci il tarixdən etibarən yaşadığı evi tərk etməsi koronavirus xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirak etməyən istintaqı zamanı şahid qismində dindirilmiş şahidlər Şahid4 və X1 ifadələri elan olunmaqla tədqiq edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Zülfü Hacıyev küçəsi 109 ünvanında yerləşən “Ekizlər” marketdə satıcı işləmiş, Təqsirləndirilən şəxs mağazanın müştərisi kimi tanımış, Əlövsət mağazanın yaxınlığında yerləşən evlərdən birində qalmış, yeni il, yəni 2021-ci il daxil olduğu gündən Əlövsət mağazaya gəlməmişdir. 11.01.2021-ci il tarixdə saat təxminən 10 radələrində o, mağazada olan zaman Əlövsət mağazaya gəlmiş, Əlövsət üzünə tibbi maska taxmış, mağazada Əlövsətdən başqa müştəri olmamış, Əlövsət ondan bir ədəd çörək verməsini istəmiş və Əlövsətə bir ədəd çörəyi dolabdan götürüb vermiş, daha sonra Əlövsət pulunu verib çıxıb getmişdir. 14.11.2021-ci il tarixdə polis əməkdaşları mağazaya gəlmiş, Əlövsətin mağazaya gəlib-gəlməməsi barədə maraqlanmışlar, o, polis əməkdaşlarına Əlövsətin mağazaya gəlib çörək almasını bildirmiş və bu barədə izahat vermişdir. Bundan başqa o bildirmişdir ki, həmin müddət ərzində Əlövsət yalnız 11.01.2021-ci il tarixdə saat 10 radələrində onun işlədiyi mağazaya gəlmiş, o, Əlövsətin Covid-19 xəstəsi olmasını polis əməkdaşları deyən zaman bilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, O, Gəncə şəhər 6 nömrəli poliklinikada sahə həkimi vəzifəsində çalışmış, İxtisasca terapevt olmuş, Koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanmış, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə almışlar. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən göndərilmiş və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət etmişlər. Bundan əlavə TƏBİB tərəfindən ev şəraitində müalicə olunmalı olan koronavirus xəstələri üçün dərman paketi verilmiş, həmin xəstəliyin inkubasiya dövrü 14 gün olmuş, əldə etdikləri tibbi məlumatlar əsasında və praktiki olaraq həmin 14 gün müddətində müalicə əsasında xəstənin sağalması müəyyən edilmişdir. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən daxil olmuş məlumata əsasən poliklinikanın sakini, Gəncə şəhəri, Z.Hacıyev küçəsi ev 39 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 29.12.2020-ci il tarixdə vermiş olduğu Covid-19 testinin nəticəsinin 01.01.2021-ci il tarixdə pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. 01.01.2021-ci il tarixdə şəxsin adına ambulator xəstənin tibbi kartası açılmış, bundan sonra şöbə müdürü Şahid5 istifadəsində olan 050 *** ** ** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə əlaqə saxlayaraq xəstənin ilkin olaraq səhhəti ilə maraqlanmışlar. Bundan sonra həmin xəstəyə evinə dərman paketinin göndəriləcəyini bildirərək yaşayış yerini tərk etməməli olması, əgər yaşayış yerini tərk edərsə digər şəxsləri də, koronavirus xəstələyinə yoluxduracağını bildirmişlər. Təqsirləndirilən şəxsla telefon danışığından sonra evinə tərəfindən dərman paketi göndərilmiş, həmin dərman paketi göndərildikdən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlanılaraq dərman preparatlarından hansı qaydada istifadə etməli olduğunu bildirmişdir. Bundan sonra 14 gün ərzində Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni 14.01.2021-ci il tarixdə səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxartmışlar. Təqsirləndirilən şəxs “Covid-19” virusu aşkar edilmiş və 01.01.2021-ci il tarixdə Səhiyyə Nazirliyi tərəfindən bu barədə özünə məlumat verilmiş, həmin tarixdən də, koronavirus xəstəsi hesab edilərək karantin rejimi tətbiq edilmişdir. Aparılan 14 günlük müalicə müddətini də, nəzərə almaqla 14.01.2021-ci il tarixdən Təqsirləndirilən şəxs sağalmış hesab edilmişdir. İlk 14 gün xəstəliyin inkubasiya dövrü olduğundan həmin müddət ərzində xəstə yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalı olmuş, həmin müddət ərzində xəstəliyin yayılması labüd olmuşdur. Hadisə üzrə də, Təqsirləndirilən şəxs 01.01.2021-ci il tarixdən etibarən yaşadığı evi tərk etməməli və evə şəraitində müalicə almalı olduğu halda 01.01.2021-ci il tarixdən etibarən yaşadığı evi tərk etməsi koronavirus xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında 15 yanvar 2021-ci il tarixli qərarın surətindən görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzinə verilmiş müvafiq sorğuya cavabdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 01.01.2021-ci il tarixdə COVİD 19 infeksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması və ailə kontaktı Şahid1da 01.01.2021-ci il tarixdə nəticəsinin pozitiv olması qeyd edilmişdir. Cinayət işi üzrə istintaq zamanı şahid Nübubət Zeynalovanın təqdim etdiyi 1 ədəd “Ambulator xəstənin tibbi karta”ya və 6 nömrəli poliklinikanın qeydiyyat kitabçasına baxış zamanı tibbi kartanın 1-ci vərəqindən görünür ki, tibbi kitabça 02.01.2021-ci il tarixdə “Covid-19” testi pozitiv çıxmış 1986-cı il təvəllüdülü, Gəncə şəhəri, Z.Hacıyev küçəsi ev 39-da yaşayan Təqsirləndirilən şəxs adına açılmışdır. Tibbi kitabçanın növbəti vərəqlərində görünür ki, 01.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Covid-19” test nəticəsi pozitiv olduğundan xəstə müşahidəyə götürülərək müalicə təyin olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə, şikayətləri öskürəyinin, döş qəfəsində ağrılarının, 38 dərəcə hərarəti var, Ağ ciyərlərdə sərt tənəffüs fonunda quru və yaş xırıltılar eşidilməsidir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 04.01.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ümumi vəziyyəti kafidir, şikayətləri davam edir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 07.01.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə şikayətləri baş ağrısıdır və ağ ciyərlərdə sərt tənəffüs eşidilir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 10.01.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə şikayətləri azalıb və sərt tənəffüs eşidilir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 14.01.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ümumi vəziyyəti kafidir, Karantin müddətinin bitməsi ilə əlaqədar olaraq xəstəlik vərəqi bağlanır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilmədi. Qeydiyyat kitabçasına görə baxış zamanı müəyyən edildi ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 01.01.2021-ci il tarixdə 6 nömrəli poliklinikada qeydiyyatda alınmışdır. Cinayət işinə əlavə edilmiş 1 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, polis əməkdaşı Şahid7 izolyasiya geyimində Təqsirləndirilən şəxs yaşadığı Z.Hacıyüv küçəsi 39 ünvanında yerləşən evin qarşısına getmiş, Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib-etməməsi barədə sual verilən zaman 11.01.2021-ci il tarixdə yaşadığı evi tərk edərək ərzaq mağazasına gedib çörək almasını bildirmiş, Təqsirləndirilən şəxs özünütəcrid müddətində bir daha yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq edilmişdir. Verilmiş əməliyyat tapşırığından görünür ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs 11.01.2021-ci il tarixdə digər vaxtlarda 01.01.2021-ci il tarixdən 14.01.2021-ci il tarixə kimi özünütəcrid müddətində bir neçə dəfə yaşadığı evi tərk etməsi barədə əməliyyat məlumatı olsa da, onun getdiyi yerlər və təmasda olduğu şəxslə müəyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək o, bir dəfə 09 yanvar 2021ci il tarixdə saat 17 radələrində yaşadığı evi tərk edərək 42 nömrəli məktəbin stadionuna getməsini, 11.01.2021-ci il tarixdə isə yaşadığı evi tərk edərək “Ekizlər” ərzaq mağazasına getməsini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondan çıxarışdan görünür ki, 09.12.2020-ci il tarixdə “İTS.GOV.AZ” saytından “X8. Sizin 29.12.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin neticesi POZİTİVDİR” məzumununda mesaj mətninin gəldiyi müəyyən edilmişdir. Həmçinin həmin çıxarışdan görünür ki, 15.01.2021-ci il tarixdə “Hörmətli ELÖVSET YUSİBOV, Siz ve sizinlə eyni evdə yashayan shexslerin COVİD-19 ile bagli evde ozunutecrdi muddeti bitmişdir. Saglamliğınızı qoruyun” məzumununda mesaj mətninin gəldiyi müəyyən edilmişdir. 09 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139- 1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Gəncə şəhəri Evlər Üçlüyü tərəfindən verilmiş 03.03.2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda qonşularla mehriban münasibətdədir, qonşuların xeyir və şər işlərində yaxından iştirak edir, özündən böyük və kiçiklərə qarşı həmişə hörmətlə yanaşır, yaşadığı müddətdə onun haqqında qonşular tərəfindən onun barəsində heç vaxt şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs ailəlidir bir azyaşlı övladı var, himayəsində təqaüdçü atası və həyat yoldaşı var, fərdi əməklə məşğul olur. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 22.02.2020-ci il təvəllüdlü bir azyaşlı oğlan övladı var. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 23.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkumluğu olmamışdır. Gəncə şəhəri Psixonevroloji Dispanserin 01.03.2021-ci il tarixli, 1122 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 09.03.2021-ci il tarixli, 1078 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Narkoloji Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsininüsullarından biridir.” “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Aərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyenanormativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariyaepidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır.Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasınımüəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. ” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində 1 (bir) azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməməsini və müalicə aldığı dövürdə digər pozuntulara yol verməməsini şəxsiyyətini müsbət xarakterizə edən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərinyayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarınınməhdudlaşdırılmasından ibarətdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri CM-58.3-cü maddəsinə əsasən nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar