Məhkəmə qərarları › İş №1(043)-115/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-115/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-115/2021 25.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1986-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi 4-cü döngə ev 1, mənzil 143-də qeydiyyatda olan, ünvan 3-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan psixotrop maddə olan metamfetamini qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlamşdır. Belə ki, o, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,162 qram çəkidə psixotrop maddə olan “metamfetamin”i satış məqsədi olmadan istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq əldə edib əynində olan boz rəngli şalvarının sağ yan cibində qara rəngli, dəriyə bənzər materialdan hazırlanmış pul qabında saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən 01 yanvar 2021-ci il tarixdə, saat 17:30 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Kəpəz” futbol stadionunun qarşısında Gəncə şəhər, Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər, Kəpəz RPİ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibində qara rəngli, dəriyə bənzər materialdan hazırlanmış pul qabının içərisindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,162 qram çəkidə psixotrop maddə olan “metamfetamin” aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 01.01.2021-ci il tarixdə saat 17:30 dəqiqədə Gəncə şəhəri Atatürk prospektində yerləşən Kəpəz Futbol stadionunun qarşısında yerləşən mağazanın önündə idarə etdiyi VAZ 2107 markalı **-DC-*** dövlət nömrə nişanlı avtomaşınını saxlamış və mağazaya daxil olub geri avtomaşınının yanına gəlib maşına əyləşib getmək istəyən zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu saxlamış və Kəpəz RPİ-nə gətirmişlər. Polis idarəsində onun üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığı deyilmiş və onu narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün tutaraq qərarla tanış etmişlər. Bundan sonra maddi imkanı olmadığı üçün o dövlət hesabına müdafıəçi ilə təmin olunmuş və ona video çəkiliş ilə hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşları və adını sonradan bildiyi dövlət hesabına təyin edilmiş vəkili X4 iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman onun əynindəki boz rəngli cins şalvarının sağ yan cibində qoyduğu pul qabının içərisində saxladığı 2 ədəd “tramadol” həbləri və siqaret falqasına bükülmüş psixotrop maddəyə bənzər şəffaf rəngli “metamfetamin”, 666 manat pulu və 2 ədəd bank kartları və əynində olan göy rəngli gödəkçənın sol cibindən isə “Winston” markalı siqareti və alışqanı aşkar edilmişdir. Üzərindən aşkar edilmiş siqaret falqasına bükülmüş şəffaf rəngli, ilk baxışdan psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlə elektron tərəzisində çəkilmiş, həmin kütlənin çəkisi 0,20 (sıfır tam iyirmi) qram kütlə və üzərindən aşkar edilmiş 2 ədəd tramadol həbləri zərfdə qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar və onun tərəfındən imzalanmış, bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Həmin vaxt video çəkiliş və fotoşəkil çəkilmişdir. Üzərindən aşkar olunmuş 666 manat pulu, siqareti və alışqanı özünə qaytarılmışdır. Üzərindən aşkar olunan psixotrop maddəni özü istifadə etmək üçün üzərində saxladığını, eyni zamanda bədənində ağrıları olmasına görə həmin “tramadol” və digər dərman həblərini də qəbul etmək üçün üzərində saxladığını, onları 31.12.2020-ci il tarixdə Gəncə şəhəri Atatürk prospektində yerləşən 95 nömrəli aptekin qarşısında küçədə yerdən tapdığını, aşkar edilmiş metamfetamindən heç kimə vermədiyini, heç kimə satmadığını, üzərində özü istifadə etmək üçün saxladığını bildirmişdir. Həmçinin bildirmişdir ki, üzərinə baxış keçirilən zaman məsuliyyətinin az olması üçün həmin dərman həblərini resept əsasında 95 saylı aptekdən aldığını bildirmiş, əslində isə həmin dərman həblərini aptekdən almamış, onlarıda psixotrop maddə ilə birlikdə həmin vaxt yerdən tapmışdır. Məhkəmədən əməlindən səmimi peşman olmasını,xəstəliyini və İİ-ci qrup əlil olmasını nəzərə alaraq, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 yanvar 2021-ci il tarixdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi 4-cü döngə ev 1, mənzil 143-də qeydiyyatda olan, Gəncə şəhəri, İ.Talıblı küçəsi ev 105-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi, əldə edib üzərində gəzdirməsi və idarə etdiyi avtomobilində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar olaraq rəhbərliyə raportla məruzə etmiş və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə tapşırıq almışdır. Sonra tərəflərindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 01 yanvar 2021-ci il tarixdə saat 17:30-da Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Kəpəz” futbol stadionunun qarşısında saxlamış və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxladığına görə üstünə və avtomobilinə baxış keçirilməsi məqsədilə Kəpəz RPİ-yə aparmışlar. Təqsirləndirilən şəxs üstünə baxış keçirilməzdən əvvəl müdafiəçi tutmaq hüququ izah ediləndə Təqsirləndirilən şəxs maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunması barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədilə idarəyə müdafiəçi Cəfər Hacıyev dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs müdafiəçi Cəfər Hacıyevə etirazı olmadığını və onun tərəfindən hüquqlarının müdafiə olunmasına razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən aşkar olunmuş pul qabının içərisindən iki ədəd dərman həbləri və ağ kağız parçasına bükülmüş bükülü aşkar olunmuşdur. Həmin bükülü açılan zaman içərisində şəffaf rəngli, ilk baxışdan psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş digər əşyalar maraq kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin dərman həbləri və kağız bükülüdə olan kütlə ona məxsusdur, 31.12.2020-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən 95 nömrəli aptekin qarşısından yerdən tapmış, özü istifadə etməsi üçün üzərində saxlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlə iştirakçıların və müdafiəçinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, həmin kütlənin çəkisi bükülmüş olduğu kağız parçası ilə birlikdə 0,20 qram olmuşdur. Həmin kütlə və dərman həbləri qablaşdırılmış, imzalarla təsdiq edilmiş və Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənmişdir. Baxış zamanı video və fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirak etməyən istintaqı zamanı şahid qismində dindirilmiş şahidlərin ifadələri elan olunmaqla tədqiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Gəncə şəhəri BPİ-nin CAİ-nin əməkdaşı Şahid2 ifadəsindən görünür ki o, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları tamamı ilə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 02 yanvar 2020-ci il tarixli, 7 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında” 01 yanvar 2021-ci il tarixli, 01 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs kimi tutulmuş və bu barədə protokol tərtib olunmuşdur. “Baxış və götürmə” haqqında 01 yanvar 2021-ci il tarixli, 10 nömrəli protokoldan, DVD görüntüdən və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Famil oğlunun üzərindən iki ədəd dərman həbləri və psixotrop maddə olan “metamfetamin” aşkar olunaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 666 manat pul, 2 ədəd bank kartları, siqaret və alışqan özünə qaytarılmışdır. Məhkəmə Ekspertiza Mərkəzi X7 02 yanvar 2021-ci il tarixli, 16/2 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd Tramadol həbləri və kağız bükülüdə metamfetaminə oxşar maddə." sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,162 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Məhkəmə ekspertizası mərkəzinin X7 labaratoriyasında texniki avadanlıq olmadığından təqdim olunan dərman preparatlarının tədqiqatını aparmaq mümkün olmamışdır. Metamfetaminin təmiz çəkisi- 0,162 qram, tədqiqata sərf edildi- 0,01 qram, qalıq- 0,152 qram. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 02 yanvar 2021-ci il tarixli, 08 nömrəli rəyindən görünür ki, toplanmış material Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 yanvar 2021-ci il tarixli, 08 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi” haqqında 03 yanvar 2021-ci il tarixli, 10 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs - xx.xx.1986-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, deməsinə əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi 4-cü döngə ev 1, mənzil 143-də qeydiyyatda olan, ünvan 3-də yaşayan X1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməsi və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında 17 fevral 2021-ci il tarixli, 220 nömrəli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 31.12.2020-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospekti, 95 nömrəli aptekin qarşısında olan zaman yerdən psixotrop maddə olan metamfetamin və dərman həblərini yerdən tapdığı yeri göstərmişdir. Gəncə şəhəri Psixonevroloji Dispanserin 22 fevral 2021-ci il tarixli, 850 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində 10.07.2018-ci il tarixdən “psixoaktiv” maddələrdən aslılıq diaqnozu ilə qeydiyyatda durur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2021-ci il tarixli, 6/635 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N 120” və “Azərbaycan Respublikası Məhkəmə X6 Regional Bölməsi TƏDQİQAT OBYEKTİ N° 1” dairəvi möhür əksi olan "Vət.Təqsirləndirilən şəxs məxus VAZ 007 markalı yazı və imzalar olan zərfdə ümumi sayı 6 və % ədəd olan “Tramadol 225 mg” kapsulaları güclü təsir edən maddə olub, tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 1,4625 qram (bir ədəd həbdə tramadoiun təsir maddəsinin miqdarı 0,225 qramdır) olduğu müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş 1 ədəd yaşlı rəngli konvalyut kəsiyində 1 ədəd ağ rəngli, dairəvi formalı həb və ağ-qırmızı rəngli plastik hissəcikləri narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrə aid deyildir. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 16 mart 2021-ci il tarixli, 286 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan “metamfetamin”-dən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 16 mart 2021-ci il tarixli, 140 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterlin məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. “Sübutların qiymətləndirilməsi” haqqında 18 mart 2021-ci il tarixli, 379 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 240 və 234.2-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “metamfetamin”-in ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,152 qram psixotrop maddə olan “metamfetamin” iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, cinayət əməlini törətməsi işi üzrə toplanmış sübutlarla, şahid ifadələri, istintaq hərəkətinin protokolları, cinayət işinin materiallarında olan digər sənədlər və içərisində video görüntü olan bir ədəd DVD disk isə sübut növü kimi tanınmış, Təqsirləndirilən şəxs ilə sonuncunun müdafiəçisi X8 cinayət işinin materialları, maddi sübut və sübut növü hesab edilən digər əşyalar ilə tanış olduqdan sonra saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, eyni zamanda ekspertizanın rəyi daha mötəbər sübut hesab olunduğundan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan “metamfetamin”-in çəkisi 0,162 qram əsas kimi qəbul edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 12 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasında məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş elektor sorğu məlumatlarında görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində iki azyaşlı uşağı var və əlilliyə görə pensiya alır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübut və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop vasitə olan “metamfetamin” əldə etməsi, saxlaması və daşıması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (CM- 59.1.4) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, cəzanın növünü və müddətini müəyyən edərkən ilk dəfə cinayət məsuliyyətinə gəlb edilməsi, şəxsiyyəti xarakterizə edən digər hallar nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, cəza təyini zamanı Təqsirləndirilən şəxs 01 yanvar 2021-ci il tarixdən 03 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 yanvar 2021-ci il tarixdən 03 yanvar 2021-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan–Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.152 qram psixotrop maddə “metafetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olan 185,10 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, 01 fevral 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, dövlət büdcəsinin vəsaiti hesabına vəkilin göstərdiyi 10 saatlıq hüquqi yardıma görə 60 (altmış) manat vəsait vəkilə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İşdə mülki iddia və Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 yanvar 2021-ci il tarixdən 03 yanvar 2021-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Gəncə şəhəri Narkoloji Dispanserdə 01.07.2018-ci il tarixdən “psixoaktiv maddələrdən asılılıq” diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 185,10 (bir yüz səksən beş manat on qəpik) manat Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.152 qram psixotrop maddə “metafetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar