Məhkəmə qərarları › İş №1(043)-11/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-11/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-11/2020 17.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1965-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, X5 mərkəzində həkim-stomatoloq işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, H.Əliyev prospekti, ev 64A, mənzil 64-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhərinin Adilxan Ziyadxanov küçəsində yerləşən, ona məxsus 21 saylı evin qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruqla vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, 2017-ci ilin dekabr ayından Gəncə şəhərinin Kəpəz rayonunun Adilxan Ziyadxanov 21 ünvanında özünə fərdi yaşayış evi tikdirməyə başlamışdır. Evin ikinci mərtəbəsindən mansarda qalxmaq üçün tikilmiş dairəvi pilləkənin dönəcək hissəsində yerdən 2,5 m hündürlükdə, görünməyən şüşədən olan pəncərə iki ev kənarda yaşayan qonşusu Hüseynin evi istiqamətindədir. 2018-ci ilin yay aylarında qonşusu Hüseynin xahişi ilə həmin pəncərəni bağlatdırmışdır. Belə ki, pəncərinin bağlanması ilə bağlı Hüseynlə həm telefonla, həm də şəxsən görüşərkən dəfələrlə mübahisələri düşmüşdür. Pəncərəni evin içəri tərəfindən hörgü ilə bağlatmış, sadəcə fasad xatirinə pəncərənin yeri qalmışdır. Hüseynə də bildirmişdir ki, plastik pəncərə hazır olan kimi gətirib yerinə qoyacaqdır. Bir neçə ay sonra usta pəncərəni içəri tərəfdən yerinə qoymaq üçün mütləq hörgünün sökülməli olmasını demişdir. O da razılıq vermişdir ki, hörgü sökülsün, pəncərə yerinə qoyulsun, daha sonra yenidən hörülsün. xx xxxxxx 2018-ci il tarixdə, saat 15 radələrində işdə olarkən ona zəng edən qardaşı X1 onun evinə gəlib nə üçün pəncərəni yenidən açdığını soruşduğunu, cavabında isə yuxarıda qeyd etdiyi kimi pəncərəni yenidən bağladacaqlarını Əliyə izah etdiyini demişdir. X4 pəncərənin qarşısına gəlib həyətlərinin görünmədiyinə özü şahid olmuşdur. Azərlə danışdıqdan sonra evə baş çəkmişdir. Azərlə evin həyətində olarkən Əli yenə oraya gəlib atası Hüseynin pəncərənin, ümumiyyətlə, bağlanmasını istədiyini dedikdə o, pəncərəni bağlatmaq üçün müvafiq orqanlara müraciət edə biləcəklərini izah etmişdir. Bu vaxt Əli ona pəncərənin bağlanması üçün çox metodlar olduğunu deyərək çıxıb getmişdir. O da 102 xidmətinə zəng edərək qonşusu Hüseynin onu hədələdiyi barədə məlumat vermişdir. Təxminən 15-20 dəqiqə sonra Əli atası Hüseyn və digər qohumları ilə birgə onun evinin qarşısına gəlmiş, Hüseyn ona və Azərə yaxınlaşaraq nalayiq ifadələr işlədib pəncərəni bağlamayacaqları təqdirdə başına oyun açacağını deyib yumruqla onun sifət nahiyəsinə vurmuşdur. Bu vaxt Hüseynlə əlbəyaxa olub özünü qorumaq üçün əl-qol atmışdır. Onların mübahisəsinə yanlarında olan Hüseynin oğlu Əli də qarışıb onu vuran zaman qardaşı Azər davaya müdaxilə etməyə başlamışdır. Hüseynin qohumu Qoşqar adlı şəxs Azərin yaxasından tutub evin həyətinə salmışdır. Əlinin avtomobildən bıçaq götürüb Azər olan tərəfə getdiyini gördüyündən o da evin həyətinə getmişdir. X3 Azəri yerdən qaldırdığını, Əlinin isə Azərin ayaq hissəsinə bıçağın arxası ilə vurduğunu görmüşdür. Əlindəki bıçağı gördükdən sonra yerdən taxta parçası götürmüşdür ki, Əlini həyətdən çıxartsın. Lakin bu dəfə Qoşqar onun üstünə gəlib taxtanı əlindən alaraq onu kənara çəkmişdir. Orada olan şəxslərdən kimsə Əlinin əlindən bıçağı aldıqdan sonra Əli yerdən daş götürüb evin pəncərələrini qırmağa başlamışdır. Daha sonra oraya toplaşan şəxslər Əlini evin həyətindən çıxarıb atası Hüseynlə birgə avtomobilə qoyaraq yola salmışlar. Hüseynin digər qohumları isə söyüş söyərək çıxıb getmişlər. Orada qalan Qoşqarla evin pəncərəsinə baxdıqda Qoşqarın özü də nahaq yerə mübahisə etdiklərini anlamışdır. 20-25 dəqiqə davam edən mübahisə zamanı onu əvvəlcə Hüseyn, sonra isə Əli vurmuşdur. O isə heç kimi vurub xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxsin bəhs olunan cinayət əməlini törətməsi zərər çəkmişin şəxsin və şahidlərin ifadələri ilə sübut olunur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmənin əvvəlki iclasında ifadə verərək bildirmişdir ki, 2018-ci ilin ortalarında qonşuluqda ev tikdirən Təqsirləndirilən şəxs evinin üçüncü mərtəbəsində yerləşən pəncərədən onların evi və həyəti göründüyündən atası Hüseynin haqlı iradından sonra Xanlar həmin pəncərəni bağlatdırmışdır. xx xxxxxx 2018-ci ildə həmin pəncərənin yenidən açıldığını görən atası onu Xanların evinə göndərmişdir ki, pəncərəni hansı səbəbə təkrarən açdığını maraqlansın. O, Xanların evinə gedib nə səbəbə pəncərəni açdığını soruşarkən Xanlar və qardaşı Azər onunla kobud danışıb yaxşı etdiklərini bildirmişlər. O, bunu atasına danışdıqdan sonra bu dəfə atası onunla birgə Xanların evinə getmişdir. Evə çatarkən elə küçədəcə Xanlar və Azərlə qarşılaşmışlar. Bu vaxt atası onlardan pəncərəni bağlatmağı xahiş edərkən Xanlar kobud formada pəncərəni bağlamayacağını deyib onun və atasının ünvanına nalayiq sözlər işlətmişdir. Atası Xanlardan söyüş söyməməsini tələb etdikdə Xanlar əli ilə atasını geriyə itələmişdir. O, əsəbləşərək yumruqla Xanların sifət nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Xanlar onun üzərinə gələrək bir neçə dəfə baş və bədəninin müxtəlif yerlərinə vuraraq xəsarət yetirmişdir. Aldığı xəsarətlərdən huşunu itirdiyi üçün bundan sonra baş verənləri xatırlamır. Şahid11 ifadə verərək bildirdi ki, qardaşı Xanların 2017-ci ilin dekabrından tikdirməyə başladığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisində nəzarəti o, həyata keçirir. Belə ki, qardaşı gün ərzində işdə olduğundan vaxt tapdıqca tikintiyə nəzarət etmişdir. Evin ikinci mərtəbəsindən mansarda qalxmaq üçün tikilmiş dairəvi pilləkənin dönəcək hissəsində yerdən 2,5 m hündürlükdə, görünməyən şüşədən olan pəncərə iki ev kənarda yaşayan qonşu Hüseynin evi istiqamətindədir. 2018-ci ilin yay aylarında qardaşı qonşusu Hüseynin xahişi ilə həmin pəncərəni bağlatdırmışdır. Belə ki, pəncərinin bağlanması ilə bağlı Hüseynlə həm telefonla, həm də şəxsən görüşərkən dəfələrlə mübahisələri düşmüşdür. Qardaşı pəncərəni evin içəri tərəfindən hörgü ilə bağlatmış, sadəcə fasad xatirinə pəncərənin yeri qalmışdır. Hüseynə də bildirmişdir ki, plastik pəncərə hazır olan kimi gətirib yerinə qoyacaqdır. Bir neçə ay sonra usta pəncərəni içəri tərəfdən yerinə qoymaq üçün mütləq hörgünün sökülməli olmasını demişdir. Qardaşı da razılıq vermişdir ki, hörgü sökülsün, pəncərə yerinə qoyulsun, daha sonra yenidən hörülsün. xx xxxxxx 2018-ci il tarixdə, saat 15 radələrində həmin evin tikintisi ilə əlaqədar ustalara nəzarəti həyata keçirərkən oraya gələn qonşu Hüseynin oğlu Əli hansı səbəbdən pəncərəni təzədən açdıqlarını soruşduqda məsələni izah edib pəncərəni yenidən bağladacaqlarını demişdir. Bundan sonra Əli ilə birgə pəncərəyə baxış keçirdikdə Əlinin özü də oradan həyətlərinin görünmədiyini görmüşdür. Bu vaxt Əli mobil telefonla atası ilə əlaqə saxlayıb pəncərədən həyətlərinin görünmədiyini bildirdikdə Hüseyn Əli ilə telefonda mübahisə etmiş, Əli də çıxıb getmişdir. Təxminən 10 dəqiqə sonra oraya gələn qardaşı Xanlarla həyətdə müəyyən işlərlə məşğul olarkən evin qarşısına gəlib onu çağıran Əlinin qabağına Xanlar çıxmışdır. Əli Xanlara atası Hüseynin pəncərənin, ümumiyyətlə, bağlanmasını istədiyini dedikdə Xanlar pəncərəni bağlamayacağını bildirmişdir. Əli çıxıb getdikdən sonra Xanlar 102 xidmətinə zəng edib qonşusu Hüseynin onu hədələdiyi barədə məlumat vermişdir. Təxminən 15-20 dəqiqə sonra Əli atası Hüseynlə birgə evin qarşısına gəlmişdir. Onların qabağına çıxdıqda Hüseyn Xanlarla mübahisə etməyə başlamışdır ki, nəyə görə pəncərəni bağlamır. Bu vaxt Hüseynin qohumu Qoşqar və Qoşqarın atası da oraya gəlmişdir. Hüseynlə Xanların mübahisəsi daha da şiddətlənmiş və onlar bir-birinə əl-qol atmağa başlamışlar. Əlinin Xanları vurmaq istədiyini görüb qarşısına keçərkən Qoşqar onu tutub evin həyətinə salmışdır. Qoşqar onun üstünə gələrək nəyə görə mübahisəyə müdaxilə etdiyini bildirib bir dəfə yumruqla sifət nahiyəsinə vurmuşdur. Özünü itirdiyindən yerə yıxılmış, ayıldığı vaxt Əli bıçaqla onun üzərinə gəlib bıçağın arxa hissəsi ilə bud nahiyəsinə bir dəfə vurmuşdur. Ustalar Elxan və Ruslan onu Əlidən ayırmışlar. Daha sonra Əli yerdən daş götürüb evin pəncərələrini sındırmışdır. Bir qədər sonra Hüseyn və qohumları söyüş söyərək oradan uzaqlaşmışlar. Şahid4 ifadə verərək bildirdi ki, 2018-ci ilin ortalarında qonşusu Təqsirləndirilən şəxs tikdirdiyi üç mərtəbəli evin arxa tərəfindəki pəncərəsi onun evinin həyətyanı sahəsinə və yaşayış evinin içərisinə baxdığından Xanlar, Xanların qardaşı Azər və qohumları Salehdən xahiş etmişdir ki, həmin pəncərəni bağlatsınlar. Belə ki, bununla bağlı Xanlar və Azərlə dəfələrlə telefon əlaqəsi saxlamış, həmçinin üzbəüz görüşərkən də xahiş etmişdir. Xanlar razı olub pəncərəni götürərək yerini daşla bağlamışdır. Təxminən iki ay sonra Xanların həmin pəncərəni yenidən açdığını görmüşdür. xx.xx.2018-ci il tarixdə, saat 15 radələrində xəstə olduğundan ağır hərəkət etdiyi üçün oğlu Əlini Xanların evinə göndərmişdir ki, pəncərənin niyə yenidən açılmasının səbəbini öyrənsin. Bir qədər sonra psixoloji problemləri olan oğlu Əli gərgin vəziyyətdə evə qayıdaraq Xanların kobud cavab verdiyini, pəncərəni açmaqda yaxşı etdiyini dediyini bildirmişdir. Səhhətində narahatçılıq olduğundan tək gedə bilmədiyi üçün oğlu Əli ilə birgə Xanların evinə getmişdir. Evin qarşısında dayanan Xanlar və qardaşı Azərə yaxınlaşıb nə üçün pəncərəni yenidən açdıqlarını soruşaraq pəncərənin evin arxasında yerləşdiyini, bağlandığı halda evin fasadına heç bir təsir etməyəcəyini, pəncərənin onun evinin həyətinə açılmasının mənəvi dəyərlərə sığmadığını bildirib bağlamasını xahiş etmişdir. 10 dəqiqəyə yaxın davam edən söhbət zamanı Xanların ona kobud cavab verməsindən sonra hər ikisi səslərini qaldırmış, qonşuluqda yaşayan şəxslər oraya toplaşmışlar. Xanlardan pəncərəni niyə açdığını soruşduqda müxtəlif bəhanələrlə cavab verməkdən yayınaraq pəncərənin arxasını daşla bağladacağını demişdir. O da əgər bağladacaqsa pəncərəni ora qoymağın nə mənası olduğunu soruşduqda Xanlar cavab verə bilməmişdir. O da “belə çıxır ki, sən mənim ailəmə, həyətimə baxmaq üçün həmin pəncərəni ora qoymusan” dedikdə Xanlar “yaxşı etmişəm, əlimin içindən gəlir” deyib nalayiq sözlər işlədərək əli ilə onu arxaya itələmişdir. Bunu görən Əli əsəbiləşərək yumruqla bir dəfə Xanların sifət nahiyəsinə vurmuşdur. Bu vaxt Xanlarla Azər təpik və yumruqla Əlini döyməyə başlamışlar. Özü xəstə olduğu üçün yanlarına gedə bilmədiyindən ətrafdakı şəxslərdən kömək istəyib onları aralamağı xahiş etmişdir. Ətrafa toplaşan şəxslər onları araladıqdan sonra Əlini sakitləşdirməyə çalışmışdır. Lakin Əlinin psixoloji vəziyyəti çox gərgin olduğundan onun əlindən çıxaraq Azərə tərəf qaçmış, Azər isə arxa-arxaya getdiyində ayağı ilişərək arxası üstə yerə yıxılmışdır. Daha sonra Qoşqar Əlini tutaraq avtomobilə əyləşdirmişdir. Xanlar evin qarşısına toplaşanlara uca səslə söyüşlər söyərək əlinə taxta parçası götürmüşdür ki, onu vursun. Lakin Qoşqar taxta parçasını Xanların əlindən alıb kənara atmışdır. Bundan sonra evə qayıtmışlar. Oğlu Əlinin psixoloji durumu isə hadisədən sonra pisləşmişdir. Şahid1 ifadə verərək bildirdi ki, xx.xx.2018-ci il tarixdə, saat 16 radələrində yaşadığı evin yerləşdiyi küçədə Vəli və Həmid adlı qonşuları ilə söhbət edərkən qonşusu Xanların evinin qarşısında Xanların, Xanların qardaşı Azərin, qonşusu Hüseyn və oğlu Əlinin sözlə mübahisə etdiyini görüb oraya getmişlər. Oraya çatdıqda Xanların tikdirdiyi evin pəncərəsinin birinin Hüseynin həyətinə açılması səbəbindən mübahisə düşdüyü məlum olmuşdur. Belə ki, Hüseyn həmin pəncərəni bağlamasını tələb etsə də, Xanlar razılıq verməmişdir. Səs-küyə ətrafda yaşayan Qoşqar və Rəhman adlı şəxslər, həmçinin Xanların evində çalışan ustalar da gəlmişdir. Xanlar camaatın toplaşdığını görüb söyüşlər söyməyə başlayaraq Hüseyni əli ilə arxaya itələyərək “çıx get” demişdir. Xanların hərəkətinə Hüseynin oğlu Əli əsəbiləşərək yumruqla bir dəfə Xanların sifət nahiyəsinə vurmuşdur. Bu vaxt Xanlar Əliyə təpik və yumruq atmış, lakin həmin zərbələrin Əliyə dəyib-dəymədiyini görməmişdir. Daha sonra Əlini qucaqlayıb aparıb maşına qoyduqlarını görmüşdür. Bundan sonra Xanlar əlinə taxta parçası götürmüşdür. Bu vaxt Qoşqar Xanları saxlayıb əlindən taxta parçasını alaraq yerə atmışdır. Daha sonra onlar Hüseyn və Əlini evlərinə aparmışlar. Şahid2 ifadə verərək bildirdi ki, xx.xx.2018-ci il tarixdə, saat 16 radələrində yaşadığı evin yerləşdiyi küçədə Vəli və Mübariz adlı qonşuları ilə söhbət edərkən qonşusu Xanların evinin qarşısında Xanların, Xanların qardaşı Azərin, qonşusu Hüseyn və oğlu Əlinin sözlə mübahisə etdiyini görüb oraya getmişlər. Oraya çatdıqda Xanların tikdirdiyi evin pəncərəsinin birinin Hüseynin həyətinə açılması səbəbindən mübahisə düşdüyünü, Hüseynin həmin pəncərəni bağlamasını tələb etməyini, Xanlar isə razılıq vermədiyini görmüşdür. Bu zaman Xanlar Hüseyni əli ilə arxaya itələmişdir. Xanların hərəkətinə Əli əsəbləşərək yumruqla bir dəfə Xanların sifətinə vurmuşdur. Bu vaxt Xanlar da Əliyə bir yumruq vurmuşdur. Lakin həmin yumruğun Əliyə dəyibdəymədiyini görməmişdir. Sonra onları aralaşdırmışlar. Şahid5 ifadə verərək bildirdi ki, xx.xx.2018-ci il tarixdə, saat 16 radələrində yaşadığı küçədə olarkən Xanlar adlı qonşusunun evinin qarşısından səs-küy gəldiyini görüb yolda rastlaşdığı Vəli və Mübariz adlı qonşularla oraya getmişdir. Səs-küyə ətrafda yaşayan Qoşqar və Rəhman adlı şəxslər, həmçinin Xanların evində çalışan fəhlələr yığışmışdır. Mübahisə olan yerə çatdıqda Xanların qonşu Hüseyni itələdiyini, bundan qəzəblənən Hüseynin oğlu Əlinin isə Xanların sifətinə yumruq vurduğunu görmüşdür. Həmin vaxt Xanlar da Əlininin sifət nahiyəsinə yumruqla vurmuşdur. Hüseyn xəstə olduğundan ətrafdakı şəxslərdən onları sakitləşdirmələrini xahiş etmiş, özü isə oğlu Əlini sakitləşdirmişdir. Ətrafa toplaşmış şəxslərin köməyi ilə Əli və Xanları aralamışlar, Hüseyn isə Əlini tutub saxlamışdır. Əli qəflətən Hüseynin əlindən çıxaraq Azərin üstünə hücum etmək istəmiş, lakin Qoşqar Əlini saxlayaraq maşına əyləşdirmişdir. Əli Azərin üzərinə hücum etmək istəyərkən Azər qorxaraq arxaya getdiyindən ayağı ilişərək arxası üstə yerə yıxılmışdır. Xanlar əlinə taxta parçası götürərək Hüseyn və Əlini vurmaq istədikdə Qoşqar mane olmuşdur. Daha sonra Hüseynlə Əlini evlərinə aparmışlar. Ona sonradan məlum olmuşdur ki, mübahisə Xanların Hüseynin həyətinə açılan pəncərəsini bağlamaması ucbatından olmuşdur. Şahid9 ifadə verərək bildirdi ki, 2018-ci ilin noyabrında Gəncə şəhərinin A.Ziyadxanov küçəsində yerləşən, Xanlar və Azər adlı şəxslərin evində fəhlə kimi çalışmışdır. xx.xx.2018-ci ildə, saat 16 radələrində həmin evin həyətində işləyərkən qonşuluqda yaşayan Əli adlı şəxs gəlib Azərlə bir qədər söhbət edib getmişdir. Bir qədər sonra Əli atası Hüseynlə birgə oraya gəlib Xanlar və Azərə yaxınlaşaraq söhbət etməyə başlamışlar. Bir qədər sonra söhbət mübahisəyə çevrilmiş, onlar bir-birinə qarşı təhqiredici ifadələr işlətməyə başlamışlar. Səs-küyə ətrafa xeyli insan toplaşmışdır. Əlinin gəldikləri avtomobildən bıçaq götürüb Azəri həmin bıçaqla vurduğunu görsə də, Azərin hər hansı xəsarət aldığını görməmişdir. Daha sonra Əli yumruqla Azəri vurmuş, zərbənin təsirindən Azər yıxılmışdır. Oraya toplaşan şəxslərin köməyi ilə dava səngimişdir. Şahid8 ifadə verərək bildirdi ki, elektron darvazaların quraşdırılmasından anlayışı olduğu üçün tanışı Xanlar ondan xx.xx.2018-ci il tarixdə Gəncə şəhərinin A.Ziyadxanov küçəsində yerləşən evinə gəlib darvazanın quraşdırılmasında iştirak edərək ustalara yardımçı olmağı xahiş etmişdir. Orada olarkən, saat 16 radələrində Xanların qonşusu Hüseyn və oğlu Əli “Niva” markalı avtomobillə oraya gəlib Xanlarla söhbət etməyə başlamışlar. Bir qədər sonra mübahisə şiddətlənmiş oraya çoxlu adamlar toplaşmışdır. Əlinin avtomobildən bıçaq götürdüyünü gördükdə ona mane olmağa çalışmışdır. Bu vaxt Əli daş atmış, daş oradakı kiminsə kürəyinə dəymişdir. Əli yenə daş ataraq pəncərəni qırmışdır. Əlinin əlindən bıçağı orada olan tanımadığı bir nəfər almışdır. Əlini apardıqdan sonra dava sona çatmışdır. Xanların kimisə vurmasını görməmişdir. Şahid3 ifadə verərək bildirdi ki, xx.xx.2018-ci il tarixdə, saat 16 radələrində qonşuları Mübariz və Həmidlə yaşadığı, Gəncə şəhərinin A.Ziyadxanov küçəsində olarkən qonşu Xanların evinin qarşısında Xanlar və Xanların qardaşı Azərin digər qonşu Hüseyn və oğlu Əli ilə sözlə mübahisə etdiklərini görmüşdür. Onların yanına çatdıqda mübahisə gedişində Xanların əli ilə Hüseyni itələdiyini, bunu görən Əlinin də Xanları vurduğunu görmüşdür. Əli Xanları vuran kimi onlar araya girərək tərəfləri aralamışlar. Xanlar da Əliyə əl-qol atırdı, amma vurduğunu görməmişdir. Şahid12d oğlu ifadə verərək bildirdi ki, 2018-ci ilin noyabrında Gəncə şəhərinin A.Ziyadxanov küçəsində yerləşən, Xanlar və Azər adlı şəxslərin evində usta kimi çalışmışdır. xx.xx.2018-ci ildə, saat 16 radələrində həmin evin həyətində işləyərkən küçədəki səs-küyə çıxmış, bu zaman ora xeyli insanın yığışdığını və Xanların sifətində qan ləkələrinin olduğunu görmüşdür. Sonra öyrənmişdir ki, Xanlarla qonşusu Hüseyn mübahisə edərək dalaşmışlar. Şahid7 ifadə verərək bildirdi ki, xx.xx.2018-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhərinin A.Ziyadxanov küçəsindən keçərkən Azərin Əliyə “dalaşmağın ayıb olduğunu”, “adam heç dalaşarmı” kimi ifadələr işlətdiyini eşitmişdir. O ümumiyyətlə mübahisəni görməmişdir. İbtidai istintaqda verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadə arasında ziddiyyət yarandığından məhkəmə iclasında Şahid7 ibtidai istintaqda verdiyi ifadə elan edildi. Həmin ifadədə o, bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə, saat 16 radələrində qonşusu Hüseynin yaşadığı küçədəki mağazaya gedən vaxt sonradan adını bildiyi Xanların evinin qarşısında Hüseyn və oğlu Əlinin Xanlar və qardaşı Azərlə mübahisə etdiyini görüb oraya yaxınlaşmışdır. Mübahisənin Hüseynin həyətinə açılan Xanların evinin pəncərəsinin bağlanması ilə əlaqədar baş verdiyi məlum olmuşdur. Belə ki, Hüseyn tələb etsə də, Xanlar həmin pəncərəni bağlamaq istəməyərək söyüş söyüb əli ilə Hüseyni itələmişdir. Bu vaxt Əli əsəbləşərək Xanların sifət nahiyəsinə yumruq vurmuşdur. Xanlar və Azər təpik və yumruqla Əlini döyməyə başlamışlar. Bu vaxt ətrafdakı şəxslər onları aralamış, Qoşqar adlı şəxs Əlini tutub saxlamışdır. Əli qəflətən Qoşqarın əlindən çıxıb Azərin üstünə getmək istəyərkən Azər dəmir parçasına ilişib arxası üstə yıxılmışdır. Həyətyanı sahədən əlinə taxta parçası götürərək Hüseyn və Əlini vurmaq istəyən Xanlara Qoşqar mane olmuşdur. Hüseynlə Əlini oradan kənarlaşdıran zaman Xanlar və Azərin atdığı daşlardan biri Qoşqarın belinə dəymişdir. Məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaqda verdiyi ifadə arasında ziddiyyəti isə aydınlaşdıra bilməmişdir. Şahid6 ifadə verərək bildirdi ki, onu hamı Qoşqar kimi tanıyır. xx.xx.2018-ci il tarixdə, saat 16 radələrində A.Ziyadxanov küçəsində yerləşən yaşadığı evə gedərkən qonşusu Xanların evinin qabağında Xanlar, qardaşı Azər, digər qonşu Hüseyn və oğlu Əlinin sözlə mübahisə etdiklərini görmüşdür. Nə baş verdiyini öyrənmək üçün oraya yaxınlaşdıqda Xanlar ora yığışan camaatın yanında Hüseyni əli ilə arxaya itələmişdir. Bundan əsəbləşən Əli yumruqla Xanların sifət nahiyəsinə bir dəfə vurmuşdur. Bu vaxt Xanlar da təpik və yumruqla Əlini vurmağa başlamışdır. Onları sakitləşdirməyə çalışmışlar. Xanların sifətində cızıq görmüşdür. Əli də isə xəsarət görməmişdir. İş materiallarına İ cilddə, 79-81 saylı vərəqlərdə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza” və X2-Təcrübi Birliyi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, 1705 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxsbədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin üst səthinin yumşaq toxumalarının əzilməsi, hemotoması, sol almacıq və sağ kürək nahiyələrinin qançırları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Şahidlərin bəziləri məhkəmə iclasında ibtidai istintaq zamanı verdikləri ifadədən fərqli ifadə versələr də ümumilikdə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin məcmusu hadisənin baş vermə mexanizmini və təqsirləndirilən şəxsin həmin əməli təqsirli olaraq törətməsini müəyyən etmək üçün kifayət edir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Cinayət işinin materiallarına İİ cilddə, 121 saylı vərəqdə əlavə olunmuş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs bundan əvvəl cinayət məsuliyyətinə cəlb olunmamış və məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Bunlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin fikrincə, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə ona bu cəzalar içərisində daha yüngül cəza növünün, yəni cərimə cəzasının təyin edilməsini mümkün edir. Məhkəmə bu qərara gələn zaman təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar