Məhkəmə qərarları › İş №1(043)-117/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-117/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-117/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Tofıq qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1984-cü ildə Gəncə şəhərində doğumuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən fərdi yaşayış evinə hasardan aşma yolu ilə daxil olaraq evin içərisindəki divara bərkidilmiş halda olan, bir metrinin qiyməti 1 manat 60 qəpik olmaqla 190 metr uzunluğunda ümumi dəyəri 304 manat olan mis kabeli gizli yolla talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 304 (üç yüz dörd) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 Tofıq qızına məxsus Gəncə şəhəri Ş.İ.Xətai prosopektində yerləşən “X1 Mərkəzi”nin qapısına təzyiq göstərməklə açıb oraya qanunsuz daxil olaraq, oradan bir ədəd 250 manat dəyərində 2 taylı alüminium qapı, bir ədədi 150 manat olan 5 ədəd ümumi dəyəri 750 manat olan alüminium qapı və bir ədədi 30 manat olan 2 ədəd ümumi dəyəri 60 manat olan su krantını gizli yolla talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 1060 (min altmış) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və maddi sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 20-21 radələrində yaşadığı evdən özünə məxsus 1 ədəd balta götürüb oğurluq etmək məqsədilə Gəncə şəhəri Cihazqayırma zavodunun yaxınlığında yerləşən yeni tikilmiş yaşayış evlərinin yanına getmişdir. Orada tanımadığı boz rəngli dəmir darvazası olan evə kənardan baxan zaman həmin evin divarlarında içəridən yeni elektrik naqilləri çəkildiyini görmüşdür. Ev yarımtikili olsa da dörd bir tərəfi daşla hasarlanmış olmuşdur. O, hasardan içəri tullana bilməyəcəyini bildiyi üçün evin arxa tərəfinə keçmiş, evin arxa tərəfinin hasarında olan çıxıntılı daşlar vasitəsilə daş hasarın üzərinə qalxmış və oradan da evin həyətinə daxil olmuşdur. Daxil olduqdan sonra özü ilə evdən gətirdiyi balta ilə təxminən 150-200 metr uzunluğunda, ağ rəngli, içərisində mis naqil olan kabelləri divardan sökərək evin həyətindən tapdığı ağ rəngli kisəyə doldurub, eyni ilə düşdüyü yerdən çıxıb Gəncə şəhəri “Avtovaz” deyilən yerin yaxınlığında yerləşən Türk liseyinin qarşısındakı zibillik olan yerə gəlmiş, həmin kabelləri orada yandırıb içərisindəki naqilləri çıxararaq yenidən həmin kisəyə yığıb yaşadığı binanın zirzəmisinə aparıb orada gizlətmiş, səhəri gün isə naqilləri götürüb Gəncə Nizami prospektində yerləşən “Musayevin qarajı” adlı yerin arxasında olan metal qəbulu məntəqəsinə aparmış və orada özünə məxsus şəxsiyyət vəsiqəsi ilə təhvil vermiş, mis naqillər tərəzidə çəkilmiş, çəkisi təxminən 10 kiloqrama yaxın olmuş və ona 70 manat pul vermişlər. Mis naqili sataraq əldə etdiyi 70 manat pulu gündəlik ehtiyacları üçün xərcləmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə saat 13:00-da yaşadığı binanın yaxınlığında olan çayxanadan çıxıb oğurluq etmək məqsədi ilə "X1 Mərkəzi” adlanan yerə getmişdir. Həmin yerin uzun müddətdir işləmədiyini və orada heç kimin olmadığını bilmişdir. "X1 Mərkəzi”nin içərisinə daxil olub mərkəzin biri iki taylı olmaqla, 7 ədəd plastik qapısını və həmin yerin sauna hissəsində olan 2 ədəd su kranını sökmüş, həmin qapılar alüminium materialından olduğu üçün yüngül olmuş və qapını cəftəsindən çıxarıb kənara qoymuşdur. Qapıları sökdükdən sonra saunanın giriş hissəsinə yığmışdır. Sonra həmin qapıları ayrı-ayrılıqda 2 dəfəyə çiyninə yığıb yaşadığı binanın qabağına aparmış, kranlari isə yaşadığı binanın yanında gizlətmişdir. Qapıları yaşadığı binanın qabağına yığdıqdan sonra, qonşu olan taksi sürücüsü Samir adlı şəxsi çağırmış və yalandan ona qapıların “X1 Mərkəzi”nə məxsus olduğunu, orada təmir işləri getdiyini və oranın sahibinin satmaq üçün ona verdiyini demişdir. Samir də razılaşmış və həmin alüminium qapılardan biri iki taylı olmaqla 3 ədəd alüminium qapını VAZ 2107 markalı avtomobilinin baqajına yığıb Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən "Buratino” adlı mağazanın arxasında yerləşən metal qəbulu məntəqəsinə aparmış və həmin qapıları alüminium metal kimi 82 manata satmışdır. Qapıları satdığı şəxsə də yalandan A.Səhhət adına xəstəxananın yaxınlığında sauna olduğunu, sahibinin yeni qapılar aldığı üçün həmin qapıları da satmaq üçün ona verdiyini demişdir. Həmin şəxs isə onun şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində binanın yanında motosiklet olduğunu görmüş və motosiklet sürücüsünə alüminium qapıları daşımaq istədiyini demişdir. Motosiklet sürücüsü isə qapıları 5 manata apara biləcəyini demişdir. O da razılaşmış və yerdə qalan 4 ədəd alüminium qapını həmin tanımadığı şəxsin motosikletinə qoyub yenə də Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən "Buratino” adlı mağazanın arxasında yerləşən metal qəbulu məntəqəsinə öz şəxsiyyət vəsiqəsi ilə alüminium metalı kimi 92 manata satmışdır. Həmin gün axşam isə "X1 Mərkəzi”ndən oğurladığı 2 ədəd latun metaldan olan su kranlarını götürüb piyada aparıb yenə də Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Buratino” mağazasının arxasındakı metal qəbulu məntəqəsinə 1 kq 5 manata satmış, 2 ədəd latun metaldan olan kran 4 kq çəkidə olduğu üçün ona 20 manat vermişlər. Oğurladığı əşyaların satılmasından əldə etdiyi pulları da öz ehtiyacları üçün xərcləmişdir.Hazırda əməlindən peşmandır.Zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanı tam digərinə isə qismən ödəmiş və onlarla razılıq əldə etmişdir.Odur ki, ifadəsində qeyd etdiklərini nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “X1 Mərkəzi” ona məxsusdur. Həmin mərkəz təxminən bir neçə il olar ki, fəaliyyət göstərmir. Ona məxsus mərkəz fəaliyyət göstərməsədə hər gün ora gedib baş çəkmişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə mərkəzə gedib baş çəkmişdir. xx.xx.2019-cu il tarixdə saat 16:30 radələrində özünə məxsus olan Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “X1 Mərkəzinə” yenidən getdikdə mərkəzin qapılarının yerindən çıxarılıb aparıldığını bundan başqa obyektə baxan zaman həmçinin 2 ədəd krantın sökülüb oğurlandığını aşkar etmişdir. Buna görə də o, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə və sonradan isə Kəpəz rayon polis idarəsinə rəsmi olaraq məlumat vermişdir. Bundan sonra gəlmiş polis əməkdaşları ilə birlikdə obyektə baxan zaman ona məxsus “X1 Mərkəzindən” bir ədəd 250 manat dəyərində 2 taylı alüminium qapı, bir ədədi 150 manat olan 5 ədəd ümumi dəyəri 750 manat olan alüminium qapı və bir ədədi 30 manat olan 2 ədəd ümumi dəyəri 60 manat olan su krantının oğurlanması nəticəsində ona 1060 (min altmış) manat maddi ziyan vurulduğu aşkar edilmişdir. İstintaq dövründə tək qapılardan 5 ədədi və 1 ədəd ikitaylı qapı, 2 ədəd su kranı ona geri qaytarılmış, lakin ona vurulmuş 300 manat əlavə ziyandan 100 manatı ödənilsə də 200 manat hissəsi ödənilməmiş qalmışdır.Məhkəmədən göstərdiklərini nəzərə alıb qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hal hazırda Gəncə şəhəri T.Arani küçəsində yaşasa da Gəncə şəhəri V.Xuluflu küçəsində Cihazqayırma zavodunun qarşısında həyət evi tikdirir. Həmin ev oğurluq hadisəsi baş verən zaman yaşayış üçün tam hazır olmasa da evin elektrik işləri görülmüşdür. xx.xx.2019-cu il tarixdə saat 17 radələrində evə baş çəkmiş və evdə olan əşyalar yerində olmuş, qapını bağlamış və digər evinə getmişdir. xx.xx.2019-cu il tarixdə saat 12 radələrində evin dəmir qapısını açmaq istəsə də aça bilməmiş, bundan sonra qonşudan pilləkən almış və hasardan aşıb həyətə düşən zaman həyətin dəmir qapısının arxasından bağlandığını görmüşdür. Bundan sonra evin içərisinə girmiş və evin dəhlizinin yuxarı hissəsində və evin dəhlizində yerə qoyulmuş 1 metrinin dəyəri 1,60 manat olan 4 mm diametrli, ümumi uzunluğu 190 metr olan, 304 manat dəyərində olan mis kabelin oğurlandığını bilmişdir. Lakin həmin vaxt evdən başqa heçnə oğurlanmamışdır. O da bu barədə dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş və biraz sonra Kəpəz RPİ-nin əməkdaşları gəlib ora baxış keçirmişlər. Polis əməkdaşlarının apardığı araşdırma ilə cinayətin Etibar adlı şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Hazırda təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam həcmdə ödədiyi üçün ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən tullantı metal qəbulu məntəqəsini işlədir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs VAZ 2107 markalı taksi avtomobili ilə onun yanına gəlmiş və 3 ədəd alüminium materialından olan qapıları göstərib A.Səhhət adına xəstəxananin yaxınlığında sauna olduğunu, müdiriyyətin orada təmir işləri apardığını, ona görə də qapıları yenisi ilə əvəz etdiyini, köhnələri isə satmaq üçün verdiklərini demişdir. O da qapılara baxmış və ala biləcəyini demiş, sonra Etibar VAZ 2107 markalı avtomobilin üstündə olan yük yerindən biri iki taylı olmaqla 3 ədəd qapını düşürmüşdür. Qapılardan biri iki taylı olmuş, yəni iki qapı bitişik olmaqla 3 ədəd qapı olmuş, o da alüminium materialından olan qapıları tərəzidə çəkmiş və təxminən 46 kiloqram çəkisi gəlmişdir. O, 1 kiloqramı 1 manat 80 qəpikdən hesablamaqla 82 manat 80 qəpik pul vermişdir. Bundan sonra o, Etibarın şəxsiyyət vəsiqəsinin surətini çıxartdırmış və vəsiqənin surətinin üzərinə də bu barədə qeydini apardıqdan sonra Etibar çıxıb getmişdir. xx.xx.2020-ci il tarixdə Etibar yenə də motosikletlə yanına gəlmiş və yenə də həmin alüminium qaplardan 4 ədədini gətirmişdir. Yenə də o, qapıları tərəzidə çəkmiş və onların da çəkisi 52 kiloqram olmuş, həmin qapıların da pulunu eyni qayda ilə hesablayıb vermişdir. Etibarın əvvəldən şəxsiyyət vəsiqəsi onda olduğu üçün artıq ondan sənəd istəməmişdir. Həmin gün axşam Etibar tək yanına gəlmiş və 2 ədəd latun materialından olan istifadə olunmuş kran gətirmiş və onları da həmin obyektdən tullantı kimi götürdüyünü demişdir. O da onları tərəzidə çəkmiş və 3 kiloqram çəkisi olmuşdur. Onun da 1 kiloqramını 5 manatdan hesablayıb pulunu vermiş, sonradan isə Etibar ona satdığı həmin əşyaları oğurlayıb satdığı məlum olmuşdur. Buna görə o, da Etibarın gətirib ona satdığı qapılardan bir neçəsini və su krantını istintaq orqanına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, fərdi qaydada özünə məxsus VAZ 2107 markalı **-CX-*** dövlət qeydiyyat nömrə nişanlı göy rəngli avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində onunla eyni binada qalan qonşusu Təqsirləndirilən şəxs yaşadığı evə gələrək alüminuim metalı olduğunu və həmin alüminuim metalı onun avtomobili ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Buratino” mağazasınm arxasında yerləşən metal qəbulu məntəqəsinə aparıb satacağını bildirmişdir. O, binanın həyətinə düşəndə Etibarın 2 ədəd alüminium materialından olan qapını həyətdə olan ağaca söykədiyini görmüşdür. O, Etibardan həmin qapıları hardan aldığını və oğurluq olub-olmamasını soruşmuşdur. Etibar həmin qapıların oğurluq olmadığını, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “X1 Mərkəzi”nin sahibi olan Zərərçəkmiş şəxs2 Tofıq qızının satması üçün verdiyini bildirmişdir. Etibar 2 ədəd alüminium qapını ona məxsus avtomobilin üzərindəki yük yerinə qoyduqdan sonra həmin qapıları satmaq üçün Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Buratino” mağazasının arxasında yerləşən metal qəbulu məntəqəsinə sürməsini demiş, Etibar 2 ədəd qapını metal qəbulu məntəqəsində alüminuim metalı kimi tərəzidə çəkib satmış və qarşılığında 43 manat pul almışdır. Etibar sonra avtomobilə minib onunla birlikdə yaşadıqları binanın qarşısına gəlmiş, Etibar taksi kimi onu aparıb-gətirdiyinə görə ona üç manat pul vermişdir. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin razılığı ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan edilmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Kimyaçılar küçəsində yerləşən metal tullantılarının qəbulu sexində anbardar işləyir. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs yanına gəlib əlində olan əridilmiş tullantı halındakı mis kabeli satdığını demiş, bunları haradan əldə etdiyini soruşanda Etibar tullantı kabelləri muxtəlif zibilliklərdən toplayıb əridib gətidiyini bildirmişdir. Həmin misi ondan almış və tərəzidə çəkmiş, həmin mis tullantısı 10 kiloqram olmuş və bir kiloqramı 7 manatdan hesablayaraq ona 70 manat pul vermiş, bundan sonra Etibar çıxıb getmiş və sonradan Etibarın həmin misi oğurladığı ona məlum olmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Buratino” mağazasının arxasında yerləşən metal qəbulu məntəqəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “X1 Mərkəzi”ndən oğurladığı 6 ədəd alüminium metaldan olan qapı və 2 ədəd latun metaldan olan su kranına baxış keçirilmiş, baxışdan sonra həmin əşyalar saxlanılması üçün Şahid1 təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspertiza rəyindən məlum olur ki, aparılmış tədqiqatın nəticələrini nəzərə alaraq 7 ədəd aliminum qapının hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 700 manat, 2 ədəd su kranının hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 10 manat və 4 mm diametrli mis naqilin nəzəri qaydada bir metri 0,30 qəpik olmaqla 190 metrinin ümumi dəyəri 57 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “X1 Mərkəzi”ndən oğurlanmış 7 ədəd alüminium qapı və 2 ədəd su kranı Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələrlə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə oğurlanmış malların dəyəri barədə ekspert rəyi ilə zərərçəkmiş şəxslərin onlara vurulmuş ziyanın miqdarı ilə bağlı ifadələrini müqayisə edərək hesab edir ki, zərərçəkmiş şəxslərin ifadələrində olan qiymətlər əsas götürülməlidir. Belə ki, alüminium qapıların qiyməti ilə bağlı ekspert tərəfindən verilmiş rəy zərərçəkmiş şəxsin ifadəsi ilə qismən yaxın olsa da 2 ədəd su kranı və mis naqillərin qiyməti ilə bağlı rəy və ifadələr üst-üstə düşmür. Məhkəmə qeyd edir ki, həmin əşyaların təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə müəyyən edilmiş metal tullantı kimi satış qiyməti belə ekspert rəyində göstərilən qiymətdən artıqdır. Əşyaların istifadəyə tam yararlı olduqları halda oğurlanması nəzərə alınmaqla məhkəmə 2 ədəd su kranının hər birinin qiymətinin 30 manat, bir ədəd ikitaylı qapının qiymətinin 250 manat, 5 ədəd tək qapının hər birinin qiymətinin 150 manat, 190 metr uzunluğunda mis naqilin bir metrinin qiyməti 1,60 manat olmaqla ümumi qiymətinin 304 manat hesablanmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin ona vurduğu maddi ziyanı tam həcmdə ödədiyini, ondan heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsi, ona cinayət nəticəsində dəymiş ziyanı tam həcmdə ödəməsi, digər zərərçəkmiş şəxsə vurmuş ziyanı qismən ödəməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallardır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsə isnad olunan olunan CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin fikrincə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar, o cümlədən ilk dəfə cinayət törətməsi, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar, onların mahiyyəti, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi mümkün edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddə qarışıq cəza nəzəriyyəsini müəyyən edir və həmin maddənin tələbinə görə, cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Cinayət-hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində cinayət nəticəsində zərərçəkmişə vurulmuş maddi və mənəvi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsi, barışıq və razılaşma ilə aradan qaldırılması törədilmiş cinayətlə bağlı sosial ədalətin bərpa olunmasından xəbər verən diqqətəlayiq hal kimi qiymətləndirilir. Hazırki işdə təqsirləndirilən şəxsin zərəçəkmiş şəxslərdən biri ilə barışması və cinayət nəticəsində vurulmuş ziyanı tam həcmdə ödəməsi, digər zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəyərək barışıq əldə etməyə cəhd etməsi onu təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi əməlin zərərli nəticələrinin aradan qaldırılmasına çalışmışdır. Bu isə onun törətdiyi əməllə bağlı sosial ədalətin qismən təmin olunduğunu təsdiq edən haldır. Göstərilənlər təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən hallar olmaqla məhkəməyə imkan verir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İşdə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar - Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “X1 Mərkəzi”ndən oğurlanmış 7 ədəd alüminium qapı və 2 ədəd su kranının qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar- 7(yeddi) ədəd alüminium qapı və 2(iki) ədəd su kranının qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına keçirilsin: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun aşağıdakı hesabına köçürülsün: Kapitalbank Gəncə icmal filialı, kod 200275, VÖEN **********, M/h AZ37NABZ013501**********1944, SWİFT BİK: AİİBAZ2X, hesab № AZ04AİİB********************, VÖEN **********. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar