Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-121/2021 14.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi X1 iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olan, Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, 04.06.2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən evin qarşısında qardaşı Şahid1 Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qardaşı Şahid1 təhqir etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağ qol nahiyyəsinə təpiklə qəsdən vuraraq ona sağ bazu sümüyünün qapalı sınığı, sağ dirsək nahiyəsinin sıyrığı və şişkinliyi ilə müşaiyət olunan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşı Məhəmmədin qonşusudur. 04 iyun 2020-ci il tarixdə saat 17 radələrində o və qardaşı Məhəmməd Avtomobil zavodunun yanında işdə olmuşdur. Həmin vaxt Məhəmmədin yoldaşı Əfsanə Məhəmmədə zəng etmiş və qonşusu Arzunun sərxoş vəziyyətdə küçəyə qaz xətti çəkən qaz idarəsinin işçilərinə maneçilik törətdiyini bildirmişdir. Bundan sonra o və qardaşı Məhəmməd taksi ilə ora getmiş və həqiqətən də Arzunun sərxoş halda orada mübahisə etdiyini görmüşdür. Bu zaman Arzu qaz xəttinin Məhəmmədin evinin pəncərəsinin ortası ilə getməli olduğunu bildirmişdir. Məhəmməd isə elə olan halda qaz borusunun evinin pəncərəsinə maneçilik törədəcəyini bildirmişdir. Arzu isə bununla razılaşmamış və Arzu ilə onlar arasında mübahisə düşmüş, mübahisə zamanı Arzu onun və qardaşı Məhəmmədin ünvanına nalayiq söyüşlər söymüşdür. Ona görə də o, əsəbləşmiş və bir dəfə yumruqla Arzunun üz nahiyyəsinə vurmuşdur. Arzu isə üzünü tutub aşağı əyilmiş, aşağı əyilən zaman isə o, təpiklə bir dəfə də vurmuşdur. Dava zamanı qardaşı Məhəmməd isə onları aralamağa çalışmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə məlumat verilmiş, biraz sonra isə polis əməkdaşları ora gəlmişlər. Hadisə zamanı o, Zərərçəkmiş şəxs səbəbsiz yerə deyil, onun qardaşının evinin qarşısında keçən qaz xətti ilə bağlı əsassız mübahisə yaratması və spirtli içkinin təsiri altında onun və qardaşının ünvanına ağır söyüşləri söyməsi səbəbindən özünü saxlaya bilməmiş və ona xəsarət yetirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirib, onun əməlinin CM-in 127.1-ci maddəsinə tövsif edilərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 04.06.2020-ci il tarixdə saat 13 radələrində evinin həyətində suvaq işləri aparmış və iş bitdikdən sonra ustalarla günorta yeməyi yeyib spirtli içki qəbul etmişlər. Həmin gün təxminən saat 17 radələrində qaz idarəsinin əməkdaşlarının küçədə qaz xətti çəkdiyini görmüşdür. O, həmin əməkdaşlara qaz xəttinin yolun ortası ilə deyil, Məhəmmədin evinin dibi ilə aparılmasını demişdir. Bu zaman qonşuları Namiq ora gəlmiş və qaz xəttinin yolun ortasında qalmasını tələb etmişdir. Bu zaman Namiqlə mübahisələri olmuş, mübahisə zamanı digər qonşu Məhəmməd və qardaşı Samir də ora gəlmiş və mübahisəyə qoşulmuşlar. O, yenə də mübahisə etmiş, bu zaman Samir onu dizi üstə yerə yıxıb təpiklə vurmağa başlamışdır. Həmin vaxt digər qonşu Şanxay oraya gəlmiş və onu Samirin əlindən alıb evə aparmışdır. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin ödənilməsini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. 04.06.2020-ci il tarixdə saat 17 radələrində Qaz İdarəsinin əməkdaşları onların küçəsində qaz xətti çəkirdilər. Həmin vaxt o və qardaşı Samir Avtomobil zavodunun yanında aparılan tikinti sahəsinə fəhləlik etmişlər. Həmin vaxt arvadı Əfsanə ona zəng etmiş və qonşuları Arzunun sərxoş vəziyyətdə küçədə qaz idarəsinin işçilərinə qaz xətti çəkməkdə maneçilik törətdiyini bildirmişdir. Bundan sonra o və qardaşı Samir ora getmiş və həqiqətən də Arzunun sərxoş halda orada mübhisə etdiyini görmüşdür. Bu zaman Arzu qaz xəttinin onun evinin pəncərəsinin ortası ilə getməli olduğunu bildirmişdir. O isə elə olan halda qaz borusunun onun evinin pəncərəsinə maneçilik törədəcəyini bildirmişdir. Arzu isə bununla razılaşmamış və aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Arzu onun və qardaşı Samirin ünvanına nalayiq sözlər dediyi üçün Samir əsəbiləşib bir dəfə yumruqla Arzunun sifətinə vurmuş, Arzu yıxılanda isə təpiklə onu vurmuşdur. Bu zaman qonşu Şanxay araya girərək Arzunu evinə aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxs onun qaynıdır, zərər çəkmiş şəxs isə qonşusudur. 04.06.2020-ci il tarixdə saat 17 radələrində küçədə səs gəldiyi üçün küçəyə çıxmış, bu zaman qonşuları Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə qaz işçilərinə qaz xətti çəkmələrinə mane olduğunu görmüşdür. Bunu gördükdə zəng edib yoldaşı Məhəmmədə bu barədə demişdir. Bundan sonra Məhəmməd və qaynı Samir evinin qarşısına gəlmişlər. Samir və Məhəmməd Arzunun yanına gedərək nəyə görə qaz xəttinin çəkilməsinə mane olduğunu soruşmuşdur. Bu zaman onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Arzu Samiri və Məhəmmədi təhqir etmiş, Samir isə buna görə Arzu ilə mübahisə etmiş və Samir Arzunu yumruqla, təpiklə vurmuşdur. Bu zaman qonşuları onları aralamış və Arzunun evinə aparmışdır. Biraz sonra isə polis əməkdaşları gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Arzu mütəmadi olaraq spirtli içki qəbul edir və içkili olanda aqressiv olur və ucadan söyüşlər söyərək qonşuları narahat edir. 04.06.2020-ci il tarixdə saat 17 radələrində Qaz İdarəsinin işçiləri küçədə qaz xətti çəkirdilər. Həmin vaxt Arzu sərxoş vəziyyətdə qaz idarəsinin işçiləri ilə mübahisə edərək qaz xəttinin onun evinin qarşısından düzgün şəkildə keçmədiyini deyərək mübahisə etmişdir. Bu zaman o, Arzuya dövlətin işinə mane olmamasını bildirmişdir. Sonra oraya qonşusu Məhəmməd və onun qardaşı Samir gəldilər. Onlar Arzunun yanına getdilər. Lakin, onun olduğu yerdən Arzugilin darvazasının qarşısı görünmədiyindən, Arzu ilə Məhəmmədgilin mübahisə etmələrini, Samirin Arzunu vurmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, Təqsirləndirilən şəxs isə qonşusu Məhəmmədin qardaşıdır. Arzu mütəmadi olaraq spirtli içki qəbul edir və bəzən yüksək səslə küçədə söyüşlər söyərək qonşuları narahat edir. 04.06.2020-ci il tarixdə saat 17 radələrində Qaz İdarəsinin işçiləri küçədə qaz xətti çəkirdilər. Bu vaxt Arzu sərxoş vəziyyətdə qaz idarəsinin işçiləri ilə mübahisə edərək, qaz xəttinin küçədən düzgün çəkilmədiyini bildirirdi. Bu vaxt qonşuları Namiq Arzuya yaxınlaşaraq dövlətin işinə mane olmamasını bildirdi. Lakin, Arzu heç kimə əhəmiyyət vermirdi və tələb edirdi ki, quraşdırılmış bütün dirəklər sökülsün. Bundan sonra həmin yerə qonşusu Məhəmməd və qardaşı Samir gəldilər. Onlar Arzuya yaxınlaşaraq nəyə görə qaz xəttinin çəkilməsinə mane olduğunu soruşdular. Bu zaman Arzu Samirin və Məhəmmədin ünvanına nalayiq söyüşlər söydüyünə görə onlar arasında mübahisə yarandı. Məhəmməd və Samirin həmin yerə kimin tərəfindən çağırıldığını bilməmiş, onlarla Arzu arasında mübahisənin yaranma səbəbi Arzunun qaz xəttinin çəkilməsinə mane olması və Arzunun Samir və Məhəmmədə söyüş söyməsi olmuşdur. Məhkəmə istintaqı zamanı ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, o, hazırda “Azəriqaz” İstehsalat Birliyində qaynaqçı işləyir. O, 2020-ci ilin may ayında “Azəriqaz” İstehsalat Birliyinin rəhbərinin göstərişi ilə təbii qaz xətlərini çəkmək üçün Gəncə şəhərinə getmişdir. Onlar digər işçilərlə birlikdə Gəncə şəhəri Cavadxan qəsəbəsində yeni qaz xəttlərini çəkmişlər. 04 iyun 2020-ci il tarixdə saat 18 radələrində Cavadxan qəbəsində qaz xətlərini çəkən zaman adını sonradan bildiyi Arzu adlı şəxs sərxoş vəziyyətdə küçəyə çıxmış, qaz xəttinin digər istiqamətdə çəkilməsi ilə bağlı mübahisə etmiş, bu zaman Arzu adlı şəxsin digər qonşularla arasında dava-dalaş olmuşdur. Həmin vaxt adını bilmədiyi iki nəfər şəxs Arzunu yumruq və təpiklə döymüşdür. Təxminən bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 784/2020 saylı, 04.06.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə saat 19:50 radələrində tibbi müayinədək keçərkən yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə tibb ekspertizasının 05 iyun 2020-ci il tarixli 820 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ bazu sümüyünün qapalı sınığı ilə müşayiət olunan sağ dirsək nahiyəsinin sıyrığı və şişkinliyi, üst dodağın selikli qişasının səthi yarası, alın nahiyəsinin qançırı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ bazu sümüyünün qapalı sınığı ilə müşayiət olunan sağ dirsək nahiyəsinin sıyrığı və şişkinliyi ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir, üst dodağın selikli qişasının səthi yarası və alın qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər oludları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yıxılma nəticəsində əmələ gəlmələri inandırıcı deyil. 08 fevral 2021-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs üzünə qarşı 04.06.2020-ci il tarixdə yaşadığı evin qarşısında aralarında olan dava-dalaş zamanı Təqsirləndirilən şəxs onun sağ tərəfində durub, sağ qoluna təpiklə vurub xəsarət yetirdiyini bildirmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 04 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şahid qismində ifadəsi yerində yoxlanılmış və o, ifadəsi yerində yoxlanılan zaman Zərərçəkmiş şəxs döydüyü yeri əyani surətdə göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014 və 2015-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır. Məhkəmə, ilk növbədə sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dərəcəsinə görə az ağır zərər vurmaya aid olan sağ bazu sümüyünün qapalı sınığı ilə müşayiət olunan sağ dirsək nahiyəsinin sıyrığı və şişkinliyi kimi xəsarətlərin yetirilməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan ekspertiza rəyləri ilə sübuta yetirilir. Lakin, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə ittihamda qeyd olunduğu kimi “xuliqanlıq niyyəti” ilə xəsarət yetirməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 04 iyun 2020-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, baş vermiş hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, hadisə günü saat 17 radələrində iş üzrə Zərərçəkmiş şəxs sərxoş halda küçədə qaz xəttinin çəkilməsi ilə məşğul olan Qaz İdarəsinin işçilərinin fəaliyyətinə mane olmuş, onun və təqsirləndirilən şəxsin qardaşı Məhəmmədin evinin qarşısından qaz xəttinin düzgün çəkilməməsi ilə bağlı fikirlər səsləndirmiş, bu zaman qonşuları ona bu barədə iradlarını bildirsə də, o, əməlindən əl çəkməmiş, Qaz İdarəsinin işçilərinin fəaliyyətinə mane olmuş və həmin vaxt təqsirləndirilən şəxs hadisə yerində olmamışdır. Bundan sonra hadisə yerinə gələn təqsirləndirilən şəxs Samir və qardaşı Məhəmməd Arzunun yanına gedərək nəyə görə qaz xəttinin çəkilməsinə mane olduğunu soruşduqda onlar arasında mübahisə yaranmış, mübahisə gedişi zamanı zərər çəkmiş şəxs təqsirləndirilən şəxs və onun qardaşının ünvanına nalayiq söyüşlər söydüyünə görə, təqsirləndirilən şəxs bundan əsəbiləşərək zərər çəkmiş şəxsin əvvəlcə üz nahiyəsinə yumruqla, daha sonra isə sağ qoluna təpiklə vuraraq ona az ağır xəsarət yetirmişdir. Bundan sonra qonşular tərəfindən onlar aralaşdırılmış və mübahisə başa çatmışdır. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydanı və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərdə ifadə olunur. Xuliqanlıq niyyətilə cinayət heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən törədilir. Məhkəmə, işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 04 iyun 2020-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə, yəni zərərçəkmiş şəxsin əvvəlcədən başlamış hüquqazidd hərəkətlərini davam etdirməsi nəticəsində tərəflər arasında yaranmış mübahisə gedişində çəkmiş şəxsin təqsirləndirilən şəxs və onun qardaşının ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən baş vermiş, həmçinin, təqsirləndirilən şəxsin insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozmaq, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərmək niyyətinin olduğu müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanına cinayətin baş vermə səbəbi məlum olsa da, verilmiş ittihamda istintaq orqanı tərəfindən cinayətin baş verməsinin səbəbi düzgün müəyyən edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin hərəkətləri xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərər çəkmiş şəxsə istiqamətlənən, onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxslə mübahisə edərək zərərçəkmiş şəxsə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarət yetirmişdir. Buna görə də onun əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarında olan zərər çəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmişdır. Ona görə də onun cəzalandırılmasını istəmir və işə xitam verilməsini xahiş edir. İş materiallarında olan təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, təqsirləndirilən şəxsin bаrəsində Аzərbаycаn Respublikаsı CM-in 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış, cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, cinayət işi üzrə icraata xitam verilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 321, 346, 347 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə o, həmin Məcəllənin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-121/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-121/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver