Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-120/2021 03.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 27.03.2021-ci il tarixdə saat təxminən 23 radələrində ünvan 2 ünvanında yaşayan qonşusu Zərərçəkmiş şəxs yaşadığı ünvana çoxlu sayda kənar şəxsləri gətirərək onu və ailə üzvlərini narahat etməsi səbəbindən həmin mənzildə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sol ayaq və sağ göz nahiyələrindən təpik və yumruq zərbələri ilə qəsdən vuraraq ona sol diz oynağının yumşaq toxumalarının həmin oynaqda hərəkət məhdudluğu ilə müşahidə olunan hematoma halında əzilməsi, sağ gözaltı nahiyənin qançırı, şişkinliyi, sağ dirsək nahiyəsinin sıyrığı kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. O 5-ci mərtəbədə qalır, Ramin isə 3-cü mərtəbədə evində tək yaşayır. Raminin evinə tanımadığı şəxslər gəlib-getdiyi üçün o bir neçə dəfə Raminə irad bildirərək həmin insanları binalarına gətirməməsini bildirmiş, lakin Ramin onun sözlərinə məhəl qoymadan yenədə evinə ayrı-ayrı şəxsləri gətirmişdir.27.03.2021-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı binanın dəhlizinə daxil olan zaman bir nəfər tanımadığı, ilk baxışdan narkotik vasitə istifadəçisinə oxşar şəxsin dəhlizdən çıxdığını görmüş, Raminin evinin qapısı açılan zaman spesifik səs gəldiyi üçün həmin şəxsin Raminin evindən çıxdığını bilmişdir. O Raminin qapısına yaxınlaşaraq qapını döymüş, Ramin qapını açan zaman Raminə sənə neçə dəfə demişəm, kənar şəxsləri binamıza gətirmə demişdir. Ramin isə sən kimsən, yaxşı edirəm, ev öz evimdi, özüm bilərəm demiş, Raminin bu sözlərindən sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o əsəbləşərək əvvəlcə təpik zərbəsi ilə Raminin sol ayaq nahiyəsindən vurmuş, ardınca isə yumruq zərbəsi ilə sağ göz nahiyəsindən vurmuşdur. Bu zaman Ramin yerə yıxılmışdır. Hazırda hərəkətindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışdığını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. O, öz kişi dostlarını yaşadığı mənzilə gətirdiyi üçün Ceyhun ona irad bildirmişdir. Bununla bağlı 27.03.2021-ci il tarixdə aralarında olan mübahisə zamanı Ceyhun təpik zərbəsi ilə sol ağından bir neçə dəfə vurmuş, o özünü saxlaya bilməyərək yerə yıxılmış, yerdə olan zaman Ceyhun yumruq zərbəsi ilə sağ göz nahiyəsindən vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışdıqlarını, təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərərin tam ödənildiyini göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X1»nin 29.03.2021-ci il tarixli, 450 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol diz oynağının yumşaq toxumalarınm həmin oynaqda hərəkət məhdudluğu ilə müşahidə olunan hematoma da əzilməsi, sağ gözaltı nahiyənin qançırı, şişkinliyi, sağ dirsək nahiyəsinin sıyrığı- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 27.03.2021-ci il tarixə gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02.04.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışdığı üçün işin icraatına xitam verilməsini xahiş etmişdir. Gəncə şəhəri 5 saylı Notariat Ofisində 30.04.2021-ci il tarixdə, 8İ-2887 reyestr nömrə ilə təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyi üçün heç bir şikayəti və tələbi olmadığını göstərərmişdir. Zərərçəkmiş şəxs 30 aprel 2021-ci il tarixdə məhkəmə islasında təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyi üçün işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72,73.1,73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda zərərçəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri ərizədən görünür ki, barışdıqları üçün cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməklə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində cinayət təqibinə xitam verilməsi üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs oğlunun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344-347, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan şikayət verilmədikdə 20 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-120/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-120/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver