Məhkəmə qərarları › İş №1(043)-111/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-111/2020

21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-111/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs X4, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxxxx 2020-ci il tarixdə X11 Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 222.999 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, qurudulmuş marixuananın 215 qramını yaşadığı evdə, 7.999 qramını isə üzərində saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı Gəncə şəhəri, 1-ci mikrorayon, 8 saylı binanın yaxınlığında saxlanılıb Gəncə şəhər BPİ-yə gətirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd ağ kağız vərəqinə bükülmüş təmiz çəkisi 7.999 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, yaşadığı ünvan 1 ünvanda yerləşən evə baxış keçirilərkən həmin evin eyvanında olan dolabın alt hissəsindən 1 ədəd qara rəngli polietilen torbadan şəxsi istehlak miqdarından artıq-yəni, təmiz çəkisi 215 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsiriəndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə olan marixuana qəbul edir. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı binanın yaxınlığında olarkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində narkotik vasitə olan marixuana saxlamış, orada dayanan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra isə həmin şəxslər ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər və o, həmin şəxslərlə birlikdə Gəncə şəhər BPİ-yə gəlmişdir. Vəkilin iştirakı ilə üzərində şəxsi axtarış zamanı gödəkçəsinin cibində olan 1 ədəd ağ rəngli kağız vərəqinə bükülmüş marixuananı təqdim etmişdir. Sorğu sual zamanı o, üzərindən aşkar edilən narkotik vasitə olan marixuanadan başqa yaşadığı evdə də narkotik vasitə olan marixuana saxladığını və yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra isə yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilən zaman həmin evin eyvanında olan dolabın alt hissəsində gizlətdiyi 1 ədəd qara rəngli sellofan torbada olan marixauana götürülmüşdür. Həmin narkotik vasitəni təxminən 2019cu ilin oktyabr ayının əvvəllərində Göygöl rayonunda Azos kimi tanınan yerdən yığaraq qurudub şəxsi istifadəsi üçün saxladığını göstərərək Hərəkətindən olduqca peşman olduğunu bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər Baş Polis idarəsinin cinayət axtarış idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon ərazisində yaşayan Afik adlı şəxsin üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat tədbiri həmin şəxsin Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 8, mənzil 63-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bundan sonra xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə və yaşadığı evə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən yaşadığı 8 saylı binanın qarşısında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektorları Şahid2 və Şahid3 ilə birlikdə həmin binanın yaxınlığında gedilmiş, onlar binanın yaxınlığında Təqsirləndirilən şəxs dayandığını müəyyən etmişlər. Onu Gəncə şəhər BPİ-ə dəvət edərək vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd ağ rəngli kağız vərəqinə bükülmüş yaşıl rəngli, narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmuşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan marixuana olduğunu və narkotik vasitəni təxminən 2019-cu ilin oktyabr ayının əvvəllərində Göygöl rayonunda Azos kimi tanınan yerdən yığaraq qurudub şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilmiş, baxış zamanı həmin mənzilin eyvanında olan dolabın alt hissəsindən 1 ədəd qara rəngli sellofan torbada olan marixauanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür Məhkəmə istintaqında şahid qismində dindirilən Gəncə şəhəri BPİ-in CAİ-nin kiçik inspektoru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarnda olan və məhkəmə iclasında tədqiq olunan:- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində olan “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar ediərək götürülmüş...” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 7.999 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş...” sözləri yazılmış kağız paketdəki, bir ədəd polietilen torbada təmiz çəkisi 215 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş iki ədəd kağız paketdəki marixuanalar tərkiblərinə görə eynidirlər. ( i.v.səh.33-36). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 377 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. ( i.v.səh. 83). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. ( i.v. səh.65). Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:13-də tutulmuşdur. (İ.v. səh.18) Təqsirləndirilən şəxsin MSY-dən azad olunması haqqında xx xxxx 2020-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ.v. səh.58-59) Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 222.999 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, qurudulmuş marixuananın 215 qramını yaşadığı evdə, 7.999 qramını isə üzərində saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı Gəncə şəhəri, 1-ci mikrorayon, 8 saylı binanın yaxınlığında saxlanılıb Gəncə şəhər BPİ-nə gətirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd ağ kağız vərəqinə bükülmüş təmiz çəkisi 7.999 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən həmin evin eyvanında olan dolabın alt hissəsindən 1 ədəd qara rəngli polietilen torbadan şəxsi istehlak miqdarından artıq-yəni, təmiz çəkisi 215 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşiman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci ci il tarixədək tutulduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 gün cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o yaşadığı yer üzrə narkolojidispanserdə qeydiyyataalınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan- tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 7.949 qram və 214.95 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işinin materialında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , HÖKM ETDİ: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X4 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 gün cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində X4 üzərinə yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 08:00-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs X4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın . İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan- tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 7,949 qram və 214, 95 qram çəkidə narkotik vasitə olan marixuana, hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işinin materialında saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 ( otuz iki manat 40 qəpik) manat təqsirləndirilən şəxs X2 tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmün icrası X8 şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində X11 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar