Məhkəmə qərarları › İş №1(043)-111/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-111/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-111/2021 03.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 03.05.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, xx.xx.1985-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, xadiməçi işləyən, məhkum olunmamış, Gəncə şəhəri, Ə. Məmmədov küçəsi ev 4-də qeydiyyatda olan, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 1-ci küçə, ev 24-də yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi : Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 08.01.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 10.01.2021-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 13.01.2021 -ci il tarixdə saat 13 radələrindən 15 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən Gəncə şəhər, yolxucu xəstəliklər xəstəxanasına, Gəncə şəhəri, F.Həsənov 51 ünvanında yerləşən Gəncə şəhəri, təcili və təxirəsalınmaz tibbi yardım xəstəxanasına, Gəncə şəhəri, D.Qorqud küçəsində və Gəncə şəhəri, Poçt qəsəbəsi, Abbas Səhhət küçəsində yerləşən apteklərdə olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsiriəndirilən şəxs Təqsirləndirilən şəxsnun əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Ə.Məmmədov küçəsi ev 4-də qeydiyyatdadır, lakin Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 1-ci küçə ev 24-də yaşayır. 2021-ci ilin yanvar ayının təxminən 7-də və 8-də bədənində halsızlıq, istilik olduğundan Gəncə şəhər 6 saylı poliklinikada “Covid-19” virusu ilə bağlı test vermişdir. 10.01.2021-ci il tarixdə saat 18:50-də onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə analiz nəticəsinin pozitiv çıxması, yəni '"COVİD- 19" virusuna yoluxmağı ilə bağlı mesaj gəlmişdir. Həmin gün Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən adını bilmədiyi həkim ona zəng edərək səhhətini soruşmuş, o isə səhhətinin yaxşı olmadığını bildirmişdir. Ona görə adını bilmədiyi sahə həkimi ona gətirib yadında qalmayan dərmanlar vermişdir. Lakin həmin dərmanları içməmişdir. Ondan sonra yenə sahə həkimi Xoraman həkim ona zəng edib onun səhhəti ilə maraqlanmışdır. O, isə ağrıdığı üçün evdə qalmışdır. Eyni zamanda həkimlər gəlib onun evində dezinfeksiya eləmişdilər. 13.01.2021-ci il tarixdə səhər saatlarında o özünü pis hiss etdiyi üçün yoxlanmaq məqsədi ilə günorta saatlarında Abbas Səhhət xəstəxanasına getmişdir. Orada Əli həkimlə görüşmüşdür. Əli həkimə covid 19 virusuna yoluxduğunu demişdir. Əli həkim isə niyə təcilli yardım maşını ilə gəlmədiyini, belə piyada gəldiyini demişdir. O, isə təcili tibbi yardım maşını ilə gəlməli olduğunu bilmədiyini demişdir. Əli həkim isə ona demişdir ki, müalicə olunmağı üçün xüsusi xəstəxanada yatmalıdır. O, qorxduğu üçün Əli həkimə bildirmişdir ki, gedib əşyalarını götürüb gələcəkdir. Oradan çıxıb 3 saylı TTY xəstəxanasına getmiş və orada ağ ciyərlərini rentgen elətdirmişdir. Lakin rentgen cavabında ciyərində heçnə aşkar edilməmişdir. O, sonra oradan çıxıb Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən dəqiq yeri yadında qalmayan aptekdən öskürək dərmanı almışdır. Sonra oradan çıxıb Poçt qəsəbəsinə getmiş və orada yerləşən “Tural” şadlıq sarayının yanında olan aptekdən isə “ampisilin” dərmanı almışdır. Həmin vaxt aptekdən çıxanda polis əməkdaşı ona zəng edərək niyə yaşadığı evi tərk etdiyini soruşmuşdur. O, isə müayinə olunmaq üçün həkimə getdiyini və dərman almaq üçün aptekə gəldiyini, hazırda isə yaşadığı evə getdiyini bildirmişdir. Sonra o,yaşadığı evə getmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları onun yaşadığı ünvan 5 ünvanında yerləşən evinə gəlmişlər.Onunla şifahi söhbət aparıb video çəkiliş etmişlər və evdən bir daha çıxmamağını demişlər. O da həmin tələblərə riayət edəcəyini demişdir. 25.01.2021-ci il tarixdə isə onun mobil telefonuna yenə mesaj gəlmiş və həmin mesajda qeyd edilmişdir ki, qeyd edilən virusla bağlı özünütəcrid müddəti bitmişdir. Bundan sonra o sərbəst şəkildə istədiyi yerə gedib gəlmişdir. Bundan başqa həkimə və aptekə gedən zaman tibbi maskadan istifadə etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər, BPİ-nin Kəpəz RPB- nin baş əməliyyat müvəkilli işləyir. “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə nəzarət həyata keçirilir. Bununla bağlı X3 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. 13.01.2021-ci il tarixdə "Covid-19" virusunun daşıyıcısı Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib digər şəxslərlə ünsiyyətdə olma təhlükəsi yaratması ilə bağlı məlumat alıb Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 1-ci küçə, ev 24-də yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan 055-452- 83-44 saylı mobil nömrəyə zəng etmişdir. Telefon danışığı zamanı o, Jalədən harada olmasını soruşduqda Jalə bildirmişdir ki, “Poçt” qəsəbəsində aptekdən çıxıbdır və yaşadığı evə gedir. Bir qədər sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs ilə sosial məsafə gözləməklə profilaktiki söhbət edərək Təqsirləndirilən şəxs yaşadığı evdə qalmasını, yaşadığı evi tərk etməməsini bildirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhər, yolxucu xəstəliklər xəstəxanasında şöbə müdiri vəzifəsində çalışır. Həkim olduğu üçün gün ərzində çoxlu sayda xəstələr onun yanına gəlib müayinə olunurlar. Adı sonradan məlum olan Təqsirləndirilən şəxs 13.01.2021-ci il tarixdə günorta saatlarında onun işlədiyi yolxucu xəstəliklər xəstəxanasına gələrək “Covid-19” virusuna yoluxduğunu, özünü piss hiss etdiyini və müayinə olunmaq istədiyini demişdir. O, isə Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxduğu halda yaşadığı evi belə tərk etməməsini və təcilli tibbi yardım maşını ilə gəlməməsinin səbəbini soruşduqda Jalə təcili tibbi yardım maşını ilə gəlməli olduğunu bilmədiyini demişdir. O, Təqsirləndirilən şəxs müalicə olunması üçün xüsusi xəstəxanada yatmalı olduğunu, dərmanlarla təchiz edilib müalicə olunmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxt yaşadığı evə gedib əşyalarını götürüb xəstəxanada yatması üçün gələcəyini deyib xəstəxanadan çıxıb getmiş və bir daha həmin şəxsi görməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs tibbi maskadan istifadə etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Gəncə şəhər 5 nömrəli poliklinikanın sahə həkimi vəzifəsində çalışır. Koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Həmin xəstəliyin inkubasiya dövrü 14 gündür. Əldə edilən tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən göndərilir və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən poliklinikanın sakini, Gəncə şəhəri, Ə.Məmmədov küçəsi ev 4-də qeydiyyatda olan, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 1-ci küçə, ev 24-də yaşayan Təqsirləndirilən şəxs koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. Bundan sonra həmin şəxsin adı poliklinikanın ilkin müraciət edənlərin qeydiyyatı jurnalına qeyd olunmuş və adına ambulator xəstənin tibbi kartası açılmışdır. Həmin jurnal və ambulator xəstənin tibbi kartasına baxış keçirilə bilməsini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə istifadəsində olan 055 ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq xəstəyə arbitrol həblərinin, azitramisin dərman vasitələrini qəbul etməsi tövsiyyə edilmiş, eyni zamanda 14 gün ərzində yaşayış yerini tərk etməməli olması barədə xəbərdarlıq edilmiş və 14 gün ərzində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni 24.01.2021-ci il tarixdə səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxartmışlar. Cinayət işinin materiallarnda olan və məhkəmə iclasında tədqiq olunan:- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzinin 14.01.2021-ci il tarixli, 147 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Ə.Məmmədov küçəsi ev 4-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs 10.01.2021 -ci il tarixdə “COVİD-19” infeksiyasına görə müayinənin nəticəsinin pozitiv olması qeyd edilmişdir. ( i.v.səh 13) “İlkin müraciət edənlərin qeydiyyatı jurnalından” görünür ki, 1985-ci il təvəllüdlü, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 1 -ci küçə, ev 24-də yaşayan, Təqsirləndirilən şəxs 11.01.2021 -ci il tarixdə 41 -ci sırada qeydiyyata alınmışdır. ( i.v.səh 36-42). Azərbaycan Respublikası Səhiyyə Nazirli Gəncə şəhər 5 nömrəli poliklinika tərəfindən verilmiş 11.01.2021-ci il tarixli, forma 025/U nömrəli Ambulator xəstənin tibbi kartasından görünür ki, Təqsirləndirilən şəxs xəstəliyinin simptomlarına əsasən ona COVİD-19 diaqnozu qoyulmuşdur. ( i.v.səh 36-42). Ambulator kartaya əlavə edilmiş “telefon danışıqlarının” qeydiyyatndan görünür ki, ona ev şəraitində müalicə alması və evdən çölə çıxmaması barədə xəbərdarlıq edilmişdir. ( i.v.səh 10). İş materialında olan 1 ədəd DVD diskdəki videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində bir ədəd fayl mövcuddur. Həmin görüntüdə ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs 13.01.2021-ci il tarixdə yaşadığı evdən çıxmasını bildirməsi müəyyn olunmuşdur. ( i.v.səh 8) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 12.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. ( i.v. səh.51-52). İbtidai istintaq zamanı əldə olunmuş “koronavirusinfo.az” internet səhifəsindən “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X2 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından görünür ki, mövcud sübutlar “Covid-19” virusunun insanlar arasında yaxm təmas və hava-damcı yolu ilə ötürüldüyünü göstərir. Xəstəylə təmasda olan və ya xəstəyə qulluq edənlər arasında yoluxma riski ən yüksəkdir. “COVİD-19” virusu təsdiqlənmiş xəstələrə 14 gün ev izolyasiyası tədbiq edilir. Müvafiq xəstəliyin inkubasiya dövrü 14 günədək ola bilər. Xəstə monitorinq müddətini evdə keçirməlidir. ( i.v.səh 25-31). Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 08.01.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 10.01.2021 -ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını biləbilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 13.01.2021 -ci il tarixdə saat 13 radələrindən 15 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən Gəncə şəhər, yolxucu xəstəliklər xəstəxanasına, Gəncə şəhəri, F.Həsənov 51 ünvanında yerləşən Gəncə şəhəri, təcili və təxirəsalınmaz tibbi yardım xəstəxanasına, Gəncə şəhəri, D.Qorqud küçəsində və Gəncə şəhəri, Poçt qəsəbəsi, Abbas Səhhət küçəsində yerləşən apteklərdə olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxsnun ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4 və 52-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsnun Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxsnun barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. (mad.346.1.21, 353.4.10) İş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə müsadirə edilməli əmlak, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar