Məhkəmə qərarları › İş №1(043)-110/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-110/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-110/2020 19.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Gəncə şəhəri Kəpəz rayonu Ü.Hacıbəyov küçəsi ev 144, mənzil 22-də qeydiyatda olan, Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 406,924 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, qurudulmuş marixuananın 395 qramını yaşadığı evdə, 11.924 qramını isə üzərində saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Metallurq” stadionunun yaxınlığında saxlanılıb Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin sol iç döş cibindən 1 ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 11,924 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin zirzəmisində yerləşən otaqda olan qutunun içərisindəki 1 ədəd polietilen torbadan şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 395 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2019-cu yay aylarında Tovuz rayonu, Qovlar qəsəbəsində atasının məzarının yerləşdiyi qəbiristanlıqdan narkotik vasitəni yığaraq qurutmuş və şəxsi istifadəsi üçün saxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Metallurq” stadionunun yaxınlığında olan zaman əynində olan gödəkçəsinin sol iç döş cibində marixuana saxlamışdır. O, orada dayanan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra isə həmin şəxslər ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmiş və o, həmin şəxslərlə birlikdə Gəncə şəhər BPİ-nə gəlmişdir. Bundan sonra vəkilin iştirakı ilə üzərinə baxış keçiriləcəyi bildirilmiş və baxış zamanı ondan üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuşdur. Bu zaman o, əynində olan göy rəngli gödəkçənin sol iç döş cibindən 1 ədəd gümüşü rəngli falqaya bükülmüş marixuananı təqdim etmişdir. O, üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan marixuana olmasını və həmçinin yaşadığı evdə də narkotik vasitə olan marixuana saxladığını etiraf etmişdir. Bundan sonra yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin zirzəmisində yerləşən otaqda olan qutudan 1 ədəd sellofan torbada olan marixauana götürülmüş, polis əməkdaşları həmin kütləyə baxış keçirmişlər. O, narkotik vasitəni heç kimə verməmiş və satmamış, yalnız özü istifadə etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2012-ci ildən X6 xidmət edir, hazırda isə Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru vəzifəsində xidmətimi davam etdirir. İdarəyə Gəncə şəhəri, Natəvan qəsəbəsində yaşayan Anar adlı şəxsin üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Gəncə şəhəri, Kəpəz rayonu, Ü. Hacıbəyov küçəsi ev 144, mənzil 22-də qeydiyyatda olmaqla Natəvan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üstünə və yaşadığı evə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Anar Məhərrənovun üzərində narkotik vasitə olması və Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Metallurq” stadionunun yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Gəncə şəhər BPİ-nin CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 və Gəncə şəhər BPİ- nin XTB-nin polis nəfəri Şahid3 ilə birlikdə “Metallurq” staidounun yaxınlığında gedilmişdir. Onlar stadionun yaxınlığında Təqsirləndirilən şəxs dayandığını müşahidə etmişlər. Ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və müdafiəçisinin iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç döş cibindən 1 ədəd gümüşü rəngli falqaya bükülmüş spesifik kəskin iyli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra həmin kağız bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş, kağızla birlikdə birlikdə 14,32 qram gəlmiş və zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan marixuana olduğunu və 2019-cu ilin yay aylarında Tovuz rayonunda atasının qəbrini ziyarət etməyə gedərkən qəbiristanlıqdan yığaraq qurudub saxladığını və hal hazırda yaşadığı evin zirzəmisində də həmin narkotik vasitədən olduğunu bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı həmin evin zirzəmisində yerləşən otaqda olan qutudan 1 ədəd sellofan torbada olan marixauanaya bənzər kütlə götürülərək, həmin kütlə elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə 405 qram gəlmiş, bağlamada qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o da, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli “Baxış keçirmə və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli gödəkçənin sol içəri döş cibindən gümüşü rəngli falqa kağızına bükülmüş yaşıl rəngli kəskin iyili ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar maddə aşkar olunaraq götürülmüşdür. Baxış zamanı video və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. xx xxxx 2020-ci il tarixli tarixli “Yaşayış evinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı həmin evin zirzəmisində yerləşən otaqda olan qutudan 1 ədəd sellofan torbada yaşıl rəngli marixauanaya bənzər kütlə aşkar edilmiş, həmin kütləyə baxış keçirərək, həmin kütlə elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə 405 qram olması aşkar olunmuşdur. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Baxış zamanı çəkilmiş video çəkiliş protokola əlavə edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin x xxxxx 2020-ci il tarixli 5(043)-36/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib üzərindən və yaşadığı evdən narkotik vasitə aşkar edilərək götürüldükdən sonra “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərarın qanuniliyinin yoxlanılması məqsədi ilə məhkəməyə təqdim edilmiş və məhkəmə qərarın Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair hissəsini qanuni hesab etmiş, onun üzərinə baxış keçirilməsi hissəsinin isə məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina etmişdir. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 16/218 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizaya təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” sözləri olan kağız paketdəki, bir ədəd “gümüşü” rəngli falqa bükümündə təmiz çəkisi -11,924 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” sözləri yazılmış kağız paketdəki, bir ədəd polietilen torbada təmiz çəkisi 395 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş iki ədəd kağız paketdəki marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 376 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır xx.xx.2011-ci il tarixli, AZ-İİ 795754 nömrəli, xx.xx.2013-cü il tarixli, AZ-İİİ 029141 nömrəli və xx.xx.2015-ci il tarixli, AZ-İİİ 481325 nömrəli, doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X4, və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı 3 (üç) azyaşlı uşağı vardır. “Şübhəli şəxsi tutma haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etməsi, saxlaması və daşıması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşının çox olması, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təmiz xalis çəkiləri 11,874 qram və 394,95 qram olan marixuana məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılantəmiz xalis çəkiləri 11,874 qram və 394,95 qram olan marixuanaməhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar