Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-113/2021 16.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, A.İsgəndərov küçəsi, ev 89, mənzil 6-da qeydiyyatda olan, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə 02.12.2020-ci il tarixdə saat təxminən 22 radələrində Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan bayrağı küçəsində yerləşən “xxxx” MMC-yə məxsus anbara qanunsuz daxil olub oradan 1x4 ölçülü, 1 topu 100 metr uzunluğunda olan, hər topu 50 manat olmaqla, ümumilikdə 900 manat dəyərində 18 top elektrik naqillərini gizli yolla talayaraq oğurlamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2020-ci ilin aprel ayından 26 noyabr 2020-ci il tarixədək Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan Bayrağı küçəsində "xxxx” MMC tərəfindən tikilən doqquz mərtəbəli sosial binaların tikintisində fəhlə işləmişdir. 26 noyabr 2020-ci il tarixdə onu işdən çıxarmışlar. İşdən çıxarılma səbəbi isə işə gəlməməsi olmuşdur. O, rəhbərliyə bildirmişdir ki, qardaşı X7 28 oktyabr 2020-ci il tarixdə Qarabağ müharibəsində şəhid olduğu üçün qardaşının yas mərasiminə görə işə gedə bilməmişdir. İşdən çıxarıldığı üçün xərcləməyə pulu olmamışdır. Ona görə də “xxxx” MMC-yə məxsus tikilməkdə olan doqquz mərtəbəli binanın anbarından oğurluq etmək qərarına gəlmişdir. O, həmin anbarda elektrik naqilləri olduğunu bilirdi. Çünki, həmin naqilləri fəhlə işləyən zaman anbara o, aparıb qoymuşdur. Bu məqsədlə 02 dekabr 2020-ci il tarixdə saat 22 radələrində həmin tikinti olan əraziyə gəlmiş və hasarın üzərindən içəriyə keçərək anbar olan tərəfə yaxınlaşmış və divarda olan mişar daşlarını yerindən çıxardıb anbara daxil olmuşdur. O, anbardan 1x4 ölçüdə olan misdən hazırlanmış, 18 top naqilləri götürüb daxil olduğu yerdən də çıxmışdır. Sonra yoldan taksi keçdiyini görmüş, həmin tanımadığı taksi ilə 18 top elektrik naqillərini yaşadığı evinə aparmışdır. Həmin naqilləri evinin həyətində yandırmış və küçələrdə mis alan tanımadığı şəxsə 60 manata satmış və həmin pulu da öz ehtiyacına xərcləmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirdi və ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2018-ci ilin iyul ayından “xxxx” MMC-nin kadr üzrə mütəxəssisi vəzifəsində işləyir. Şirkət 2018-ci ildən Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində doqquz mərtəbəli sosial binaların tikintisi ilə məşğuldur. Tikinti materiallarını anbardar vəzifəsində işləyən X4 binanın zirzəmisində olan anbarda saxlayır. 02.12.2020-ci il tarixdə iş vaxtı qurtardıqdan sonra saat 18:00-da hamı işdən çıxıb getmişdir. 03.12.2020-ci il tarixdə saat 08:15-də tikinti işi ilə bağlı elektrik naqili lazım olduğundan anbarda olan elektrik naqilini gətirib ustaya versin deyə anbardar İlham Məmmədov anbara getmişdir. Lakin, təxminən 10 dəqiqədən sonra İlham onun yanına yaxınlaşıb anbarda bir topda 100 metr və 1x4 ölçüdə olan, ümumilikdə 18 top naqillər yerində olmadığını bildirmişdir. Sonra o, anbara getmiş və 18 top naqillər yerində olmadığını görmüşdür. Həmin 18 top naqillər anbara təxminən 1 ay bundan əvvəl qoyulmuşdur. Anbardan 18 top naqilləri oğurlayan şəxs anbarın arxa tərəfindən divarda olan mişar daşlarını sökmüş və oğurladıqdan sonra isə yerinə qaytarıb qoymuşdur. Anbarda naqillərin saxlanılmasını anbardar və tikintidə işləyən fəhlələrin hamısı bilirdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, 2018-ci ilin sentyabr ayından “xxxx” MMC-də mühafizəçi işləyir. Onların şirkəti 2018-ci il tarixdən Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində doqquz mərtəbəli sosial binaların tikintisi ilə məşğuldur. İş rejimləri saat 08:00-da başlayır və saat 18:00-da qurtarır. Tikinti materiallarını anbardar vəzifəsində işləyən X4 binanın zirzəmisində olan anbarda saxlayır. 02.12.2020-ci il tarixdə iş vaxtı qurtardıqdan sonra saat 18:00-da hamı işdən çıxıb getmişdir. O isə tikilməkdə olan 17 və 18 nömrəli binaların mühafizəsini təşkil etmək məqsədilə işdə qalmışdır. 03.12.2020-ci il tarixdə saat 08:15-də tikinti işi ilə bağlı elektrik naqili lazım olduğundan anbarda olan elektrik naqilini gətirib ustaya versin deyə anbardar İlham Məmmədov anbara getmişdir. Lakin, təxminən 10 dəqiqədən sonra İlham Hikmət müəllimin yanına yaxınlaşıb anbarda olan 18 top naqillərin yerində olmamasını bildirmiş, sonra o, anbara getmiş və 18 top naqillər yerində olmadığını görmüşdür. Həmin 18 top naqillər anbara təxminən 1 ay bundan əvvəl qoyulmuşdur. Anbardan 18 top naqilləri oğurlayan şəxs və ya şəxslər anbarın arxa tərəfindən divarda olan mişar daşlarını sökmüş və oğurladıqdan sonra isə yerinə qaytarıb qoymuşdur. Anbarda 18 top naqillərin saxlanılmasını anbardar İlham, o və tikintidə işləyən fəhlələrin hamısı bilmiş, çünki, tikinti üçün lazım olan əşyaları fəhlələr gedib anbardan götürüb işlədirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi” haqqında 03 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsində yerləşən zərər çəkmiş “xxxx” MMC tərəfindən tikilməkdə olan doqquz mərtəbəli binaya təbii işıqlı hava şəraitində baxış keçirilmiş, zərər çəkmiş şəxsin nümayəndəsi anbardan əşyaların oğurlandığı yeri göstərmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 25 fevral 2021-ci il tarixli protokoldan görünür ki, müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 02 dekabr 2020-ci il tarixdə anbara necə daxil olduğunu göstərmiş, bu barədə protokol tərtib olunmuş və ifadənin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 mart 2021-ci il tarixli 16/714 nömrəli rəyindən görünür ki, 1x4 ölçüdə, 100 metr uzunluğunda, misdən hazırlanmış 18 top naqillərin 1 topunun 2020-ci ilin dekabr ayına orta bazar qiyməti 50 manat olmaqla ümumulikdə 900 manat olmuşdur. Kəpəz Rayon Polis İdarəsindən alınmış 24 dekabr 2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan bayrağı küçəsində yerləşən “xxxx” MMC-yə məxsus anbardan elektrik naqillərini Təqsirləndirilən şəxs oğurlamışdır. Hadisə zamanı ətrafda heç kim olmamış, hadisəni kənardan görən olmamışdır. Hadisənin baş verdiyi ərazidə müşahidə kameraları olmadığından hər hansı görüntü əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 13 yanvar 2021-ci il tarixli arayışdan və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 17 mart 2016-cı il tarixli qərarına əsasən cəzası 6 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə məhkumluğu ödənildiyindən, onun əməlində cinayətin residivi yaranmır. Şəxsiyyət vəsiqələrinin və digər sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində iki azyaşlı uşaqları var. Eyni zamanda onun himayəsində yaşayan valideynləri – X5 və X2 İ qrup əlildirlər. Ölüm haqqında şəhadətnamədən görünür ki, təqsirləndirilən şəxsin qardaşı X7 27.10.2020-ci il tarixdə hərbi əməliyyatlar zamanı döyüş meydanında qəlpə yarasından vəfat etmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin ailəli olmaqla himayəsində azyaşlı uşaqlarının və İ qrup valideynlərinin olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-113/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-113/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver