Məhkəmə qərarları › İş №1(043)-114/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-114/2020

13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-114/2020 13.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Məhmmədəli oğlunun iştirakı ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 mənzil 38 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 13:30 radələrində yaşadığı Gəncə şəhəri Atatürk prospekti 237, 3 saylı binanın dəhlizində qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə zamanı əlində olan fincanla sonuncunun baş nahiyəsinə qəsdən zərbə vuraraq ona alın nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Bu hərəkəti ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, eyni binada və eyni dəhlizdə olan otaqlarda yaşayırlar. Vəfa hadisədən təxminən bir ay əvvəl də onun qapısını döydüyü üçün onunla mübahisə etmişdir. xx xxx 2020-ci il tarixdə günorta saatlarında yorğun vəziyyətdə yaşadığı mənzilə gəlmiş, dəhlizdən səs-küy gəldiyini eşidib dəhlizə çıxmışdır. Bu zaman dəhlizdə Zərərçəkmiş şəxs digər qonşularla oturaraq ucadan danışıb-güldüyünü görmüşdür. Onlara səsküydən yata bilmədiyini, yorğun olduğunu deyib irad bildirdikdə Vəfa ona kobud cavab vermiş və mübahisə etməyə başlamışdır. Bu zaman hirsləndiyi üçün əlində olan fincanla onun başından vurmuşdur. Bu zaman Vəfa da onun saçını yolmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, hadisədən təxminən 1 ay əvvəl qonşusu olan Təqsirləndirilən şəxs gecə saatlarında onun mənzilinin qapısını döyüb onu narahat etdiyi üçün aralarında mübahisə yaranmışdır. Bundan sonra da Təqsirləndirilən şəxs onu dəfələrlə narahat etmişdir. xx xxx 2020-ci il tarixdə yaşadıqları binanın dəhlizində telefonla danışarkən Sevinc əlində fincanla çölə çıxaraq onu ucadan danışdığı üçün təhqir etməyə başlamış və üzərinə gələrək ona tərəf əl qol atmışdır. Bu zaman o, Sevinci əli ilə geri itələsə də Sevinc əlindəki fincanla onun başından vurmuş, başından qan açılmışdır. O da həmin vaxt özünü müdafiə etmək üçün Sevincin saçını yolmuşdur. Daha sonra aralaşmış və hadisə barədə telefonla polisə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 758 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəninin üzərində müəyyən edilmiş xəsarətlər - alın təpə nahiyəsinin yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə yaşadıqları binanın dəhlizində başına fincanla vurmaqla qəsdən sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsnun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 59 və 61-ci maddələrində nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 10 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat olmaqla cəmi 60 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun aşağıdakı hesabına köçürülsün: Kapitalbank Gəncə icmal filialı, kod 200275, VÖEN **********, M/h AZ37NABZ********************, SWİFT BİK: AİİBAZ2X, hesab № AZ04AİİB********************, VÖEN **********. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar