Məhkəmə qərarları › İş №1(043)-110/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-110/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-110/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, F.Əmirov küçəsi, ev 14, mənzil 10-da qeydiyyatda olan və Gəncə şəhəri, Şahsevənlər küçəsi, dalan 5, mənzil 4-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda 1,171 qram çəkidə psixotrop maddəmetamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 27 fevral 2021-ci il tarixdə saat 19:50-də Gəncə şəhər Kəpəz RPB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Ş.İ.Xətai prospektindəki “Dəyirmanın dairəsi” adlanan yerdə yerləşən “Bol Mart” supermarketinin yaxınlığında saxlanılaraq Kəpəz RPB-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən “ARGO” markalı siqaret qutusunun içərisində 1 ədəd ağ rəngli kağız bükümdə, 1 ədəd göy rəngli kağız bükümdə, 1 ədəd polietilen kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri müvafiq olaraq 0,494 qram, 0,085 qram, 0,592 qram, ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,171 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin fevral ayının sonlarında bir gün Gəncə şəhəri Şahsevənlər küçəsindən keçərkən yerdə bir ədəd içərisində siqaret dənələri olan “Arqo” markalı siqare qutusu görüb götürmüş və açıb baxdıqda içərisində 03 ədəd ayrı-ayrı bükümlərdə olan narkotik vasitə olan metafetamin maddəsinə oxşar kütlələrin olmasını bilmişdir. Həmin bükülülərin birinin üzərindən bir qədər götürüb siqaret kimi çəkərək narkotik vasitə olmasını görmüşdür. 27.02.2021-ci il tarixdə saat 19:50-də Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, “Dəyirman dairəsi” adlanan yerdə “Bolmart” super marketin yaxınlığında olarkən bir neçə nəfər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını və narkotik vasitələri istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib onu Kəpəz RPB-nə dəvət etmişdilər. O, ifşa olunduğunu başa düşüb polis əməkdaşları ilə razılaşmış və Kəpəz rayon polis bölməsinə gətirilmişdir. Polis İdarəsindən üzərində şəxsi axtarış aparılarkən üzərindən müxtəlif şəxsi əşyaları aşkar edilərək götürülsə də, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində siqaret dənələri olan “Arqo” markalı siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusunun içərisinə baxış keçirilərkən oradan həmin narkotik vasitə bükümləri aşkar edilmişdir. Sorğu zamanı o, həmin kütlələri 2 gün əvvəl Şahsevənlər küçəsi ərazisində siqaret qutusu ilə birgə tapdığını, özü istifadə etmək üçün saxladığını, həmin kütlələrin narkotik vasitə olmasını bildiyini bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, ailə vəziyyətini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Gəncə şəhər Kəpəz RPB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27.02.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə bölmənin əməkdaşı, yəni, əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və saat 19:50-də Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Bol Mart” supermarketinin yaxınlığında müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs dərhal saxlamışlar və özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq saxlamaqda və istifadə etməkə şübhəli olduğunu bildirərək onlarla birlikdə Kəpəz RPB-nə gəlməsini xahiş etmişdilər. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə Kəpəz RPB-nə gəlmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən “Arqo” markalı siqaret qutusu, həmin qutunun içərisindən isə siqaret dənələri ilə yanaşı iki ədəd kağıza və bir ədəd sellofana bükülmüş bükümlər aşkar edilmişdir. Həmin bükümlərə ayrı-ayrılıqda baxış keçirilərkən hər birinin içərisində şəffaf rəngli kristal şəklində narkotik vasitə olan metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan metamfetamin olduğunu və həmin kütlələri iki gün əvvəl siqaret qutusu ilə birlikdə tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 27 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2021-ci il tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 27 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən ağ rəngli Samsunq markalı mobil telefon,həmin şalvarın arxa sağ cibindən bir ədəd 10 manatlıq pul əskinası və 70 qəpik və 2 ədəd daxili kilid açarları aşkar edildi. Şalvarın sağ cibində və arxa sol cibindən heç nə aşkar edilmədi. Onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd iərisi boş alışqanın metal örtüyü və bir ədəd içərisində siqaret dənələri olan «Arqo» markalı siqaret qutusu aşkar edildi. Gödəkçənin sağ yan cibindən heç nə aşkar edilmədi. Şübhəli şəxsin əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd içərisində siqaret dənələri olan «Arqo» markalı siqaret qutusunun içərisinə baxış keçirilərkən oradan bid ədəd üzərində göy rəngli hərflərlə azərpoçt yazılmış kağız bükülüdə ağ rəngli, şəffaf,duz şəkilli kristall halda narkotik vasitə olan metamfetaminə oxşar kütlə aşkar edildi. Bundan başqa həmin siqaret qutusunun içərisindən bir ədəd sellofon parçasına bükülü içərisində kristall ağ şəffaf duz şəkilli narkotik vasitə olan metamletaminə oxşar kütlə və digər göy rəngli siqaret kağızma bükülmüş içərisində kristall ağ şəffaf duz şəkilli narkotik vasitə olan metamfetaminə oxşar kütlələr aşkar edildi. Aşkar edilmiş kütlələrin nə olması barədə sual verildikdə şübhəli şəxs bildirmişdir ki, həmin kütlələri 2 gün əvvəl ərazidə siqaret qutusu ilə birgə tapdığını, özü istifadə etmək üçün saxladığını, həmin kütlələrin metamfetamin olmasını, narkotik vasitə olmasını, həmin kütlələrin narkotik vasitə olmasına əmin olduğunu, Şahsevənlər küçəsi ərazisində tapmasını, açıb baxdıqda həmin kütlələrin olmasını görmüş, çəkmək üçün üzərində saxlamışdır. O həmin maddələrin əsəbi halda olanda sakitləşdirmək üçün qəbul edildiyini, çəkmə üsulu ilə istifadə edildiyini, əvvəl istifadə etmədiyini, sonra isə bir dəfə istifadə etdiyini bildirmişdir. Narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlələr aşkar edildiyi bükülü ilə ayrı ayrılıqda elektron tərəzidə çəkilmiş və üzərində göy rəngli hərilərlə azərpoçt yazılmış kağız bükülüdə olan kütlə 01 ( bir) qram, göy rəngli siqaret kağızında olan kütlə 0,13 qram və bir ədəd sellofon parçasına bükülmüş kütlə isə 0,64 (sıfır tam yüzdə altmış dörd) qram olması müəyyən olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 28 fevral 2021-ci il tarixli 16/198 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş kütlə...” sözlər və imzalar olan 1 (bir) ədəd ağ rəngli kağız bükümdə, 1 (bir) ədəd göy rəngli kağız bükümdə və 1 (bir) ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,494 qram, 0,085 qram, 0,592 qram, ümumi təmiz çəkisi 1,171 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 15.03.2021-ci il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 01 mart 2021-ci il tarixli və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15.03.2021-ci il tarixli 276 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamini epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 1,171 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27.02.2021-ci il tarixdən 01.03.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 1,021 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar